1905.az Diskussiya klubunda bu dəfə “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusu ətrafında müzakirələr apardıq. Müzakirələrdə bu mövzunun Diskussiya klubumuzda müzakirə edilməsinin təşəbbüskarı Rövşən Məmmədov, Meneviyyat.az saytının rəhbəri Rövşən Məmmədov, iş adamı Babək Qoca, Azpress.az saytının rəhbəri Rasim Sadıqov, Qafqaz Universitetinin prorektoru Natiq Paşa iştirak edirdi.
Şəhidlər ölməz, Vətən bölünməz (İkinci söhbət)
Fuad Babayev: “Şəhidlər ölməz, Vətən bölünməz”. Burada bu mövzu ilə bağlı deməyə sözü olan insanların kiçik bir qrupu toplaşıb. Birinci sualım belədir: ərazi bütövlüyümüzün bərpası uğrunda istər 20 il əvvəl gedən döyüşlərdə, istərsə də ötən ayın əvvvəllərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gənclərimizin xatirəsinin əbədiləşdirilməsi üçün biz nə edirik?
Rövşən Məmmədov: Bu mövzunu müzakirəyə çıxardığınız üçün Sizə təşəkkür edirəm. Azərbaycanda şəhid verməyən ailə, nəsil demək olar ki, yoxdur. Azərbaycan xalqı da həmişə həlak olanları öz övladı kimi qəbul edib, ailələrinin kədərinə şərik olub. Ötən dövr ərzində on minlərlə şəhid vermişik. Bizim bu gün əsas vəzifəmiz isə həmin insanların tanıdılması, onların ailələrinə diqqətin atrırılmasını təmin etmək olmalıdır. Bu gün gənclər arasında sorğu keçirsək, görərik ki, onların şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında məlumatlılığı nə dərəcədə aşağı səviyyədədir. Millət öz qəhrəmanlarını tanımalıdır. Biz onları tanıtmalıyıq.
Fuad Babayev: Biz, dedikdə kimi nəzərdə tutursunuz?
Rövşən Məmmədov: Biz, yəni Azərbaycan xalqı. Yalnız 9,8 milyonluq Azərbaycan xalqı deyil, 50 milyonluq dünya azərbaycanlıları. Mən bilən milli qəhrəmanlarımızın sayı 217 nəfərdir. Bu 217 nəfərdən biz neçəsini tanıyırıq? Hər kəs ən azı 20-30 nəfəri tanımalıdır.
Fuad Babayev: Babək müəllim mənə demişdi ki, Mənəviyyat.az saytının rəhbəri Rövşən müəllim bizim müzakirə mövzumuzla bağlı elmi-tədqiqat işləri aparır. Rövşən müəllimi dinləyək.
Rövşən Məmmədov (Mənəviyyat.az): Bu gün qloballaşma əsrində informasiya bolluğu var. Facebook-da o qədər aktual mövzu var ki, sosial şəbəkəyə girən kimi bir növ bütün günü unudursan. Bu bolluqda hətta informasiyanın aktuallığını da unudursan. Hətta aprel ayının əvvəllərində duyduğumuz həyəcanı da unutmuşuq. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını söyləyənlərin beyninə birinci olaraq Vətən nədir sualının, ikincisi isə şəhid nədir sualının cavablarını yeritməliyik. “Şəhid” kəlməsi dilimizə ərəb dilindən keçib. İlk dəfə də Məhəmməd peyğəmbər tərəfindən istifadə olunub. Quran-Kərimdə işlənən termindir. Lüğət mənası “bilən, görən, xəbər verən, hazır olan, bir şeydən agah olan”dır. Lakin termin olaraq “Allahın bu hadisəyə şahid durması”, “öldükdən sonra qiyamət qopacağı ana qədər Allahın nemətlərindən faydalanacağı” mənasındadır. Yəni adi insanlar öldükdən sonra “ruhlar aləmi”nə gedirlər, şəhidlər isə ölmürlər. Quran-Kərimdə bu barədə iki ayədə vurğulanır. “Allah yolunda şəhid olanları heç də ölmüş zənn etməyin”. Bu ayənin nazil olma səbəbi var. Uhud müharibəsində 82 nəfər şəhid olub. Orada həlak olanların Allah qatında böyük mükafatla qarşılandıqlarını peyğəmbərimiz xəbər verib. Peyğəmbərimizdən soruşublar: “Kim şəhiddir?” Cavab verir ki, “Allah yolunda ölən”. Yəni maddi gəlir əldə etmək uğrunda ölən şəhid sayılmır. Şəhidlərlə əlaqədər hüzn saxlamamalıyıq. Axı bu insanlar qəhrəmanlıq dastanı yaradıblar. Məsələn, aprel döyüşləri zamanı həlak olan pilotlarımız böyük mərdlik göstəriblər. Arxadan vurulmuş helikopteri düşmən səngərinə çarpıblar. Yaxud səngərə düşən qumbaranın üstünə uzanaraq həyatı bahasına əsgərlərini qoruyan komandirin hərəkəti böyük qəhrəmanlıqdır. Tarix bunları unutmayacaq. Amma təəssüf ki, bu insanların qəhrəmanlıqları sovet dövrünün qəhrəmanları qədər təbliğ edilmir. Düzdür, orta məktəb dərsliklərimizdə qəhrəmanlarımıza yer ayrılır, amma bu, çox azdır.
Fuad Babayev: Aprel döyüşlərində həlak olan pilotlarla vida mərasimi zamanı çəkilmiş bir foto hamının yadındadır. Şəhid Təbriz Musazadənin oğlu atasının şəklinə baxıb, əsgəri salam verir. Jurnalist Aida Eyvazlının çəkdiyi, şəhid oğlunun əsgər çəkmələrini qucaqlayan ananın fotosunu da xatırlayırsınız. Rasim müəllim, Sizcə, şəhidlərin qəhrəmanlığının təbliği baxımından fotonun rolu necə olmalıdır?
Rasim Sadıqov: Fotonun rolu bu məsələdə çox böyükdür. Hətta mən hesab edirəm ki, fotonun rolu yazıdan da böyükdür. Mən həmişə öz saytımızda çalışanlara deyirəm ki, elə şəkillər qoyun ki, oxucunu cəlb etsin. Oxucu fotodan sonra başlığa baxır və materialı açıb oxuyur. Fotonun dediyini bir çox hallarda heç yazı ilə vermək mümkün deyil. Qeyd etdiyiniz fotolar həqiqətən də gözəl əsərlərdir və insana vətənpərvərlik ruhunu aşılayır.
Fuad Babayev: Hətta hansısa yazılardan qat-qat çox…
Rasim Sadıqov: Elədir. İndi uzun yazıları çox az adam oxumağa meyl göstərir. İkinci abzasa kimi onu cəlb etmirsə, oxumur. Amma foto tamamilə başqadır. Mən bəzən foto-müxbirlərimizə deyirəm, elə fotolar çəkin ki, nədənsə danışılanda birinci o foto yada düşsün.
Babək Qoca: Foto “xaltura”nı da qəbul etmir.
Rasim Sadıqov: Bəli. Əgər sən sənətkarsansa, anları tuta bilməlisən. Baxın, şəhid Təbriz Musazadənin oğlunun əsgəri salam vermə anını tuta bilən fotoqrafa “afərin” demək lazımdır. O, həmin anı tuta bilib. Bu 2-3 saniyəlik məqamdır. Həmin anı tuta bildinsə, alınacaq, bunu təkrar etmək mümkün deyil. Yaxud əsgər çəkməsini sinəsinə basmış ananın fotosu. Həmin çəkmələr şəhid oğlunun yadigarlarıdır. Ana üçün əzizdir bu çəkmələr. Foto çox söz deyir. Mən işçilərimizə deyirdim ki, aprel ayındakı hadisələrlə bağlı bütün fotoreportajlar əvvəldən axıra kimi getməlidir. Fotolara baxanda insan dəhşətə gəlirdi. Bütün kənd əhli əllərində bayraq cənazənin dalınca gedirdi. Mən belə bir şey görməmişdim.
Fuad Babayev: Yaxud bütöv bir şəhər – Gəncə, Sumqayıt, Naxçıvan şəhidin cənazəsini qarşılayırdı.
Rasim Sadıqov: Çox yaxşı təşkil olunmuşdu. Həm də heç kimi məcbur etmirdilər ki, kimsə əlinə bayraq alsın.
Babək Qoca: Qəsdən təşkil olunsaydı, heç belə gözəl alınmazdı.
Rasim Sadıqov: Daha yaxşı kadrlar çəkmək olardı bu mərasimlərdən. Amma yenə də bu fotoreportajlar öz sözünü dedi. Xatırlayırsınızmı, bir dəstə gənc metronun “Elmlər Akadmiyası” stansiyasından Şəhidlər Xiyabanına kimi yürüş etdi. Həmin yürüş də təşkil olunmamışdı. 1990-cı illərin hadisələri zamanı biz döyüş bölgələrinə can atırdıq. “Azərbaycan” qəzetinin indiki baş redaktoru Bəxtiyar Sadıqov da bölgə müxbiri idi. Tez-tez cəbhə bölgələrinə gedirdik və bunu borcumuz hesab edirdik. Bakıda oturmağı özümüzə sığışdırmırdıq. Onda hamı döyüşə can atırdı. Silah yox idi, amma cəbhə bölgəsinə gedirdilər. Vətənpərvərlik ruhu var idi. Və mən indi bu ötən ay baş verən hadisələrədək düşünürdüm ki, görəsən indi də insanlar cəbhəyə can atardımı? Amma başa düşdüm ki, o ruh ölməyib.
