İndiyə qədər xeyli kitab oxumuşam. Təəssüflə, həm də ürək ağrısı ilə etiraf edirəm ki, oxuduğum kitabların bir çox məqamları yadımda deyil. Məsələn, dördüncü, ya da beşinci sinifdə oxuyanda “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” adlı hekayələr kitabını oxuduğum yadımdadı. Həmin kitabda müxtəlif xarici yazıçıların hekayələri toplanmışdı.
Və bu hekayələrdən biri də Pyer Duş adlı rəssamın məşhurlaşmaq üçün istifadə etdiyi fənddən bəhs edirdi. İndi bu sətirləri yazanda həmin kitabın cildi gözlərim önündə canlanır. Amma adı və soyadı yaddaşımda ilişib qalmış hekayə qəhrəmanının məhz necə məşhurlaşdığını xatırlamıram. Yaş üstünə yaş gəldikcə belə hallar olur və yəqinki, elə olmalıdır da.
Amma ədəbiyyat dünyası ilə bağlı unuda bilmədiyim məsələlər də var. Məsələn,“Necə oldu ki, Salman Rüşdi məşhurlaşdı” adlı “hekayə” yazmaq istəyən tapılsa, mən həmin şəxsi məlumatlandırmağa hazıram. Üstəlik, bunu məndən qat-qat hazırlıqlı olan saysız-hesabsız ədəbiyyat biliciləri də edə bilərlər.
Xatırladım ki, Hindistan mənşəli Britaniya yazıçısı Salman Rüşdi 1988-ci ildə, “Şeytan ayələri” ilə məşhurlaşıb. Daha doğrusu, bu kitabı yazdığına görə İranda onunla bağlı çıxarılan fətvadan sonra… Əslində, bu yazar dünya müsəlmanlarının qəzəbinə səbəb olan kitabı işıq üzü görənə qədər də kifayət qədər məşhur idi. Amma, “O olmasın, bu olsun”un personajlarından birinin təbirincə desək, “bir o qədər də yox”. Rüşdinin qalaq-qalaq mükafatlar, diplomlar almağa başladığı mərhələ1988-ci ildən başlayır.1981-ci ildə Buker ala bilmiş Rüşdi məhz “Şeytan ayələri”ndən sonra hamının tanıdığı yazıçıya çevrildi.
Mərc gəlməyə hazıram ki, Rüşdinin “uğur”unu təkrarlamağa qadir və hazır istənilən sayda babat yazıçı tapmaq olar. Özü də bu təkcə Rüşdinin “uğur”u deyil axı. Orxan Pamuka Nobel sevincini yaşadan amillər sırasında onun yumşaq desək mübahisəli açıqlamalarının rolunu danmaq çətindir. Diqqət yetirin, 2005-ci ilin fevralında Pamuk İsveçrənin «Das Magazin» nəşrinə məşhur müsahibəsini verir. Cəmi il yarımdan sonra, o ən nüfuzlu ədəbiyyat mükafatını alır.
Bu qədər. Təsdiqlənməmiş məlumatlara görə rüşdikimilər ailəsinə daxil olmaq üçün qapılar açıqdır. Vicdanın nəfəsliyini bağlaya bilmiş yazarların üzünə.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 28-29)