Həkim-nevroloq Qalib Əsədov və jurnalist Zülfüqar Xeyirxəbərlə sosial şəbəkədə maarifçilik fenomenindən danışdıq.
Fuad Babayev: Biz hamımız günümüzün müəyyən hissəsini sosial şəbəkəyə həsr etməyə adət etmişik. Sosial şəbəkə lakmus kağızı kimi insanlarımızın müsbət və mənfi keyfiyyətlərini ön plana çıxarır. Sosial şəbəkə fenomenindən hərə bir cür istifadə edir. Amma sosial şəbəkənin mühüm funksiyalarından biri həm də maarifçilikdir. Mən Qalib müəllimin sosial şəbəkədə tez-tez paylaşdığı statusları maraqla oxuyuram. “Facebook”un Azərbaycan seqmentində maarifçilik ənənələrinin davam və inkişaf etdirmək cəhdlərini Siz necə dəyərləndirirsiniz?
Qalib Əsədov: Mən ilk növbədə insanların sosial şəbəkələrə meylindən danışmaq istəyirəm. Təkcə insanların deyil, ümumiyyətlə, bütün canlıların (it, pişik, arı, qarışqa və s.) sinir sistemi elə qurulub ki, yeni informasiya alanda beyində dofamin adlanan maddə əmələ gəlir və bu maddə bizdə pozitiv emosiya yaradır. Bizə nə isə maraqlı bir şey danışan adamı biz sevirik. Çünki həmin adam bizdə dofamin yaradır. Qədim Yunanıstanda meydana yığışan filosofların söhbətləri, dünyanı izah etməsi də insanların yeni informasiyaya olan ehtiyacını ödəməyə xidmət edirdi. Mətbuat yaranandan sonra isə insanlar yeni informasiyanı qəzetdən, kitabdan, daha sonra isə televiziyadan almağa başladı. Beləliklə, hamımız televiziyanın əsirinə çevrildik. Kütləvi informasiya vasitələrinə nahaq yerə dördüncü hakimiyyət adı verilməyib. Cünki o cəmiyyəti idarə edir. Bu gün biz internet əsrində yaşayırıq. Bu gün qəzetlərə, jurnallara və kitabara olan maraq aşağı səviyyədədir. Çünki biz yeni informasiyanı sosial şəbəkələrdən alırıq. Əvvəllər sırf jurnalist təhsili almış qəzet redaktoru elm adamı idi. Redaktor qəzetə gətirilən məqaləni öz senzurasından keçirirdi. İndi sosial şəbəkə tam azaddır, hər kəs ürəyi istəyəni yaza bilər. Sosial şəbəkə cəmiyyətimizin güzgüsüdür. Bizim aclıq, susuzluq, qidalanmaq, çoxalmaq və s. kimi tələbatlarımız var. Avraam Maslou (XX əsrdə yaşamış Amerika psixoloqu – red.) deyirdi ki, bizim ən əsas təlabatlarımızdan biri də hər bir fərdin özünü reallaşdırmaq istəyi, özünü cəmiyyətə tanıtdırmaq istəyidir. Hətta intihar edənlər belə hansısa formada özlərini reallaşdırmaq üçün bu addımı atırlar. Sosial şəbəkədə özünü xeyriyyəçiliklə tanıtdırmaq istəyənlər, tanınmış şəxsləri təhqir etməklə gündəmə gələnlər həddindən çoxdur. Mən yazıçı, şair tanıyıram ki, bir əsəri yoxdur. Ancaq ən tanınmış adamları söyməklə aktuallaşıb. Adamlar da var ki, sırf elm tərəfdən özünü reallaşdırmaq istəyir. Sosial şəbəkədə maarifçilik aşağı səviyyədədir. Tarix boyu kütlədə maarifçilik ideologiyaları aşağı olub. Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni yaşadığı dövrdə qəbul etməyiblər. Sabir özünün çap edilmiş kitabını görmədi.
Fuad Babayev: Amma Həsən bəy Zərdabinin qəzeti müəyyən səbəblərdən kommersiya uğuru əldə edə bilməsə də onun dəfni Azərbaycan tarixində ən izdihamlı dəfnlərdən biri oldu.
