Hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüz illər, bəlkə də min illər lazımdır. Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçak boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları adlandırmışlar.
Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır.
1827-ci ildə Irəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində yəni – “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. İşğaldan sonra İrəvan şəhəri 1828-ci ildə Erivan adlandırılmışdır. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə Aleksandropol adlandırılmışdır. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göycə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdir. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan inzibati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.
Ermənistanda türkmənşəli toponimlərin ermənicələşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanılmışdır. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin ermənicələşdirilməsi prosesi davam etdirilmişdir. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilmişdir.
Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980–ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmişdir. Ermənistanda daşnakların hakimiyyəti dövründən 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək – yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları dəyişdirilmişdir.
Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır.
Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.
Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilmişlər:
1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli – Lusaqyuğ (Eçmiədzin), Qorçulu – Mrqaşad, Sərdarabad – Hoktember (Hoktemberyan (Sərdarabad)), Bayandur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s.
2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərçümə edilmişdir. Məsələn, Armudlu – Tandzut (Hoktemberyan (Sərdarabad)), Daşqala – Karaberd (Ani (Ağin)), Darəkənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək – Tsaxkadzor (Hrazdan (Axta)), Göl – Liçk (Martuni (Aşağı Qaranlıq)), Güllübulaq – Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.
3. Bəzi yaşayış məskənlərinin adları «beynəlmiləlçilik» pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq – Dostluq (Masis (Zəngibasar)), Sultanabad – Şurabad (Amasiya (Ağbaba)), Cücəkənd – Qızılşəfəq (Kalinino), Aşağı Necili – Sayat-Nova (Masis (Zəngibasar)), Çanaxçı – Sovetakert (Ararat (Vedi)) və s. Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas – Darbas (Sisyan), Dəlilər – Dalar (Artaşat (Qəmərli)), Ələyəz – Araqats (Talın), Ərəvus – Arevis (Sisyan), Gabud – Kapuyt (Əzizbəyov), Çırpılı – Crapi (Ani (Ağin)) və s.
5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə – yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət eetmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı – Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə – Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi – Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə – Pokr Sepasar (Qukasyan (Qızılqoç)) və s.
Ümumiyyətlə, ermənilər Azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axbyur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi ermənicələşdirmişlər.
Nazim MUSTAFA,
AMEA Tarix İnstitutunun elmi işçisi, Dövlət mükafatı laureatı
www.iravan.info