Fuad Babayev: Demək, barıt var.
Rasim Sadıqov: Barıt var və əvvəlkindən də güclüdür. Mən o uşaqların sifətini gördüm. Bax, həmin anları fotoya köçürmək lazımdı. Və bu kadrlarla indiki və gələcək nəsilləri tərbiyə etmək olardı.
Fuad Babayev: Sizin sözünüzün qüvvəti, 20 Yanvar deyəndə mənim gözümün qabağına keçmiş “Azərbaycan” mehmanxanasından çəkilmiş və şəhid cənazələrini çiynində daşıyan insan kütləsi gəlir.
Rasim Sadıqov: Həmin fotonu “Azərbaycan” mehmanxanasının üstündən mən çəkmişəm. Mehmanxananın üstündən insan kütləsini görmək lazım idi. Həmin insan seli göstərdi ki, millət ayağa qalxıb. Ordu da elə ona görə geri çəkildi.
Rövşən Məmmədov: Şair demişkən, “Qoy millətdə ruh yaşasın”. Millətdə ruh varsa, o, hər şeyə qadirdir.
Fuad Babayev: Mən həmin şəklin müəllifinin kim olduğunu bilmirdim. Amma Siz həmin şəkillə tariximizin ən mühüm anlarından birini əbədiləşdirmisiniz.
Rasim Sadıqov: Mən fotoların altına “S.R.” yazırdım. Hətta Məzahir Süleymanzadə “Səhər” qəzetinin birinci kitabını buraxanda orada 58 fotodan 28-i mənimki idi. Amma orada 60 müəllifin adı olsa da, mənim adım yoxdur. Mən Məzahir müəllimdən anlaşılmazılığın səbəbini soruşanda bildirdi ki, o vaxt qarışıqlıq idi, kim şəkli veribsə, onun adı qeyd edilib. Ona görə də mənim müəllifi olduğum fotolar əksər yerlərdə anonim müəllifliklə gedir. Mən həmişə deyirəm ki, həmin fotoların hamısının müəllifini tapıb, qeydiyyatdan keçirmək lazımdır. Çünki artıq bunların hamısı sənəddir.
Fuad Babayev: Mən çox istərdim ki, 18-20 yaşlı gənclərlə tez-tez ünsiyyətdə olan Natiq müəllimi dinləyək. Natiq müəllim, tələbələr bizim müzakirəmizin mövzusu ilə maraqlanırlarmı, bu mövzu onlar üçün maraqlıdırmı?
Natiq Paşa: “Şəhidlər ölməz, Vətən bölünməz” elə bir mövzudur ki, hər kəsin deyə biləcəyi nələrsə hökmən var. Xahiş edirəm, tərif kimi qəbul etməyin, amma Qafqaz Universiteti həm vətəndaş cəmiyyətinin təbliği, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük işlər görür. Universitetdə 26 dərnək fəaliyyət göstərir və 4200 tələbənin 60 faizi bu dərnəklərin işində iştirak edir. Biz artıq 8-ci ildir ki, gənclik festivalı keçiririk. Ənənəyə görə festival “ilin adamı”nı seçir. Gizli səsvermə ilə onu tələbələr seçir. Bu il ilin adamı Azərbaycan əsgəri seçildi. Simvolik olaraq bu mükafat ən yüksək rütbəli şəhid polkovnik Vüqar Yusifovun ailəsinə təqdim edildi. Və məlum oldu ki, şəhidin azyaşlı qızları atalarının şəhid olmasını bilmirlər. Yəni demək istəyirəm ki, bu mövzunu daim gündəmdə saxlamalıyıq. Amma indi təəssüf ki, gənclərimiz bir qədər sanki robotlaşıblar. Şəxiyyətin formalaşmağa başladığı dövrdən onlar artıq yalnız universitetlərə qəbul haqqında düşünməyə başlayırlar. Gənclərin özlərini ifadə edə bilmək bacarıqları çox aşağıdır.
