Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Az müddətdən sonra muzeyin yaradılmasına start verilir. Bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə qədim əşyalar toplanılır.
Şuşa yaxınlığındakı “Ağzıyastı kaha” mağarasında tədqiqatçı arxeoloqlar tərəfindən aşkarlanan və eramızdan əvvəl II minilliyə aid edilən eksponatlar öyrənildikdən sonra bir qismi yeni yaradılacaq muzeyə, bir qismi isə Azərbaycan Tarix Muzeyinə təhvil verilir.
Eksponat yığımı ilə paralel olaraq Yuxarı Gövhər Ağa məscidində təmir-bərpa işləri aparılmış və 1968-ci il ilin iyun ayında Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar Şuşada keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində muzeyin açılışı həyata keçirilir. Açılışda hökumət rəhbərlərindən o vaxtkı mədəniyyət naziri Zakir Bağırov, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri və rayon rəhbərliyi iştirak etmişlər…
1981-ci ildə uzun fasilədən sonra Şuşa Tarix-Diyarşünaslıq Muzeyi kimi tamaşaçılarını qəbul etməyə başlayır.
Xatırladaq ki, mədəniyyət ocağında yenidənqurma işləri Mədəniyyət Nazirliyinin Muzeyləri və Sərgiləri Layihələndirən və Tərtibat edən bədii-istehsalat emalatxanasının əməkdaşları tərəfindən həyata keçirimişdir.
Yeni təmirdən sonra istifadəyə verilmiş muzeydə XVIII, XIX və XX əsrə aid üç şöbə yaradılır. Muzeydə üstünlük Qarabağ xanlığının yaradılması ilə bağlı məqamlara verilir. 1981-cı ildə muzeyin eksponat fondunda 2792 eksponat saxlanılıb. 1980-ci ildə 53 min nəfərə xidmət göstərən muzeyə daha 500 eksponat yığılır. Sonradan ilbəil Mədəniyyət Nazirliyinin ayırdığı vəsait, habelə əhali tərəfindən könüllü olaraq muzeyə təqdim edilən eksponatların sayı artaraq üst-üstə 5.500 ədədə çatdırılmışdı. Bunun 3.500-ü əsas fonda, 2000-i isə yardımçı fonda aid edilən dəyərli eksponatlar idi.
Muzeydə rus rəsssamı V.Vereşşaginin 1864-ci ildə Şuşada olarkən çəkdiyi rəsmlər, Ağa Məhəmməd Şah Qacarın hücumu zaman partlamamış 43 kiloqarmlıq top mərmisi sərgilənirdi.
Muzeydə M.P.Vaqifin yubileyi ilə əlaqədar toplanılmış materiallar da sərgilənirdi. Muzey əvvəlcə iki nəfərlik ştatla ilk direktor Novruz Həsənovun rəhbərliyi və Əli Allahverdiyevin muzey baxıcılığı ilə fəaliyyət göstərmişdir. Ştat vahidi cədvəlinə sonralar direktor, elmi işçi, nəzarətçi və fond mühafizəsi (fond müdiri) vəzifələri də salınmışdı. Bu ştat cədvəli ilə muzey işğaladək fəaliyyət göstərib. 1971-ci ildən etibarən muzeyə rəhbərlik Vaqif Əbilova tapşırılır.
Muzeyin Yuxarı Gövhər Ağa məscidindəki fəaliyyəti 1989-cu ilədək davam etmişdi. Milli oyanış hərəkatının baş qaldırdığı bir vaxtda məscidlərin bərpasına göstəriş verilməsi ilə muzeyin məsciddən çıxarılması və ona fəaliyyəti üçün yeni binanın inşası nəzərdə tululur.
Erməni işğalı dövründə isə muzeyin mövcud eksponatları işğal altında qalması səbəbindən hazırda muzey hər hansı bir formada fəaliyyət göstərmir.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin 6(altı) mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır.
Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş edirirlər.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru