Müasir dövrdə cəzasızlıq mühitinin formalaşması törədilən cinayətləri adiləşdirir və tədricən cəmiyyət bunu normal qəbul etməyə məcbur olur. Bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan soyqırımı və insanlıq əleyhinə cinayətlər beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən əməllərdi. Bütün sahələr üzrə inkişaf edən sivilizasiyalı cəmiyyətdə belə cinayətlərin baş verməsi arzuolunmazdır.
Təəssüflə qeyd etməliyik ki, bu həm də qaçılmazdır. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası 90-cı illərin əvvəllərindən indiyə qədər demək olar ki, bu təhlükə ilə üz-üzə qalıb. XX əsrin müxtəlif vaxtlarında dövlət siyasəti və ya planı formasında azərbaycanlılara qarşı təmizləmə siyasəti aparılıb. Bu siyasi pərdənin arxasında dayanan güc məhz Ermənistanın birbaşa iştirakı ilə soyqırımı cinayətini törədib.
Məlumdur ki, soyqırımı cinayətinin ictimai təhlükəliliyini hər hansı milli, etnik, irqi və ya dini qrupun bir qrup kimi bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaradılması ilə xarakterizə olunur. Soyqırımı cinayəti həm sülh, həm də müharibə şəraitində törədilə bilər. Xalqımıza qarşı həmişə bu cinayət silahlı münaqişə şəraitində törədilib ki, açıq-aydın hiss olunmasın.
Soyqırımı cinayəti beynəlxalq fərdi cinayət məsuliyyəti doğurur.Onun beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMT Baş Assambleyasının 1946-cı ildə qəbul etdiyi 97 saylı qətnaməsində təsbit olunub. Hüquqi əsasını 1951-ci ildə qüvvəyə minmiş Soyqırımı cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında Konvensiya təşkil edir. Bununla yanaşı, soyqırımı bir sıra mühüm beynəlxalq sənədlərlə (4-cü və 3-cü maddələr), Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsinin Layihəsində (17-ci maddə), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) təsbit olunub.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə, soyqırımı cinayətinin əsasını bilavasitə milli, etnik, irqi və ya dini qrupun həyat və sağlamlığı təşkil edir, bu cinayətdən zərər çəkmiş qismində milli, etnik və ya dini qruplar çıxış edir.
Soyqırımı maddi-formal tərkibli cinayətdir. Hər hansı milli, etnik, irqi və ya dini qrupu və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına və əqli qabiliyyətinə ciddi zərər vurma kimi cinayətkar əməllər, özündə ölümü, sağlamlığa və əqli qabiliyyətə ciddi zərər vurmanı ehtiva edir.
Soyqırımını təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Təbii ki, fərd bu əməllərin müəyyən nəticələr törədəcəyini bilməsə onu törətməz. Bu əməllər heç bir halda təsadüfi və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Bunula belə, göstərilən əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi soyqırımın tövsifi üçün kifayət deyil. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı konkret niyyətini ortaya çıxartmaq tələb olunur.
Soyqırımı anlayışı iki ünsürdən ibarətdir:
1) zəruri niyyət;
2) qadağan olunmuş əməl
Soyqırımı üçün ən əhəmiyyətli ünsür yuxarıda qeyd etdiyimiz kimi, spesifik niyyətin olmasıdır. Bu, soyqırımını digər oxşar beynəlxalq cinayətlərdən, o cümlədən insanlıq əleyhinə cinayətlərdən fərqləndirir. Bu niyyət özündə bir neçə aspekti ehtiva edir:
a) niyyət təsadüfən və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır;
b) niyyət qrupun bir qrup kimi özü-özlüyündə, başqalarından fərqlənən bir ayrıca qrup kimi məhv edilməsindən ibarət olmalıdır. Bu baxımdan soyqırımla adamöldürmə (homosid) cinayəti arasında fərq soyqırımın bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtinası, adamöldürmənin isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtinasındadır;
c) niyyət qrupun “tamamilə və ya qismən” məhv edilməsindən ibarət olmalıdır.
ç) niyyət, yuxarıda göstərilən qruplardan birinin məhz milli, etnik, irqi və ya dini səbəblərdən məhv edilməsindən ibarət olmalıdır. Göründüyü kimi, digər qruplar, xüsusilə siyasi və sosial qruplar bu siyahıya daxil edilməmişdir, yəni soyqırımın obyekti siyasi qruplar deyil, etnik qruplardır.
Soyqırımını xarakterizə edən bu əlamətlərdən biri, demək olar ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri 1992-ci ilin fevral ayını 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı idi. Çox zaman bu əməlin soyqırımı olmadığı haqqında fikirlər səsləndirilir. Xocalı hadisələri ilə soyqırımın tərkib elementləri arasında uyğunluğun olub-olmaması müəyyən qədər araşdırmanın aparılmasını zəruri edir.
Fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək, heç bir günahı olmayan dinc mülki əhalini amansızlıqla qırğına məruz qoyublar. Şahidlərin verdiyi ifadələrə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək uşaq və qoca güllələnmiş, bəzi meyitlərdə müxtəlif formalarda verilmiş işgəncənin əlamətləri aşkarlanıb. Uşaqların qulaqları kəsilib, dərisi soyulub, qoca kişinin qafa sümüyü çıxarılıb. İlk dəfə 28 fevral 1992-ci ildə hadisə yerinə helikopterlə gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü görüblər. Xocalıda mülki əhalinin qətlə yetirilməsinin soyqırımı olaraq dövlət siyasəti formasında həyata keçirilməsini təsdiq edən kifayət qədər faktlar mövcüddur. Onlardan biri kimi əhalinin çıxış yollarının əvvəlcədən bağlanmasını göstərmək olar. Belə ki, mülki əhali erməni zorakılığından qaçıb qurtara bilməyib. Ermənilər çıxış yollarında əvvəlcədən planlı şəkildə xüsusi düzəldilmiş gizli yerlərdə əhalinin bir hissəsini qətlə yetiriblər. Qaçıb canını qurtarmaq istəyən əhali avtomat və pulemyotlarla gülləboran edilib. Məqsəd hərbi obyektlərin dağıdılması, ərazinin işğalı olsaydı bunu soyqırımı kimi deyil, müharibənin qaydaları kimi qəbul etmək olardı. Xocalı sakinlərinə qarşı baş verən bu cinayət əməlində niyyətin olması aşkar görünür, bu əməllərin şüurlu, bilərəkdən və iradə ilə diktə olunduğu aydın görünür. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin dərk edilməsi əməlin soyqırım kimi tövsüfi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. Xocalıda mülki əhaliyə qarşı baş vermiş bu hərəkətlər ermənilərin niyyətinin məhz soyqırım cinayətini törətməyə yönəlmiş olduğunu bir daha təsdiq edir. Qaçıb canını qurtarmaq istəyən dinc sakinlərin əvvəlcədən xüsusi düzəldilmiş gizli yerlərdə avtomat və pulemyotlarla qətlə yetirilməsi və bunun azərbaycanlılara qarşı yönəlməsi soyqırımı niyyətini təsdiq edir.
Harada və nə zaman baş verməsindən asılı olmayaraq soqırımı cinayətinə öncə zərərçəkmiş dövlətin daxili qanunu ilə siyasi-hüquqi qiymət verilməli, sonra isə ona beynəlxalq hüquqi aspektdən qiymət verilməlidir. 1992-ci ilin fevral ayında Xocalı əhalisinə qarşı törədilən cinayət əməli Azərbaycan Respublikası Prezidenti H.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il Fərmanında Xocalı soyqırımı kimi qiymətləndirilib. Xocalı hadicələrinin soyqırımı kimi tövsüf olunmasına eyni zamanda BMT qətnamələri, Soyqırım haqqında 1948-ci il Konvensiyası, beynəlxalq cinayət tribunallarının nizamnamələri əsas verir. Bu əsas olduğu halda niyə cinayətkarlar məsuliyyətə cəlb olunmurlar? Bu gün bu cinayəti törədən ermənilər qürur hissi ilə törətdikləri cinayətləri etiraf etmələrinə baxmayaraq hələ də cəzalandırılmayıblar. Başa düşüləndir ki, Xocalı soyqırımının Beynəlxalq cinayət məhkəməsi tərəfindən araşdırılması mümkün deyil. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə, məhkəmə Statutun qəbulundan əvvəl baş verən cinayət hadicələrinə baxmır. Xocalı soyqırımı 1992-ci ildə baş verdiyindən, Roma Statutu da 1998-ci ildə qəbul olunduğundan bu işin BCM-də araşdırılması mümkün deyil, amma bu o demək deyil ki, Xocalı soyqırımı araşdırılmamalı, cinayətkarlar məsuliyyətə cəlb olunmamalıdır. Hələ Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət göstərmədiyi bir zamanda Ruandada baş vermiş soyqırımına görə, cinayətkarların məsuliyyətə cəlb olunması üçün “ad hoc” qaydasında Ruanda Beynəlxalq Tribunalı yaradıldı. Yuqoslaviyada baş verən cinayət əməllərinin araşdırılması və cinayətkarların cəzalandırılması üçün Yuqoslaviya Beynəlxalq Tribunalı yaradıldı. Bəs belə bir tribunal Azərbaycanda niyə yaradılmasın? Yoxsa beynəlxalq birlik, Azərbaycanda baş verən bu cinayətləri sülh və təhlükəsizlik üçün təhdid hesab etmir? Nə qədər ki, erməni cinayətkarların Azərbaycan ərazilərində törətdikləri soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri beynəlxalq birlik tərəfindən araşdırılmayıb, cinayətkarlar cəzalandırılmayıb bu məsələ müzakirə obyekti olacaq və bu ədalətsizlik cəmiyyət tərəfindən qınaq obyektinə cevriləcək.
Əlövsət Allahverdiyev- hüquq üzrə fəlsəfə doktoru- Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi