Məmləkətin siyasi aləmi media mənsubları üçün tükənməz mövzu mənbəyi rolunu oynayır. Doğrudan da, həyatımızın əksər sahələrində hökm sürən ölgünlük və özünəməxsusluğu ilə seçilən “konservatizm” siyasət aləminə tam nüfuz edə bilməyib.
Əksər hallarda “X” partiyasının rəhbəri “X” bankının direktorundan fərqli olaraq jurnalistlərdən gizlənmir. Və ev, iş, mobil telefonlarının nömrələrini gizlətməyən, kifayət qədər böyük həvəslə müsahibə verən, bu və ya digər hadisə, proses haqqında rəy bildirməkdən çəkinməyən siyasətçilər olmasaydı, mediada əməlli-başlı mövzu qıtlığı yaranardı. Xoşbəxtlikdən gecə-gündüz çalışan irili-xırdakı siyasətçilər var. Üstəlik izaholunmaz (izaholunan?) həvəslə yeni-yeni partiyalar (həm də “partiya”lar) yaradan soydaşlarımızın bolluğunu nəzərə alsaq, yaxın gələcəkdə, bizi bu müstəvidə mövzu qıtlığı gözləmir.Və siyasət sahəsində ixtisaslaşan jurnalistlər tam rahatlıqla ixtisaslaşmaqda davam edə bilərlər.Yeri gəlmişkən, Azərbaycan mətbuatında ixtisaslaşma nə yerdədir?
Bu gün “siyasi” qəzetlərdən tutmuş idman, əyləncə qəzetlərinə kimi yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyətdədir. Və kifayət qədər dinamik inkişaf edən IV hakimiyyət oxucu zövqünün formalaşmasında müstəsna rol oynayıb. Artıq incəsənətlə maraqlanan oxucunu “başını aldatmaq üçün” hökmən incəsənət barədə geniş təsəvvürü olan yazarın yazısı tələb olunur. İdman da, iqtisadiyyat da, əyləncə də eləcə. Siyasət də həmçinin. Fərq də var. Erudit-azarkeşin zövqünü oxşaya biləcək səviyyədə idman şərhi yazmaq kifayət qədər çətindir. İqtisadiyyatdan başı çıxan tələbkar oxucunu qane edəcək yazı yazmaq da hər adamın işi deyil. Lakin siyasətdən, təbii ki, Azərbaycan siyasətindən babat yazmaq üçün, deyəsən, böyük erudisiya və xüsusi məlumatlılıq tələb olunmur. Və məmləkət siyasətçilərinin əksəriyyətinin fəaliyyətini onların bölgə mənsubiyyəti, maliyyə məsələləri, indiyə kimi hansı “dəstə”lərin tərkibində olması barədə müəyyən məlumat əldə etdikdən sonra şərh də etmək olar, hələ üstəlik təhlil də. Bəlkə onların yaxın-uzaq gələcəkdə görəcəyi işləri, atacağı addımları proqnozlaşdırmaq da olar. Və Azərbaycan oxucusu, deyək ki, Azərbaycan sosial-demokratlarının işlərindən yazan Azərbaycan jurnalistlərindən, demək olar ki, heç nə tələb etmir. Məsələn, bizim sosial-demokratlardan babat yazmaq üçün sosial-demokratiyanın dünəni, bu günü, sabahı barədə bilgilər, sosial-demokratların dünya siyasi səhnəsində oynadıqları rol barədə ciddi təsəvvürə malik olmaq vacib deyil. Məncə, bu, aşağıdakı səbəblərlə izah olunmalıdır:
– Azərbaycan siyasət aləmi xarici ölkə nəşrləri, televiziya kanalları ilə rəqabətə girmədən işıqlandırıla bilən azsaylı sahələrdəndir;
– siyasətçilərin, hər halda siyasətlə peşəkar səviyyədə məşğul olanların kifayət qədər böyük hissəsi ilə əlaqə yaratmaq çətin deyil. Bu, “siyasi” mövzulara qeyri-peşəkar jurnalistlərin də müraciət etmələrini asanlaşdırır;
– sırf idman və yaxud əyləncə nəşrlərindən başqa bütün kütləvi informasiya vasitələri hökmən siyasətdən də yazırlar. Mediaya qoyulan vəsaitin böyük hissəsini də siyasi “mənşə”li olduğunu nəzərə alsaq, siyasətin ancaq universal jurnalist ixtisasına çevrilməsi təəccüb doğurmamalıdır.
Vəssalam. Bir sözlə, idman və yaxud iqtisadiyyat sahəsində ixtisaslaşan yazarları bəlkə də işsizlik gözləyə bilər. Siyasətdən yazanları işsizlik gözləmir. İxtiyari siyasətçinin nəyi olmasa da, öz ad və soyadını qəzet səhifələrində oxumaq həvəsi həmişə olacaq. (Deyək ki, Azərbaycan bayrağı ən möhtəşəm idman saraylarında ucalda bilmiş, qayğısızlıqdan, biganəlikdən usanmış idmançımızdan və yaxud iqtisadiyyatımızın nəyə görə bu günə düşdüyünü bilə-bilə”ağrımayan başa dəsmal bağlamaq yersizdir” məntiqini qəbul edib susan iqtisadçıdan fərqli olaraq.) Bir də media səhnəsində mövcud olmaq bir çox siyasətçilər üçün yeganə mövcudluq imkanıdır. Və onlar bu “virtual” imkanı da itirməmək üçün siyasət səhnəsində ixtisaslaşanları da dəstəkləyəcəklər. Həm mənən, həm də maddi olaraq. Deyək ki, həm mobil telefonun guya , cəmi 5-10 adama məlum olan nömrəsini həvəslə siyasət sahəsində ixtisaslaşmağa başlayan jurnalistlərə verməklə, həm də həmin jurnalistə mobil telefonu bağışlamaqla. Təki yazsın. Yazacaq da. Axı onlarla, yüzlərlə peşəkarın çalışdığı Azərbaycan mediası üçün siyasət həm tükənməz mövzu mənbəyidir, həm də universal jurnalist ixtisası. Deyəsən.
Fuad Babayev
“Şərq” qəzeti, 2-5 sentyabr 1999-cu il, № 100 (276)