Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayına olan biletlər sentyabrın 27-də saat 17:00-da satışa çıxarılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı “www.yolumuzqarabaga.az” portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş almalıdırlar.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib. Müntəzəm avtobus marşrutları ilə bu günədək 355 reys həyata keçirilib, 15 min 211 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib.