Müsahibimiz tarix üzrə elmlər doktoru, professor Sevda Süleymanovadır.
– Sevda xanım, Azərbaycanda ictimai-siyasi hərəkatların əsas yaranma dövrünü XIX əsr hesab etmək olarmı?
– İctimai-siyasi hərəkat sosiologiyanın əsas terminidir. Yəni cəmiyyətdə olan çatışmazlıqlara qarşı kütlənin etirazıdır. Təbii ki, bütün dövrlərdə belə etirazlar, sosial hərəkatlar olub. Bəs niyə ictimai hərəkatlardan danışanda məhz XIX əsrin sonlarından bəhs edirik? Çünkü artıq bütün dünyada kapitalizm inkişaf etməkdə idi. Avropa ölkələrində də ictimai-siyasi hərəkat daha geniş inkişaf edirdi. Lakin hər yerdə siyasi hərəkatın ilk pilləsi maarifçilikdən başlayırdı.
Təbii ki, bu proses Avropada bizdən xeyli qabaq başlamışdı. Azərbaycan Rusiyanın müstəmləkəsi olsa da, Rusiya vasitəsilə Avropa fikirləri Azərbaycana da sirayət edirdi. Məsələn, XIX yüzilin ortalarında Azərbaycan dramaturgiyasını yaradan Mirzə Fətəli Axundov tamamilə Avropa təfəkkürlü bir maarifçi idi. Hüseyn Qaraca da “Azərbaycan istiqlal tarixi” əsərində yazırdı ki, Mirzə Fətəli Avropa təfəkküründə düşünən bir dramaturq və xadimdir. Elə onun komediyaları, əlifba islahatları da maarifçiliyə hesablanmışdı. Yazıb-oxumağı bacarmayanlar teatr vasitəsilə cəmiyyətdə baş verən naqis cəhətləri görür və ona gülürdülər. Ona görə də biz maarifçiliyi ictimai hərəkatın birinci mərhələsi kimi götürürük. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Cəfər Topçubaşi, Mirzə Kazımbəyin əsərləri maarifçiliyin birinci mərhələsidir. Axundovun əsərlərini səhnəyə qoymaqla Azərbaycan teatrını, 1875-ci ildə “Əkinçi” qəzetini nəşr etməklə ilk ana dilində mətbuatın əsasını qoyan Həsən bəy Zərdabi ilə artıq maarifçilik hərəkatında yeni bir mərhələ başlayır. Millətin formalaşması üçün milli burjuaziya, ziyalılar lazımdır. Deməli, sərmayə qoyulmalı idi ki, ziyalı təbəqəsi yetişsin. XIX əsrdə görürük ki, bir ziyalı nəsli yetişib və onlar məhz həmin o maarifçiliyin keşiyində durublar. Maarifçilik üçün isə ilk növbədə qəzet lazım idi. “Əkinçi” yalnız 2 il fəaliyyət göstərdi və 56 saydan sonra senzura tərəfindən bağlanıldı. Bundan sonra Ünsizadə qardaşları tərəfindən Tiflisdə “Ziya” (“Ziyayi-Qafqaziyyə”), Şamaxıda “Kəşkül” qəzetləri buraxılmağa başladı. Azərbaycan milli mətbuatı 1894-cü ilədək müxtəlif adlar altında çıxdı. Bundan sonra artıq XX əsrin əvvəllərində, 1903-cü ildən Tiflisdə Məhəmməd ağa Şahtaxtinski tərəfindən “Şərqi Rus” qəzeti nəşr olunmağa başladı. Düzdür, o da qısa ömürlü oldu, vəsait çatışmamazlığından bağlandı. 1905-ci ildə Naxçıvandan bir tacir “Qeyrət” mətbəəsini yeddi min rubla alıb, Cəlil Məmmədquluzadəyə verdi. Beləcə “Molla Nəsrəddin” məcmuəsi çıxmağa başladı. Hərçənd orada da senzura var idi. Yəni beləliklə, fasiləsiz olaraq müxtəlif adlarla qəzetlər çıxırdı. 1905-ci ildə “Həyat” qəzeti çıxdı və tezliklə bağlandı. “Füyuzat” jurnalı onun davamı kimi Əli bəy Hüseynzadə tərəfindən buraxıldı. “İrşad” qəzeti elə 1905-ci ildən nəşr olunmağa başladı. 1905-ci ildən “Hümmət” qəzeti çıxmağa başladı. “Hümmət”i bağladılar, onun yerinə “Tərəqqi” nəşr olundu, sonra “Dəvət-Qoç” çıxdı. Bunlar hamısı maarifçiliyə xidmət edirdi.