Qalib Əsədov: Bəli. Yaxşı şey tarixin süzgəcindən keçir və qalır. Biz ona görə həvəsdən düşməli deyilik. Bizi tərbiyələndirən vasitələrdən birincisi təhsil sistemi, ikincisi isə televiziyalardır. Azərbaycanda heç olmasa bir elmi-kütləvi veriliş göstərə bilərsinizmi?
Fuad Babayev: Mən onu deyə bilməyəcəm. Azərbaycan kanallarını daimi əsaslarla izləmədiyim üçün deyə bilməyəcəyimi də istisna etmirəm. İstərdik ki, Zülfüqar müəllimi də dinləyək. Maarifçiliyin səviyyəsi Sizi qane edir?
Zülfüqar Xeyirxəbər: Ümumiyyətlə, sosial mediada maarifçiliyin olması mütləq deyil. Yəni bu fərdi bir şeydir. Deyək ki, “Facebook”u yaradan Zukerberqin məqsədi tamam başqa olub. O bunu universitet daxilində tələbələr arasında ünsiyyət vasitəsi kimi yaradıb. Amma təbii ki, “Facebook” dünyaya yayıldıqca, istifadəçilərinin sayı artdıqca hərə ondan bir məqsəd üçün istifadə edir. Şəxsən mən sosial mediadan həm öz fikirlərimin, həm dövlətçiliklə bağlı hər hansı bir maraqlı məqamın reklamı üçün istifadə edirəm. Müharibə dönəmində mən sosial mediada ancaq ordumuzun reklamı ilə məşğul olurdum. Mənim sındırılan “Facebook” profilimdə 5 min dostum, 12 minə yaxın təqibçim var idi. “Facebook” rəhbərliyi ilə 2 aydan çox aparılan yazışmalara rəğmən mən o profili bərpa edə bilmədim. Konkret olaraq biz heç kimdən sosial mediada maarifçiliyin təbliğini tələb edə bilmərik. Maarifçiliklə məşğul olan səhifənin izləyiciləri az olacaq. Bu gün Azərbaycanda sosial media istifadəçiləri təxminən əhalinin 30 faizini təşkil edir. Bu kiçik rəqəm deyil. Yəni Azərbaycanda 3 milyona yaxın sosial media istifadəçisi var. Yaş kateqoriyası baxımından bu istifadəçilərin böyük əksəriyyətini 18-24 yaş arası yeniyetmə və gənclər təşkil edir. “Facebook”da qeydiyyat 18 yaşdan başladığına görə rəsmi statistika belədir. Amma əslində mobil telefonu olan hər bir şəxs, o cümlədən 12-14 yaşlı məktəblilər də bu gün sosial media istifadəçisidirlər. Həmin yaş kateqoriyasına daxil olan şəxslər maarifçiliklə bağlı paylaşımları izləməyəcək. “Facebook”da alqoritm belə qurulub ki, sənin səhifəndə aktivlik olmasa, status və paylaşımların heç kimə göstərilmir və yaxud onu məhdud sayda insan görə bilir. Ona görə də mən tamam fərqli texnologiyadan istifadə edirəm. Bir neçə profilim var. Onlar vasitəsilə mən öz səhifəmi inkişaf etdirirəm. 50 min, 100 min üzvü olan qruplar yaratmışam. Həmin qruplarda paylaşım edirəm. Beləliklə səhifəmdə aktivlik yaranır. Bundan başqa istədiyim informasiyanı pullu reklama qoyuram. Artıq sosial media biznes vasitəsinə çevrilib. Mənim əvvəlki profilimə konkret olaraq ödənişli əsaslarla reklam sifarişləri gəlirdi və həmin “Facebook” profilimdən ayda rahat 800-1000 manat pul qazanırdım. Mənim repost.az saytım da var. Amma mənim səhifəm saytımdan populyardır.
Fuad Babayev: Auditoriyası geniş olmasa da, hər halda sosial şəbəkədə maarifçiliklə məşğul olan insanlar var, elə deyilmi?
Zülfüqar Xeyirxəbər: Aktual mövzu ilə bağlı hər hansı maarifləndirici status oxunur və paylaşılır. Misal üçün mən koronavirusa qarşı vaksin vurdurmağımı və həkimlərin tövsiyələrini sosial şəbəkədə paylaşdım. Mənim şəxsi təcrübəmə böyük reaksiya oldu. Amma yeri gəldi-gəlmədi hər hansı tarixi hadisə və ya şəxsiyyətlə əlaqədar paylaşım etsəm ona maraq göstərilməyəcək. Əksinə Qarabağın tarixi və ya Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, dövlət sərhədinin delimitasiyası (delimitasiya – sərhədlərin müəyyənləşdirilməsi – red.) ilə bağlı hər hansı paylaşım çox aktualdır. Mənim yaş senzini vurğulamaqda məqsədim odur ki, sosial şəbəkə izləyicilərinin 60 faizi 18-24 yaş arasında olan şəxslərdir. Onlar da hər hansı elmi və ya tarixi məlumatla maraqlanmırlar.
Qalib Əsədov: Amma mən Sizə bir şeyi deyim. Əgər insan nəyisə bilmirsə, bu boşluğu doldurmaq üçün mistikaya, miflərə gedir və cəhalət bataqlığına düşür. Misal üçün yuxunun mexanizmini, yuxugörməni bilməyən adam fikirləşəcək ki, yatanda ruh bədəndən çıxır. Və bu kimi mistik fikirlərə düşəcək. Mən bəzən qəsdən sosial şəbəkədə gündəmə heç bir aidiyyatı olmayan bir mövzu qoyuram. Məsələn, dünən Fransa kralı II Henrinin 1555-ci ilə aid zirehli geyiminin şəklini paylaşmışam. Bu şəkil bizim “Facebook”dakı Elitar İntellektual Klubumuzda geniş müzakirəyə səbəb oldu. Bu yaxınlarda isə mən biz niyə əsnəyirik və əsnəməyin niyə yolxucu olması haqqında status paylaşmışam. Beyində olan “ayna neyronları”nın mahiyyəti, necə yaranması ilə bağlı bilirsiniz sosial şəbəkədə necə maraqlı müzakirələr getdi. Mən bəzən hansısa məqaləni verəndə suallar əmələ gəlir və bu suallara müvafiq mütəxəssislər cavab verir. Bizim məqsədimiz odur ki, insanlarda cəhalət olmasın.
Fuad Babayev: Qalib müəllim, Siz nevropatoloqsunuz. Ona görə də sosial şəbəkədə tibbi mövzulara üstünlük verməyiniz başa düşüləndir. Tutaq ki, orta əsrlərə aid zirehli geyim haqqında paylaşımlarınız hansı zərurətdən yaranır?
Qalib Əsədov: Çexovdansoruşurlar ki, Siz həkimsiniz, yoxsa yazıçı? Cavab verib ki, həkimlik mənim həyat yoldaşımdır, mən onunla yaşayıram, ailəmə baxıram. Yazıçılıq isə mənim sevgilimdir. Mən onunla istirahət edirəm.
Fuad Babayev: Amma Çexov sevgilisinin, yəni yazıçılığın sayəsində tarixdə qalıb.
Qalib Əsədov: İndi Çexovun sözü olmasın, tarix mənim sevgilimdir, mən onunla istirahət edirəm. Mənim paylaşdığım zirehli geyim təsadüfən qarşıma çıxmışdı. Kifayət qədər ağır çəkiyə malik zirehdəki ornamentlər mənə çox maraqlı gəldi. Mənim bu qəbildən olan paylaşımlar etməkdə məqsədi odur ki, polemikadan insanlar nə isə öyrənə bilsinlər. Əlbəttə, bəzən cahil adamlara da, öyüd-nəsihət vermək istəyən şəxslərə də rast gəlirik.
Fuad Babayev: Sosial şəbəkədəki fəaliyyətə necə vaxt tapırsınız? Bu iş Sizin vaxt büdcənizə necə təsir göstərir?
