İyunun 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin “Xatirə kitabı” redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, “Xatirə kitabı” redaksiyasının nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə 44 günlük Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
Təqdimat mərasimində çıxış edən kitabın baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. Kitabın I və II cildində ümumilikdə 2 minə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Diqqətə çatdırılıb ki, Respublika Xatirə Kitabının indiyədək 20-yə yaxın cildi çap olunub. Kitablarda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Redaksiya, eyni zamanda, “Vətən daşı… və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.
Tədbirin sonunda şəhid ailələrinə “44 gün – Tarixi zəfər” kitabı hədiyyə edilib.