Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi
Cəmil Əhmədovun xatirə muzeyi Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyətə başlayıb.
Muzeyin filialı Sovet İttifaqı Qəhrəmanı, əslən Cəbrayıl rayonundan olan Cəmil Əhmədovun xatirəsinin əbədiləşdiriliməsi, ona aid məlumat və eksponatların toplanılması, sərgilənməsi məqsədilə açılmışdı.
Qeyd edək ki, II Dünya Müharibəsində ən yüksək fəxri ad-Sovet Ittifaqı Qəhrəmanı adını almış azərbaycanlılardan biri olan Cəmil Məhəmməd oğlu Əhmədov 1944-cü ilin 6 oktyabr tarixində Pinsk şəhərinin azad olunması uğrunda gedən döyüşdə həlak olmuşdur.
Muzeyin açılışı isə 1985-ci ilin may ayında II Dünya Müharibəsində faşizm üzərində qələbənin 40-illik yubileyi münasibəti ilə həyata keçirilmişdir. Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində muzey üçün ayrıca yer ayrılmış inşa edilmişdir. Ümumi sahəsi yüz kvadratmetr olan muzey üç otaqdan ibarət idi. Müzeyin idarəçiliyi isə qəhrəmanın qohumu Məleykə Əhmədovaya tapşırılmışdı.
C.Əhmədovun xatirə kompleksindəki büstü tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdır.
Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdır.
Muzeyin ekspozisiyası A. Nevski ordenli, Sovet İttifaqı Qəhrəmanı S.M. Əhmədovun hərbi vətənpərvərlik fəaliyyəti haqqında ətraflı məlumat yarada bilirdi. Muzeydə saxlanılan eksponatların çoxu nadir hesab olunurdu. Burada əsgər məktubları, hərbi geyimli şəkillər, özünün yazdığı şeirlər, avtoqrafları, əsgər paltarı, “Sovet İttifaqı Qəhrəmanı” fəxri adının diplomu, o cümlədən, onun 29.09.1944-cü il tarixli sonuncu məktubu da saxlanılırdı. C.Əhmədov bütün SSRİ-də yeganə şəxsiyyət idi ki, 20 yaşında alay (rota) komandiri və Sovet Ittifaqı Qəhrəmanı olmuşdu. Belə bir şəxsiyyətin xatirə muzeyi ermənin təcavüzü nəticəsində, 1993-cü ildə öz fəaliyyətini dayandırmışdır.
Bu gün C.Əhmədovun doğulub boya-başa çatdığı ana torpağı Cəbrayıl rayonunun da daxil olduğu Qarabağ torpaqları düşmən tapdağı altındadır. Onun xatirə muzeyindən isə çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzində – İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru