“Kvartet” rubrikasında politoloqlar – Zaur Məmmədov və Ceyhun Əhmədli ilə Rusiya-Qərb qarşıdurmasından danışdıq.
Fuad Babayev: Azməlumatlı bir insanı Rusiya ilə Qərb arasında nələrin baş verməsi ilə bağlı informasiya ilə necə “təchiz” etmək olar?
Zaur Məmmədov: Rusiya ilə Qərb arasında, daha doğrusu Rusiya ilə ABŞ arasında maraqların toqquşması baş verir. Bu maraqların toqquşması bu ilin və ya 5 il əvvəlin məsələsi deyil. Artıq XX əsrdən başlayaraq ABŞ və Rusiya dünyanın bölüşdürülməsi ilə məşğuldur. II dünya müharibəsindən sonra SSRİ ilə ABŞ arasında dünyanın bölüşdürülməsi, daha sonra SSRİ-nin parçalanması ilə baş verdi. ABŞ-ın fikrincə bügünki dünyada bir hegemon dövlət olmalıdır. Bürqütblü dünyada buna alternativ cəbhə yaranmamalıdır. Alternativ cəbhəni əgər iqtisadi cəhətdən Çin təşkil edirsə, siyasi və hərbi cəhətdən bu ABŞ-ın dünyaya diqtəsi ilə razılaşmayan Rusiyadır. Əslində məsələ çox dərindir. Sual oluna bilər ki, Rusiya ABŞ ilə eyni koalisiyada ola bilərmi? Ola bilməz. Çünki, hər ikisinin geosiyasi maraqları bir-birindən kardinal şəkildə fərqlənir.
Fuad Babayev: Aydındır. Ceyhun müəllim, Sizin fikrinizi öyrənək. Zaur müəllimlə razılaşırsınız?
Ceyhun Əhmədli: 1945-ci ildən etibarən bu iki dövlət arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Əvvəl “soyuq müharibə” başladı. 1991-cı ildə isə SSRİ-nin dağılması ilə təkqütblü dünya sistemi yarandı. Lakin bu dünya sistemi özünü doğrultmadı. 2000-ci illərin əvvəlində Rusiyanın dirçəlməsi, həmçinin Türkiyə, İran və Çin kimi qlobal nüfuzu yüksələn regional, geosiyasi aktorlar artıq beynəlxalq proseslərə təkan verməyə başladı. Yəni bu proseslərin fonunda artıq təkqütblü dünya sistemi özünü doğrultmadı və çoxqütblü dünya sistemi yarandı. Bü gün dünya sistemi birmənalı olaraq çoxqütblüdür. Bü gün dünyada cərəyan edən beynəlxalq siyasi proseslər ABŞ-ın dominantlığı ilə idarə olunmur. Bu gün ABŞ-ın Orta Şərq regionundakı mövqeləri zəifləyib. ABŞ bunu qəbul və dərk edir. Rusiya, İran, Türkiyə geosiyasi üçbucağının yaranması, Astana prosesinin başlanması, sonra Soçi və Ankarada keçirilən görüşlər, Rusiya ilə Türkiyə arasındakı 20 milyard dollarlıq Atom Elektrik Stansiyasının işə salınması ilə bağlı müqavilə, “S-400”-lərin satışı, “Türkiyə axını” və bu kimi proseslər artıq ABŞ-ı ayıltdı. Əvvəlcə, Trampın açıqlaması bir az şübhə doğurdu. Çünki, biz Suriyadan çəkilirik bəyanatı ABŞ-ın milli təhlükəsizlik konsepsiyasına zidd idi. Suriyadan çəkilmək təkcə Rusiyaya qarşı münasibətlərdə geriləmək deyil, həm də İrana həmlə baxımından ABŞ-ın əl-qolunu bağlayırdı. Çünki, ABŞ İrana həmləni həm də Suriya ərazisindən edirdi. Amma, sonrakı proseslər onu göstərdi ki, ABŞ Suriyadan çıxmayacaq. Elə Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə dair iddiaların yayılması və sonra İsrail Hərbi Hava Qüvvələrinin Homs vilayətində İran hərbi bazasını bombardman etməsi də ABŞ-a bir mesaj idi ki, meydana tək qoyub hara gedirsən.
Fuad Babayev: Beləliklə, deyə bilərik ki, bu gün baş verənlər əslində böyük “ənənə”lərə malik olan Moskva-Vaşinqton qarşıdurmasının növbəti mərhələsidir.
Ceyhun Əhmədli: Bu yeni mərhələdə müəyyən fərqlilik də, oxşarlıq da var. Misal üçün 2017-ci ilin aprel ayında, yəni bir il bundan əvvəl yenə də ABŞ-Rusiya münasibətləri Suriyada gərginləşmişdi. ABŞ, Fransa, səhv etmirəmsə, İngiltərə də bu qrupa daxil idi. Bəşər Əsədin hərbi bazalarına 51 ədəd Tomaqavk raketi atılmışdı. Eyni hal yenə təkrarlanır. Hazırda isə situasiya bir qədər fərqlidir. Bu gün Avropa da Rusiyaya qarşı birləşib. Həmişə belə olmurdu. “Skripal olayı”nın indiyə təsadüf etməsi də maraq doğurur. Adətən bəzi Avropa öllkələri başda Almaniya olmaqla Rusiyaya qarşı sanksiyalara dəstək vermirdi.
Fuad Babayev: Siyasi xadimlərin tarixin formalaşdırılmasında, iqtisadi-siyasi proseslərin davam və inkişaf etdirilməsində rolu haqqında çox danışılıb. Mənim yadımdadır ki, ruslar Hillari Klintonun seçilə biləcəyindən çox qayğılanırdılar. Tramp seçilən zaman Rusiya mediasında bir sevincəklik sezilirdi. Sonra məlum oldu ki, guya bu seçkilərdə Rusiya xakerlərinin iştirakı olub. Yeri gəlmişkən ən son xəbərlərdən birində ABŞ və Böyük Britaniya hökuməti Rusiyanı router və fayrvollara hücum kampaniyası keçirməkdə ittiham edib. Casusluq, ola bilsin sabotaj məqsədilə həyata keçirilən bu hücum bütün dünyanı əhatə edib, genişmiqyaslı olub. Bu barədə 16.04.2018-ci il tarixli “The Washington Post” qəzeti yazır. Bu proseslərdə Trampın rolu, onun Amerika isteblişmentinə təsiri nədən ibarətdir?
Ceyhun Əhmədli: Ümumiyyətlə mənim dövlət başçıları ilə bağlı konkret bir fikrim var. Dövlət başçılarının dövləti idarə etmək üçün bir mexanizmi var. Bu bütün dünyada belədir. Dövlət başçıları dövlətin daxilində olan güc mərkəzləri arasında bir balans siyasəti yürüdür. Balanslaşdırma funksiyasını yerinə yetirir. Yəni çalışır ki, hansısa qrupların maraqlarını təmin etsin. Yəni dövlət başçısının funksiyası budur. ABŞ-ı da dövlət başçısı təkbaşına idarə etmir. ABŞ-ı idarə edən konkret güc mərkəzləri var.
Fuad Babayev: Hərbi sənaye kompleksi var.
Ceyhun Əhmədli: Oliqarxların senatda nümayəndələri var. Tramp əvvəlcə tvit atdı ki, Suriyada məqsədlərimizə nail olduq, terrorizmə qarşı mübarizədə uğur qazandığımız üçün biz oradan çıxırıq. Əvvəla, o tviti atandan dərhal sonra Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə dair iddialar yayıldı. Niyə məhz həmin vaxt o iddialar yayıldı? İkincisi, Bəşər Əsəd bu vaxta qədər onlarla kimyəvi silahdan istifadə edib. Misal üçün 2013-cü ilin avqust ayının ortaları idi səhv etmirəmsə, Bəşər Əsəd rejiminin istifadə etdiyi kimyəvi silah nəticəsində mindən artıq insan həyatını itirmişdi. Onların da əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. BMT-nin də bununla bağlı rəsmi bəyanatı olmuşdu. Niyə həmin vaxt koalisiya təşkil olunmadı, niyə o vaxt hərbi əməliyyatlar həyata keçirilmədi? Mən demirəm ki, bunu Suriya rejimi etməyib. Sadəcə olaraq bu iddianın niyə indi ortaya atılması həqiqətən maraq doğurur. Söhbət yəhudi lobbisindən gedir və təbiidir ki, ABŞ-ı idarə edən 3 əsas güclü lobbi var. Bunlar yəhudilər, ermənilər və şimali irlandlardır.