Fuad Babayev: Amma hər halda Azərbaycan əsgərini “ilin adamı” seçmələri onların formalaşmalarını göstərir. İndi də gəlin, Babək müəllimi dinləyək. Babək müəllim həm də Qarabağ uğrunda döyüşlərin iştirakçısıdır. Azərbaycan mediası, Azərbaycan cəmiyyəti şəhidlərimizlə bağlı mövzunun yükünü çiyinlərində daşıya bildimi?
Babək Qoca: Müzakirə fərqli istiqamətlərdə gedir. Bu da şəhidlik mövzusunun genişliyini göstərir. Ona görə də bu mövzunu bir söhbətdə əhatə etmək çox çətindir. Bir əsrdən digərinə, bir sistemdən o birisinə keçid etdiyimizdən, cəmiyyətdə müxtəlif yaş qrupları arasında fərqli fikirlər ola bilər. Hər kəsin içində bir qorxu vardı ki, bu televiziyalarla nümayiş etdirilən şouların təsiri 1990-cı illərdəki ruhun geri qayıtmasını əngəlləməz ki? Hər kəs amorf bir cəmiyyət formalaşacağından qorxurdu. Lakin şükürlər olsun, gördük ki, hamıda bir ruh yüksəkliyi var imiş. Doğrudan da bayaq Rövşən müəllimin dediyi kimi, biz şəhidlərimiz haqqında sağ imişlər kimi danışırıq. Həm də öyrəndik ki, Azərbaycanda yüksək təhsilli zabirlər var imiş. Hətta öyrəndik bir polkovnik-leytenant ABŞ-da reyncer məktəbini bitirib.
Rövşən Məmmədov: Murad Mirzəyev.
Babək Qoca: Bəli. Türkiyədə komandos məktəbini bitirən zabitlərimizin olduğundan xəbər tutduq. Hələ bilmədiklərimiz də var əlbəttə ki. Doğrudan da 1990-cı illərin əvvəllərində Qarabağa getməyib, evdə oturmağı insan özü üçün təhqir sayırdı. Sənin anan-bacın erməni əsirliyində ikən necə rahat gəzib-dolana bilərdin? Elə indi də bu var. Sadəcə bu gün televizyalar və media vasitələri çozx vaxt az qala hər şeyi gətirib maddiyyata bağlayırlar. Ona görə də bu hadisələrə vurğu etmirlər. Amma düşünürəm ki, zamanla vətənpərvərlik mövzusunda verilişlərə tələbat artacaq. O vaxt biz döyüşə ruh yüksəkliyi ilə gedirdik. Şəhidlik mövzusu həm də Vətənə sevgi ilə bağlıdır. Peyğəmbərimizə aid edildiyi deyilən “Vətən sevgisi imandandır” kimi gözəl bir deyim var. Son hadisələr həm də göstərdi ki, yeni nəsil bilərəkdən şəhid oldu. Bunu biz şəhidlərimizin xanımlarının dilindən də eşitdik. Deməli, evlərdə də bu söhbətlər gedib. Bir ana “mən oğlumun arxasınca göz yaşı tökməyəcəyəm”, dedi. Deməli, vətənpərvərlik toxumu artıq cücərib.
Fuad Babayev: Halbuki bayaq Rasim müəllim də, Siz də qeyd etdinizi ki, bu hadisələrə qədər buna şübhə ilə yanaşırdınız.
Rasim Sadıqov: Mən qorxurdum ki, telekanallardakı şou təbliğatı bizim gənc nəslin manqurtlaşmasına gətirib çıxaracaq. Və günlərin birində Qarabağ ümumiyyətlə yaddan çıxacaq.
Babək Qoca: Mən bura gəlməmişdən az öncə, 91 saylı məktəbdə oldum. Orada “İrs” muzeyi açılmışdı, Azərbaycan tarixi təbliğ edilir. Uşaqlar gözəl şeirlər söylədilər. Demək, artıq bu vətənpərvərlik hissi orta məktəbdən formalaşdırılmağa başlayıb.
Fuad Babayev: Mən icazənizlə “1905.az studio”nun yenicə start verdiyi “Rəqəmsal tarix” rolikini təqdim etmək istəyirəm. İnformasiya bolluğunda oxucunun diqqətini cəlb etmək çətindir və onun vaxtına qənaətlə yanaşmaq lazımdır. Ona görə də biz 20 saniyəlik rolikdə bir informasiya çatdırmaq xəttini tutmuşuq.
Fuad Babayev: Söhbətimizin yekun mərhələsində “Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsinin yaddaşlara hakim olması üçün nə etmək lazım olduğu ilə bağlı sizin təkliflərinizi bilmək istərdik.