Qalib Əsədov: Vaxtı düzgün böləndə heç bir problem olmur. Mən saat 16:00-a qədər işdə oluram. Evə gələndən sonra informasiyalara baxıram. Mən Avropa Nevrologiya Akademiyasının üzvüyəm. Onların elektron poçtuma göndərdikləri məqalələri oxuyuram. Sonra isə “Facebook”da maraqlı hesab etdiyim müəyyən paylaşımlar edirəm. Uşaqların körpə vaxtlarından biz ailəlikcə demək olar ki, hər gün axşam 8-10 arası Discovery kanalına (Discovery Channel – sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlayır – red.)baxırıq.
Fuad Babayev: Əks-rabitə və diskussiyaların səviyyəsi Sizi qane edirmi?
Qalib Əsədov: Qane edir.Amma təhqirə yol verən şəxsləri mən bloka atıram. Çalışırıq ki, ətrafımızda həmfikirlər olsun. Polemika ayrı şeydir. Mən “Facebook”da qətiyyən mübahisəyə girmirəm.
Zülfüqar Xeyirxəbər: Siz “Facebook”da hər hansı bir şəxsi bloklamaqla səhifənizin aktivliyini azaldırsınız. Sosial şəbəkə elə bir şeydir ki, hamı Sizinlə eyni fikirdə ola bilməz. Mən öz səhifəmdə məni söyənləri nə bloklayıram, nə də qrupdan kənarlaşdırıram. Sadəcə onların təhqirinə reaksiya vermirəm.
Qalib Əsədov: Siz öz səhifənizdən reklam üçün istifadə edirsiniz. Mənim üçün isə qeyd etdiyiniz amil prinsipial deyil. Qrupda 10-20 nəfər olsun, amma normal polemika getsin.
Zülfüqar Xeyirxəbər: Mənim səhifəmi izləyən şəxslər məndən xəbər, informasiya gözləyir. Məndən gözlədiklərini onlara verə bilməsəm həmin şəxslər səhifəni sadəcə tərk edəcəklər. Maarifləndirici statusa, məqaləyə və ya verilişə maraq çox azdır.
Fuad Babayev: Sosial şəbəkədə maarifləndirici status paylaşanlara özünü ağıllı göstərən, öz biliyini nümayiş etdirmək istəyən şəxs damğası vurulmur ki? Burada maarifçiliyə marağın elə də böyük olmamasını snobizm fenomeni ilə izah etmək olar?
Qalib Əsədov: Bu təbii bir şeydir. Çörçill deyirdi ki, cəmiyyətdə cahil adamların sayı ağıllı adamların sayından qat-qat çoxdur. Əgər həqiqi demokratik seçki keçirilsə, cahillərdən ibarət bir kabinet formalaşar. Amma intellektuallar imkanları daxilində maarifçiliyə öz töhfələrini verməlidirlər, bildiklərini cəmiyyətə ötürməlidirlər. 44 günlük müharibədə biz həm də elmin sayəsində qələbə qazandıq.
Fuad Babayev: Qabil müəllim, Siz statuslarınızın birində yazmısınız ki, kitab oxuyanlar televiziyaya baxanları idarə edir. Siz buna əminsiniz?
Qalib Əsədov: Dünyada son 10 ildə meydana çıxan milyarderlər qaz yatağına və ya neftə sahib biznesmenlər deyil, sırf elm aləmindən gələnlər olub. Bill Geyts, İlon Mask və başqaları buna sübutdur. İlon Mask Afrikada doğulub, gündə 10 saat kitab oxuyub. Gələcək elmin dövrüdür. Azərbaycanda bu sahədəki problemlər isə təhsil sistemində və kütləvi informasiya vasitələrində elmin təbliğ olunmaması ilə bağlıdır. Mən Azərbaycan televiziyalarının hamısına elmi-kütləvi veriliş hazırlamaqla bağlı təkliflər vermişəm. Amma mənim müraciətim reytinq bahənəsi ilə gerçəkləşmədi. Türkiyənin televiziya məkanında “Təkə tək” verilişi (Türkiyənin “Habertürk TV” kanalında jurnalist Fateh Altaylının aparıcı olduğu veriliş – red.) var. Azərbaycanda da ona bənzər verilişlər, tok-şoular hazırlamaq olar. Tamaşaçılara nə isə öyrədən “Milyonçu” şousu, “Zəif bənd” kimi verilişlər də yoxa çıxıb. Biz “Azvision.az” saytı ilə birlikdə “Elmi Cavab” adlı layihə həyata keçirdik. Bu layihə çərçivəsində verilişdə elm adamları ilə söhbətlər edilir, insanlar üçün qaranlıq qalan suallara elmi cavablar verilirdi. Bu verilişlərin 50-60 min izləyicisi olurdu. Biz bu layihəni davam etdirəcəyik. Demək istədiyim odur ki, elmi verilişlərin reytinq gətirməyəcəyini düşünənlər yanılırlar.
