Təvəkkül Dadaşov 1981-ci ildə anadan olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında «Keçid dövründə Azərbaycan şəraitində siyasi bloklaşma və siyasi konsensus problemləri» mövzusunda dissertasiya müdafiə edib.
Hazırda Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri vəzifəsində çalışır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Elmi seminarının üzvü və «Kaspi» qəzetinin siyasi şərhçisidir.
– Təvəkkül müəllim, Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Əvvəla mən 1905.az portalına Dağlıq Qarabağ problemi ilə bağlı belə bir təşəbbüslə çıxış etdiyinə, yəni gənc alimləri münaqişənin çözülməsi işinə verə biləcəkləri töhfələr ətrafında bir daha düşünməyə dəvət etdiyinə və məni də bu layihədə gördüyünə görə təşəkkür edirəm. Ümumiyyətlə 1905.az portalının yaradılması, təşəbbüskarlığı, onun işinin belə uğurla təşkil edilməsi bir gənc fəlsəfə doktoru, ictimai həyatda aktiv olmağa çalışan bir insan kimi məni sevindirir.
Sualınıza gəldikdə isə ilk növbədə onu demək istərdim ki, əslində hər bir azərbaycanlı Dağlıq Qarabağ problemi ilə bağlı öz imkanları və fəaliyyəti sferasında əlindən gələni etməlidir.
Bu, onun bir növ çörəyini yediyi, suyunu içdiyi torpağı, Vətəni qarşısında borcudur. Digər tərəfdən onun qeyrət, namus məsələsidir. Lakin xüsusilə cəmiyyətin aktiv kəsimləri, ziyalılar Qarabağ düyününün çözülməsi işində daha çox əmək sərf etməlidirlər. Çünki, hazırda informasiya dövründə yaşayırıq və ağıl, intellekt kimi amillərin gücü top-tüfəngdən daha əhəmiyyətlidir. Xüsusilə də KİV-in, internetin kütləviləşdiyi bir dövrdə mübarizənin informasiya müstəvisində daha da qızğın vüsət alması göz önündədir. Bu mənada xüsusilə gənc alimlər problemlə bağlı Azərbaycanın haqlı mövqeyini əks etdirən informasiya bolluğunun təmin olunmasına çalışmalıdırlar.
İstənilən elmi sahəsində çalışan, tədqiqatla məşğul olan azərbaycanlı alimin əsas amallarından biri və hətta birincisi əldə etdiyi nailiyyətlərdən xalqının qarşılaşdığı həyati vacib problemin həllinə öz töhfəsini vermək olmalıdı. Bu, istər humanitar, istərsə də fundamental elmlərlə məşğul olan alimlərimizə aiddir. Məsələn, riyaziyyat, fizika və digər bu kimi texniki elmlərlə məşğul olan və nailiyyətlər qazanmış alim yaxasını Dağlıq Qarabağ məsələsində kənara çəkməməlidir. İddia etməməlidir ki, qoy bu işlə tarixçi, siyasi elmlərlə, beynəlxalq münasibətlərlə, hüquqla və yaxud digər bu kimi ictimai elmlərlə məşğul olan tədqiqatçılar məşğul olsun. O, öz nailiyyətlərinin təbliğində, iştirakçısı olduğu beynəlxalq tədbirlərdə daim erməni həmkarlarından üstün olmağa, onlardan daha intellektli olmağa çalışmalıdır. Bu, ən azından ona görə olmalıdır ki, dünya Azərbaycan xalqının ermənilərdən daha intellektual, daha səviyyəli xalq olduğunu görsün. Məhz bu mənada istənilən tribunadan səmərəli istifadə edilməlidir. Humanitar sahələrdə fəaliyyət göstərən xüsusilə gənc alimlərimiz isə əlbəttə ki, daha aktiv olmalı, düşmənin bütün dünyanı sarmış yalan kampaniyasının ifşa olunmasına dəstəkçi olmalıdır. Lakin bəzən bu işi ayrı-ayrı dövlət qurumlarının vəzifəsi hesab edənlər də tapılır. Elmin Qarabağ münaqişəsi və digər bu kimi problemlərə qarışdırılmamasını iddia edilir. Lakin fikrimcə, bir elm ki, vətənə, xalqa xidmət etməkdən uzaqdır, onunla məşğul olmağa dəyməz.
– Siyasi elmlər üzrə fəlsəfə doktoru kimi hansı beynəlxalq elmi tədbirlərdə ərazimizin 20 faizini işğal etmiş ölkənin alimləri ilə qarşılaşmısınız?
– Qeyd etdiyim kimi, hər bir tədqiqatçı öz araşdırma sferasında Dağlıq Qarabağ probleminin ədalətli həllinə öz töhfəsini verməyə çalışmalıdır. Bu, müxtəlif formalarda ola bilər. Məsələn, sizin qeyd etdiyiniz kimi, bu, beynəlxalq tədbirlərdə erməni alimləri ilə qarşılaşarkən Azərbaycanın haqlı mövqeyni layiqincə müdafiə etmək və ermənilərin haqsız olduğunu sübut etmək şəklində mümkündür. Bu, əlbəttə ki, xüsusi effektə malikdir. Çünki buna nail ola biliriksə, artıq bir beynəlxalq tribunada qalibiyyət qazanmış olarıq. Əlbəttə ki, mən də belə konfranslarda öz əlimdən gələni ortaya qoymağa çalışmışam.
Lakin erməni ekstremizmi və işğalı ilə mübarizə başqa formalarda da effektli ola bilər. Bayaq qeyd etdiyim kimi, İKT əsrinin reallığı olan informasiya müharibəsində fəallıq, sosial şəbəkələrdə təşkil olunan müzakirə-forumlarda haqlı mövqeyimizin müdafiəsi, erməni yalanlarının ifşası və s. də mübarizənin effektli formalarındandır. Hesab edirəm ki, məhz bu istiqamətdəki fəaliyyətimin davam etdirilməsi də ümumi işin xeyrinə olardı.
– Ermənistan alimlərinin Sizin elmi maraqlar müstəvisində gördükləri işləri necə dəyərləndirirsiniz?
– Mənim tədqiqat mövzum əsasən daxili siyasi proseslərlə bağlıdır. Lakin əlbəttə ki, bir politoloq, pedoqoji fəliyyətlə məşğul olan birisi kimi, həmçinin Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasının Elmi seminarının üzv-katibi kimi, istər-istəməz regional konfliktoloji problemlərlə bağlı tədqiqatlar və araşdırmalar da diqqətimi cəlb etməyə bilməz. Dissertasiya Şurasında müzakirə və müdafiəsi keçirilən tədqiqat işlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tədqiqatçılarının yalan və uydurmalarının ifşa olunması, onlara layiqli elmi cavabların verilməsi məsələsi daim diqqət mərkəzimdə olub. Belə ki, xüsusilə rəyçisi olduğum və yaxud ümumilikdə müzakirəyə çıxarılan konkret Dağlıq Qarabağ problemi və yaxud onunla uzaqdan-yaxından əlaqəsi olan istənilən tədqiqatlarda bu məsələlərə diqqət yetirilməsinə çalışmışam. Çünki bəzi hallarda elmdə naşı olan daha gənc tədqiqatçılar araşdırmalarında müəyyən dayazlıqlara yol verə bilirlər. Lakin əlbəttə ki, müşahidələrim və elmi təhlillərim göstərir ki, Ermənistan alimlərinin Dağlıq Qarabağ problemi ilə bağlı tutarlı və əsaslandırılmış arqumentəri yoxdur. İstər tarixi faktların, istər hüquqi məsələlərin, istərsə də bu günkü reallıqların kompleks öyrənilməsi və obyektiv qiymətləndirilməsi Ermənistan alimlərinin mövqelərinin zəifliyini ortaya qoyur.
