Mayın 31-də 1905.az Diskussiya klubunda “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda ikinci söhbətimiz baş tutdu. Müzakirələrdə yazıçı-publisist Rafiq Səməndər, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, jurnalist Aida Eyvazlı, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti kitabxanasının rəhbəri Tamilla Əsgərova iştirak edirdi.
Fuad Babayev: Bu bizim “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda ikinci söhbətimizdir. Birinci söhbətimiz keçən həftə oldu. Bizdə belə bir hiss yarandı ki, bu söhbəti davam etdirmək lazımdır. Mövzumuz şüar olsa da, bizi onun bir aspekti maraqlandırır. Biz insanlarımızın şəhidlərimizi tanıması, onlar haqqında məlumatlı olmaları və bəlli səviyyədə onlara bənzəmələri üçün nə edirik? Mediamız bu missiyanı həyata keçirə bilirmi? Hamımız Rafiq Səməndərin 20 Yanvar şəhidlərindən bəhs edən “Şəhidlər” kitabının oxucusu olmuşuq. Azərbaycanda şəhidlər və qazilər haqqında kitablar da bir növ həmin kitabın “şinel”indən çıxıb. Bu günün şəhidləri haqqında yazılan yazılar, çəkilən süjet və proqramlar Sizi qane edirmi?
Rafiq Səməndər: Fakt kimi qane edir, yaxşıdır ki, bunlar qeydə alınır. 1990-cı illərin əvvəllərində şəhid olanların heç şəkillərini görmürdük. Ancaq aprel döyüşlərində həlak olmuş hər bir şəhidin şəklini də görürük, adını da tanıyırıq, səsini də eşitmişik. Bunların fakt kimi qeydə alınması, tarixə düşməsi məni qane edir. Amma bu yazıların bədii tərəfi, peşəkar işlənməsi məni qane etmir. Şəhidlər haqqında yazıların hamısı bir-birinə oxşayır. Eyni cümlələrlə yazılıb, sonluğu da eyni cümlə ilə bitir – “şəhidlik zirvəsinə yüksəldi”. Belə peşəkarlıq məni çox narahat edir. Əlbəttə şəhid evinə gedən, onun haqqında yazan jurnalistə təşəkkür düşür. Sağ olsunlar ki, yazırlar, amma özlərinə də sual verməlidirlər ki, necə yazmalıdırlar? Şəhidin qəhrəmanlığı, şücaəti, ölümsüzlüyü oxucunun gözü önündə canlanmalıdır. Bax, bu bədiilik demək olar ki, heç bir yazıda yoxdur. 20 Yanvar hadisələrindən sonra şəhidlər haqqında əlimə keçən bütün yazıları oxumuşam. Amma 2-3 cümlədən sonra axırını oxuyuram.
Fuad Babayev: Bəs bunun səbəbi nədir, nə ilə izah edirsiniz? Aida xanım da son vaxtlar aprel şəhidləri ilə bağlı yazır. Az sonra onun da fikirlərini dinləyəcəyik.
Rafiq Səməndər: Jurnalistin səriştəsizliyi, savadsızlığı, istedadsızlığı ilə. Peşəkar qələminin olmaması ilə. Mən indi buraya gələndə çalışdığım telekanalın əməkdaşları Biləsuvar, Astara bölgələrindən gəldilər. Oradakı şəhidlər haqqında süjetlər çəkiblər. Bu sahədə səriştəsi olan bir adam, yoldaş kimi mənə danışırdılar ki, necə gediblər, nə eşidiblər. Maraqlı bir fakt danışırdılr ki, şəhidlərin birini valideynləri nə qədər çalışsalar da evləndirə bilməyiblər. Evlənməməyinin səbəbini soruşanda deyib ki, nəyinə lazımdır evlənmək, onsuz da gedib, şəhid olacaq. Deməli, şəhidlik artıq onun qanında olub. Bu fikir onun qanına, beyninə, bütün varlığına hopub. Jurnalist bircə bu faktdan istifadə etməklə həmin şəhidi bədii, yaxud publisistik əsərin qəhrəmanı edə bilər.
