Qala divarı üzərində yenidən “Şuşa” yazısı yerləşdirilib
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı, o cümlədən Qarabağın baş tacı olan Şuşa şəhərini azad edib.
Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidən qurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanılıb.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunmuş Şuşanın hazırlanacaq Baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır. Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri də Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.
Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.
Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix Pumer cəlb edilib.
Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə edilərək aparılıb.
Həmçinin layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılıb ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə yerinə yetirilməsinə imkan verir.
Bərpa işlərinin başa çatmış birinci mərhələsində qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənərək, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişləri əhəng-qum məhlulu ilə doldurulub. Qapının xarici tağının yuxarı səmti, həmçinin qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilib.
Eyni zamanda, qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulub, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilib, divar üzərində yad yazılar təmizlənib. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj edilib, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.
Bununla yanaşı, Şuşa şəhərinin qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilib.
Bu məqsədlə komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilib və alüminiumdan istehsal olunmuş “Şuşa” yazısı tarixi yerində quraşdırılıb.