Məmləkət nəşrlərinin kifayət qədər böyük hissəsi “sarılıq” xəstəliyinə tutulub. Bu əsla şübhə dogurmur. Xəstəliyin getdikcə, ağırlaşması da gün kimi aydındır. O da bəllidir ki, təsiredici “dərman” tapılmayıb. (Bu “dərman” əslində yalnız oxucular tərəfindən tapıla bilər. Potensial qəzet alıcılarının sırasında “sapsarı” xəbər və yaxud “təhqiqat” azarkeşləri çox olduğundan “dərman axtarışı”nın baş tutacağı ağlabatan deyil.) Beləliklə, bu gün Azərbaycan mətbuatının xəstəlikləri sırasında “sarılıq” bəlkə də ən əsas yeri tutur. Gəlin araşdıraq, bu xəstəlik necə meydana gəlib və nə dərəcədə təhlükəlidir.
Yuxarıda qeyd olunduğu kimi, poytensial qəzet alıcılarında (təkrar edirəm, qəzet alıcılarında, oxu zalında və yaxud iş yerində qəzet oxuyanlar yox) “sarı” mətbuata meyl çox güclüdür. Və əgər tələbin təklifi yaratması haqqında həqiqətə uygundursa, “sarı” mətbuatın mövcudluğu sual dogurmamalıdır. Olsa-olsa bu mətbuatın son vaxtlar öz “ərazi”sini xeyli genişləndirməsi sual yaradır. Bu sualı da cavablandırmaq mümkündür. Qəzet satılmalıdır. Və gündən-günə qəzet satmaq çətinləşir. Qəzet alıcısını bir neçə min manatından keçməyə vadar etmək üçün getdikcə daha çox “sarı” yazı tələb olunur. Dəhşət filmləri elementlərinin bol-bol istifadə edildiyi kriminal “serial”lar, sənətçilərin amansızcasına bir-birlərinə endirdikləri zərbələrdən bəhs edən “reportaj”lar, daha nələr konveyer prinsipi ilə “istehsal” edilərək yayılır. Vəssalam.
Beləlilə, “sarı” mətbuatla bağlı məqamları aşağıdakı kimi qruplaşdırmaq olar:
– oxucuların “menyü”sündə sarı “təam”ların xüsusi yeri var və oxucu “rasion”u elə bu bişmişlərin sayəsində zənginləşir (əlbəttə, zənginləşirsə);
– qəzetlərin oxucu cəlb etməyə can atmaları başadüşüləndir.
Belə çıxır ki, “sarı” mətbuat oxucudan asılı vəziyyətdə olan mətbuatdır. Və bu əslində heç də pis vəziyyət deyil. Mətbuatın başdan-başa konyunktura olduğunu iddia edənlər əslində o qədər də yanlış düşünmürlər. Bir də bütün qəzetlərdən oxucuların səviyyəsini yüksəltmək istiqamətində əməli addımlar atmanı tələb etmək olmaz ki. Mətbuatın, necə deyərlər, bir mərəzdən əziyyət çəkməsi də ağlabatan deyil.
Mətbuatın xəstəliklər çoxdur. Və bu xəstəliklər sırasında ən azı bir mərəz “sarılıq”dan qat-qat qorxuludur. Mən bunu şərti olaraq ARXAYINLIQ kimi müəyyənləşdirərdim.
Bəli, bu gün oxucudan, dinləyicidən və tamaşaçıdan əsla asılı olmayan, arın-arxayın öz bildiyini edən kütləvi informasiya vasitələri var. Ən “sarı” mətbuat Azərbaycan informasiya istehlakçılarının heç olmasa, bir qisminin kimliyi barədə də, nə istəməsi barədə kifayət qədər dolgun məlumat verir. Əslində boşluğa müraciət sahəsində ixtisaslaşan kütləvi informasiya vasitələri isə deyəsən heç bir Azərbaycan oxucusu (tamaşaçısı, dinləyicisi) barədə heç bir məlumat vermir. Deyək ki, “altdan geyinib, üstdən qıfıllanmış, üstdən geyinib, altdan qıfıllanmış” polis rəisinin N rayonu ərazisində bu il cinayət işlərinin üstünün açılması sahəsində “ötən ilin müvafiq dövrünə nisbətən” xeyli pozitiv dəyişikliklər olmasından bəhs edən müsahibəsini kim oxuyur? Polis rəsinin özü, onun ailə üzvləri, tabeliyində olanlardan oxumağı tam yadırğamayanlar…Vəssalam. Az deyilmi? Onu da deyək ki, istənilərsə, oxucusu, tamaşaçısı, dinləyicisi olmayan materialların siyahısını bəlkə sonsuzluğa qədər uzatmaq olar. Və bu “təam”lar əsl tamaşaçının, əsl dinləyicinin və əsl oxucunun “ehtiyac zənbili”ndə sadəcə olaraq yer tutur.
Bir sözlə, “sarılıq” xəstəliyini mətbuatımızın ən ciddi xəstəliyi adlandırsaq, səhv etmiş olarıq. Ən azı bu mətbuatın oxucuya, tamaşaçıya, dinləyiciyə sarı addımlamağa, əlbəttə öz bildiyi kimi addımlamağa can atdığına görə. Əsl xəstəlik informasiya istehlakçısından asılı olmadığını var qüvvəsi ilə vurğulamağa çalışan, özünü təqribən “seçici”lərinin iştirakı olmadan “seçilmiş” millət vəkili kimi aparan kütləvi informasiya vasitələrinin mübtəla olduğu xəstəlıikdir. Əslində “vakuum”da fəaliyyət göstərən belə nəşrlərin, verilişləri və s. mərəzi “sarılıq”dan fərqli olaraq bütün hallarda ölümlə nəticələnir. Bütün hallarda Normal və Gərəkli kütləvi infiormasiya vasitəsi kimi ölümlə.
Fuad Babayev
“Şərq” qəzeti, 9-12 sentyabr 1999-cu il, № 103 (279)