ABŞ-ı idarə edən əsəs lobbistlər onlardır. Misal üçün İranın regionda əl-qolunu bağlamaq baxımından ABŞ-ın regiondan çıxmamasını ilk növbədə İsrail istəyir. Niyə İsrail Suriyanın Homs əyalətindəki İran hərbi bazasına uzun müddətdən sonra raket yağdırdı? Bu ABŞ-a bir mesaj idi ki, regiondan çəkilmək vaxtı deyil, meydana boş buraxmaq vaxtı deyil.
Fuad Babayev: Başqa sözlə desək, Trampın bu işdə xüsusi rolu yoxdur.
Ceyhun Əhmədli: Burada yəhudi lobbisinin də müəyyən rolu oldu. Yəni Trampa Suriyada qalmaqla bağlı daxildən təsir göstərən qüvvələr oldu və həmin qüvvələrin fəaliyyəti nəticəsində bu gün Suriya ilə bağlı tamamilə fərqli geosiyasi proseslər cərəyan etməkdədir.
Zaur Məmmədov:. Trampla bağlı həmkarımın fikri ilə razıyam. ABŞ Rusiyaya qarşı Suriyada kəskin mübarizə aparır. Eyni zamanda Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsinə şübhəm yoxdur. Burada Rusiyanın açıq-aşkar Trampa lobbiçilik etməsi görünürdü. Niyə Trampa? Çünki, Klinton Rusiyaya qarşı daha sərt çıxışlar edirdi. Trampla baglı biz bunu görmürdük. Amma, digər tərəfdən biz unutmamalıyıq ki, Tramp Respublikaçılar partiyasının üzvü kimi hərbi elitaya daha yaxındır, həm də Respublikaçılar partiyası həmişə ABŞ-da hakimiyyətə gələrkən demokratlardan fərqli olaraq haradasa müharibə edirlər. Demokratlarda biz daha çox mülayim siyasətin şahidi oluruq. Ona görə də düzdür Rusiya müdaxilə etdi, amma bu müdaxilə nəyə gətirib çıxaracaq. O başqa məsələdir. Çünki, Trampın sabah nə edəcəyi bəlli deyil, hakimiyyətdə Respublikaçılar partiyasıdır.
Fuad Babayev: Zaur müəllim, Putinin rolu və fəaliyyət dairəsi daha genişdir. Putini bu məsələlərdə necə səciyyələndirmək olar? Yəni onun şəxsi keyfiyyətləri bu qarşıdurmaya hansı təsiri edir?
Zaur Məmmədov:. Putinə gəldikdə isə onun şəxsiyyəti ideya olaraq artıq rusları birləşdirən bir amilə çevrilib. Rusiyada millətçilik və şovinizmi daha da yüksəltdi. Onların imperiya ambisiyalarını daha da genişləndirməyə başladı. Putin birinci prezidentlik dönəmində daha çox Çeçenistan müharibəsi ilə və daxili oponentlərin zərərsizləşdirilməsi ilə məşğul idi. Artıq ikinci mərhələdən başlayaraq güclənən Moskva Vaşinqtona bildirmək istədi ki, bəzi regionlar ona məxsusdur. Gürcüstan, ümumiyyətlə, MDB məkanı, Rusiyanın bütün qonşu dövlətləri Moskvanın maraq dairəsinə daxildir. ABŞ bilir ki, onun bu regionlara girməsi konfrontasiyaya səbəb ola bilər.
Fuad Babayev: Ona görə də 2008-ci ildə Gürcüstan müharibəsində heç nə etmədi.
Zaur Məmmədov: Etmədi. Amma digər tərəfdən də Bjezinskini yadımıza salsaq görərik ki, “Böyük şahmat taxtası”nda Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək məqsədi güdülür. Mən Rusiyanın dağıdılması fikri ilə razı deyiləm. Ümumiyyətlə, Rusiyanı Ukrayna hadisələrində günahlandırmaq istəməzdim. Gürcüstanda Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı işğalçılıq siyasəti apardı. Amma, Ukrayna ilə bağlı məsələ özünümüdafiə idi. Çünki, Ukrayna əgər ərazi bütövlüyü qorunaraq Avropa İttifaqına daxil olardısa, o zaman biz Rusiya sərhədlərində NATO-nu və ABŞ-ı görəcəydik.
Fuad Babayev: Qara dəniz donanmasının bazalarından məhrum olacaqdı və s. Anlaşılan budur ki, əslində Tramp elə də böyük məsələləri həll etmir, hər halda ona təsir etmək imkanları var. Bunlardan biri də kimyəvi qırğın silahlarının guya ki, olması və s. ilə bağlıdır.
