
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda Novruz bayramı münasibətilə muğam konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində keçirilən konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək, Novruz bayramı və xalqımızın mədəni irsi barədə ətraflı məlumat verib. O, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyin xatırladıb.
Rövşən Qurbanov (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə ölkəmizin istedadlı və gənc xanəndələri Rəvanə Qurbanova və Mirələm Mirələmov Novruz bayramı və baharın gəlişini vəsf edən musiqi əsərləri ifa ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.