– Milli məfkurə ictimai hərəkatı yaradan səbəblərdən biri hesab oluna bilərmi?
– Dedim ki, ictimai hərəkat sosial hərəkatdır, yəni kor-təbii yaranır. İctimai hərəkatı yaradan birinci amil iqtisadi vəziyyətin ağırlığıdır. Bu səbəbdən ictimai hərəkat başlayır, amma kortəbii surətdə, çünki siyasi şüur hələ formalaşmayıb. XIX əsrin birinci yarısında tutaq ki, Avropada fəhlələr öz intiqamlarını dəzgahlardan alırdılar. Halbuki onların ağır yaşayışlarının günahkarı dəzgah yox, həmin dəzgahın sahibi idi. Ona görə də ictimai hərəkatı yaradan birinci səbəb iqtisadiyyatdır, sonra gəlir siyasi səbəblər. Qeyd etdiyim kimi ictimai hərəkat kor-təbii başlayır və onu yönləndirmək üçün siyasi şüur lazımdır. Siyasi şüuru isə mətbuat formalaşdırır. Elə 1975-ci ildə “Əkinçi” qəzeti də insanlarımızı şüurlandırmaq məqsədilə buraxılırdı. Amma kütləvi surətdə milli şüur yarana bilməzdi. Milli şüur yaranmaq üçün XIX əsrin yetmişinci illərində Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, doxsanıncı illərdən isə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Nəriman Nərimanovun fəaliyyəti diqqətəlayiqdir. “Kaspi” qəzetində onların rus dilində çox savadlı yazıları dərc olunurdu. Əhməd bəy Ağaoğlunun çox gözəl yazıları dərc edilirdi. Əhməd bəy Sorbonna Universitetini bitirmişdi, 12 dil bilirdi. Onun bir rubrikası var idi, islama hücum edənlərə elmi surətdə, İslamın, Qurani-Kərimin bilicisi kimi cavablar yazırdı. Hətta öz müəlliminə, Fransada ona dərs deyən şərqşünas Ernest Raynaudun islam haqqında fikirlərinə çox hörmətlə yazırdı ki, o, Fransada böyüyüb. Quranı, İslamı bilmək üçün isə Şərqdə böyümək lazımdır. Sonra Məhəmməd Əmin Rəsulzadənin “Dirilik”, “İqbal”, “Yeni İqbal”, “Şəlalə” jurnallarında millət nədir, millətin kimliyi haqqında məqalələri dərc olundu. Bu vacib məsələ idi. Çünkü Rəsulzadənin də yazdığı kimi, o vaxta qədər azərbaycanlılara sual verəndə kimsən, cavab verirdilər ki, müsəlmandılar. Ruslar isə onlara “Qafqazlı”, “vəhşi tatar” kimi müraciət edirdilər. Yəni dini mənsubiyyətlərini etnik mənsubiyyət kimi təqdim edirdilər. Bizim ziyalılarımız XIX əsrin sonu, XX əsrdə başladılar milli şüuru oyandırmağa, milli mənsubiyyət hissini aşılamağa. Göstərirdilər ki, milli mənsubiyyətə görə türkdülər. Əli bəy Hüseynzadə yazırdı: “Biz türklər milladdan iki min il əvvəl bəşəriyyətə qədəm basmışıq, böyük qəhrəmanlıq tariximiz var”. Yəni özünü bilmək, hörmət etmək üçün öncə tarixini bilməlisən ki, sənin milli şüurun inkişaf etsin, özünlə qürur duyasan ki, hansı xalqın nümayəndəsisən. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov bunların hamısını izah edirdilər. Milli kimliyi dərk etmək üçün milli şüuru oyandırmaq lazımdı. Milli şüur xüsusilə Birinci Dünya müharibəsi dövründə daha da inkişaf etdi. Çünkü ona qədər hələ müsəlmançılıq, islamçılıq, hümmətçilik daha çox geniş yayılmışdı. Dünya müharibəsi hər şeyi qoydu yerinə. Hərə öz başının hayına qaldı, hər bir millət özünün müqəddaratını təyin etməli idi. Çünki Dünya müharibəsi qurtarandan sonra Avropada imperiyalar dağıldı, ayrı-ayrı dövlətlər yarandı. İmperiyanın tərkibində axı o milliliyi çox dərk etmək olmur. Amma parçalananda sən başa düşürsən ki, kimsən. Bizim ictimai fikir adamları, ictmai-siyasi hərəkatın önündə gedənlər xalqa təlqin edirdilər ki, İslam dini mənsubiyyətimizdir, milli mənsubiyyətimiz, soy–kökümüz isə türkdür. Ona görə də sən özünün müqəddəratını təyin etmək üçün milli hökumətini yaratmalısan. Ona görə bizim milli hərəkatın başında duranlar əvvəlcə muxtariyyət tələbi ilə çıxış ediblər. Ermənilər hələ 1905-ci ildən muxtariyyət tələb edirdilər. Gürcülər Sakartvelonu yaratmışdılar, onlar da gürcülər üçün muxtariyyət tələbi ilə çıxış edirdilər. Qafqaz müsəlmanları isə Qafqaza muxtariyyət istəyirdilər, “Qafqaz İstiqlalı” adlı bir təşkilat yaradıblarmış 1911-ci ildə. Arxiv sənədlərində mən oxumuşdum, onlar Qafqaz müsəlmanlarına muxtariyyət istəyir. Gördüyünüz kimi, yenə müsəlmançılıq önə çıxıb. Halbuki erməni və gürcülər özlərinə muxtariyyət istəyirdilər.
– Bəs bizdə Azərbaycanın muxtariyyəti məsələsini ilk dəfə kim ortaya atıb?
– Bizdə muxtariyyət şüarını ilk dəfə Milli Türk Fedaralistlərinin lideri Nəsib bəy Yusifbəyli qaldırıb. Nəsib bəy Yusifbəyli Gəncədə Şah Abbas məscidinin qarşısında beş yüz nəfərlik mitinqdə “Yaşasın Azərbaycanın muxtariyyəti” şüarını söyləyib. İlk dəfə açıq şəkildə muxtariyyət tələbi orada səslənib. Çarizm devriləndən sonra muxtariyyət şüarı daha tez-tez səsləndirildi və həmin o ideya, türkçülük məfkurəsi ətrafında “Müsavat” partiyası ilə Türkiyə Ədəmi Mərkəziyyət Partiyası birləşdi. Çünkü eyni qayənin ardınca gedirdilər. “Müsavat”ın 1917-ci il oktyabrın 26-dan 31-nə qədər davam edən birinci qurultayında Azərbaycanın muxtariyyəti haqqında qətnamə qəbul olundu. “Açıq söz” qəzetində də bu barədə yazıldı. Və bu fikir Şaumyanın qəzəbinə səbəb oldu. O, “Bakinskıy raboçiy”də onlara cavab verdi ki, müsəlmanlar muxtariyyət istəyirlər, amma muxtariyyət əvəzinə bir para xarabazarlıq alacaqlar. Şaumyanın bu vədi mart soyqırımına gətirib çıxardı. Məhz mart soyqırımı da Azərbaycan milli hərəkatını muxtariyyət fikrindən İstiqlala apardı. Yəni muxtariyyət fikrini Məhəmməd Əmin Rəsulzadə 1917-ci il 15-20 aprel tarixlərində keçirilən Qafqaz müsəlmanlarının I qurultayında da, 1917-ci il 1-11 may tarixlərində keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında da platforma şəklində irəli sürmüşdü. Halbuki osetin Salehov onun əleyhinə çıxdı, o gələcəyi avtoritar Rusiyanın tərkibində görürdü və mədəni-milli muxtariyyət platformasını irəli sürmüşdü. Məhəmməd Əmin Rəsulzadə isə Rusiya tərkibində məhəlli, milli muxtariyyət, özünüidarə hüququnun verilməsini istəyirdi. Mart soyqırımından sonra isə təbii ki, Rusiyanın tərkibində qalmaqdan söhbət belə gedə bilməzdi.
