1905.az saytının bu dəfəki müsahibi “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlidir.
– Səbuhi Rəhimlini Azərbaycanda hamı çox vaxt doğrulduğu söylənilən qoroskopların müəllifi kimi tanıyır. Səbuhi müəllim, əgər biz ulduzların dediklərinə əməl etsəydik, Ermənistanın Azərbaycana vurduğu zərbələrin hansı faizindən sığortalana bilərdik? Ümumiyyətlə, sığortalana bilərdikmi?
– İlk öncə onu deyim ki, astrologiyada yüz faizlik proqnoz yoxdur. Adətən astroloji proqnoz veriləndə uğurlu və ya uğursuz zaman kəsiyi tapılır. Uğursuz zaman kəsiyində minimal itkilərlə ziyandan çıxma yolları göstərilir və ya əksinə. Məsələn, 90-cı illərdə bəzi öncəgörənlər 20 Yanvar faciəsinin baş verəcəyini demişdilər. Ancaq təbii ki, buna heç kim inanmırdı. Bu proqnozlara ironiya ilə yanaşılırdı. Astrologiya həyat tərzi deyil. Bilirsiniz, əgər hər hansı hadisə olacaqsa olur, yəni bizim burada heç bir köməyimiz dəyə bilməz. Biz ancaq az itkiylə vəziyyətdən çıxış yollarını göstərə bilərik.
– İndi biz ərazimizin 20%-ni itirmişik. Ümid edirik ki, yaxın gələcəkdə torpaqlarımızı qaytarmağa nail olacağıq. Bəs indi qoroskopumuz Qarabağ düyününün həll olunması ilə bağlı bizə nə deyir?
– 2001-ci ildə aparılan hesablamaya görə, əjdaha illərində baş verən hadisələr elə əjdaha ilində də tamamlanmalı idi. Bunun üçün biz astroloqlar əjdaha ilinin bitməsini, yəni 2012-ci ili gözləməli idik. Qarabağ münaqişəsinin də başlanması (1988) Əjdaha ilinə təsadüf edirdi. 2012-ci ilin əvvəlində bəzi əməliyyatlar oldu. Ancaq alınmadı. Yəni bütün astroloqlar Qarabağ məsələsində hansısa çözümlərin olacağını gözləyirdi. Amma hər şey qoroskopa uyğun deyil. Təəssüfverici xəbər olsa da deməliyəm ki, ulduzlar göstərir ki, 2024-cü ilə kimi Qarabağ probleminin həlli istiqamətində heç bir yenilik gözlənilmir. Azərbaycan rakursundan baxmaq da düzgün deyil. Burada dünya birliyinin də diqtəsi məsələsi var. Ümumiyyətlə, əksər vaxtlar qoroskop proqnozlarını siyasətdə qəbul etmirlər və mediaya buraxmırlar.
– Ermənilərin məşhur astroloqlarını tanıyırsınızmı? Ümumiyyətlə, onların proqnozları ilə maraqlanırsınız?
– Yox, şəxsən heç birini tanımıram. Amma rus mediasında izləyirəm bəzən.
– Adətən astroloqların proqnozları peşəkar hərbçilər, siyasətçilər, hərbi nəzəriyyəçilər tərəfindən ironiya ilə dinlənilir, qeyri-ciddi qəbul olunur. Sizcə buna səbəb nədir və bu doğrudanmı belədir?
– Bəli, həmişə astroloqların hər hansı siyasi şərhləri, proqnozları siyasətçilər tərəfindən ironiya ilə qarşılanıb. Bu, birmənalı şəkildə belə olub və belədir.
Bir məsələni qeyd etmək istəyirəm. Siz vaxtilə o barədə “Etibarlı dünya” filmini çəkmişdiniz. Etibar Erkin keçmiş SSRİ-də ilk Ekstrasenslər İttifaqını yaradan adam olub. 1992-ci ildə Qarabağ müharibəsində onun köməyindən çox istifadə edilib. Məsələn, elə gün var ki, müharibədə dayanmadan 3 gün sən hücuma keçməlisən, sonra 3 gün geri çəkilməlisən. Mən özüm də müharibədə iştirak etmişəm. Elə olurdu ki, 4-5 kənd alırdıq, 100-ə qədər erməni öldürürdük, Azərbaycan tərəfindən itki demək olar ki, olmurdu. Həmin an qoroskop deyirdi ki, dayanmaq lazımdır. Amma biz elə etmirdik axı. Biz görəndə ki, hansısa kənd boşdur, düşünürdük ki, irəli getmək olar. Yəni uğura nail olmaq üçün qoroskopun tövsiyyələrinə əməl etmək vacibdir. Bilirsiniz, istənilən bir məsələdə zamanı da nəzərə almaq lazımdır.
Məsələn, Etibar Erkin “20 Yanvar” metro stansiyasının partlayışı zamanında partlayışı törədən adamın şəklini qələmlə çəkib, hətta onun əynində nə geyim olduğu barədə də aidiyyatı şəxslərə informasiyalar vermişdi.
– Fotorobotunu?
– Bəli, ancaq onun bu proqnozu rədd edilmişdi. Ümumiyyətlə, əzəldən belə olub. Elm adamları gördükləri, elmlə sübut olunan faktları qəbul edirlər. Amma hər şey sübut olunduqdan, cinayətkar tapıldıqdan sonra Etibar Erkinin dediklərinin heç də yalan və mif olmadığı sübut edildi. Hətta cinayətkarın əynindəki geyimi də Etibar Erkin düzgün çəkib göndərmişdi. Buradan görünür ki, qoroskop heç də hər zaman yalan informasiya vermir.
