Bu yaxınlarda İnternetdə əcnəbi foto-müxbirin Şuşada çəkdiyi fotoşəkilləri gördüm. Gözəl havası, ecazkar memarlığı, təkrarsız gözəlliyi ilə öyündüyümüz Şuşa xarabalığı xatırladırdı. Yadıma “Dağılan tifaq” faciəsinin müəllifi şuşalı Əbdürrəhim bəy Haqverdiyev düşdü. Binalar uçmuş, tarixi abidələr dağıdılmışdı. Yadıma heykəli erməni quldurları tərəfindən gülləboran edilmiş şuşalı Üzeyir bəy Hacıbəyov düşdü. Küçədə təkəm-seyrək ermənilər görünürdü. Yadıma “Şuşanı ermənilərə təhvil vermək istəyənləri şəxsən gülləyəcəyəm”, deyən Azərbaycanın Milli Qəhrəmanı şuşalı Ramiz Qəmbərov düşdü. Bir hissəsini top mərmiləri dağıtmış beşmərtəbəli binanın bəzi mənzillərində ermənilərin yaşadığı hiss olunurdu. Yadıma şuşalılar düşdü. Könlümdən Şuşa keçdi. Yalnız bircə dəfə, uzaq 1982-ci ildə gördüyüm, həmişəlik hafizəmə köçmüş Şuşa…
Şuşadan danışmaq Pənahəli xandan və İbrahimxəlil xandan, xan qızı Natəvandan və Vaqifdən, Mir Möhsün Nəvvabdan və Qasım bəy Zakirdən, Üzeyir bəy Hacıbəyovdan və Bülbüldən, Qaryağdıoğlu Cabbardan və Xan Şuşinskidən danışmaqdır. Şuşadan söhbət açmaq Xarı bülbüldən və Cıdır düzündən, İsa bulağından və Turşsudan, Kirs dağından və Daşaltı dərəsindən söhbət açmaqdır. Şuşadan bəhs etmək Ramiz Qəmbərovdan, Albert Aqoronovdan və bu torpaq uğrunda canından keçmiş yüzlərlə Vətən oğlundan bəhs etmək deməkdir. Şuşadan danışmaq bəlkə daha artıq dərəcədə şuşalılardan danışmaqdır. Çünki məhz onlar bu qədim Azərbaycan torpağının şöhrətini dünyaya yayıblar.
Şuşa qalası 1750-ci ildə Pənahəli xan tərəfindən bina edilib. O dövrün tələblərinə görə Qarabağ xanı daimi yaşayış üçün möhkəm qorunan bir yer seçməli idi. Bura üç tərəfdən qayalarla əhatələnməli, bir tərəfdən isə dağlarda məskən salmış ellərin üzünə açıq olmalı idi. Bu məqsədlə xanın yaxın adamları xeyli yer gəzib dolaşdıqdan sonra, indiki Şuşa şəhərinin yerləşdiyi ərazini seçirlər. Pənahəli xan Şuşaya köçməyi qərara alır. Mirzə Camal Cavanşir Qarabaği yazır: “İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə Pənahəli xan Şahbulaq qalasının sakinləri olan bütün rəiyyətləri – əyanların, məliklərin, mülazimlərin, ellərin və bir para kəndxudaların ailələrini köçürdüb, bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış yerləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı versliyində yerləşən Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi”.
Pənahəli xan, daha sonra isə onun oğlu İbrahim xan Şuşa şəhərinin abadlıq işlərinə fikir veriblər. 1750-ci ildən 1754-cü ilədək olan dövrdə şəhərin qala divarları, qəsrlər, yaşayış binaları və digər təyinatlı ictimai binalar tikilib.
XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə, sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin çoxluğuna görə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadüfi deyildi ki, o dövrdə Şuşaya “Bala Paris” adı vermişdilər.
Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, “Realnı” uçiliş, “Qorodskoy” uçiliş, seminariya və bir sıra mədəni maarif müəssisələri Şuşada yaranmışdır. Şuşada ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir. O zaman teatrda Mirzə Fətəli Axundovun komediyaları oynanılırdı.
Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir, Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir. Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının topladığı məlumata görə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı dəstəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməklə və inkişaf etdirməkdə böyük rol oynamışlar.
Şuşalılar xalq memarlığının özünəməxsus milli ənənələrini müasir dövrümüzə qədər qoruyub saxlaya biliblər.
Şuşanın daş döşənmiş küçələri Bakının, Şəkinin, Gəncənin və s. küçələrinə bənzəmir. Burada küçənin tən ortası boyu nisbətən iri ağ sal daşlar, yan tərəfinə isə balaca daşlar düzülüb. Bu da küçənin altı ilə keçən kommunikasiya xətlərinin sıradan çıxan hissəsini bir-iki sal daşı qaldırmaqla təmir etməyə imkan yaradır. Deyilənə görə, Şuşada belə küçələrin sayı 967-yə çatmışdır.
Şuşanın tədricən geniş bir ticarət mərkəzi kimi fəaliyyət göstərməsi, burada karvansarayların da inşa olunmasına zərurət yaratdı. “Qarabağnamə” müəlliflərindən Baharlı hələ XIX əsrdə Şuşada on karvansaranın fəaliyyət göstərdiyini vurğulayır və onların hətta sahiblərinin adlarını da qeyd edir: Uğurlu bəy, Hacı Əmiraslan bəy, Məşədi Hüseyn Mirsəfər oğlu, Hacı Hüseyn, Timçəli Hacı Məhərrəm, Hacı Böyük İsgəndər bəy, Ağa Qəhrəman Mirsəyyaf oğlu, Abbas bəy, Cavad ağa və Gövhər ağa.
Şuşa memarlığının hakim mövqedə duran ictimai binaları sırasında məscidlərin – camilərin xüsusi yeri var. Təsadüfi deyildir ki, şəhərdə iki böyük caminin olmasına baxmayaraq, hər məhəllənin də öz məscidi varmış və onların əksəriyyəti mədrəsə kimi fəaliyyət göstərmişdir. Onu da xüsusi qeyd edim ki, memarlıqda məscid və mədrəsələr vahid bir kompozisiya kimi baxılır. Bu da islam memarlığı yayılan bütün ölkələrdə mövcuddur. Azərbaycan memarlığına gəldikdə isə bu ideya yalnız Şuşanın dini tikililərinin, xüsusilə Aşağı Gövhərağa məscid və mədrəsə kompleksində özünü göstərir. Digər müsəlman ölkələrində olduğu kimi, Şuşanın da şəhərsalma memarlığının inkişafında dayaq nöqtəsi kimi qəbul olunmuş Cümə məscidləri çox tutumlu və müqəddəs yer olduğundan dövlətlərarası ictimai-iqtisadi və siyasi problemlərin həlli üçün də münasib mərkəz rolunu oynamışdır.
Sovet dövründə isə Şuşa daha çox ittifaq əhəmiyyətli kurort şəhəri kimi fəaliyyət göstərməyə başlayır. Keçmiş Sovet İttifaqının hər yanından buraya axışan qonaqlar cəmi 150 il öncə, İran-Rusiya müharibələri dövründə ruslar tərəfindən Qarabağa, o cümlədən də Şuşaya köçürülmüş ermənilərin daim həsədinə səbəb olurdu. Ermənilər Qarabağı, Şuşanı ələ keçirmək planlarını elə o vaxtdan düşünüb hazırlamağa başlayırlar. 1988-ci ildən isə bədnam “perestroyka” pərdəsi və M.Qorbaçovun himayəsi altında öz niyyətlərini həyata keçirməyə başlayırlar. Bir-birinin ardınca Dağlıq Qarabağın şəhər və kəndlərini işğal edən ermənilərin ən böyük arzusu Şuşanı ələ keçirmək idi. Nəhayət, 1992-ci il mayın 8-də İran şahlarının ələ keçirə bilmədiyi Şuşa xəyanət nəticəsində ermənilər tərəfindən işğal olunur.
Nədənsə Şuşanın işğalı haqqında yazmağa əlim gəlmədi. Çünki müvəqqəti ermənilərin yiyələndikləri Şuşanı tezliklə geri alacağımıza olan inamımızı bir saniyə belə itirmədik.
Bu gün Şuşa düşmən əlindədir. İyirmi iki ildir ki, Qafqazın konservatoriyası, Azərbaycanın incisi, Qarabağın tacı adlandırılan Şuşamız düşmən tapdağı altındadır. Əcnəbi foto-müxbirin adlandırdığı kimi, bu gün “Şuşa – ölülər şəhəridir”. Ayrı cür ola da bilməz. Bu şəhərin təməlini qoyan, onun şöhrətini dünyaya yayan azərbaycanlılarsız Şuşa məhz ölü şəhərdir.
“Şuşa – ölülər şəhəridir” foto-kolleksiyasında dağıntılar altındakı Şuşanı görmək nə qədər üzücü olsa da, məni bir az sevindirdi də. Aydın oldu ki, müxtəlif təbliğat vasitələrində guya Şuşada quruculuq işləri apardıqlarını bildirən ermənilər sadəcə olaraq bizi ruhdan salmaq istəyirlər. Əslində isə bərpa və quruculuq işlərindən əsər-əlamət yoxdur. Deməli, ermənilər Şuşaya müvəqqəti sahibləndiklərini anlayırlar.
Çox tezliklə Şuşanı geri qaytaracağıq. Nəyin bahasına olursa-olsun. Çünki avstriyalılar üçün Vyana, italiyalılar üçün Milan, ruslar üçün Sankt-Peterburq necə böyük əhəmiyyət kəsb edirsə, azərbaycanlılar üçün də Şuşa o qədər önəmlidir .
Gündüz Nəsibov
P.S. Şuşa – ərazisi 289 kv.km., əhalisinin sayı 24900 nəfər. Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
P.S.S. Erməni işğalçıları tərəfindən Şuşa işğal olunarkən 27 sənaye və tikinti obyekti, 103 mədəni-məişət obyekti, 31 şəhər, qəsəbə və kənd, 249 tarixi abidə və muzey dağıdılıb, yandırılıb və talan olunub.