Ceyhun Əhmədli: Həm də Bəşər Əsəd indiki vəziyyətdə bunu niyə etsin?
Fuad Babayev: Əsəd Rusiyanın satellitidir.
Ceyhun Əhmədli: Əgər bu gün Rusiya Suriya ərazisində demək olar ki, tam hegemonluğa sahib olubsa, Membicdən savayı bir-iki region ABŞ-ın nəzarətindədir, Afrin də türklərin əlindədir. Bəşər Əsəd də Rusiyadan tamamilə asılıdırsa, niyə görə o kimyəvi silahdan istifadənin vaxtını məhz indiyə təyin etsin?
Zaur Məmmədov: “Skribal hadisəsi” və kimyəvi silah artıq ssenarinin mövcudluğundan xəbər verir.
Fuad Babayev: Növbəti sual belədir. Yaxın, orta perspektivdə nələr gözlənilir? Sonra isə icazənizlə həm də Türkiyənin rolundan danışaq.
Ceyhun Əhmədli: İndiki şəraitdə mən Qərb koalisiyası dedikdə ABŞ-ı aparıcı fiqur kimi nəzərdə tuturam. İngiltərə və Fransa bu proseslərdə heç də ciddi rol oynaya bilmirlər. Baxmayaraq ki, Fransa son zamanlar aktivlik nümayiş etdirir. İstər YPG ilə Türkiyə arasında vasitəçiliyin təmin olunmasında Türkiyəyə təklifin irəli sürülməsi, istər Fransa hərbi qulluqçularının Suriya ərazisinə gətirilməsi barədə son xəbərlər bunu deməyə əsas verir. Çünki Suriya əvvəllər Fransanın müstəmləkəsi olub. Amma, təbii ki, burada aparıcı fiqur ABŞ-dır. Bundan sonrakı mərhələdə ABŞ Suriya ərazisində hansı hallarda öz hegemonluğunu təmin edə bilər? Bunun üçün əvvəla, Türkiyə ilə birlikdə hərəkət etməlidir. Mən bayaq bir fikri vurğulayaraq dedim ki, regional geosiyasi aktorların fəallaşması ilə təkqütblü dünya sistemi dağılmağa başladı. Yəni İran, Türkiyə artıq öz hüquqlarını tələb edir. Artıq onlar özlərini qlobal geosiyasi proseslərə təkan verən bir ölkə kimi təqdim edirlər. Hər hansı bir dövlət öz maraqlarını təmin etdiyi regionun geosiyasi aktorları ilə əməkdaşlıq etməyə məcburdur. Özü də əgər bu aktorlar Türkiyə və İrandırsa. Türkiyə ilə Suriyanın sərhədlərinin uzunluğu 822 km.-dir, İraq ilə isə Türkiyənin sərhədi 200 km.-ə yaxındır. Yəni 1000 km.-dən artıq bir məsafədən söhbət gedir. Türkiyə üçün maraqlı olan odur ki, cənub sərhədlərinin təhlükəsizliyini təmin etsin. Türkiyə nəyin bahasına olursa-olsun bu ambisiyasından geri çəkilməyəcək.
Fuad Babayev: Bu artıq həyati vacib bir məsələdir.
Ceyhun Əhmədli: Bəli. ABŞ da, Qərb də bunu başa düşməlidir. Amma, söhbət sərhədlərin təhlükəsizliyindən gedirsə, bu artıq mütləq dərəcədə nəzərə alınmalıdır. Əgər ABŞ YPG/PYD birləşmələri ilə birlikdə öz maraqlarını təmin etməyə çalışsa, əgər özünün dayaq nöqtəsi kimi həmin birləşmələri görsə, mən hesab edirəm ki, o heç bir uğur qazanmayacaq. Əğər Türkiyəni özünün müttəfiqi qismində Suriyadakı proseslərə cəlb etsə, onda uğur qazana bilər. Bombardmandan sonra Ərdoğan Qərbə yaşıl işıq yandırdı və dedi ki, Bəşər Əsədə qarşı mövqelərində zərrə qədər də dəyişiklik yoxdur. Yəni bunun özü Qərbə bir mesajdır. Mən bayaq vurğuladım ki, İsrail ABŞ-ın bölgədən çıxmasını istəmir, bunu istəməyən ikinci ölkə isə Türkiyədir. Səbəbi də odur ki, Türkiyə görür ki, indiki şəraitdə Rusiyadan asılılıq daha da arta bilər. ABŞ regiondan çıxsa, Türkiyə Rusiyanın təsir dairəsinə düşə bilər. Türkiyə bunu başa düşür. Ona görə də Suriya məsələsində bir az balansı qoruyaraq hərəkət etməyə çalışır və Qərbə də mesaj göndərir ki, buradan çıxmağa ehtiyac yoxdur. Siz YPG/PYD birləşmələrinə dəstəyinizi dayandırın mən Sizin yanınızdayam. Amma, Sizin yanınızda olsam da, nə İrana, nə də Rusiyaya qarşı məndən istifadə edə bilməzsiniz. Çünki, təyyarə böhranı zamanı Türkiyə meydanda tək qalmışdı. Bu baxımdan ABŞ ümumiyyətlə Orta Şərq regionunda 2001-2002-ci illər istisna olmaqla dominant statusa sahib olmayıb. ABŞ regionda hegemon statusa sahib olmaq istəyirsə, Türkiyə ilə birlikdə hərəkət etməlidir.
