Suallarımızı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov cavablandırdı.
– Azərbaycan Respublikası kifayət qədər problemli bir regionda yerləşir. Siz 2018-ci ildə Azərbaycanın yerləşdiyi regionun geosiyasi problemlərini hansı ardıcıllıqla sadalayardınız?
– Əvvala, bizim bölgənin problemli olmasını düzgün vurğuladınız. İndiki dövr sanki, üçüncü dünya müharibəsi ərəfəsini xatırladır. Əlbəttə, birinci və ikinci dünya müharibələrində kolonial sistem idi. Birinci dünya müharibəsi müstəmləkəçilik sistemində baş verdi. İkinci dünya müharibəsi də bilavasitə onun davamı idi. Birinci dünya müharibəsində Fransanın, İngiltərənin imperialist məqsədləri var idi. Bu ölkələr müstəmləkəçilik siyasəti yürüdürdü. İki dünya müharibəsində Avropanın böyük şəhərləri darmadağın oldu, infrastruktur məhv edildi. Sonradan onların necə bərpa olunduğunu da bilirik. Amma, üçüncü dünya müharibəsini idarə edən suflyorlar onu Avropaya salmaq istəmirlər. Yəni maraqlarında olan hansı məkandan ötəri döyüşülürsə, müharibələrini də elə həmin məkana daşımaq məqsədi güdülür. Bu mənim şəxsi fikrimdir, mən belə başa düşürəm. Maraqlıdır ki, elə SSRİ dağılandan sonra postsovet respublikalarında ilk münaqişə ocaqları bizdə yarandı və elə birincisi də Qarabağ məsələsi oldu. Bəlkə də həmin ərəfədə mən atəşkəsə o qədər önəm verməzdim, amma bu gün reallığa baxanda görürəm ki, bu atəşkəslə uzaqgörən siyasət həyata keçirilib. Qeyd edim ki, birinci dünya müharibəsi ərəfəsində meydana çıxan münaqişəli vəziyyətlər hamısı Paris sülh konfransında həll olundu. Problemlərin əksəriyyəti öz həllini qismən tapsa da kalonial sistem ləğv olunmadı. Yəni Versal-Vaşinqton sistemində həll olunmayan problemlər də qaldı. Məhz Paris sülh platformasındakı şərtlərdən doğan problemlərin həllinə yeni yaranan Millətlər liqasının gücü çatmadı. Və ağır şərtlərin nəticəsi 1923-cü ildə keçmiş Osmanlı məkanında Türkiyə Cumhuriyyətinin yaradılmasıyla nəticələndisə, eləcə də 1922-ci ildə İtaliyada faşistlərin, 1933-cü ildə Almaniyada isə nasistlərin hakimiyyətə yiyələnməsinə gətirib çıxardı. Yəni ikinci dünya müharibəsi ərəfəsi də xeyli problemlər yaranmışdı ki, bu problemlərin davamı olaraq ikinci dünya müharibəsi başlandı. İkinci dünya müharibəsindən sonra daha mötəbər bir qurum olan BMT yarandı. Milli dövlətlərin yaranması prosesi başa çatdı və kalonial siyasət tam aradan qalxdı. Hətta Afrikada da demək olar ki, milli dövlətlərin yaranması prosesi başa çatdı. Bu sistem Potsdam-Vaşinqton sistemi kimi tarixdə qaldı, amma ömrü uzun olmadı, onu ikiqütblü sistem- Soyuq Müharibə əvəz etdi. Soyuq müharibənin də nəticələri göz önündədir. Soslagerin süqutuyla xeyli problemlər ortaya çıxdı. Buna Balkanları, Yaxın Şərq problemini, Uzaq Şərqdəki münaqişələri, Ərəb baharı ölkələrini və eləcə də bir sıra postsovet respublikalarda yaranan münaqişələri misal göstərmək olar. “Soyuq müharibə”dən sonra 72 münaqişə qeydə alınmışdı. BMT və ya digər beynəlxalq təşkilatlar bu münaqişələrin həllində obyektiv mövqe nümayiş etdirsələr də belə, problemlərin həlli istiqamətində heç bir rol oynamadılar və hazırda heç bir addım ata bilməyiblər. Beynəlxalq hüququn belə kobud şəkildə tapdanmasını, bir çox səbəblərlə izah etmək mümkündür, o cümlədən bir çox ekspertlərə görə, beynəlxalq münasibətlərdə yeni aktorların – transmilli korporasiyaların meydana çıxması ilə ilə də əsaslandırılması mümkündür. Bu o deməkdir ki, hazırkı dünya düzənində xeyli problemlər var. Bu vəziyyət vaxtilə birinci və ikinci dünya