Lakin elmi araşdırmalarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər, ümumilikdə separatizm, dünyanın nəhəng dövətlərinin Dağlıq Qarabağ problemi ilə bağlı apardığı siyasət, Ermənistanın regionda tutduğu destruktiv mövqe, forpost dövlət «taleyi» və s. publisistik yaradıcılığıın da baş mövzularımdan biri olub. Həmçinin dünyanın, Qərbin separatizmlə bağlı ikili standartlar mövqeyi də təhlillərimin ana xəttini təşkil edib. Bu mövzularda ölkənin istər çap, istərsə də elektron mediasında çoxsaylı analitik təhlillərlə çıxış etmişəm.
Xüsusilə son dövrlər aktuallaşan işğalçı Ermənistanla təmasların qurulmasını hədəfləyən «xalq diplomatiyası» adı altında ölkədə bəzi qüvvələrin, «beşinci kolon»un aktivləşməsi və milli maraqlara zidd fəaliyyəti təhlil və tədqiqatlarımın əsas mövzularındandır.
Hesab edirəm ki, bu cür ünsürlərlə elmi-politoloji əsaslara söykənən mübarizə vasitələrinin tapılması özü də fəlsəfə doktoru kimi mənim üzərimə düşən vəzifələrdəndir.
– Milli Teleradio Şurasında çalışırsınız…
– Əlbəttə ki, Milli Televiziya və Radio Şurası kimi, media ilə bağlı mühüm bir dövlət qurumunda çalışmaq kifayət qədər məsuliyyət tələb edir. Şura televiziya və radio yayımı sahəsində dövlət və ictimai maraqlarının təmini istiqamətində dövlət siyasətini həyata keçirir.
Hazırda ölkəmizdə teleradio yayımçılarının sayının günü-gündən artması bizim də işimizi artırır. Teleradio sistemində əsasən özəl yayımçılar üstünlük təşkil etsə də, onların istifadə etdikləri tezlik resursları dövlətə məxsusdur və onların bu resurslardan xalqın, dövlətin mənafelərinə uyğun istifadəsi əsas prioritetlərdəndir. Bu məsələ işimizin əsas fəlsəfəsini təşkil edir. Teleradio yayımçılarının qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi üçün üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Məlumat üçün deyim ki, mən Şuranın aparıcı şöbələrindən olan Ekspertiza, proqramlaşdırma və analitik şöbğəsinə rəhbərlik edirəm. Teleradio kanallarının qanunvericiliyin tələblərinə zidd istənilən yayımı barədə hər kəsdən öncə mən və rəhbərlik etdiyim şöbə xəbərdar olmalıdır. Bu mənada işimiz çətin və eyni zamanda şərəfli və məsuliyyətlidir. Düzdür, yayımçıların yaradıcılıq işlərinə qarışmaq səlahiyyətimiz olmasa da, istər-istəməz ictimai və dövlət maraqlarına zidd fəaliyyətlərin, tendensiyaların aşkarlanması vəzifəmizdir. Bu mənada son dövrlər baş verən neqativ bir hala diqqətinizi yönəltmək istərdim. Hansı ki, müsahibənin mövzusu ilə birbaşa bağlıdır.
Belə ki, şöbə tərəfindən bir müddət əvvəl radio yayımçılardan birinin efirində həftənin müəyyən bir günündə erməni musiqisinin səsləndirilməsi faktı aşkarlanmışdı. Şura tərəfindən yayımçıya şifahi şəkildə bildirilən irada qeyri-adekvat cavab verilməsindən sonra şəxsən mən müəyyən məsləhətləşmələrdən sonra məsələnin ictimailəşdirilməsi qərarına gəldim. Bu barədə sosial şəbəkələrdə status paylaşdım və bu, qısa müddət ərzində medianın diqqətini məsələyə yönəltdi.
Nəticə olaraq isə ictimai qınaqla üz-üzə qalan yayımçı erməni musiqisinin səsləndirilməsini və təbliğini dayandırmalı oldu.
Bunu deməkdə məqsədim ondan ibarətdir ki, hər bir kəs öz imkanlarından və ictimai mövqeyindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli çözülməsi, milli maraqlara cavab verən bir şəkildə həllinə öz töhfəsini verməlidir.
– Gənc alim kimi planlarınızla bağlı nə deyə bilərsiniz?
