Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.
Sarı Aşığın mənsub olduğu Orucməmməd tayfası Güləbird kəndində böyük bir nəsil olub. Əslən Qaradağ mahalındandırlar. Deyilənə görə, Sarı Aşıqla Orucməmməd qohum olmaqla yanaşı, həm də Güləbird kəndinə eyni vaxtda köçüblər.
Ədəbiyyatşünaslar dünya ədəbiyyat tarixində Sarı Aşığı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayatı ustası kimi səciyyələndirmişlər.
1989-cu ildə rayonun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdir. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin təmtəraqlı açılış mərasimində Azərbaycan Yazıçılıar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur. Muzeyin direktoru Ramiz Qənimətoğludur.
Hazırda muzey Abşeron rayon Pirəküşkül qəsəbəsində fəaliyyətini davam etdirir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru