Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.
Müdafiə Nazirliyi bildirir ki, yaşayış məntəqələrimizə düşmən tərəfindən endirilən zərbələrin qısa müddətdə dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə işğal olunmuş Xankəndi şəhəri və digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.