Oktyabrın 15-də Masallı şəhərində Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan “Səhralaşmayaq” gənc eko-səfirlərin hazırlanması layihəsinə start verilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, üç günlük təlim oktyabrın 17-ə qədər davam etdiriləcək. Layihənin müddəti cari ilin sentyabrın 1-dən noyabrın 1-ə qədər qədər olacaq.
Çıxış edən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd edib ki, təlim onlayn müraciətlər içərisindən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilir. Layihənin məqsədi ətraf mühitin səhralaşmasına gənc nəslin diqqətini cəlb etmək, ictimai nəzarətin aparılmasında onların fəallığını artırmaqdır.
İlk gündə enercayzerlərlə yanaşı, gənclər siyasəti və onların könüllülük fəaliyyəti, ekoloji vəziyyət, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması mövzularında gənclərə təlimlər keçirilib.