– Hərçənd ki, müsəlman deputatlar hətta soyqırımından sonra da Zaqafqaziya Seyminin saxlanmasının tərəfdarı idilər.
– Zaqafqaziya Seyminin saxlanması mümkün deyildi. Çünkü seymdə elə ərazi məsələsinə görə nifaq başlamışdı. Osmanlı qoşunları Brest-Litovsk sazişinə əsasən artıq Batuma yeridilmişdi, Gümrünü tutmuşdular. Gürcülərlə ermənilər bu faktla barışmaq istəmirdilər. Torpaqların onlara məxsus olması ilə bağlı Türkiyəyə ultimatum göndərdilər. Türkiyə isə bildirdi ki, onlar müstəqil dövlət deyillər ki, torpaq davası etsinlər. Yalnız müstəqil dövlət olacaqları təqdirdə masa arxasında Türkiyə ilə bu problemi müzakirə edə bilərlər. Ona görə də 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Demokratik Respublikası, Transqafqaz Respublikası da deyilir, elan olundu və ondan sonra Batum danışıqları başladı. Baxmayaraq ki, ona qədər artıq erməni və gürcü hərbi hissələri Osmanlı ordusu ilə toqquşmuşdu və məğlub olmuşdu. Amma təkrar edirəm, Seymin dağılması labüd idi. Beynəlxalq vəziyyət də onu sürətləndirdi. Birinci Dünya müharibəsi isə katalizator rolunu oynadı. Almaniya gürcüləri himayə edirdi və onları təhrik edirdilər ki, Seymdən çıxsınlar ki, müstəqilliklərini tanısınlar. May ayının 26-da gürcülər Seymdən çıxdılar və o dağıldı. Seym dağıldıqdan sonra Azərbaycan nümayəndə heyəti sanki havadan asılı qaldı. Çünki onlar Tiflisdə idilər, Bakı isə mart soyqırımını törətmiş Bakı Sovetinin əlində idi. Belə bir şəraitdə dövlət müstəqilliyini elan etməkdan başqa çarələri yox idi. Baxmayaraq nə paytaxt, nə də qoşun vardı. Halbuki ermənilərin də, gürcülərin də qoşunu var idi. Çünki rus ordusuna xidmət etmək üçün müsəlmanları çağırmırdılar. Yalnız zadəgan ailələrindən olanlara hərbi xidmətə icazə verilirdi. Amma bununla belə, silahlı ordu hissələri yox idi. 44 nəfərlik müsəlman fraksiyasının Azərbaycan Cümhuriyyətini elan etməsi heç də asan məsələ deyildi. Çox böyük risk tələb edirdi. Amma bizim nümayəndə heyəti bu riskə getdi. Azərbaycanda bu hadisə birmənalı qarşılanmadı. Amma nə gürcülərdə, nə ermənilərdə belə məsələ olmadı.