Fuad Babayev: Zaur müəllim, Siz bu proseslərdə Türkiyənin rolunu necə dəyərləndirirsiniz?
Zaur Məmmədov: Ümumiyyətlə, Ərdoğanın xarici siyasətini təhlil etsək, sabah nə edəcəyini proqnozlaşdırmaq çətindir. Ərdoğanla Tramp prezidentlər içərisində təhlilə görə bəlkə də ən çətin şəxslərdir. Ona görə də mən düşünürəm ki, Türkiyə ya ABŞ-ı, ya da Rusiyanı seçməlidir, iki stulda oturmaq uzun müddət davam edə bilməz. Aydındır ki, ABŞ-ın Suriyada itərəcəyi o qədər də böyük məsələ yoxdur. Burada mən həmkarımın fikri ilə razı deyiləm. Çünki, ABŞ Yaxın Şərq regionunda Türkiyə kimi dərin köklərə malikdir. Səudiyyə Ərəbistanı, Misir, digər ərəb ölkələri demək olar ki, ABŞ tərəfindən idarə olunur. Suriyanı itirsə, ABŞ-a bir o qədər də təsir etməyəcək. Amma, Rusiya üçün bu milli maraqdır. Türkiyə və İran üçün həyati maraqdır. Suriyada baş verən bütün hadisələr birbaşa olaraq həmin dövlətlərin təhlükəsizliyi üçün, həmin dövlətlərin ümumiyyətlə yaşaması üçün vacib bir məsələdir.
Fuad Babayev: Aydındır ki, Türkiyənin Suriya ilə sərhədi var, amma Suriya Rusiya üçün Ukrayna deyil.
Zaur Məmmədov: Təbii ki, Ukrayna Rusiya üçün daha həyati əhəmiyyət kəsb edir.
Fuad Babayev: Bildiyim qədər Rusiyanın öz sərhədlərindən kənarda yeganə hərbi dəniz bazası Latakiyadakı Tarsus hərbi bazasıdır.
Ceyhun Əhmədli: Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bayaq dedim ki, Orta Şərq regionunda ABŞ-ın dominant statusu demək olar ki, yox dərəcəsindədir.
Fuad Babayev: Bu məsələdə Zaur müəllim də Sizinlə razılaşmadı.
Ceyhun Əhmədli: Zaur müəllimin dediyi Körfəz regionudur. Mən Orta Şərq regionu dedikdə – Əfqanıstan, İraq, Livan və Suriyanı nəzərdə tuturam.
Fuad Babayev: “Böyük Orta Doğu” projesi hansı dövlətləri əhatə edir?
Ceyhun Əhmədli: “Böyük Orta Doğu” projesi elə mən dediyim ölkələri əhatə edir. Zaur müəllim qeyd etdi ki, Türkiyə iki tərəfdən birini (red. Rusiya və ya ABŞ) seçməlidir. Mən heç də bu fikirlə razı deyiləm. Türkiyə elə bir regionda yerləşir ki, o iki tərəfdən birini seçə bilməz.
Fuad Babayev: Türkiyə NATO-nun üzvü olmaqla artıq öz tarixi seçimini edib.
Ceyhun Əhmədli: İkinci seçim fərqlidir. İkinci seçim artıq Rusiyaya qarşı müharibə deməkdir. Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək deməkdir. Bu da Türkiyənin sonunu gətirə bilər. Çünki, Rusiya heç vaxt o regiondan çıxmayacaq.
Zaur Məmmədov: Türkiyə ilə Rusiya arasında mülayimləşmə ona gətirib çıxardı ki, Türkiyədə artıq bircə dənə də olsa terror aksiyası yoxdur. Buna görə Türkiyə ehtiyatlı davranmalıdır, amma geosiyasi cəhətdən isə ABŞ sabah Türkiyəni küncə sıxışdıra bilər.
Ceyhun Əhmədli: ABŞ YPG/PYD birləşmələrinə dəstək verməklə Türkiyəni onsuz da küncə sıxışdırıb.
Zaur Məmmədov: “Fərat qalxanı” əməliyyatında Rusiya da, ABŞ da Türkiyəyə yaşıl işıq yandırmışdılar. Sadəcə onlar bunu açıq-aşkar etmirdilər. Çünki, onsuz da kürdlər birinci Rusiyadan böyük zərbə aldılar, daha sonra ABŞ da onlara zərbə vurmamaq üçün Türkiyəyə dəstəyi aşkar etmədi.
Ceyhun Əhmədli: ABŞ daha çox çalışmalıdır ki, Türkiyəni yanına çəksin. Çünki, ABŞ Orta Şərq regionunda (Əfqanıstan, İraq, Suriya) hegemon statusa malik olmaq istəyirsə, Türkiyə onun yanında olmalıdır. Türkiyənin Membic əməliyyatına başlaması ABŞ-ın ona yaşıl işıq yandırması anlamına gələcək. Amma, bundan əvvəlki “Afrin əməliyyatı”nda ABŞ Türkiyəyə yaşıl işıq yandırmamışdı. Heç Türkiyənin buna ehtiyacı da yox idi. Həmin region, söhbət “Afrin əməliyyatı”ndan, ondan əvvəlki “Cerablus əməliyyatları”ndan gedir. Burada yaşıl işıq yandıran Rusiya idi. Rusiya imkan verdi ki, həmin əməliyyatlar keçirilsin. Həmin əməliyyatlar havadan həyata keçirilirdi. Suriyanın hava məkanını da Rusiya qoruyurdu.
Fuad Babayev: Sonra hadisələr göstərdi ki, elə də effektli qoruya bilmir.
Ceyhun Əhmədli: Siz yəqin reketlərin vurulmamasını nəzərdə tutursunuz.
Fuad Babayev: Bəli.
Ceyhun Əhmədli: Deməli, Qərb deyir ki, atılan 105 raketin hamısı hədəfə dəyib. Rusiya isə deyir 105-dən 71 raketi vurmuşuq. Əvvəla burada “S400” raket-müdafiə komplekslərindən istifadə edilməyib, “S300”-lərdən istifadə edilib. İkincisi, Qərb deyir ki, uğur qazanmışıq. Mən başa düşmürəm bu uğur nədən ibarətdir? 105 raket atılıb, deyir hərbi obyektlər vurulub, amma bir nəfərin burnu qanamayıb. Bu necə ola bilər?
Fuad Babayev: Mən həmin ərəfədə Rusiya mətbuatını və Moskvanın əsas danışan başlarından olan Jirinovskinin bəyanatlarını izləyirdim. Orada deyilirdi ki, zərbə vurularsa, biz raketləri deyil, raket zərbəsi endirilən platformanı vuracağıq. Qırmızı dənizdən və Suriya sahillərindən endirilən raket zərbələrinin paltforması təyyarə və gəmilər idi. Yəni bu passiv müdafiə göstərir ki, Rusiya o qədər də cəsarətli deyil.
Zaur Məmmədov: Mən düşünürəm ki, Trampla Rusiya arasında danışıqlar olub və həmin danışıqlar nəticəsində imitasiya xarakterli raketlər atılıb. Çünki, birinci heç bir platforma vurulmayıb. Tramp bir tərəfdən daxili təzyiqlə üzləşib, digər tərəfdən isə məncə Trampa qarşı ümumiyyətlə, Rusiyada kompromat var. Tramp çəkinərək Rusiyanı xəbərdar edib ki, zərbə endiriləcək nə Əsəd, nə də Rusiya ordusu tərəfdən itki olmayacaq. Siz oradan çəkilin. Mən daha çox bu versiyanı məqbul sayıram.