Fuad Babayev: Onda niyə belə verilişlər yoxdur?
Qalib Əsədov: Belə verilişlərin niyə gerçəkləşdirilməməsinin səbəbini bilmirəm. Əvvəllər Şəkidə “Kanal-S” (hazırda “ARB Şəki” adlanır – red.) adlı televizya fəaliyyət göstərirdi. “Kanal-S”-in hazırladığı “Sirlər” adlı verilişi bütün region telekanalları nümayiş etdirirdi. Sosial şəbəkədə maarifçiliyi geniş tətbiq etməyin bir məhdudiyyəti var. İnsanlar “Facebook”da 150-200 işarədən artıq məqaləni oxunurlar.
Fuad Babayev: Biz öz istehsalımız olan fikirlərdən daha çox xarici alimlərin sözlərinə inanmağa meyilliyik. Tutaq ki, Günəş sistemi haqqında Azərbaycan dilində yazılan yazılar bəzi hallarda məni qane etmir. Eyni zamanda burada rəqabət çox güclüdür. Mənə elə gəlir ki, Azərbaycan dilində olan maarifləndirici yazılar bəzən ingilis, rus, hətta türk dilindəki materialların o qədər də uğurlu olmayan surətinə oxşayır. Xarici dillərdə seçim imkanı daha çoxdur. Obyektiv səbəblərdən Azərbaycan dilində olan hər hansı elmi informasiya ingilis, rus və ya türk dillərindəki məlumatdan daha az olacaq. Məncə, bizdə maarifçiliyin elə də geniş vüsət almamasının, eləcə də verilişlərin olmamasının əsas səbəblərindən biri də odur ki, elmi verilişlərin potensial auditoriyası, elmi yazıların potensial oxucusu xarici dilləri bilir. Onlar üçün isə Azərbaycan dilində olan məqalə və verilişlər maraqlı deyil.
Təmkin Məmmədli: Xarici dil bilməyən sosial şəbəkə iştifadəçilərinin sayı o qədər də az deyil. Azərbaycan dilində olan kontent onlar üçün maraqlı ola bilər.
Qalib Əsədov: Bəli. Əksəriyyət xarici dili bilmir.
Fuad Babayev: Gəlin razılaşaq ki, əksəriyyətin də maarifçiliyə marağı yoxdur. Əksəriyyət əyləncəyə, şou tipli verilişlərə baxmaq istəyir.
Qalib Əsədov: Sizinlə tam razıyam. Elm adamının, televiziyanın və ya bizim vəzifəmiz odur ki, sosial şəbəkələrə, şou və əyləncəyə baxan insanların bir hissəsində maraq yaradaq. Misal üçün mən desəm ki, Everest dağının hündürlüyü 8848 metrdir, bu informasiya Sizin üçün maraqsız olacaq. Amma mən desəm ki, Siz bilirsiniz Everest dağının hündürlüyü nə qədərdir? Orada oksigen yoxdur, insan nəfəs ala bilmir. Həmin hündürlüyə heç qartal da qalxa bilmir. Everestin zirvəsinə qalxan alpinist öldüyü üçün qəbiri də oradadır. Yəni informasiyanın fərqli formada təqdimatı insanlarda istər-istəməz maraq oyadır. Mən “Facebook”dakı Elitar İntellektual Klubunda suallar qoyuram. Bu suallara düzgün cavabı tapmaq üçün insanlar internetdə axtarış edirlər. Bizim qazancımız Google-da (Google-İnternet şəbəkəsində ən çox müraciət olunan axtarış sistemi – red.) axtarış edən adamlardır. Bunun özü də insanların cəhalətdən uzaqlaşmasına kömək edir.
