Azərbaycan ərazisində xanlıqların yarandığı zaman yalnız Qarabağ xanlığında inzibati mərkəz kimi xüsusi olaraq şəhər inşa edildi.
Digər xanlıqların inzibati mərkəzləri eyni adlı şəhərlər idi. Xanlığının təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşirlər tayfasından olan Pənahəli xan ilk iqamətgahı kimi Bayat qalasını ərsəyə gətirdi. Lakin qalanın müdafiə imkanları zəif olduğundan Pənahəli xan hərbi strateji cəhətdən daha yenilməz bir istinadgah inşa etdirdi. Dəniz səviyyəsindən 1400 m hündürlükdə, təbii müdafiə səddlərinə malik (meşələrlə, uçurum və qayalıqlarla əhatəli) bir ərazidə qala divarları ucaldıldı. Qədim yaşayış məskəni olsa da Şuşa şəhər kimi, inzibati mərkəz kimi XVIII əsrin ikinci yarısında salınmışdır. Keçən il Şuşa qalasının 260 illiyi qeyd edildi. Yeni salınan şəhər qısa müddətdə Azərbaycanın qədim şəhərləri ilə müqayisədə daha inkişaf etmiş səviyyəyə çatdı. Xalq arasında «Qala» adı ilə məşhur olan şəhərin məskunlaşması da özəlliyi ilə seçilir. İlk əvvəl «zadəganların və sənətkarların» yerləşdiyi şəhərə Azərbaycanın müxtəlif yerlərindən köçənlər «məhəllə-məhəllə yerləşdirilirdilər» (Təbrizli, Əylisli, Culfalar və s.), Şuşada spesifik bir mədəniyyət, kübar mədəniyyət formalaşırdı. Bu mədəniyyəti qalada məskunlaşan zadəganlar, sənətkarlıq və ticarət məşğuliyyəti ilə tanınan təbəqə birlikdə yaradırdı. Şəhərsalma mədəniyyətinin XVIII əsr üçün bəlli elementlərinin şamil edildiyi Şuşa «hər bir məhəllə üçün məscid, hamam, mədrəsə» və digər zəruri tikililərilə birgə inşa edilirdi. Bu baxımdan Şuşa XVIII əsr üçün müasir şəhərsalma mədəniyyətinin Azərbaycanda son nailiyyəti sayıla bilər.
Şuşa şəhərinin müdafiə vəziyyəti də onun tərəqqisinə imkan verən mühüm şərt idi. Qalanın inşasından başlayaraq «1797-ci ilədək buraya bir dəfə də olsun düşmən ordusu soxula bilməmişdi». Əmin-amanlıq sayəsində Şuşanın mədəni quruculuq səviyyəsi sürətlə yüksəlirdi. Xan sarayı, «Gövhər ağa» məscidi, türbələr, minarələr, karvansaralar, bulaqlar unikal memarlıq nümunələri olmuşdur.
Molla Pənah Vaqif məktəbi və onun XVIII əsr Azərbaycan poeziyasının zirvəsi sayılan yaradıcılığının şöhrəti bütün Şərq aləmini dolaşırdı.
Qarabağ xanlığının, bəzən də deyildiyi kimi Şuşa xanlığının ləğvindən sonra Şuşa şəhəri inzibati mərkəz rolunu oynamaqda idi. Hərbi dairə mərkəzi, 1841-ci ildən qəza mərkəzi olan Şuşa iqtisadi baxımdan inkişaf edirdi. İpək parça toxuculuğu, xalçaçılığı, şərabçılığı ilə məşhur şəhər sənaye mərkəzi kimi də aparısı yer tuturdu. XIX əsrin sonlarında Şuşa şəhərində 2 minə yaxın sənətkar yaşayırdı.
Məktəb, maarif işinin inkişafına görə də Şuşa digər şəhərlərdən öndə idi. İbrahim xan məscidi nəzdində 1801-ci ildə əsası qoyulmuş məktəb əsrin ikinci yarısında da fəaliyyət göstərmişdi. Azərbaycan qəzaları içərisində ilk qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır. İlk müsəlman məktəblərinin açıldığı siyahıda da Şuşa öndə olmuşdur. Şuşada ali ibtidai məktəb fəaliyyət göstərirdi. Orta məktəb bitirənlərin əksəriyyəti təhsilini davam etdirmək istəmişdi. Kütləvi kitabxanaların yaradılması sırasında da Şuşa Şamaxı ilə bərabər ilk yeri tutur. Şuşada kiçik mətbəə fəaliyyət göstərirdi. 1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil edilmişdi. Poeziya və xanəndəlik məktəbi baxımından Şuşanın özəl yeri vardır. Şuşada «Məclisi-Fəramuşan»ın (ədəbi məclis) başında M.Nəvvab dayanırdı. «Məclisi-üns» kimi ədəbi məclislər bütün ölkədə şöhrət tapmışdı. Xan qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın və çoxsaylı məşhur şairlərin iştirakı ilə keçən bu məclisləri Şuşa ədəbi mühitinin sütununa çevrilmişdi.
Nəvvabın xəttat, nəqqaşçı-rəssam, Xan qızının bədii tikmə ustası, xəttat və rəssam kimi sənət əsərləri yüksək peşə ustalığından xəbər verir. 1882-ci ildən başlayaraq Şuşa «yeni teatr mərkəzinə çevrilir». Şuşalı teatr həvəskarları sırasında «Otello»nun ilk tərcüməçisi, komediyalar müəllifi H.Vəzirov, məşhur xanəndə C.Qaryağdı oğlu, tanınmış ziyalılar S.Vəlibəyov, B.Bədəlbəyov, Ə.Haqverdiyev, F.Köçərli və b. var idi. 1904-cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin «Otello» əsəri tamaşaya qoyulmuşdu.
Şuşanın Azərbaycanın digər şəhər mərkəzlərindən fərqli bir statusu vardır. Musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşada xanəndə və çalğıçıların professional məktəbi yaranmışdı. Şuşa ifaçıları ölkə hüdudlarından kənarda belə şan-şöhrət qazanmışdı. İlk musiqi məktəblərinin yaranması ilə Şuşada xalq musiqisi ənənələri yayılır və zənginləşirdi.1897-ci ildə Şuşada Ə.Haqverdiyev Füzulinin «Leyli və Məcnun», 1902-ci ildə isə Nizaminin «Xosrov və Şirin» poemalarını səhnələşdirmişdi. C.Qaryağdı oğlu hər iki tamaşada baş rolda oynamışdı. «Şərq konserti» adlı yeni konsert forması 1901-ci ildə ilk dəfə Şuşada təşkil olunmuşdu ki, bu konsertin ilk səhnələşdirilmiş müsiqi tamaşası kimi milli operanın yaranmasına böyük təsiri olmuşdur. Şuşanın iqtisadi, ictimai-siyasi və mədəni həyatına dair «Kaspi» qəzetində çoxlu yazılar dərc olunurdu. Şuşa realnı məktəbinin müəllimi Həşim bəy Vəzirov «XIX əsrin sonlarından başlayaraq şəhər ictimaiyyətini qəzetlə tanış edir, 1904-cü ildən isə qəzetə «Müslim» imzası ilə materiallar göndərirdi».
Şuşanın sosial-iqtisadi və mədəni inkişafında 1898-ci ildə özünüidarənin yaradılması mühüm rol oynamışdır. Görkəmli ziyalılar Ə.Haqverdiyev, H.Vəzirov, Ə.Mehmandarov və d. Şuşa özünüidarəsinin üzvləri idi. Cavad bəy Səfərəlibəyov 1904-1907-ci illərdə Şuşa şəhərinin başçısı olmuşdu. Məhz həmin illərdə Şuşa Qafqazın siyasi fikir mərkəzinə çevrilir. Milli məzmunda iğtişaşların baş verdiyi məkan kimi Şuşanın adı polis departamentinin raportlarında çəkilir.
1906-cı il iyulun 12-23-də Şuşa şəhərində törədilən qırğınlar haqqında prokuror təqdimatında deyilir: «…iyulun 21-də yenidən… ermənilər tərəfindən başlanan, bir də iyulun 23-də səngiyən atışma baş vermişdir. Bu zaman zərər çəkən tərəf tatarlar olmuşdur. Onların 104 evi yandırılmış, 31 adam qətlə yetirilmiş və bir o qədər də adam yaralanmışdır… Ermənilər daha yaxşı hazırlanmış və təşkilatlanmışlar: onların başçıları, carçıları və şəfqət bacıları olan dəstələri yaradılmışdır».
Bu barədə Yelizavetpol qubernatorunun 1905-ci ilə dair hesabatında da deyilir: “…Avqust ayında bütün «Yelizavetpol quberniyasına, ələlxüsus dörd cənub qəzaya böyük təsirə malik Şuşa şəhərində milli zəmində iğtişaşlar baş vermişdir. Bu toqquşmalar zamanı yanğınla 200-ə yaxın ev məhv edilmiş, ölən və yaralananların sayı 250-ə çatmışdır». Qubernator hesabatından da göründüyü kimi Şuşa şəhərinin dörd qəzaya böyük təsiri olmuşdur.
Qafqaz Baş Mülki rəisinin 17 fevral 1900-cü il təliqəsi ilə «Şuşanın müsəlman əhalisini Şəhər Dumasına qlasnılar seçilməsi zamanı onların hüquqlarının xristianlarla bərabərləşdirilməsi haqqında ərizələri» Daxili İşlər Nazirliyinin Təsərrüfat Departamentinə göndərilirdi.
Şuşa şəhəri Şimali Azərbaycan ərazisində milli təfəkkürün, milli kimliyin formalaşdığı və bütün ölkəyə öz təsirini sirayət etməyə qadir mərkəzə çevrilmişdi. 1905-ci ilin yayında Gəncədə yaradılmış «Qeyrət» adlı qrup Şuşada da nüfuza malik olmuşdur. «Difai» partiyasının ən iri şöbəsi «Qarabağ birlik məclisi» idi ki, məclisin də baş komitəsi Şuşa şəhərində yerləşirdi. Sədri Əbdülkərim bəy Mehmandarov olan məclisin fəaliyyəti bütün Qarabağı əhatə edirdi.
Əbdülkərim Mehmandarov eyni zamanda «Şuşa şəhər və qəza həkimi vəzifəsində fəaliyyət göstərmişdi». O, 1877-ci ildə Peterburq Tibb Cərrahlıq Akademiyasını bitirmiş, 1883-cü ildən başlayaraq Qarabağda həkim kimi çalışmışdır. Artıq XX yüzilin ilk illərində Şuşada şəhər xəstəxanası fəaliyyət göstərirdi.
XX yüzilin əvvəllərindən başlayaraq Şuşa erməni separatçılığının yönəltdiyi milli ədavət, milli qovğa meydanına çevrilir. Şuşa qəzasında – Şuşa nahiyəsində müsəlmanlar, azərbaycanlılar ermənilər tərəfindən talana, qarətə, qırğınlara məruz qalır. 1918-ci ildən əsil soyqırım siyasəti ilə üzləşən Şuşanın azərbaycanlı əhalisi Azərbaycan milli dövlətçiliyi – Cümhuriyyət dönəmində asayişdə yaşamağa müvəffəq ola bildilər. Şuşada Cümhuriyyət hakimiyyətinin bərqərar olması, Qarabağ general-qubernatorluğunun yaratdığı sabitlik sosial tədbirlərin həyata keçirilməsinə imkan verdi. 1920-ci ilin martında erməni separatçılarının Şuşada yaratdığı gərginlik 2 ay sonra bolşevik ordu hissələrinin zorakı müdaxiləsi ilə müşayiət olundu.1920-ci il iyunun 15-də Şuşada sovet hakimiyyəti bərqərar oldu. Qarabağın yuxarı hissəsinin müqəddəratı yönündə verilən qərarlara görə Şuşa DQMV-nin tərkibinə daxil edildi. Baxmayaraq ki, 1921-ci ildə Şuşa şəhərinin muxtar vilayətin inzibati mərkəzi olmağı qərara alınmışdı, 1923-cü ildə DQMV yaradılarkən Şuşa şəhəri həmin statusdan kənarda qaldı. Şuşa şəhəri salınandan ilk dəfə idi ki, inzibati mərkəz kimi geniş ərazidə rol oynamağına «xitam verildi». Bununla belə Şuşa mədəni mərkəz ənənəsi ilə nəinki muxtar vilayət ərazisində, bütün Qarabağ ellərində nüfuzunu saxlamışdı. 1977-ci ildə Azərbaycan memarlığı tarixi qoruğu elan edilən Şuşa şəhərinin ən qiymətli sərvəti onun insanlarıdır.
Hələ şəhər salınarkən əsasən kübar təbəqənin məskunlaşdığı mühitin nəsillərdən ötürülən enerjisi elit mədəniyyət formalaşdırdı. Həmin mədəniyyətin daşıyıcıları bu gün Azərbaycan Respublikasının rayonlarına yerləşdirilən Şuşalılardır: bəzən təkəbbürlü görünən, əslində məğrur, qürurlu «Qala» insanları.
Azərbaycan mədəniyyətinin incisi olan, «Kiçik Paris», «Şərqin konservatoriyası» ,”Qafqazın sənət məbədi” adlandırılan Şuşa 1992-ci il mayın 8-də erməni təcavüzkarları tərəfindən işğal olundu. Bütün Azərbaycan cəmiyyəti bu itkidən sarsıldı. Filosof şair Məmməd Arazın həmin gün «Qoy millətdə ruh ölməsin» misraları ilə vurğulanan şerilə Azərbaycan dövlət televiziyası xalqa müraciət etdi. Artıq 24 ildir ki, Azərbaycanlıların ayağı Şuşa torpağına dəymir. Şuşanın əsarətdən qurtulacağı günə dönməz inam, sarsılmaz bir ümid vardır: Şuşasız Azərbaycan yoxdur. Bu həqiqəti hər bir Azərbaycan vətəndaşının qəlbində yaşatdığı mütəşəkkilliklə Şuşanı Vətənə qaytarmaq mümkündür.
Firdovsiyyə Əhmədova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
«Tarix» kafedrasının müdiri, əməkdar müəllim