1905.az portalının suallarını Sankt-Peterburqda yaşayan tədqiqatçı, nasir Şahnaz Kamal cavablandırır.
– Şahnaz xanım, uzun illərdir ki, Sankt-Peterburqda yaşayırsınız.
-Bəli. Artıq on ilə yaxın bir müddətdir ki, ailəmlə birlikdə Sankt-Peterburq şəhərində yaşayıram.
– Ötən illər ərzində yerli sakinlərin Neva sahillərində yaşayan azərbaycanlılara münasibətində hansı dəyişikliklərin şahidi olmusunuz?
– Etiraf etmək lazımdır ki, Rusiyada Azərbaycan türklərinə münasibəti heç zaman birmənalı olmayıb. Tarixdən bir az xəbərdar olanlar bunu çox gözəl bilirlər. İndi də vəziyyət dəyişməyib. Ancaq onu da qeyd edim ki, bizə qarşı bu və ya digər münasibətin formalaşmasında öz rolumuz danılmazdır. Çox təəssüf hissi ilə qeyd edim ki, hazırda azərbaycanlılar Rusiyada, konkret olaraq Peterburqda “bazar adamı” statusu ilə daha çox tanınırlar. Ticarətə hədsiz meyillilik, elmdən,təhsildən, mədəniyyətdən uzaq düşməyimiz bizə qarşı olan münasibətə birbaşa təsir edir.
Ötən müddət ərzində özümə qarşı heç vaxt yerli əhali tərəfindən aqressiya müşahidə etməmişəm. Uzun müddət kirayədə yaşamışam, uşaqlarım baxçaya gediblər, indi də məktəbdə oxuyurlar. Kitabxanalarda, universitetdə ruslarla münasibətdə olmuşam və özümə qarşı yalnız hörmət görmüşəm. Çoxları dil bilgimi zənginləşdirməm üçün mənə yardım ediblər. Müvəqqəti qeydiyyatım olduğu vaxtlarda, qeyri-qanuni də olsa, kitabxanadan mənə evdə oxumaq üçün kitab veriblər. Bütün bunları unuda və qeyd etməyə bilmərəm. Belə çıxır ki, insan da, millət də özünə qarşı münasibəti özü formalaşdırır.
Münasibətdə dəyişikliklərə gəlincə, ciddi fərq hiss etməmişəm. Həmişə olduğu kimi, sevən də var, nifrət edən də.
– Yaşadığınız şəhərdə Azərbaycanın təbliği ilə bağlı görülən işlərdən razısınızmı?
– Xeyir, razı deyiləm. Çox passivik. Ara-sıra tədbirlər keçirilir, ancaq bunu qənaətbəxş hesab etmək olmaz.
Burada “Çinar” rəqs qrupu var. (Bu ansamlın rəhbəri Xeyransa xanım Mirzəyeva ilə müsahibə tezliklə oxucularımıza təqdim ediləcək. – red. ) Bəzən festivallarda o qrup Azərbaycanı təmsil edir. Milli Mədəni Muxtariyyət tədbirlər təşkil edir, ancaq o da məhdud çərçivədə.
Biz, mədəniyyətimizə, tariximizə qarşı çox laqeyd xalqıq. Hər hansı bir xalqın Mirzə Kazım bəy kimi bir alim övladı olsaydı, indi onun Peterburqda abidəsini qoymuş, adına təqaüd təyin etmiş, konfranslar təşkil etmişdi. Mən bilən qədəri, Mirzə Kazım bəyin Peterburqda heç qəbirüstü abidəsi də yoxdur. Bu məsələ ilə bağlı mən bir neçə dəfə müxtəlif təşkilatlara, insanlara müraciət etmişəm, amma real bir nəticə yoxdur. Yaxın gələcəkdə Mirzə Kazım bəyin adının əbədiləşdirilməsi ilə bağlı təkliflər planı hazırlamağı düşünürəm.
– Bizim əleyhimizə hansısa məqsədyönlü işlər görülürmü?
-Təbii ki görülür. Dəfələrlə Peterburqda yaşayan erməni icmasının nümayəndələri ilə üz-üzə gəlmişəm. Onlar danışmaqla, dolma, “Sarı gəlin” davası etməklə yox, daha real, gələcəyə hesablanmış işlərlə məşğul olurlar. Onlar Türkiyə, Azərbaycan türkcəsini öyrənirlər. Saxta tarix yazırlar, əlbəttə ki, bu “tarix”i gələcək nəsillərə çatdırmaq məqsədilə. Biz, çox təəssüf ki, tarix yaza bilmirik, yazmırıq. Bunu əhəmiyyətsiz hesab edirik. Unuduruq ki, gələcəkdə araşdırmaçılar ilk növbədə kitabxanalara müraciət edəcəklər və deyilənlərdən daha çox yazılanlara inanacaqlar. Burada, Peterburqda yazılanlar isə çox vaxt bizim əleyhimizədir. Çünki müəllif ya erməni, ya da ermənipərəst rus olur.
– Sankt-Peterburqda tolerantlıq. Bu barədə nə deyə bilərsiniz?
– Sankt-Peterburq Rusiyada sakinlərinin mədəniliyi, xoşməramlılığı ilə fərqlənən şəhərdir. Bunu hamı deyir. Moskva ilə müqayisə edərkən hamı həmişə Peterburqa üstünlük verir. Burada küçədə birindən bir ünvan soruşarsansa, səni ətraflı başa salar. Verilən sualı qulaqardına vuran az adam tapılar.
– İndi də bədii yaradıcılığınız haqda danışaq. Nələri edə bilmisiniz, planlarınız haqqında nə deyə bilərsiniz?
-Bildiyiniz kimi, ötən il “Güladar” adlı hekayələr kitabım nəşr olundu. Bundan başqa, Bakıda Azərbaycan türkcəsində nəşr olunan “Ömür” antologiyasında, ABŞ-da ingiliscə dərc edilmiş ” Modern Azerbaijanı womens prose” antologiyasında, yenə Bakıda ingiliscə nəşr edilmiş “Our stories in your language” kitabında, “Yazı” dərgisində və elektron mediyada hekayələrim dərc olunub.
Türkiyənin elektron mediasında hekayələrim Türkiyə türkcəsində yayınlanıb.
Hal-hazırda bir neçə hazır hekayəm var ki, yenidən baxıb dərc etdirməyi düşünürəm. Bir neçə hekayəninsə planı, qaralaması hazırdır. Mövzular fərqlidir. Onların arasında 1920-ci ildə rusların Azərbaycanı işğal edərkən doğmalarımın yaşadıqlarını əks etdirən, hələlik şərti olaraq “Nənəmin nağılları” adlandırdığım silsilə hekayələr, Rusiyada yaşayan azərbaycanlı qadınların həyatından bəhs edən hekayələr var.
Bir ay öncə Qarabağ müharibəsində hərbi həkim olmuş bir şəxslə tanış oldum. O mənə müharibə, o zaman baş vermiş hadisələr barəsində çox şeylər danışdı. Bütün bunları qeyd etmişəm. Nə vaxtsa müharibə haqqında yazacam. İndi material toplayıram.
Gələcəkdə köhnə və yeni hekayələrimi türk və rus dillərində yayınlamağı, yeni kitab nəşrini düşünürəm.
– Sizə uğurlar. Minnətdaram.
– Mən də təşəkkürümü bildirirəm. Söhbətləşməmiz mənim üçün çox xoş oldu.
Fuad Babayev
1905.az