S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti bolşevik-daşnak ordularının erməni quldur dəstələri ilə birlikdə Şamaxı şəhərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırımları.
1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və qəzasının azərbaycanlılar yaşayan kəndlərində bolşevik-daşnak qüvvələrinin törətdikləri qanlı cinayətlər haqqında Cümhuriyyət Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı 7 cild və 925 səhifədən ibarət istintaq materiallarındakı yüzlərlə arayış və məruzələr, zərərdidə və şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikililərə və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri aydın və təkzibolunmaz şəkildə sübut edir. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədovun ədliyyə nazirliyinə göndərdiyi məruzədə bildirilirdi ki, Şamaxı qəzasında azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ Birinci dünya müharibəsinin (1914-18) ilk vaxtlarından özünü büruzə vermişdir. Fevral inqilabından (1917) sonra ermənilər daha fəal hərəkət etməyə, Cənubi Qafqazın digər qəzalarından erməni əsgərlərini Şamaxı şəhərindən 6 verst (1 verst = 1,0668 km) aralıdakı Mədrəsə erməni kəndinə toplamağa başlamışdılar.
1919-cu il martın birinci yarısında S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin daşnak hökuməti Şamaxıya çoxlu miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək yalnız ermənilərdən ibarət qoşun dəstələri göndərdi. Martın 15-də Şamaxı şəhərinə çatan dəstə ilə müsəlmanlar arasında ilk atışma düşdü. Şamaxıdakı bütün millətlərin nümayəndələri erməni yepiskopunun hiyləsinə uyaraq, sülh şəraitində yaşayacaqlarına and içdilər. Bu hiyləyə inanan azərbaycanlı əhali öz gündəlik işləri ilə məşğul ikən Novruz bayramı günü – martın 18-də qəfildən şəhərin bütövlüklə azərbaycanlılardan ibarət olan aşağı hissəsi cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfındən mühasirəyə alınaraq, top və pulemyot atəşinə tutuldu. Bu vəhşiliklər bir neçə gün davam etdi. Ermənilər və malakanlar yalnız Gəncədən silahlı dəstələrin köməyə gəlməsindən qorxuya düşərək, şəhəri tərk etdilər. Gəncədən gələn silahlı qüvvə onları təqib etdi, lakin erməni və malakan qüvvələri qat-qat üstün olduğundan təqibi dayandırdı və strateji mülahizələrə görə, dörd gün sonra şəhərdən çıxdı. Müsəlman əhalinin çox hissəsi onlarla birlikdə şəhəri tərk etsədə, xeyli hissəsi orada qaldı. Geri qayıdaraq, Şamaxının yenidən zəbt edən erməni və malakan quldur dəstələri bu dəfə əhaliyə daha qəddarlıqla divan tutdular. Şəhərdə qalan azərbaycanlı əhali – uşaqlar, qadınlar və qocalar tamamilə məhv edildi. Fövqəladə Təhqiqat Komissiyasının verdiyi məlumata görə, küçəler, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlılara məxsus bütün daşınar əmlak qarət edilmiş, şəhərin azərbaycanlılara məxsus hissələrinə od vurulmuşdu. Şəhərdəki on iki məhəllə məscidi, təkcə ibadət yeri deyil, həm də 800 illik tarixə malik nadir memarlıq abidəsi olan “Cümə məscidi” də yandırılmışdı. Təhqiqat materiallarında göstərilirdi ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci basqınları zamanı şəhərdə “bir neçə min azərbaycanlı qətlə yetirilmişdi”. Qətlə yetirilənlər arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Şəhərdə böyük nüfuz sahibi olan axund Hacı Cəfərqulunu ermənilər xüsusi qəddarlıqla öldürmüşdülər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, sonra isə od vuraraq yandırmışdılar. Ermənilərin qəddarlıqla qətlə yetirdikləri nüfuzlu şəxslər arasında şəhər rəisi Teymur bəy Xudaverdov, Rusiyanın birinci Dövlət Dumasının Şamaxıdan seçilmiş deputatı Məmməd Əliyev və başqaları da var idi. Fövqəladə Təhqiqat Komissiyasının məlumatında qeyd olunurdu ki, ermənilər kişi, qadın və uşaqları xüsusi qəddarlıqla, əzab işgəncə ilə – qolları, qıçları, burunları, qulaqları kəsilməklə, gözləri çıxarılmaqla, qarınları yırtılmaqla, yandırılmaqla qətlə yetirmişlər. Ermənilər təkcə Şamaxı şəhərində azərbaycanlılara məxsus dəyəri bir milyard manatdan yuxarı olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandırmışlar.
Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı da ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış və əhalisi qətlə yetirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının həmin kəndlərdən 53-nün hər birinə vurulmuş zərərlər barədə tərtib etdiyi xüsusi yekun aktında ayrı-ayrı kəndlərdə ölənlərin sayı (o cümlədən kişi, qadını və uşaqlar göstərilməklə) və hər bir kəndə dəymiş maddi zərərin miqdarı göstərilirdi. Həmin aktlara əsasən tərtib olunmuş məlumatlara görə, Şamaxı qəzasının 53 kəndində ermənilər qısa müddətdə 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onların da 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaqlar olmuşdur. Hesablamalara görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata çatırdı.
Komissiyanın gəldiyi qənaətə görə, Şamaxı qəzasında törədilmiş bu vəhşiliklərin əsas təşkilatçıları, Bakı şəhərində və Quba qəzasında olduğu kimi, Bakı Kommunasının erməni daşnak başçıları S. Şaumyan, Q.Korqanov və b. idi. Onun icraçıları isə S.Şaumyanın Bakıdan hərbi dəstənin başçısı kimi göndərdiyi Lalayan (Lalayev), habelə Şamaxı sakinləri olan erməni-daşnak quldurları Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Armenak Martirosyan və b.- cəmi 31 nəfər olmuşlar. Komissiyanın qəbul etdiyi qərarda göstərilirdi ki, bu cəlladlar istintaqa cəlb edilərək, Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Aprel işğalından (1920) sonra ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliklər unutduruldu, Lalayana və onun başçılıq etdiyi erməni vandallarına bəraət verildi, S.Şaumyan və Q.Korqanov isə Azərbaycan tarixinin xalqımıza “ən əziz adamları kimi” yad edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.364