Rövşən Məmmədov: Dünən Vikipediyadan Azərbaycan milli qəhrəmanlarının sayı və onlar haqqında məlumat almaq istədim. Bizim Aqil Quliyev adlı milli qəhrəmanımız var. Onun haqqında məlumat almaq istəyəndə tamamilə fərqli bir adamın adı çıxdı. Məncə, bu böyük hörmətsizlikdir. Milli qəhrəmana verilən hörmət belə olmamalıdır. 217 milli qəhrəmanımızın heç biri haqqında dəqiq məlumat tapa bilmədim. Yalnız bir cümlə var – 1992-ci ildə “Qarabağ bölgəsində şəhid olub, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun həyatı, döyüş yolu ilə bağlı isə məlumat yoxdur. Məncə, milli qəhrəmanlarımız haqqında bir toplu yaradılmalıdı.
Fuad Babayev: Onların bəzləri haqqında kitablar var. Məsələn, rəhmətlik Koroğlu Rəhimov haqqında yazılmış kitab mənim yadıma gəlir.
Rövşən Məmmədov: Biz Azərbaycanın milli qəhrəmanlarını məktəblərdə tanıtmalıyıq. Xatırlayırsınızsa, sovet dövründə televiziya ilə “Hünər” verilişi gedirdi. Orada qəhrəmanlar təbliğ olunur, 1941-45-ci illərdə yazılmış məktublar oxunulurdu. Biz Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi tanımalı və tanıtmalıyıq.
Rövşən Məmmədov (Mənəviyyat.az): Bu məsələdə əksiklərimiz həqiqətən də çoxdur. Bizm tarix boyu dəfələrlə şəhidlərimiz olub. Malını, canını, namusunu qoruyarkən həlak olan insana şəhid deyilir. Amma milləti, Vətəni, dövləti uğrunda şəhid olanlar insanların yaddaşında daha çox qalırlar. İnsanlara illər sonra oğlunun, həyat yoldaşının, qardaşının mənasız yerə həlak olduğunu deməyə imkan vermək olmaz. Araşdırmalarımı davam etdirməli, şəhidlik və şəhidlərimiz haqqında məlumatlar verməliyik.
Rasim Sadıqov: Kitabların elektron variantları hazırlanmalıdır. Çünki indi oxuyan kəsim əsasən yollarda telefonlardan oxuyurlar kitabları. İnterneti, sosial şəbəkələri şəhidlərimiz haqqında informasiyalarla zəbt etmək lazımdır. Ayrıca saytlar yaratmağa ehtiyac var. Sosial şəbəkədə planlı surətdə təbliğat getməlidir. Mövzu maraqlı olsa, hər kəs baxacaq. Elə indicə nümayiş etdirdiyiniz 20 saniyəlik rolik də maraqlı idi. Şəhidlər haqqında da belə roliklər hazırlamaq olardı.
Natiq Paşa: İnternetə maraq xatirinə baxsaq, hər bir suala cavab tapmaq mümkündür. Amma söhbət ondan gedir ki, bütün bunlar yetərlidirmi? Bayaq mən şəhid Vüqar Yusifovdan danışdım. Mənə dedilər ki, mart ayında o, uşaqlarını Şəhidlər xiyabanına aparıb, oranı ziyarət edib, şəhidlik məqamı haqqında uşaqlarına məlumat verib. Sonra da həyat yoldaşı və xanımına bir gün döyüşlərdə özünün də şəhid ola biləcəyini deyib. Əminəm ki, hər bir şəhidimiz haqqında oxşar mövzular var. Onları ictimailəşdirmək lazımdır.
Fuad Babayev: Həm də yalnız xəbər formasında yox, həm də bədiiləşdirilmiş şəkildə.
Natiq Paşa: Şəhidlərlə bağlı hekayə müsabiqəsi də keçirmək olardı.
Babək Qoca: Məncə, şəhid ailələriniz ziyarət etmək lazımdır. Gücümüz çatan qədər də bunu işıqlandırmalıyıq. Qoy insanlar həm şəhid, həm milli qəhrəman, həm 700 bal toplaya bilən insanlar yetişdirə bilmiş ailələrlə tanış olsunlar. Natiq müəllimin təklif etdiyi hekayə müsabiqəsini ayrıca götürülmüş bir məktəbdə də keçirmək olar. Bəlkə başqaları da onlardan nümunə götürəcəklər. Bu mövzuda rəsm sərgisi keçirmək olardı.
Fuad Babayev: Minnətdarıq sizlərə. Dəvətimizi qəbul edib gəldiniz və sizlərin sayəsində maraqlı bir söhbət alındı.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 31 may 2016-cı ildə dərc edilib