Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə yaradılan “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının yanvarın 28-də Bakıda təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov İşçi Qrupun 20 Yanvar faciəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyanın aparılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, tərkibində 17 QHT rəhbərinin olduğu İşçi Qrupun əsas işlərindən biri 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətə çatdırılması, həmçinin Xocalı soyqırımının törədilməsində birbaşa iştirakçı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. Diqqətə çatdırılıb İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.
İşçi Qrupun beynəlxalq məsələlər üzrə məsul şəxsi Asif Əsgərli ayrı-ayrı ölkələrdə bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. O deyib ki, xarici ölkələrdə tədbirlərin keçirilməsi daha məqsədəuyğun olacaq. Bu təbliğat xarakterli işləri görmək üçün petisiya ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara, xarici ölkələrdəki QHT fəallarına göndəriləcək. “Biz çalışırıq ki, bu kampaniyada təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları, xarici ölkələrdəki QHT-lərin fəalları da iştirak etsinlər”.
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları bildiriblər ki, əsas məqsəd dünyanın diqqətini Azərbaycanın qarşılaşdığı problemlərə yönəltməkdir. Dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız bu işlərə cəlb edilməlidir və onların potensialından istifadə olunmalıdır.