Hazırda bütün dünya iqlim dəyişmələri kimi böyük problemlə üzləşib. İqlim dəyişmələri daha çox kənd təsərrüfatı və qida təhlükəsizliyinə ciddi təsir edir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.
U.Tağıyeva bildirib ki, iqlimin qlobal istiləşməsi bütün dünyada xəstəliklərin miqrasiyasına, daha çox yayılmasına səbəb olur.
“İqlim dəyişmələrinin nəticəsi kimi quraqlıqlar daha uzunmüddətli, davamlı müşahidə edilir. Baxmayaraq ki, bu il bəzi təsəvvürlərdə dəyişikliklər oldu. Ötən bütün müşahidə dövrünü müqayisə etsək, bu il ölkəmiz daha çox sel-daşqın hadisələri ilə üzləşdi. Səkkiz ay ərzində ölkədə 140-dan çox belə hadisə müşahidə olundu. Bu gün də böyük sel hadisəsi baş verib. Bəzən insanlarda belə bir sual yaranır ki, su qıtlığı problemi bitib? Lakin iqlim dəyişmələri özünü böyük təzadlarla göstərməkdədir. Ölkəmizdə 68 meteoroloji stansiyada müşahidə şəbəkəsi mövcuddur. Bəzi bölgələrdə bir gün ərzində aylıq norma miqdarında, hətta üçaylıq norma miqdarında yağıntı müşahidə olunduğu halda , 28-35 rayonda isə normanın heç 11 faizi də qeydə alınmır. Bütün bu iqlimlə bağlı problemlər bitkilərə, zərərvericilərin daha geniş yayılmasına da təsir göstərir. Pestisidlərin istifadəsi kənd təsərrüfatı bitkilərinin zərərvericilərdən qorunmasına bir qədər faydalı olsa da, ifrat istifadə ətraf mühitə, sonda insan sağlamlığına təsirsiz ötüşmür. Bunun qarşısını almaq üçün ağıllı idarəçilik vacibdir”, – deyə U.Tağıyeva diqqətə çatdırıb.