– Artıq 5 ildir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Ötən dövr ərzində bir gənc alim kimi daşıdığım elmi dərəcəni doğrultmağa çalışmışam. Bu istiqamətdə, yuxarıda qeyd etdiyim ki, Dövlət İdarəçilik Akademiyasının Elmi seminarında dissertasiyaların ekspertizası və müzakirəsi işində yaxından iştirak edirəm. Planlara gəldikdə isə, gələcəkdə daha geniş elmi tədqiqatlarla məşğul olmaq və əlbəttə ki, elmi zirvələrdə irəliləmək planlarım vardır. Bu məqsədlə, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusunun seçilməsi üzərində düşünürəm. Çalışıram ki, tədqiq edəcəyim mövzu üzrə əldə etdiyim elmi nəticələr dövlətin, cəmiyyətin inkişafına praktiki töhfə verə bilsin. Xüsusilə də həyati vacib problemlərin çözülməsində. Bundan başqa, bir müddətdir ki, fasilə verdiyim pedoqoji fəaliyyətimi də bərpa etmək niyyətindəyəm. Düzdür, dövlət işində çalışmaq məni vaxtımın və enerjimin mühüm hissəsini təbii olaraq, ona sərf etməyə məcbur edir. Bu, belə də olmalıdır. Çünki hesab edirəm ki, hazırda dövlət qulluğunda çalışmaqla cəmiyyətə daha çox faydalı ola bilərəm. Bununla belə, elmi-pedoqoji fəliyyət haqda da müəyyən planlarım vardır.
– …və sonda 1905.az portalına tövsiyələrinizi bilmək istəyirik…
– Müsahibənin əvvəlində qeyd etdiyim kimi, 1905.az portalının yaradılmasını və fəaliyyətini alqışlayıram. Hesab edirəm ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və ümumilikdə erməni təcavüzünün ifşası uğrunda fəaliyyətiniz müqəddəs amala xidmət edir. Xüsusilə portalda münaqişənin tarixi, ümumiyyətlə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımıları, qətliamlar barəsində on iki dildə ətraflı məlumatlar yerləşdirilməsi olduqca təqdirəlayiqdir. Bundan başqa, münaqişə ətrafında bu günkü gündə baş verən gəlişmələrin, fəaliyyətlərin də portalda operativ şəkildə öz əksini tapması müsbət məqam kimi qeyd edilməlidir.
Portalınızın kreativ fəaliyyətlərindən biri kimi, gənc alimlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini, fəaliyyətlərini, gələcək planlarını işıqlandırmaq da diqqətimi cəlb etdi. Hesab edirəm ki, bu layihəniz biz gənc alimlərin daha da aktivləşməsinə öz töhfəsini verəcəkdir.
Tövsiyələrə gəldikdə isə onu demək istərdim ki, 1905.az portalının bir qədər də populyarlaşdırılması istiqamətində səylər artırılmalıdır. Bu işdə hər bir azərbaycanlı fəallıq göstərməlidir.
Həmçinin dünyada fəaliyyət göstərən erməni terror təşkilatlarının siyahısı, əsas erməni diaspor qurumları barədə də məlumatların yerləşdirilməsi yaxşı olardı. Bundan başqa, erməni yalanlarına qarşı mübarizədə uğur qazanmış Azərbaycan diasporunun nümayəndələrinin fəaliyyəti də işıqlandırılsa, portalın xarici ölkələrdəki soydaşlarımız, onların vasitəsilə əcnəbilər arasında da populyarlaşması təmin olunardı.
Dağlıq Qarabağın və Ermənistanın hazırkı ərazisinin tarixi Azərbaycan torpaqları olmasını təsdiqləyən faktoloji materialların, xəritələrin və s. portalda yerləşdirilməsi məqsədəuyğun olardı.
Lakin hesab edirəm ki, portal fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər populyarlaşıb və xeyli faydalı iş görə bilib. Portalın araya-ərsəyə gəlməsində, uğurlu fəaliyyətinin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm və yeni-yeni uğurlar arzulayıram!
Minnətdaram Sizə Təvəkkül müəllim!
Fuad Babayev, 1905.az