Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Dohada Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının sakinlərinin əl işlərindən ibarət xeyriyyə sərgisi keçirilib.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, xeyriyyə sərgisində Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Sərginin açılışında çıxış edən səfir Rəşad İsmayılov “Ümid yeri” uşaq sığınacağı barədə qısa məlumat verib, sığınacağın 1997-ci ildə təsis olunduğunu, burada 18 yaşınadək şəxslərin məskunlaşdığını, 2019-cu ilin iyununda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həm müəssisənin yeni inşa olunan binasının açılışında iştirak etdiyini bildirib.
R.İsmayılov, həmçinin səfirliyin təşkilatçılığı ilə bu il avqustun 1-də Qətərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı – “Ajyal” Təhsil Mərkəzinin 5 müəllim və 35 orta məktəb şagirdindən ibarət heyətin “Ümid yeri” uşaq sığınacağına ziyarətinin təşkil olunduğunu və onlara yardım göstərildiyini qeyd edib.
Diplomat yaranmış əməkdaşlıq çərçivəsində Dohada “Ümid yeri” uşaq sığınacağının sakinlərinin “Şuşa İli” mövzusunda rəsm, xalça və dekorativ bəzək əşyalarından ibarət əl işlərinin satış-sərgisinin təşkil olunduğunu deyib. Səfir sərgidə iştirak edən Azərbaycan icmasının nümayəndələrinə təşəkkürünü ifadə edib.
Qətərdəki Azərbaycan icmasının rəhbəri Eldəgiz Rəfibəyli çıxışında bu xeyriyyə satış-sərgisindən əldə olunacaq vəsaitin “Ümid yeri” uşaq sığınacağının bank hesabına köçürüləcəyini bildirib. O, bu xeyirxah təşəbbüsün bundan sonra da davam etdirilməsini təklif edib.
Qeyd edək ki, sərgi çərçivəsində Qətərdəki Azərbaycan icmasının üzvlərinin azyaşlı övladlarının “Şuşa İli” mövzusunda əsərlərindən ibarət rəsm müsabiqəsi də təşkil olunub. Müsabiqədə iştirak edən uşaqlara səfirlik tərəfindən sertifikatlar verilib.