Zülfüqar Xeyirxəbər: Sovet təhsil sistemi insanları hərtərəfli yetişdirirdi.
Qalib Əsədov: Bəli, fundamental bilik verirdi.
Zülfüqar Xeyirxəbər: Müasir dünyada isə insanlar artıq konkret sahə üzrə mütəxəssis kimi yetişdirilir.
Qalib Əsədov: Mən düşünürəm ki, ziyalı 5 meyara malik olmalıdır. Əvvəla o öz peşəsini mükəmməl bilməlidir. Ana dilindən başqa heç olmasa bir xarici dil bilməlidir. Ziyalı öz dilini, ədəbiyyatını mükəmməl bilməlidir, yəni savadlı yazmağı bacarmalıdır. O ən azı öz tarixini bilməlidir. Nəhayət, ziyalı adlanan şəxsin ibtidai musiqi təhsili olmalıdır. Yəni heç olmasa Bethoveni Şopendən ayırmağı bacarmalıdır.
Fuad Babayev: Beşinci meyara qatılmıram.
Zülfüqar Xeyirxəbər: Azərbaycanda olan özəl məktəblərin səviyyəsi digər ümümtəhsil məktəblərinin səviyyəsindən yüksəkdir? Niyə? Çünki sovetdən qalma təhsil proqramı ilə işləyirlər. Birinci sinif şagirdinin 7 dərslikdən istifadə etməsi onun nəyinə lazımdır? Amma özəl təhsil sistemində şagirdlər məktəbə kitab-dəftər gətirmirlər. Səhər 9-dan axşam 5-ə kimi dərsdə olan uşaq məktəbdən gələndən sonra evdə istirahət edir.
Qalib Əsədov: Burada sistem fərqlidir. Mən səhiyyə sistemindən misal çəkmək istəyirəm. Xaricdə, hətta Ərəbistanda və ya İranda hər bir həkim il ərzində 80-90 saat beynəlxalq konfransda iştirak etməlidir. Konfransda iştirak etməyən həkimə növbəti il tibbi fəaliyyətə icazə verilmir. Buna davamlı tibbi təhsil deyilir. Bu bütün dünyada belədir. Bizdə isə ildə bir dəfə müləq Həkimləri Təkmilləşdirmə İnstitutuna iki həftəlik kursa getməlisən. Təkmilləşdirmə kursunda isə 4-cü kursda öyrəndiyimiz mövzuları yenidən bizə keçirlər. Yəni biz ildə bir dəfə mütləq şəkildə bu işgəncəyə dözməliyik. Bundan başqa isə biz beş ildən bir imtahan verməliyik. O imtahanların sualları laborant səviyyəsində tərtib edilir. Ona görə özünü inkişaf etdirmək istəyən və buna imkanı olan həkimlər Türkiyəyə və ya Almaniyaya üz tuturlar və xaricdə öyrəndiklərini burada tətbiq edirlər. Dövlət xəstəxanalarında və rayonlarda çalışan və imkanı olmayan həkimlər isə xarici təcürəbədən bəhrələnə bilmir. Biz buna görə inkişaf etmirik. Bunun sovet təhsil sistemi ilə əlaqəsi yoxdur.
Fuad Babayev: Sosial şəbəkədə maarifçiliyin lazım olması şübhə doğurmur. Amma onun səviyyəsinin qənaətbəxş olması üçün nə təkif edərdiniz?
