Mayın 30-da 154 yaşı tamam olan dahi şairin yaradıcılığına həsr olunan yarışmanın təhsilə, mədəni irsə verdiyi töhfələr…
Mayın 30-da dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür.154 yaşı tamam olur şairin… Bioloji olaraq cəmi 49 il yaşayan (1862-1911) Sabir bu müddətdə yazıb-yaratdıqları, miras qoyduğu mədəni-mənəvi irsi ilə isə təbii ki, Azərbaycan durduqca yaşayacaq…
Əslində, Sabir yaradıcılığı dünya poeziyasında analoqu olmayan bir nümunədir. O, sıradan bir məhəbbət – sentimental duyğulara qapılan, pafoslar püskürən, yaxud da saray şairi olmayıb. M.Ə.Sabir de-fakto böyük ictimai xadim, yazdıqlarında cəmiyyətin inkişafı üçün neqativləri ortaya qoyan bir böyük şəxsiyyətdir, tənqidçidir…
Sabir yaradıcılığına qiyməti tarix, xalqımız verib. Onun yaradıcılığına fərdi olaraq qiymət vermək cəhdinin özü yanlışdır, çünki Sabirin yazdıqlarını qiymətləndirməkdə bizim sözümüz, qələmimiz acizdir…
Bizlər yalnız Sabir yaradıcılığının daha geniş təbliğinə öz töhfəmizi verə bilərik…
Böyük Azərbaycan şairinin doğulduğu Şamaxı rayonunda artıq 6-cı ildir keçirilən M.Ə.Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi isə bu yöndə görülən işlərin ən böyüyüdür desək, yanılmarıq…
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov 2010-cu ildə Şamaxının millət vəkili seçiləndən sonra – 2011-ci ildən başlayaraq onun təşəbbüsü və dəstəyi, AVCİYA və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə hər il Şamaxıda Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilir.
2016-cı ildə keçirilən 6-cı Sabir qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminə dəvət almağım də çox böyük fəxr hissi yaratdı. Bu fəxarətin əsas səbəbi o idi ki, bəndəniz hələ 1992-ci ildə Elxan Süleymanovun mükafat verdiyi şagirdlərdən olub. Aradan 24 il keçəndən sonra onun Şamaxı məktəblilərini mükafatlandırması törənində iştirak etmək, keçmiş təqaüdçü, bugünun isə bir redaktoru kimi tədbirdə söz söyləmək çox duyğusal bir məsələdir…
Burada bir haşiyə çıxaq: Əslində, E.Süleymanovun Şamaxıda təhsilə, mədəni irsə ciddi önəm verməsi yalnız bu rayonun millət vəkili olması ilə bağlı deyil. Bu onun həm də genetik bir xarakteridir. Elxan Süleymanovun babası Hacı Rəhim Əfəndi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Göyçay qəzasında ilk olaraq dünya elmlərini tədris edən məktəb açan şəxs, xeyriyyəçi insan olub. Elxan Süleymanov isə hələ 1992-ci ildə, ölkəmizin ən ağır günlərində hər il 100 şagirdi himayəyə götürüb, onlara bütün təhsil xərclərini ödəyəcək məbləğdə təqaüd verib, onlarla tələbənin təhsil haqqının ödənməsinə yardım göstərib, bu illər ərzində onlarla məktəb binası təmir etdirib. Bu onun millətin gələcəyi olan təhsilə, cəmiyyətə münasibətidir…
Yeri gəlmişkən, E.Süleymanov Şamaxının ən ucqar kəndlərindən olan Ərçimanda şəxsi vəsaiti hesabına müasir standartlarla məktəb binası tikdirib. Ərçimanlılar deyir ki, onlar uzun illər ərzində normal məktəb arzusunda olublar. 2015-ci ildə Elxan Süleymanov həmin füsunkar təbiətli ucqar dağ kəndində tam təmirli bir məktəb binası inşa etdirərək kənd sakinlərinin istifadəsinə verib. Mayın 19-da Şamaxıda olarkən həmin məktəbə baş çəkdik, kənd sakinləri ilə görüşdük. Ərçiman sakinləri deyir: “Elxan Süleymanov bizə elə bir yaxşılıq edib ki, kəndimiz durduqca bu, unudulmayacaq. Yeni məktəb binasının inşa olunması o deməkdir ki, artıq bizim kəndin məktəbinə də 11 illik (tam) orta məktəb statusu verilə bilər və bizim kəndin uşaqları 9 illik deyil, 11 illik orta təhsil alıb, ali məktəblərə daxil olacaqlar, elmli adamlar olacaqlar. Elxan müəllim deputat olduğu illərdə bizim məktəbin qızdırılması üçün odun, yanacaq məsələsinin həllini də həyata keçirir. Kəndimizdə 3 yetim uşaqlı bir ailə var, onu da himayəyə götürüb, balaca, 100 evlik kəndin ən ağrılı yeri idi o ailənin durumu.
