1905.az saytının bu dəfəki həmsöhbəti “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədri Şahin Camalovdur.
Camalov Şahin Vəkilağa oğlu ilk təhsilini Cəlilabad rayonu 1 saylı orta məktəbində daha sonra isə 1994-1998-ci illərdə Lənkəran Özəl Türk Liseyində almışdır. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsində bakalavr və magistr pillələri üzrə təhsilini davam etdirmişdir. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantı olmuşdur.
Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparmış, bu mövzuyla bağlı elmi iş və məqalələr yazmışdır. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur.
2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidentidir. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədri, “Qaynar Xətt” xidmətinin rəhbəri, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin üzvüdür.
Şahin Camalov eyni zamanda İnsan hüquqlarına dair iki kitabın həmmüəllifidir. Onlarla yerli və beynəlxalq konfranslarda məruzəçi qismində çıxış etmişdir.
– Şahin müəllim, ilin-günün bu vaxtında insan haqlarının müdafiəsi ilə məşğul olmaq çətindir yoxsa asan? Əslində bütün miqyaslı işlər kimi bu missiyanın da asan tərəfi də var yəqin ki, çətin tərəfi də.
-Əvvəla 1905 az saytına, onun dəyərli kollektivinə çətin və şərəfli işində uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, haq səsimizi tezliklə dünya ictimaiyyəti duyacaq və biz bunun nəticəsini görəcəyik.
O ki, qaldı insan hüquqlarının müdafiəsi məsələsinə bu sualı cavablandırmaq üçün məncə dünyada baş verən hadisələrə ekskurs etmək lazımdır. Dünyada baş verən proseslərin fonunda Azərbaycanda baş verən hadisələr, isan hüquqlarının vəziyyəti və onun müdafiəsinin müxtəlif aspektləri kompleks nəzərdən keçirilərsə məncə Sizin sualınıza daha dolğun cavab vermək olar.
Hal-hazırda dünyada insan hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Kənardan gülünc görsənsə də reallıq ondan ibarətdir ki, bir dövlət üçün insan hüquqları sahəsində ərazisində baş verən hadisələr ona görə normal hal olsa da digəri üçün insan hüquqlarının kobud pozulması faktıdır. Bir dövlət bunu insan hüquqlarının qorunmasına yardım, hümanitar müdaxilə adlandırırsa digəri bunu başqa dövlətin daxili işinə qarışma, müdaxilə, hətta, təcavüz belə adlandırır. Baxmayaraq bütün bu olanlar Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurası kimi insan hüquqlarının qorunmasını özünə əsas məqsəd elan etmiş beynəlxalq təşkilatların mövcudluğu və fəaliyyəti fonunda baş verir,amma, bizi qane etməsə belə deyə bilərik ki, dünya ictimaiyyəti təxminən son 60-70 ildə bu sahədə ciddi irəliləyiş əldə etmişdir.
Gələk insan hüquqlarının qorunmasının asan və çətin tərəfinə. Mən əlbətdə dünyada bu sahədə gedən proseslərə əbəs yerə sayahət etmədim. Dünyada bu cür ikili yanaşmalar, ikili standartlar mövcud olduğu bir zamanda insan hüquqlarının müdafiəsi ilə lokal belə olsa məşğul olmaq əlbəttə ki, çətindir. Hesab edirəm ki, xüsusi ilə ölkəmizdə bu sahədə fəaliyyət göstərən insanların ən böyük problemi siyasiləşmələridir. Məncə vətəndaş cəmiyyəti nümayəndəsi, hüquq müdafiəçisi əsas məqsəd kimi qarşıya problemlərin həllinə nail olmağı qoymalıdır. Bitərəf olmalı və xüsusi ilə hakimiyyət qurumları ilə konstruktiv əməkdaşlıq edə bilməlidir. İrəliləyişləri, inkişafı görməli, dəyərləndirməyi bacarmalı və problemləri konstruktiv yolla həll etmək istəyini ortaya qoymalıdır. Bu ölkədə mövcud problemlər hər birimizin problemidir və hesab edirəm ki, bu problemləri özümüz daxildə işçi qaydasında həll etməliyik.Məncə bundan sonra nailiyyətdən danışmaq olar.
Onu da qeyd etmək istərdim ki, biz birinci növbədə çalışmalıyıq ki insanlarımız hüquqi cəhətdən savadlansınlar. Məncə bu istiqamətdə atdığımız hər bir uğurlu addım nəticədə Azərbaycanda insan hüquqlarının vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək əsas amil olacaqdır.
– Pozulan və demək ki, həm də qorunan haqlarımızın erməniliyin təcavüzü ilə bağlı hissəsindən danışaq. Bu sahədə uğurumuz varmı? Və Sizin rəhbərlik etdiyiniz təsisat bu baxımdan nə ilə öyünə bilər?
Erməni təcavüzü nəticəsində tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalı və bu işğal faktının beynəlxalq ictimaiyyət tərəfindən qismən tanınması amma ortada ciddi bir nəticənin olmaması dövlət olaraq hüquqlarımızın pozulmasıdır. Bu hala sadəcə torpağlarımızın işğalı kimi baxmaq düzgün olmazdı məncə. Hesab edirəm ki torpaqlarımızın işğalı bizimbütün sahələrdə (iqtisadi, sosial, mədəni, siyasi, insan hüquqları və s.) inkişafımıza mane olan əsas amildir. Və biz pozulan hüquqlarımızın bərpası istiqamətində artıq 20 ilə yaxındır mübarizə aparırıq. Qapısını döymədiyimiz bir dənə belə olsun beynəlxalq təşkilat qalmayıb. Deməzdim ki, heç bir nəticə yoxdur. Əslində bizi qane etməsə də bir sıra nəticələr var. Təmin olunmasa da Ermənistanı öz adıya-işğalçı kimi tanıyan BMT Təhlükəsizlik Şurasının Qətnamələrini, xüsusi ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi tərəfindən “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçinin təyin edilməsi çox vacib və mühüm addımdır və bu başda qətnamə layihəsinin müəllifi olan Şamaxının Millət Vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyyətinin üzvü Elxan Süleymanovun və Azərbaycan xalqının nailiyyətidir.
O ki, qaldı təşkilatımızın bu sahədə fəaliyyətinə birinci növbədə qeyd etmək istərdim ki, fond olaraq AVCİYA-nın üzvüyük və AVCİYA-nın dövlətçiliyimizin tanıdılması, milli vətənpərvərlik və Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılmasına xidmət edən bütün layihələrində ön sıralarda olmuşuq və bu bizi qürurlandırır.
Digər tərəfdən fond olaraq ayrıca bir sıra layihələrə də imza atmışıq ki, bunları da qeyd etmək istərdim. Bunlardan əsası və deyərdim ki, vacibi “müharibədə itkin dümşüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiya Mərkəzinin qurulmasıdır ki, bu mərkəz sayəsində Bakı şəhərində yaşayan yüzlərlə itkin ailəsinin hüquqi və psixoloji problemlərinin həll olunması istiqamətində yaxından işlər görmüşük. Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu sahədə ən yaxın partnyorlarımız olmuşlar. Digər bu sahədə gördüyümüz vacib layihə Müharibədə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi üçün Sabunçu rayonunda xatirə abidəsinin qoyulmasıdır ki, bu da yəqin Sizlərə də məlumdur ki, Azərbaycanda ilk belə abidədir. Bütün rayonlarımızda şəhidlər xiyabanı olsa da əsir və girov götürülmüş və itkin düşmüş şəxslərlə bağlı hər hansı abidə, ziyarətgah və and yeri yox idi. Fürsətdən istifadə edərək abidənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə hörmətli Millət Vəkilimiz Elxan Süleymanova və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə dərin minnətdarlığımızı bildirmək istərdim.
– Ən çox pozulan və ən az pozulan haqlarımız. Bildiyim qədər çox maraqlı qaynar xətt layihəniz də var.
Maraqli sualdı amma eyni anda da həm də cavablandırılması çətin sualdır. Mən şəxsən hesab edirəm ki, bizim hüquqlarımız ən çox elə hüquqlarımızı bilməməyimiz ucbatından pozulur. Digər əsas amil bəzi məmurların özbaşınalığı və qanunları yaxşıbilməməklərindən irəli gəir. Hal hazırda məncə ən çox pozulan hüquqlarımız səhiyyə sahəsindədir. Hesab edirəm ki, bu sahəyə dövlətimizin qayğısı yetərincədir. Məhz burda insan faktoru, məmur özbaşnalığı ciddi rol oynayır.
Qaynar xəttimizə gəldikdə isə onu deyə bilərəm ki, doğurdan da maraqlı qaynar xəttdir. Hüququn bütün sahələri üzrə vətəndaşlarımıza xidmət edirik. Qaynar xətt xidmətimiz həm vətəndaşlara hüquqi məsləhət verir, həm də onların pozulmuş hüquqlarının bərpası istiqamətində aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir.
