Azərbaycanın və bir sıra qonşu ölkələrin hərbi-siyasi tarixində fəal rol oynamış Şəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət başında olmuşlar. 951-ci ildə Salarilər dövlətində yaranmış ağır vəziyyətdən istifadə edən mənşəcə kürd Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, ondan sonra isə oğulları Əbülhəsən Əli Ləşkəri və Fəzl Salarilərin tabeçiliyində olan torpaqlar uğrunda mübarizəni gücləndirdilər.
971-ci ildə Ləşkəri o zaman Salarilərin xidmətində olan qardaşı Fəzlin fəaliyyəti nəticəsində Gəncənin idarəsini ələ aldı. Mərkəzi Gəncə olan Şəddadilər dövlətinin əsası qoyuldu. Salari hakimi İbrahim tərəfindən Gəncənin uğursuz mühasirəsindən sonra bağlanılan müqavilə Arranın xeyli hissəsinin (Bərdə, Şəmkir, Naxçıvan və s.) Şəddadilərin əlinə keçməsinə səbəb oldu. 1075-ci ildə Səlcuqilər Şəddadilər dövlətinə son qoymuşlar.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.94