– Azərbaycanda müstəqilliyin elan olunmasının birmənalı qarşılanmadığı aydındır, bəs Seymin üzvü olan 44 azərbaycanlı deputat müstəqilliyi necə qarşıladı?
– Onların da arasında çox təəssüf ki, fikir birliyi yox idi. Xüsusilə “İttihad” pratiyasının üzvləri arasında. “İttihad” partiyası böyüklüyünə görə, “Müsavat”dan sonra ikinci yerdə gedirdi. “İttihad” dini əsasda qurulmuşdu, yəni islam bayrağı altında. “Müsavat” isə qayəsi türkçülük olan sırf milli partiya idi. Bəlkə də ona görə “Müsavat”a qarşı müxalifət təşkil edirdilər. Mayın 27-də Müvəqqəti Milli Şura yaradılanda və sədr kimi Məhəmməd Əmin Rəsulzadə təklif olunanda, onun namizədliyinə qarşı çıxmışdılar. Batum danışıqlarında iştirak edən Rəsulzadə Milli Şuranın sədri oldu, amma yekdilliklə seçilmədi. İyunun 16-da hökumət müvəqqəti paytaxt Gəncəyə köçəndən sonra daha böyük parçalanma oldu. Parçalanmaya səbəb olanlar isə Türkiyəyə ilhaq olunmaq istəyənlər idi. Hətta müstəqilliyə səs verənlərin içərisində də dönənlər oldu. Gəncədə çağırılan Milli Şuranın yeddinci iclasında Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Əfəndilər, biz çox fövqəladə bir vəziyyətlə qarşılaşmışıq və fədakar bir addım atmalıyıq. Çünkü Tiflisdə bizim müstəqilliyimizə səs verən yoldaşlarımızın bir qismi Gəncəyə köçəndən sonra yüz səksən dərəcə öz fikrindən döndü. Yəni əvvəl müstəqilliyin tərəfdarı idi, orada səs verib, burada isə deyir ki, yox biz müstəqil yaşaya bilmərik, gərək Türkiyənin ilhaqını qəbul edək. Belə bir çətin vəziyyətdə Milli Şura və Müvəqqəti hökuməti buraxmaqdan başqa əlac qalmadı”. Buraxdılar, amma Müvəqqəti Milli Şuranın həmin yeddinci iclasında iki qərar qəbul olunur. Birincisi, Müvəqqəti Milli Şura altı aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə buraxılır və onun səlahiyyətinin bir qismi, müvəqqəti hökumətə həvalə olunur. Bir şərtlə ki, müstəqillik məsələsi Müvəqqəti hökumət tərəfindən müzakirəyə çıxarıla bilməz. Onu qanunverici orqan Milli Şura qəbul edib Tiflisdə. Məhəmməd Əmin Rəsulzadənin hətta burda da belə bir gözəl fikri var: “Biz milli mənafeyi partiya mənafeyindən üstün tutaraq bu fədakar addımı atdıq”. Beləcə Məhəmməd Əmin Rəsulzadə öz əli ilə sədri olduğu qurumu buraxdı.
– Sevda xanım, Məhəmməd Əmin Rəsulzadənin Milli Şuranın sədri seçilməsi çox maraqlıdır. Hətta Batum danışıqlarında da danışıqların rəhbəri deyil, Məmməd Yusif Cəfərovun müavini idi. Bəs necə oldu ki, Milli Şuranın sədri məhz Məhəmməd Əmin Rəsulzadə seçildi?
– Elə maraqlı da burasındadır. Əvvəla fraksiyanın rəhbəri o idi. Bu fraksiya da necə yaranmışdı? 1917-ci il noyabrın sonlarında Rusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Noyabrın əvvəllərində Azərbaycanın bütün siyasi partiyaları bununla bağlı Gəncədə müşavirə keçirdilər. Orada Məhəmməd Əmin Rəsulzadə təklif etdi ki, gəlin, hamımız nümayəyəndələrimizi seçib, Müsəlman milli fraksiyası altında orada çıxış edək. Orada sosialistlər, sosial-demokratlar, daha doğrusu, Nəriman Nərimanov etirazını bildirirdilər. Fraksiyaya qoşulmaq istəmədilər. Elə oldu ki, seçkilər keçirildi.
