Regionda sabitliyin təmin olunması, Zəngəzur dəhlizinin açılması regional və qlobal əməkdaşlıqda mühüm rol oynayacaq. Bu dəhlizin açılması nəinki region, həm də digər ölkələr üçün iqtisadi əlaqələrin qurulmasında, transit daşımalarında çox əhəmiyyətlidir. Bu dəhliz Naxçıvan eksklavını Azərbaycanla birləşdirməklə yanaşı, həm də mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcək. Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyalar bərpa olunacaq və ticarət axını yaranacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Valday” klubunun mütəxəssisi, Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko ifadə edib.
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı etimaddan danışan ekspert 3+3 formatının əhəmiyyətini vurğulayaraq deyib: “Regionun 3 ölkəsi – Rusiya, Türkiyə və İran arasında Rusiya yeganə ölkədir ki, Ermənistanla müttəfiqlik əlaqələri var. Rusiya həm də Azərbaycanın strateji tərəfdaşıdır. Düşünürəm ki, Rusiya regionda işgüzar atmosferin yaradılmasında və Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpası işində böyük rol oynaya bilər”.
Rusiyalı ekspert vurğulayıb ki, regionda iqtisadiyyatın uzunmüddətli inkişafı üçün Zəngəzur dəhlizinin açılması mütləqdir.
Stanislav Tkaçenkonun sözlərinə görə, Ermənistanın bu layihədə iştirak etməsi onun da xeyrinə olar və bunun üçün əvvəlcə ölkənin daxilində siyasi sabitliyin təmin olunması vacib şərtdir.