Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 9-da axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə, orkestr 2007-ci ildə “Humay” Milli Mükafatına da layiq görülüb. 2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.
Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.
Sonda Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər icra hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyəsi təqdim olunub.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.