– Müəəsislər Məclisinə seçki ümumi Qafqaz üzrə gedirdi?
– Bəli, Qafqaz üzrə gedirdi. Qazfqaz əhalisi də hərə öz partiyasına səs verirdi. Altmış min əhaliyə görə seçki dairələri bölünmüşdü. Müsavata on yer, gürcülərə on bir yer, erməni daşnaklarına doqquz yer ayrılmışdı. Amma müsəlman deputatlar “İttihad”, Müsəlman Sosialist Bloku, “Əhrar” və “Hümmət”dən də seçilmişdi. Bunların hamısı yer aldılar, amma ən çox yer “Müsavat” almışdı. Lakin onlar heç Müəssislər Məclisinin işində iştirak etmək imkanı da qazanmadılar.
– Heç gedib ora çıxa da bilmədilər.
– Bəli. 1918-ci ilin yanvarın 5-də bolşeviklər gördülər ki Müəssislər Məclisinə seçkilərdə azlıqda qalıblar, eser və menşeviklər daha çox çox səs alıblar. Ona görə 5 yanvar dekreti ilə Lenin Müəssislər Məclisini buraxdı. Qafqazdan seçilən deputatlar havada qaldılar. Ona görə də Seymi yaratdılar. Fevralın 23-də Seym yaradıldı və deputatların sayını da üç dəfə artırdılar. Beləcə Müsavatçı deputatların sayı otuz oldu. Gürcü deputatların sayı 33, erməni deputatların sayı isə iyirmi yeddi oldu. Amma bizdə o biri partiyalardan da deputatlar vardı, onlar da üstünə gəldikdə, 44 deputat oldu.
– Milli Şura gələcək parlament kimi düşünülürdü?
– Qanunverici orqan kimi götürülmüşdü . Amma müvəqqəti idi.
– Parlament seçilənə qədər?
– Xeyr, onlar əvvəlcə parlament nəzərdə tutmamışdılar. Onlar hesab edirdilər ki, qanunverici orqan Müəssislər Məclisi olmalıdır. Amma sentyabrın 15-də Bakı azad olundu, hökumət ora köçdü, vəziyyət dəyişdi. Dünya müharibəsi qurtarmaq üzrə idi. Türkiyə məğlub olurdu, oktyabrın artıq 30-da Mudros müqaviləsi imzalanmışdı. Əlimərdan bəy Topçubaşov da onda Türkiyədə idi. Orada eşidir ki Parisdə beynəlxalq konfrans başlayacaq. Əlimərdan bəy Topçubaşov İstanbuldan Bakıya məktub göndərir ki, siz orada bir qurum yaradın. Hətta Məhəmməd Əmin Rəsulzadənin də çıxışı var “Kaspi” qəzetində. Yazırdı ki, “əgər tezliklə qanunverici orqan yaratmasaq, Parisə nümayəndə heyəti göndərə bilməyəcəyik. Nümayəndəmiz də olmasa, bizim taleyimizi onlar bilmirik necə həll edəcək. Bəlkə də Bakını tamamilə alacaqlar”. Ona görə də qərar çıxarırlar ki, parlament yaradılsın. Parlamentə də seçki lazımdır. Amma 44 nəfər hazır seçilmiş vardı. 44 nəfərin bazasında parlament yaradıldı. Ölkənin bütün siyasi və etnik palitrası təmsil olunmuşdu. On bir fraksiya var idi. Ən böyük fraksiya isə 38 nəfərdən ibarət olan və parlamentdə mərkəzdə oturan “Müsavat” fraksiyası idi. Ona görə də qanunların qəbul olunmasında əsas səs onların üzərinə düşürdü.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 2 avqust 2018-ci ildə dərc edilib.