Hal-hazırda qaynar xətt xidmətimiz şəhər telefonları ilə yanaşı tall free xidmətindən də istifadə edir ki, bu da vətəndaşlarımıza həm regionlarda olan stasionar telefonlardan, həm də, bütün mobil operatorlardan pulsuz zəng edib öz hüquqlarının bərpası və qanunvericiliyin onlara verdiyi hüquqlar sahəsində biliklərə yiyələnməyə kömək edir. Demək olar ki, Qaynar xətt Xidmətimiz ölkə ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyətinə məxsus ən unikal və çoxşahəli qaynar xətt xidmətidir. Bir sıra hallarda hətta dövlət qurumlarının qaynar xətt xidmətlərinin yerinə bizə zəng etməyi üstün tuturlar.
– Ermənistanda insan haqları ilə bağlı vəziyyət barədə məlumatınız varmı? Orada necədi vəziyyət?
Ermənistan barədə uzun uzadı danışmaq istəmirəm. Bu dövlət işğal etdiyi torpaqlarıımız üzərində nəzarəti əldə saxlamaqla yanaşı xüsusi ilə, işğal olunmuş ərazilərdə narkotik ticarətinin genişləndirir, separatist ve terrorizmlə məşğul olan xüsusi qrupların nəzarətsiz ərazilərdə təlim keçməsinə şərait yaratmaqla məşğuldur. Son illərdə insan haqlarına dair müxtəlif beynəlxalq təşkilatların və ermənistandan olan hüquq müdafiəçilərinin hesabatlarına nəzər yetirdikdə bu ölkədə insan hüquqlarının vəzaiyyətinin hər gün daha geriyə getməsinin şahidi olruq. Ermənistanda söz azadlığına qoyulan ciddi məhdudiyyətlərə baxmayaraq İnsan hüquqları total şəkildə pozulur, siyasi zəmində qətllər, cəzaçəkmə müəssisələrndə və saxlama yerlərində işgənc və qeyri-insani rəftara dair çoxsaylı faktlar mətbuata sızmaqdadır. İnsanlar maddi problemlərin çoxluğu səbəbindən Ermənistanı tərk edrlər. Bütün qeyd etdiklərinm məncə Ermənistanda insan hüquqlarına dair vəziyyəti qısa da olsa özətləyir.
– İnsan Haqları Fondunun planları. Yaxın, uzaq gələcək üçün.
Mən əvvəl də qeyd etdim ki, bizim fond olaraq tək qayəmiz vətəndaşlarımızla dövlətimiz arasında bir körpü rolunu oynamaq, bu prosesdə vətəndaş cəmiyyətinin qazanmasına nail olmaqdır. Müharibə şəraitində yaşamağımız bizlərə milli vətənpərvərlik sahəsində layihələri daha da artırmaq, mövcud layihələrimizin daha çox insana çatmasına nail olmaq üçün stimul verməkdədir. Qeyd edim k, gənclərdən ibarət vətənimizi sevən, onun dəyərlərinə hörmət edən və ən başlıcası isə vətəndaş cəmiyyətinin mahiyyətini anlayan komanda formalaşdırmışıq. Ümid edirik ki, arzularımız tezliklə reallaşacaq, bizlər də arzuladığımız Azərbaycanın layiqli vətəndaşı olmaqdan daha da qürur duyacağıq.
– Və nəhayət, Şahin müəllimin öz planları barədə. Mediaya açıqlanması mümkün olan planlardan danışacağıq əlbəttə ki.
Bü gün üçün əsas şəxsi plan kimi prioritetde hüquq üzrə fəlsəfə doktorluğu üçün illərdir üzərində işlədiyim və artıq müdafiəyə hazır olan dissertasiya işimin müdafiəsinin təşkil olunmasına nail olmaqdır. Hesab edirəm ki, bü mənim üçün vacib plandır və reallaşması üçün aidiyyatı rəsmi qurumların dəstəyinə ehtiyacım var. Ümid edirəm ki, elə sizin sayt vasitəsi ilə səsimi duyacaq və mənə köməklərini əsirgəməyəcəklər.
Digər əsas planlarımdan biri də universitetlərimizdən birində pedaqoji fəaliyyətə başlamaqdır ki, novbəti dərs ilindən artıq bu reallaşır və mən Universitetlərdən birində dərs deməyə başlayacam.
Digər planlar haqda isə uzun uzadı danışmaq istəmirəm. Ümid edirik ki hərşey sadəcə bizim arzuladığımız kimi olacaq…
– Uğurlar.
Fuad Babayev, 1905.az