Qalib Əsədov: Sosial şəbəkə kütləvi informasiya vasitələrinin bir növüdür, sosial mediadır. Ümumiyyətlə, mediada insanlara elmi sevdirmək üçün nələr isə etmək lazımdır. İntellektual şoular, proqramlar olmalıdır. İnsanlar müğənniləri, bayağı serialları, sosial məzmunlu verilişləri sevdikləri kimi elmi də sevməlidirlər. Elmi sevdirmək istiqamətində ciddi addımlar atmalıyıq. Bizim inkişafımız orta əsrlərə doğru geri də gedə bilər, elmə doğru irəli də gedə bilər. Gəlin dünya ölkələrinə baxaq. 4 adada yerləşən Yaponiyanın demək olar ki, heç nəyi yoxdur. Yaponiya XIX əsrdən etibarən Meydzinin elmi islahatları nəticəsində inkişaf etdi. Bu gün Yaponiya az qala nüvə silahı olan dövlətə çevrilib. Hər iki dünya müharibəsində məğlub olan, ərazisi parçalanan, xarabazara döndərilən Almaniya elmin sayəsində inkişaf etdi. Az qala bütün Avropa alman dilində danışır.
Fuad Babayev: Qalib müəllim, bəs biz fərd olaraq nə edə bilərik?
Qalib Əsədov: Yazmalıyıq. Cəlil Məmmədquluzadənin gözəl bir sözü var: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə”. Biz bildiyimizi, düşüncələrimizi yazmalıyıq və yazdıqlarımız oxunmayanda, paylaşılmayanda ruhdan düşmək lazım deyil. Gec-tez elmi təfəkkür süzgəcdən keçəcək. Necə ki, Axundovun əsərləri keçdi. O vaxt Axundova daş atanların sözləri tarixdə qalmayıb.
Fuad Babayev: Seyid Əzim Şirvanini qətlə yetirənin adı tarixdə qalmayıb. Tarixdə Seyid Əzim Şirvani qalıb.
Qalib Əsədov: Bütün aydınlar, ziyalılar öz bildikləri sahədə insanlara məlumat verməlidirlər. Bu məlumatlar insanlarda maraq oyatmalıdır, onlara elmi sevdirməlidir, verilən informasiyanı terminlərlə çətinləşdirmək lazım deyil.
Zülfüqar Xeyirxəbər: Sosial media ənənəvi kütləvi informasiya vasitələrini üstələdiyi üçün informasiya da oradadır. Mən saytımın “Telegram”, “Instagram” və “Facebook” səhifələrini saytımın özündən daha çox inkişaf etdirirəm. Yəni informasiyanı saytdan çox sadaladığım sosial media vasitələrində paylaşıram. Mən hesab etmirəm ki, sosial mediada maarifləndirmə getmir. Sadəcə onun auditoriyası azdır. Mən daha çox məlumatlandırmanın tərəfdarıyam, nəinki maarifləndirmənin. Biz sosial şəbəkədə nəsə yazmaqla kimisə savadlı edə bilməyəcəyik, kiminsə dünyagörüşünü artıra bilməyəcəyik. Biz sadəcə informasiya verə bilərik. Elmin təbliğatını apara bilərik. İnformasiyanı alan, maraqlanan şəxs özü onu araşdırmalıdır. Azərbaycan dilində internetdə məlumat az olsa da, ingilis və rus dillərində istənilən sahə üzrə kifayət qədər informasiya tapmaq mümkündür. Ümumiyyətlə, statistikaya görə sosial mediada təqibçilərin 30-40 faizi paylaşımları görür, amma onların yalnız 10 faizi buna reaksiya verir.
Qalib Əsədov: Səhv etmirəmsə Hippokratın belə bir sözü var ki, yazılmamış hər hansı fikir itirilmiş xəzinədir. Sizin saytdan istifadə edərək intellektual təbəqəyə müraciət etmək istəyirəm ki, dəyərli fikirlərinizi sosial mediada yazın, əks təqdirdə onlar itib-batacaq. Bayaq Zülfüqar müəllim qeyd etdi ki, internetdə bütün sahələr üzrə kifayət qədər məqalələr var. O yazıların 98 faizi psevdoməqalələrdir, yəni həqiqəti əks etdirmir. Misal üçün tibb sahəsində 1-2 sayt xaric normal informasiya əldə edəcəyimiz mənbə yoxdur. Biz çalışmalıyıq ki, elmi təfəkkür formalaşsın. Buna görə də hamı bildiyi sahə üzrə sosial mediada yazmalıdır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 21 may 2021-ci il tarixində baş tutub.
Materialda “pro-spo.ru” saytının fotosundan istifadə edilib