Müsahibimiz Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə həsr olunmuş tədqiqatın müəllifi Ruslan Namazovdur.
– Ruslan müəllim, Siz Fransada Dağlıq Qarabağ düyününə həsr edilmiş elmi işinizi müdafiə etmisiniz. Belə qəbul olunub ki, Fransa ermənipərəst əhval-ruhiyyənin güclü olduğu, erməni diasporunun həddindən artıq güclü fəaliyyət göstərdiyi ölkədir və burada ermənilər gecə-gündüz Azərbaycan əleyhinə çalışırlar…
– Elədir. Amma insanın niyyəti haradırsa, mənzili də oradır. Mən Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Dövlət İdarəçilik Akademiyası, onun müəllimləri elmi biliklər baxımından mənə çox şey verib. Elmi işimin mövzusu olan etnik zorakılıq problemi məni daim maraqlandırıb. Çünki əslən Qərbi Azərbaycanın Amasiya bölgəsindənəm. Həmin problemi də uşaqlıqdan öz üzərimdə hiss etmişəm. Ermənilərin təzyiqlərinə görə 1987-ci ildə Bakıya köçməyə məcbur olmuşuq. Uşaq yaşlarımdan Qarabağ müharibəsinin faciələrini görmüşəm. Çünki anam Sabunçu rayonunda xəstəxanada çalışırdı. Təcili yardım maşınlarının, helikopterlərin yaralıları xəstəxanaya gətirməsinin şahidi olmuşam. Yəni həmin bu problem sanki mənim yaddaşımda iz qoyub. Buna görə də Fransada elmi iş müdafiə etmək lazım gələndə məhz “Zorakılığın radikallaşdırılması prosesi: Dağlıq Qarabağ münaqişəsi” mövzusuna müraciət etdim. Fransanın Versal Sent-Kentin-en-İvein Universitetində mən gözəl insan, əla müəllimlə tanış oldum. Onun adı Xavier Krityedir. O, separatizm mövzusu üzrə ən qabaqcıl mütəxəssislərdən biridir. Separatizm, etnik zorakılıqla bağlı çoxsaylı elmi əsərləri, məqalələri var. Yeri gəlmişkən, o, Jorj Simenonla birlikdə “Dəhşət nəzəriyyəsi”nin müəllifidir. Bu nəzəriyyəyə görə, bir etnos müxtəlif mexanizmlər vasitəsilə digərində qorxu, dəhşət doğurur. Bunu biz Kosovonun, Ruandanın və s. timsalında da görmüşük. Sizin sualınıza gəldikdə isə deməliyəm ki, həqiqətən də Fransa erməni diasporunun güclü olduğu ölkədir və elə ermənilər var ki, onları bütün ölkə tanıyır və onlarla fəxr edir. Hələlik Fransada erməni gücünə qarşı qoya biləcəyimiz güc yoxdur. Universitetlərdə Qafqaz problematikası ilə bağlı kifayət qədər mövqeləri ermənilərin mövqeyinə yaxın müəllimlər var.
– Və onlar əlbəttə ki, erməniliyin mövqeyindən danışır və yazırlar…
– Təbii. Mən Fransada Azərbaycan haqqında çoxlu məqalələr oxumuşam. Onlar bu məqalələri faktlarla, təhlillər apararaq yazırlar və görünür ki, problematikanı yaxşı bilirlər. Ən pisi isə odur ki, həmin yazdıqlarını tələbələrin də beyninə yeridirlər. Ona görə də mən tələbələrlə söhbətimdə Dağlıq Qarabağ problemi ilə bağlı BMT qətnamələrinin, müxtəlif beynəlxalq təşkilatların qərarlarının olduğunu, beynəlxalq hüququn tələblərinin bizim mövqeyimizə uyğunluğunu söyləyəndə, onlar çox təəccüblənir və mənə inanmırdılar. Çünki oxuduqları kitablarda, məqalələrdə tamamilə əks və yanlış mövqelərlə tanış olublar.
– Napoleon Misirə məşhur yürüşü zamanı mühasirəyə düşərkən belə bir ifadə işlədib: “Uzunqulaqlar və alimlər qoşunun ortasına…”. Yürüş zamanı əsas “nəqliyyat vasitəsi”nə qədər vacibdirsə, alimlər o qədər vacibdir. Demək olarmı ki, elmə, elm adamlarına tarixən yüksək münasibət sərgilənən Fransanın ciddi elmi dairələrində Dağlıq Qarabağ problemi haqqında həqiqətlərin çatdırılmasında gecikirik?
– Çox gecikirik. Ən böyük çatışmamazlıq isə mən onu hesab edirəm ki, Fransada Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyi haqqında ciddi, elmi əsərlərin az olmasındadır. Deməzdim ki, ermənilərin bu haqda əsərləri çox güclüdür, sadəcə bu məsələdə biz passivik. Azərbaycan tərəfinin Fransada nəşr etdirdikləri kitablarda çox vaxt yalnız işğal olunmuş ərazilər, bəzi faktlar sadalanır… Doğrudur, bir müddət əvvəl Fransada Elxan və Vurğun Süleymanovların Parisdə, fransız dilində dərc edilmiş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabla tanış olmuşam. Və belə nəşrlər çox faydalıdır. Fransız oxucuları daha çox analitika, hadisələrin baş vermə səbəbləri maraqlandırır. Məsələn, sizə bir fakt söyləyim. Əslən Dağlıq Qarabağdan olan bir nəfərin kitabını oxumuşam. Həmin şəxs indi “DQR”-in Fransadakı səlahiyyətli nümayəndəsidir. Əlbəttə, o, öz kitabında faktları xeyli təhrif edib, lakin həmin faktlarla bağlı güclü təhlil apardığından, həmin kitab Fransada çox məşhurdur.
– Biz yalnız fransızdilli ölkələrdə deyil, bütün dünyada nüfuzlu ölkə kimi tanınan, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransada informasiya müharibəsini uduzmamalıyıq. Bəs indi nə etməliyik?
– Bizim xalqımız istedadlı xalqdır. Mən şəxsən Fransa universitetlərində oxuyan və ya onları bitirən azərbaycanlı gənclər tanıyıram ki, həyatlarını elmə sərf etmək, Qarabağ mövzusunda elmi işlər yazmaq istəyirlər. Azərbaycan dövlət səviyyəsində, yaxud iri biznes səviyyəsində həmin adamlara kömək etməlidir. Azərbaycan Fransada dövri olaraq ciddi tədbirlər keçirir. Düşünürəm ki, həmin tədbirlər vasitəsilə Ermənistanın Azərbaycana təcavüzü barəsində həqiqətləri çatdırmalıyıq. Çox, lap çox iş görmək lazımdır.
– Minnətdarıq.
Fuad Babayev, Gündüz Nəsibov
1905.az