Ceyhun Əhmədli: İndi sual yaranır. Qərbdə bu gün qələbə eyforiyası var. Deyirlər ki, Suriyada 105 hərbi obyekt məhv edildi. Yəni bu hərbi obyektlərin birinin də yanında canlı qüvvə yox idi?
Zaur Məmmədov: Və ya hərbi texnikaların kosmosdan çəkilmiş fotoları haradadır?
Ceyhun Əhmədli: Yəni onu demək istəyirəm ki, burada Rusiyanın raketdən müdafiə sisteminin zəifliyini qabartmağa ehtiyac yoxdur. Mən qətiyyən ruspərəst deyiləm, sadəcə fikrimi ifadə etmək istəyirəm. Məncə indiki şəraitdə Rusiya daha çox Əsədin hərbi obyektlərini və özünün hərbi bazalarını qoruyur.
Fuad Babayev: Bu hadisələr bizim Qarabağ probleminin həllinə nə vəd edə bilər?
Ceyhun Əhmədli: Azərbaycan vaxtilə Suriya məsələsində konkret mövqe sərgiləyib. Azərbaycan Suriyanın ərazi bütövlüyünü tanıyır və onun suverenliyinə hörmətlə yanaşır. Azərbaycan Qoşulmamaq hərəkətanın fəal üzvüdür. Gələn il Azərbaycan Qoşulmamaq hərəkatına sədrlik edəcək. 2019-cu ildə Azərbaycanın həmin təşkilata sədrlik etməsi dövlətimizin xarici siyasətdəki mövqeyinin birmənalı olaraq ifadəsidir. Yəni balans siyasətinin özü də bir mövqedir. Bu gün Azərbaycan həqiqətən regionda təhlükəsizlik adasına çevrilib. Azərbaycan regional, həm də qlobal missiyanın müəyyən qədər daşıyıcısı olan transmilli layihələrin həyata keçirildiyi məkandır. Balans siyasəti əslində alternativi olmayan bir zərurətdir. Bəzi politoloqlar Qərb və Rusiya arasındakı qarşıdurma fonunda Azərbaycanın seçim qarşısında qaldığını ifadə edirlər. Amma, mən belə hesab etmirəm. Azərbaycan heç də seçim qarşısında deyil.
Fuad Babayev: Dünyadakı geosiyasi reallıqlar bizim problemin çözülməsinə aparan, yoxsa ondan uzaqlaşdıran yoldur? Mənə elə gəlir ki, uzaqlaşdıran yoldur. ATƏT-in Minsk qrupunun həmsədri (ABŞ, Fransa, Rusiya) olan dövlətlər bir-biri ilə obrazlı dillə desək əgər düşməndirsə, onlar Qarabağ məsələsində necə razılığa gələcəklər?!
Ceyhun Əhmədli: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir.
Zaur Məmmədov: Daxili iş məsələsi bir az dərin məsələdir. Çünki, Azərbaycan münaqişə tərəfi kimi Dağlıq Qarabağı yox, Ermənistanı tanıyır. Bu isə artıq daxili məsələ müstəvisindən kənara çıxır.
Ceyhun Əhmədli: Tutaq ki, terrorizmlə mübarizə də daxili işdir. Amma qarşı tərəf qəbul olunmur. Yəni həmin tərəflə danışıqlara girilmir, müzakirələr aparılmır.
Zaur Məmmədov: Bəzən tələbələrim mənə deyirlər ki, bizə Rusiyanın dağılması sərf edir. Əgər Rusiya dağılarsa, Dağlıq Qarabağı alacağıq. Yəni əgər biz Suriya məsələsində Qərbin mövqeyini dəstəkləsək ABŞ qalib gələcək, Rusiya dağılacaq və bu da bizim xeyrimizədir. Amma, mən ümumiyyətlə, ABŞ-ın Rusiyanı parçalamaq istədiyini düşünmürəm. Çünki, Rusiyanın parçalanması türk-müsəlman respublikalarının yaranmasına səbəb olacaq. Ümumiyyətlə, əgər Suriyada Qərbin istəyi baş tutarsa, Suriya parçalanarsa, növbə Türkiyə və Qafqaza çatacaq. Rusiya qalib gələrsə, o Qazaxıstan və Azərbaycanda mövqelərini daha da gücləndirəcək.
Fuad Babayev: Proqnoz nədir? Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər yəqin ki, hansısa formada onun manevr imkanlarını məhdudlaşdıracaq.