müharibələri ərəfəsi yaranmış vəziyyəti xatırladır. Və bu problemlərin həlli hansısa üçüncü dünya müharibəsini istisna etmir, yaxud da qlobal güclərin müharibəsiz başa gələ biləcək hansısa böyük barış sazişinin reallaşmasını zəruri edir. Bu gün ABŞ Suriyada PYD-yə və YPQ-yə (red. – PYD – 2003-ci ildə kürdlər tərəfindən Suriyanın şimalında qurulmuş siyasi partiya, YPG isə rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır) silah verir, digər tərəfdən Tillerson (red. – Reks Tillerson ABŞ-ın 69-cu dövlət katibi,1 fevral 2017-13 mart 2018) gəlib Türkiyə ilə danışıqlar aparır. Bunun adı ikili standartlar siyasətidir. Əslində burada dövlətin rəsmi siyasəti bir şey deyir, dövlətin içində “dövlət” olanlar tamam başqa siyasət həyata keçirirlər. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin bir başqa, Pentaqonun isə daha fərqli maraqlarının olduğuna şübhə yeri qalmır. Həm də transmilli korporasiyalardan başqa, ictimaiyyətin tanımadığı gizli beynəlxalq təşkilatlar da o rəsmi strukturlara öz adamlarını yerləşdiriblər. Yəni artıq mən belə nəticəyə gəlirəm ki, bu günkü beynəlxalq sistem, BMT başda olmaqla onun strukturları mövcud problemlərə cavab verə bilmir. Necə ki, birinci dünya müharibəsindən sonra Millətlər liqasının problemləri həll edə bilməməsi ikinci dünya müharibəsinə gətirib çıxardığı kimi, BMT də qarşısındakı tələblərə cavab verə bilmədiyindən üçüncü dünya savaşına gətirib çıxara bilər. Odur ki, BMT-ni əvəzləyəbiləcək daha mötəbər təşkilatın yaranmasına zərurət meydana çıxır və təbii ki, müharibə olmadan sülhdən danışmaq və belə bir təşkilatı yaratmaq qeyri-mümkündür. Bizim regionumuz da bu baxımdan münaqişəli bölgə kimi tanınır. Cənubi Qafqaz da geosiyasi bir məkan kimi Soyuq Müharibədən sonra üzləşdiyi problemlərlə münaqişəli bölgəyə çevrilib. Bu problemlər də BMT-nin həll edə bilmədiyi problemlər sırasında yer alır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemləri də öz həllini sanki dünyanın gözlədiyi böyük sülh sazişində axtarmalıdır. Bu da xeyli üzücü dövrü əhatə edə bilər. Azərbaycan üçün də problem məhz bundadır. Odur ki, indi biz fikir versək görərik ki, biz atəşkəsə nail olmaqla həm çox itki vermədən xeyli vaxt udulmasında, həm də ordu quruculuğunu inkişaf etdirmək baxımından çox gözəl addım atmışıq.
– Şahin müəllim, Azərbaycanın da daxil olduğu regionun geosiyasi problemləri əsasən Suriya ilə bağlıdır deyə bilərikmi?
– Neft dünya siyasətində rol oynamayana qədər Hərtlənd (red. – Helford Makkinder (1861-1947) — London Universitetində Coğrafiya professoru və İngilis Kral Coğrafiya Cəmiyyəti İkinci Başçısı), Aypara kimi bir sıra geopolitik nəzəriyyələr var idi. Hərtlənd nəzəriyyəsinə görə, Uralın Şərqindən Şərqi-Sibirə qədər olan ərazi kimin əlindədirsə dünya hökmranlığı da onundur. Çünkü bu məkan dünyaca qiymətli təbii resurslara malikdir. Elə hazırda da bütün bu sanksiyalara rəğmən, Rusiya Federasiyasının ayaqda saxlanması onun hesabınadır. İkinci dünya müharibəsindən sonra Ərəbistan yarımadasında neft tapılandan sonra, dünya siyasətində neft amili mühüm faktora çevirildi. Dünya neftinə hökmranlıq etmək, dünyaya hökmranlıq etməyi şərtləndirir. Suriya məsələsi də bu faktorla ilgilidir. Azərbaycanın da üzləşdiyi problemlərin kökündə bu amilin dayanması şübhə doğurmur. Amma demək olmaz ki, yaxın Şərq problemi təkcə Suriyayla bağlıdır. Azərbaycana gəldikdə isə problemlər fərqli müstəvidə müşahidə olunur. Azərbaycanla Suriyanın müqayisə aparılması da çox uğursuz müqayisə olardı.
– Neft və onun nəqli arteriyaları baxımından…
– Bu nöqteyi-nəzərdən də Azərbaycanda problem yaradan bir şey yoxdur. İstər neft sənayesinə yatırılan investisiya, istər onun Bakı-Tbilisi-Ceyhan vasitəsilə rahat nəqli, istərsə də transmilli korporasiyaların fəaliyyəti bunu deməyə əsas verir. Yəni Azərbaycan bu dövrü rahat adlayıb. Hətta “Əsrin kontraktı”nın bizə verdiyi imkandan istifadə edib Bakı-Tbilisi-Qars dəmiryolunu da çəkdik. Bu regionun infrastrukturunun inkişafı üçün çox böyük layihədir. Suriyada isə həm etnik, həm iqtisadi zəmində kifayət qədər problemlər var, Türkiyənin, İranın, region dövlətlərinin, həm də qlobal dövlətlərin maraqları demək olar ki, hələ oturuşmayıb. Qaz və neft kəmərlərinin konkret marşrutu müəyyənləşməyib. Suriyada müharibəni qızışdıranlar təbii ki, orada iqtisadi maraqları olan dövlətlərdir. Türkiyə Suriyada demək olar ki, işinin 80%-ni görüb qurtarıb. Türkiyənin məqsədi Afrinin alınması deyil, başlıca məqsəd orada bufer zonanı yaradıb onların Aralıq dənizinə çıxışını kəsməkdir. Türkiyə öz istəyinə nail oldu. Həm Aralıq dənizinin qabağını kəsib ora çıxış qoymayıb, həm də bufer zonanı yaradıb. Təbii ki, sözügedən bölgədə ABŞ-ın, Rusiyanın və İranın da öz marağı var.
– Şahin müəllim, Suriya ərazisində Amerika ilə Rusiyanın maraqlarının toqquşması ilə üçüncü dünya müharibəsi buradan alovlana bilərmi və başqa coğrafiyalara keçə bilərmi?
– Əslində üçüncü dünya müharibəsi lokal müharibələrlə başlayıb. Amma dərin fazaya keçməyib. Və dərin fazaya keçmə ehtimalını proqnozlaşdırmaq çox çətindir. Amma Uzaq Şərqi də unutmaq olmaz. Qarşıda Yaxın Şərqdə digər dövlətlərdə də münaqişə kəskinləşə bilər. Bura İranla Səudiyyənin münasibətlərini, İsrailin subregional maraqlarını və eləcə də regionda uzun illər həllini tapmayan etnik, dini-konfessional zəmində mövcud olan problemləri əlavə etsək, perspektivdə çox qarışıq bir mənzərənin şahidi olarıq.
– Amma, bu prosesin özünü üçüncü dünya müharibəsinin tərkib hissəsi adlandırmaq olar?
– Dünya müharibəsinin tərkib hissəsi adlandırmaq olar. Dünya Müharibəsi necə olur ki ?! Həm regionun, həm də dünyanın qlobal gücləri öz hərbi kontingentlərilə kiçik bir məkana “təşrif buyurublar”. Hətta Çinin də bu regiona gəlişi, dünya güclərinin hansısa müharibəöncəsi qruplaşması kimi qiymətləndirmək mümkündür…
– Gəlin məsələyə İslam dünyası kontekstində baxaq. Siz lap sözünüzün əvvəlində belə bir fikir səsləndirdiniz ki, müharibəni Avropadan uzaqlaşdırıb Şərqə gətiriblər. Həqiqətən də indi tutaq ki, Fransa ilə Almaniyanın bir-biri ilə müharibə etməsi çox az ağlabatandır. Bu dövlətlər arasında ticarət, texnologiya, iqtisadi müharibələr, şpionaj ola bilər. Avropa tank-topla bir-birinə hücum etmək mərhələsini geridə qoyub. Amma, bütün müharibələr İslam dünyasında baş verir. Yəni son hadisələrin mütləq əksəriyyəti müsəlmanların başına gəlir. Burada İslam amili, İslama qarşı təşkilatlanmış qüvvələrin fəaliyyəti və s. müzakirə predmeti ola bilərmi?
– Siz yaxşı qeyd etdiniz ki, inkişaf etmiş dövlətlərdə tank-top dövrü artıq arxada qalıb. İndiki müharibələr birjalar, iqtisadi sanksiyalar vasitəsilə həyata keçirilir.
– Müharibə elə odur əslində.
– Yaxın Şərq, İslam dünyası dedikdə biz vahid bir sistem görmürük axı. Talibanın lideri Molla Ömərin vaxtilə İtaliya qəzetinə verdiyi müsahibədən belə bir fikir yadımda qalıb. Jurnalistin İslam dünyasının onları müdafiə etməməsi sualına Molla Ömər çox gözəl cavab verir: “Dünyada müxtəlif siyasi və hərbi bloklar mövcuddur və bu İslam dövlətlərinin də regional və digər dövləti maraqları onların bu ayrı-ayrı təşkilatlarda üzv olmasını labüd edir. Yəni burada söhbət sadə müsəlman əhalisindən gedirsə, onlar qəlbən bizi dəstəkləyirlər.” Yəni qəlb dəstəkçiliyi siyasi dəstək ola bilməz. Dövlətlərin konkret naraqları var. Dövlətlərin birgə bəyanatından söhbət gedirsə, İslam Konfransı Təşkilatı bu istiqamətdə ciddi addımlar ata bilər. Necə ki, Dağlıq Qarabağ problemiylə bağlı, Xocalı qətliamı ilə əlaqədar bəyanatları var. İslam dünyasına qarşı ayrı-seçkiliyə gəlincə isə, bu ayrı problemin predmetidir. Bunu da İslam dövlətlərinin özündə axtarmaq lazımdır. Çünki Avropa renessans dövranü adladı. Din dövlətdən hələ XIV əsrdən ayrıldı. İslam dünyasında isə dövlət sütunlarında nəinki dini amil məsələsi, hətta məzhəblərarası münasibətlər də daha xarakterik hal alıb… Yəni İslam dünyasının özündə müharibəni alovlandırabiləcək xeyli nüanslar mövcuddur. XXI əsrdə bu amildən dünyanın aparıcı dövlətləri təəssüf ki hələ də öz maraqları üçün istifadə edə bilirlər.
– Amma İslam dünyasına qarşı mübarizə aparmağa meylli qüvvələr koordinasiyalı hərəkət edirlər, elə deyilmi?
– Bizdə ilanın seyid Əhməd əliylə tutulması məsəli var. Həmin qüvvələr Yaxın Şərqdə, bəli bu faktlardan istifadə edə biliblər. Həm də xristian təəssübkeşliyi də proseslərdə rol alan mühüm amillərdəndir. Proseslərin gedişatı Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsini bu baxımdan aktual edir.
– İslam dünyasının dediyiniz o intibah dövrünü yaşaması üçün nə olmalıdır? Bu İslam dünyasının özündən aslıdır, yoxsa hansısa qüvvə bu renessansı ləngidir?
– Mən bunun günahını elə İslam xalqlarının özündə görürəm. Bu xalqların sivil dünyaya inteqrasiya etməsini qlobal problemlər sırasında görürəm.
– Şahin müəllim, siyasi araşdırmalarla məşğulsunuz. Bilavasitə həm elmi tədqiqat İnstitutunda işləyirsiniz, həm dərs deyirsiniz. Azərbaycan politologiyası baş verənləri dəyərləndirə, araşdıra bilirmi?
– Hər bir tədqiqatçının öz araşdırma apardığı sahə var. Fikrimcə, öhdəsindən gəlinir. Əlbəttə, bizim tədqiqatçılar Samuel Hantinqton və ya Frensis Fukuyama səviyyəsində araşdırma ortaya qoya bilməzlər. Çünki bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Əslində onlar sifariş yerinə yetirirlər. İlk növbədə bizdə o sifarişlər yoxdur. Qaldı alimlərimizin və tədrisdə çalışan müəllimlərimizin intellektual potensialı göz önündədir.
Qoca Absəlimov, 1905.az