Belə bir millət vəkilimizin olmasından qürur duyuruq. Elxan müəllim seçicisini yalnız seçkidən seçkiyə görən deputatlardan deyil, lazım olan anda yanımızda olan millət vəkilimizdir”…
Ərçimana gedib-gələrkən bizi müşayiət edən kəndin icra nümayəndəsi Elman İsgəndərov deyir ki, Elxan Süleymanov Şamaxıda həm sosial problemlərin həlli, həm də mədəni irsin qorunmasında, təbliğində, təhsilin inkişafında çox mühüm işlər görüb. O, Ərçimanda məktəb binası tikməklə yanaşı Dəmirçi kəndindəki məktəb binasının damını yenidən inşa etdirib…
Şamaxıda dolaşdıqca, yerli camaatla söhbət etdikcə bəlli olur ki, E.Süleymanov bu illər ərzində Şamaxının 10 kəndinin içməli su təminatını həyata keçirib.
İçməlu su xətlərinin çəkilişinə böyük Sabirin 150 illiyi ərəfəsində başlanıb. Və bulaqlar da Sabirin adını daşıyır. Yalnız Məlhəmdəki bulaq kompleksi dahi şair Əfzələddin Xaqaninin şərəfinə “Xaqani bulağı” adlandırılıb. Şamaxının fəxri olan ədiblərin xatirəsi beləcə əbədiləşdirilib.
Bundan başqa, E.Süleymanov böyük şairimiz Seyid Əzim Şirvanının qəbirüstü abidə kompleksini öz hesabına yenidən qurdurub…
Millət vəkili həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin tələbələri üçün Ə.Xaqani və S.Ə.Şirvani təqaüdləri təsis edib…
Xüsusi olaraq isə 6 ildir keçirilən Sabiq yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin əhəmiyyəti, önəmi barədə qeydlər etmək gərəkir.
Bu yarışmanın məqsədi M.Ə.Sabirin yaradıcılığının tədris prosesində təbliğinə metodik dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla, onları həvəsləndirməkdir. Paralel olaraq, Azərbaycanda bu gün az olan bədii qiraətçilərin sayını artıracaq.
Bir kənar müşahidəçi, şagirdə təqaüd verməyin, həvəsləndirməyin nə olduğunu öz təcrübəsindən bilən adam kimi deyim, bu yarışma hər şeydən öncə Şamaxı məktəblilərinin təhsilə, elmə, qiraət sənətinə, ədəbiyyata çox sıx bağlanması üçün böyük stimuldur. Təsəvvür edin, hər il mart-may aylarında Şamaxının bütün orta məktəblərində, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin tələbələri arasında seçim turları başlayır. Yüzlərlə şagird, tələbə bu yarışmanın qalibi olmaq üçün çalışır, cəhd edir. Rayonda bütün təhsil sistemində bir canlanma meydana gəlir. Seçim turlarında münsiflər heyətinin üzvləri olan məşhur simalarla, nüfuzlu şairlərlə, qiraətçilərlə, elm adamları ilə təmaslarda olur şagirdlər. Nəhayət, hər il 10 şagird (2016-cı ildə 11) yarışma qalibi olur. Ən əsası, onların hər biri 1-ci, 2-ci, 3-cü yerlər və üstəlik həvəsləndirici mükafatlar olmaqla, pul təqaüdləri də alırlar. Bu 6 il müddətində keçirilən yarışmaların qalibi olmuş 100-dən çox şagird hazırda təqaüdçüdür. Qalib olan hər kəs orta məktəbi bitirənə qədər o məbləği alır. Bu pulla şagird ən azı dəftər-kitabını özü alır, təhsil xərclərini ödəməkdə valideynlərinə yardım edir. Şagird artıq bununla dərk edir, beynində belə bir düşüncə formalaşır: əgər oxusam, təhsil alsam, savadlı olsam, bu mütləq qiymətləndiriləcək, zəhmətim itməyəcək…
Bunu öz həyatında görmüş adam kimi deyirəm…
Ümumiyyətlə, Şamaxıda müşahidə etdiyimiz bundan ibarət oldu ki, xalqın seçdiyi deputat gerçək bir millət vəkili ola bilərmiş. Yetər ki, millət vəkili bunu istəsin, qanından, canından gəlsin, xalqın yanında olsun, mandatından özü üçün deyil, seçiciləri üçün istifadə etsin.
Elşad MƏMMƏDLİ
http://musavat.com/mobile/proje/sabir-yurdu-ve-millet-vekilinin-kechirdiyi-qiraet-musabiqesinin-onemi_350959.html