“Azərkosmos”un “K.O.S.M.İ.K. Akademiya”sının təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinə səfər ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi məktəbliləri texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsinə həvəsləndirmək, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir. Proqram çərçivəsində məktəblilər müxtəlif simulyatorlara daxil olaraq aerodinamik testlər və jet mühərriklərinin prinsipləri ilə tanış olublar. Həmçinin “Pilot Yumurtasını Qoru” adlı yaradıcı vörkşopda iştirak edərək, problem həlletmə bacarıqlarını təkmilləşdiriblər. Eləcə də raketlərin prinsipləri və mikroqravitasiya şəraitində maye dinamikası mövzuları əhatə edilməklə kosmos mühitində iş, Beynəlxalq Kosmik Stansiya (ISS) və “Dragon” kapsulu haqqında ətraflı məlumat əldə ediblər.
Məktəblilər “Docking” simulyatoru vasitəsilə kosmik əməliyyatların real simulyasiyasında iştirak edib, astronavt menyularının hazırlanması üzrə təcrübə keçməklə VR mikroqravitasiya simulyatoru vasitəsilə real kosmos şəraitini sınaqdan keçiriblər.
Səfər çərçivəsində məktəblilər robot qol təlimləri, ilkin tibbi yardım, diş dolğusu və astronavt alət dəsti ilə alətlərin yığılması praktik seminarında iştirak ediblər. Eyni zamanda, GeneLab və bir çox simulyatorlarla tanış olmaqla kosmik missiyaların texniki tərəflərini dərindən öyrəniblər.
Səfərin irəliləyən günlərində məktəblilər kosmik kostyumlarla motor bacarıqları məşqlərinə cəlb edilib və onlara tərəvəz istehsalı sistemləri və Türkiyənin ilk insanlı kosmik missiyası haqqında məlumatlar təqdim edilib.
Qeyd edək ki, səfər “Azərkosmos”, Azərbaycan Hava Yolları (AZAL), Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyə Kosmik Agentliyi (TUA), Bursa Şəhər Bələdiyyəsi və Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinin (GUHEM) təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.