Ceyhun Əhmədli: Əksinə. Türkiyədə növbədənkənar seçkilərin təyin olunmasını mən təkcə iqtisadi amillərlə xarakterizə etməzdim. Söhbət Ərdoğanın daxildəki nüfuzunun artmasından gedir. Aydındir ki, Ərdoğan daxildəki nüfuzunu xarici siyasət (“Zeytun dalı əməliyyatı”, “Cerablus əməliyyat” və s.) hesabına artırır. Mən hesab edirəm ki, bu müəyyən mənada Ərdoğanın əl-qolunu açır və Membic əməliyyatına da başlamağın əsl vaxtıdır. Membic əməliyyatına başlamaq regiondakı kartların yenidən paylanmasına səbəb ola bilər.
Zaur Məmmədov: Ceyhun bəy demək istəyir ki, bu millətin konsolidasiyasına və Ərdoğan ətrafında birləşməsinə gətirib çıxaracaq.
Ceyhun Əhmədli: Bəli.
Fuad Babayev: Bu isə eyni zamanda o deməkdir ki, Türkiyə balanslaşdırılmış siyasəti bir qədər də davam etdirməlidir.
Ceyhun Əhmədli: Türkiyə konkret seçim etməyəcək. Çünki, seçim etmək Türkiyə üçün ciddi təlatümlərə gətirib çıxara bilər. Düzdür o NATO-nun üzvüdür, amma balans siyasətinə üstünlük verir. Əgər Qərb ölkələrinin tərkibində, koalisiyanın tərkibində Rusiyaya qarşı əməliyyatlarda iştirak etsə, təbii ki, bu Türkiyə üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Bundan sonrakı mərhələdə ABŞ nə əldə edə bilər? Bayaq qeyd etdim ki, 2017-ci ilin də aprelində belə əməliyyatlar baş vermişdi. O vaxt 51 ədəd Tomaqavk raketi atılsa da nəticə olmamışdı. İndiki şəraitdə də bayaqkı proqnozumu yenə təkrarlayıram. Əgər PYD/YPG birləşmələri ilə ABŞ hökuməti əməkdaşlıq münasibətlərini davam etdirəcəksə, əgər öz müttəfiqi qismində Türkiyəni deyil, həmin o birləşmələri görəcəksə, Orta Şərq regionunda – Əfqanıstan, İraq, Suriya və Livanda nüfuz dairəsi uğrunda apardığı mandat müharibəsində uğur qazanmayacaq. Yəni burada bir faktor var ki, ABŞ Türkiyə ilə birlikdə hərəkət etməlidir.
Zaur Məmmədov: Gələn ilin büdcəsində də Tramp PYD/YPG birləşmələrinə maliyyə yardımı ayırıb.
Fuad Babayev: Bir sözlə proqnozlar düz başa düşürəmsə, nə çox ürəksıxıcı, nə də çox ürəkaçan deyil.
Zaur Məmmədov: Proqnozlar Putinlə, Trampın davranışından asılıdır. Əslində proqnoz vermək çox çətindir. Bu ABŞ-dakı istebleşmentdən, sanksiyalardan asılıdır. Əgər böyük sürətlə anqlosakslar birləşərsə, əgər ABŞ ciddi şəkildə Suriyaya baş qoşarsa, o zaman birmənalı şəkildə Rusiyanın vəziyyəti çox gərginləşəcək, Rusiya təkbaşına və ya İranla birlikdə ABŞ-a qarşı mübarizə aparmaq iqtidarında olmayacaq. ABŞ-ın orada hərbi bazaları var. Hərbi cəhətdən zəif də olsa sünni ərəb dövlətlərinin, İsrailin ABŞ-a dəstəyi var. Rusiyanın isə dəstəyi yoxdur. Rusiyanın bu gün ən əsas məqsədi məncə Avropa İttifaqında parçalanma siyasəti aparmaq olmalıdır. Rusiya Şərqi Avropadan daha çox özünə Qərbi Avropa ölkələrindən müttəfiq seçməlidir. Bu müttəfiq Fransa ola bilər. Tarixən Fransa Almaniya və Böyük Britaniyadan fərqli olaraq ABŞ-a qeyri-loyal münasibəti ilə seçilib. Fransada antiamerkanizm ənənəsi çox güclüdür.
Ceyhun Əhmədli: Amma, Makronla bağlı bu olmayacaq. İstənilən halda ABŞ və Rusiya qarşıdurmaya getməyəcəklər. Çünki, iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsi üçüncü dünya müharibəsi və dünyanın dağılması deməkdir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az