– Səbuhi müəllim, sizə çox müraciətlər olub. İşə düzəlmək istəyənlərdən tutmuş, bəxtini açdırmaq və ya kiminsə bəxtini bağlamaq istəyən adamlara kimi. Bəs, işğal altında olan bölgəmizin bir nümayəndəsinin yanınıza gəlib “Mən vətənimə nə vaxt qayıdacam?”, “Torpaqlarımız nə zaman işğaldan azad ediləcək?” və s. bu kimi suallar verdiyi olubmu?
– Çox az, amma olub. Bu yaxınlarda bir qadın müraciət etmişdi. Zəngilandan idi. O evinin əşyalarının, hətta qızının cehizlərinin hamısının düşmən tapdağı altında qalması barədə danışırdı. Deyirdi ki, onun həm də bir qab pendiri qalıb orada. Yəqin ki, o pendiri hansısa niyyətlə düzəltmişdi. “Vətənə nə vaxt qayıdacam, biz vətənimizə necə gedəcəyik?” suallarını verirdi. Bilirsiniz, müraciət edənlər arasında keçmiş hərbçilər də olur. Onların hamısının müraciətində vətən həsrəti olur. Hamısı deyir ki, gücümüz tükənir. Torpaqlarımızı vaxtında almalıyıq və s.
Mən özüm də düşünürəm ki, vaxtında torpaqları almaq lazımdır. O güc tükənir. Bəzən deyirlər ki, o qulağında sırğa, saçı xınalı oğlanlar toraqlarımızı necə alacaqlar? Ancaq mən bu fikirlə də razı deyiləm. Çünki biz də tələbə olmuşuq, gənc olmuşuq. Müharibə nədir, bilməmişik. Vuruşmaq hissi, vətəni qorumaq hissi gələndə sənin qarşını heç nə ala bilməz. Yadımdadır, mən tələbə idim. Keçmiş Malakan bağında əlimdə qəzet oxuyurdum. Baxdım ki, bizim kəndə “qrad” mərmisi düşüb və 2 uşaq yaralanıb. Gəldim dərsə hamı ilə görüşdüm. Dedim ki, gedirəm müharibəyə. Hara gedəcəyimi də bilmirdim. Dedilər ki, Suraxanıda tələbələrdən ibarət batalyon yığılır. Oradan Ağdama getdik. Ağdamdan isə Tərtərə gəldik. Yəni bir ani hissdən sonra müharibəyə getmiş oldum. Müharibə ağır bir şeydir. Təsəvvür edin ki, bu gün bir yerdə düşmənə qarşı vuruşduğumuz əsgərlərin axşam yaralandığı, öldüyü xəbərini eşidirdik. Ona görə demək olmaz ki, indiki gənclər torpaqlarımızı ala bilməzlər.
– Səbuhi müəllim, sizcə biz 1905-ci il soyqırımı tariximizin 110 illiyini, soyqırımı həqiqətlərini dünyaya necə çatdıra bilərik ? Axı sizdə müəyyən qədər öncəgörmə qabiliyyətləri olub və illərlə də yaranıb. Nə deyə bilərsiniz bu barədə? Biz 1905 tarixini dünyaya qəbul etdirə biləcəyikmi?
– Məncə hər şey təbliğatdan asılıdır. Mən hər il yay fəslində daha çox azərbaycanlıların yaşadığı İğdıra, Qars bölgəsinə gedirəm. Oradakı yaşlı insanların müharibə haqqında dediklərini dinlədikcə adam başa düşür ki, hadisələri obyektiv çatdırmağın ən asan yolu şahidləri dinləməkdir, onları dünyaya tanıtmaqdır. Müharibə haqqında elə faktlar var ki, oradakı insanlar onu əzbər bilirlər. Şahidi olmasalar belə. Ona görə düşünürəm ki, faktlara üstünlük vermək lazımdır. Ermənilərdə fakt yoxdur, olsa da çox azdır. Bilirsiniz, müharibə reallığını göstərəndə təkcə öldürülən əsgəri, namusu ləkələnmiş qadını deyil, həm də uğurlu döyüş taktikasını göstərmək, təbliğ etmək lazımdır. Axı bizim xalqımız vuruşan xalq olub. Bizim də bizə hücum edən orduya cavab verəcək nizami ordumuz olub. Yəni sistemli, uğurlu təbliğatla istəklərimizə nail olmaq olar.
– 1905.az saytınının oxucularına tövsiyələriniz?
– Tariximizi çox oxusunlar. Oxuduqlarını araşdırsınlar. Bir fakt deyim. Bu yaxınlarda Moskvadan vətənə dönürdüm. Hava limanında kitabların satıldığı dükanlar var. İrəvana gedən təyyarə Azərbaycana gələn təyyarədən bir saat sonra uçmalı idi. Bizimkilər spirtli içki, şokolad alırdısa, ermənilər o tarixi kitabları alıb aparırdılar. Ona görə biz ancaq elmi faktla həqiqətləri dünyaya düzgün çatdıra bilərik. Bunun üçün isə oxumaq lazımdır. Təsəvvür edin ki, o gün övladımın dərsi üçün Atəşgahla bağlı məlumat lazım idi. Mən Vikipediyadakı mənbələrə baxırdım. Orada ancaq erməni mənbələri var idi.
Fuad Babayev
1905.az