Tamilla Əsgərova: Həqiqətən də şəhidlər haqqında televiziyadakı süjetlər, yaxud qəzetdəki yazılar bir-birinə çox oxşayır. Hamısında standart klişelərdən istifadə olunub. Hansındasa şəhidin fərqli obrazının yaradılması hiss olunmur.
Fuad Babayev: Şəhidlər haqqında yazıların ən azı fabula baxımından bir-birinə bənzəməsi qaçılmazdır. Süjet xətti təkrarlanandır. Əvvəla, vətənpərvərlik hissi uşaqlıqdan var, ikincisi, hansı yaşda həlak olmağına baxmayaraq, həyatı yarımçıq qalıb və onun arxacınca ağlayanlar var və onlar da şəhid haqqında qürurla danışırlar. Amma hərəsində bir özəllik mövcuddur. Bənzəyiş isə çoxdur. Lakin media həm də şəhid ailələrinin məruz qaldığı iqtisadi, mənəvi problemlərdən də yazmalıdır. Bununla bağlı vəziyyət necədir?
Rey Kərimoğlu: Səhv etmirəmsə, Heminqueyin belə bir yazısı var. Onu redaksiyadan bir rəssam haqqında yazı yazmağa göndərirlər. O, rəssam haqqında yazı yazır və redaktora danışır ki, belə bir gözəl rəssam idi, başına gələnlər ürəyini ağrıdıb və s. Redaktor deyir ki, bunlar öz yerində, amma sən başına gələn problemi yaşayan rəssam haqqında yaz. Mən Rafiq müəllimin dediklərinin bir hisəsi ilə razıyam, amma bir hissəsi ilə isə qismən razı deyiləm. Bədii əsərlər yaranır, amma çox azdır. Çox gözəl şeirlər, romanlar, povestlər, hekayələr yazılır. Şərif Ağayarın bu mövzuda bir neçə gözəl hekayəsi var, Aqil Abbasın “Dolu” romanı yazıldı. Amma bədii əsər fərqli bir janrdır. Jurnalist tanıyıram ki, heç vaxt bədii əsər yazmayıb.
Fuad Babayev: Rafiq müəllim bədii əsərləri nəzərdə tutmur.
Rafiq Səməndər: Mən demirəm ki, bədii əsərlər yazılmır, jurnalistlər oçerk yazmırlar.
Rey Kərimoğlu: 1990-cı illərdən bir problem yaşanır. Biz oçerk janrından çıxdıq. Jurnalistikada oçerk janrı az qala itmək üzrədir. Tək-tük oçerk yazanlar Sizin nəslin nümayəndələridir.
Rafiq Səməndər: Tamamilə düzdür. Dubinyak (Bakının o vaxtkı hərbi komendantı – red.) 1990-cı ildə məni yanına çağıranda, soruşdu ki, yazdığım nədir. Cavab verdim ki, mənim yazdıqlarım bədii nekroloqdur. Yəni bu yazılar artıq oçerklikdən çıxıb, bədii nekroloqdur.
Rey Kərimoğlu: Sabah bizim yazıçılarımız bu mövzuda bir bədii əsər yazsa, olacaq oçerk. Amma bu mövzuda publisist yazılar kifayət qədərdir. Mən təəssüf edirəm ki, bizdə telejurnalistika ilə yazı jurnalistikası arasında bir uçurum var. Televiziyada görüntü var deyə, sanki orada çalışanlar bir qədər tənbəlləşiblər. Məsələn, Mirşahin, Ləman Ələşrəfqızı fikir verirsinizmi, sözlərdən necə bacarıqla istifadə edirlər. Amma çoxunda yaradıcı yanaşma yoxdur. Aprel şəhidləri ilə bağlı yazılanların zəifi də vardı, gözəli də. Məsələnin mahiyyətini publisistik dildə çatdıran da, fokusu tumayan yazılar da vardı. Aprelin 3-5-də mən bir qrup jurnalistlə birlikdə cəbhə bölgəsində idim. Səfərbərlik Xidməti göndərmişdi. Mayın 5-8-də və 25-28-də Lələtəpədə, ön cəbhədə, səngərlərdə olduq. Məni nə qane etmədi? Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya da dedim. Hikmət Sabiroğlu, “525-ci qəzet”in redaktoru Yusif Rzayev, “Şərq” qəzetinin redaktoru Yusif Nəzirli, Rauf Arifoğlu kimi gözəl qələmi olan jurnalistləri ora dəvət etmək lazımdır. Əsil məqamıdır, obrazlar yaratmaq lazımdır. Danışırdılar ki, Lələtəpə alınanda iki qardaşdan birini erməni snayperi vurub. O biri qardaş bunu görmürmüş kimi cəsədin üstündən keçib, hədəfi ələ keçirəndən və orada möhkəmləndikdən sonra gəlib qardaşının cəsədini qucaqlayıb, ağlayıb. Bunu yazmaq lazımdır. Təəssüf ki, yaza bilmədik. Cəbrayıl istiqamətindəki postda dayananlar danışırdılar ki, bir itləri olub, Mayk adında. Bir gün görürlər ki, axşam olsa da it hələ gəlməyib. Sonra partlayış səsi və it zingiltisi eşidəndə anlayıblar ki, Mayk minaya düşüb. Bir müddət sonra görüblər ki, it sürünə-sürünə gəlir, qabaq və arxa ayağını isə mina aparıb. Bizimkiləri görəndə üstlərinə atılıb və zingildəyib, ölüb. Mən də yazdım ki, “itimiz də düşmən səngərində ölməyi özünə rəva bilmədi”. Buna yazıçı təxəyyülü lazımdır ki, yarada. Belə faktlar çoxdur.
Rafiq Səməndər: Mən də elə bunu deyirəm.
Rey Kərimoğlu: Jurnalist həm də xəbər daşıyıcısıdır. Mən yazdığım reportajda bunu verdim. Taleh Şahsuvarlı yazmışdı ki, Rey babanın yazısındakılar artıq yazıçı işidir. İndi orduda yeməyi mülki adamlar bişirirlər. Deyirdilər ki, ermənilər qadınların yemək bişirdikləri mətbəxin yaxınlığındakı qərargahı atəşə tuturdular. Minomyot atəşinə rəğmən həmin qadınları işindən aralamaq mümkün deyildi. Yeməyi bişirib, qazanlarda əsgərlərə yollayana kimi iş yerlərindən çıxmayıbar. Bir nəfər həmin qadınları tapıb, şəklini çəkib, haqlarında yazmadı. Axı bu qadınların fədakarlığı elə təbliğat elementidir.
Fuad Babayev: Rey çox işıqlı jurnalistlərin adlarını çəkdi. Amma ümumi səviyyə R.Səməndərin “Şəhidlər” kitabını yazdığı vaxtdakından çox aşağı düşüb. Ona görə də bunları media mənsublarından tələb etmək o qədər də yerinə düşmür. Şəhidin öz həyat yolu, təmas xəttindəki fəaliyyəti, həmin iki qadının fədakarlığı ola bilsin ki, bir müddət sonra yazılacaq. Böyük Vətən müharibəsi haqqında da gözəl əsərlər, filmlər xeyli müddət sonra yarandı. İnsanlarımız üçün şəhid və qazilərimizin problemləri də düşündürücüdür.
Rey Kərimoğlu: Bu məsələ ilə bağlı vəziyyət çox pisdir. Medianın işıqlandırmasında da nöqsanlar var. Bu gün media ya hakimiyyətmeyllidir, ya müstəqil hakiməyətəmeyillidir, ya da müxalifət meyilli. Hansısa icra başçısı şəhid ailəsindən ev tikintisi üçün 15 min pul istəyir. Yalnız bizim yazmağımızdan, bir neçə qəzetin dəstəyindən sonra bu problem aradan qaldırıldı. Yaxud prezidentin sərəncamı ilə qazi və şəhid ailələri üçün evlər tikilir. Evləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. Kimə veriləcəyini isə rayon icra hakimiyyətləri müəyyənləşdirir. Biz evlərin paylanmasında neqativ halların olması ilə bağlı nazirə müraciət etmişik. Prezidentin ayırdığı vəsait təyinatı üzrə xərclənmir. Amma nazir deyir ki, evlərin kimlərə verilməsini yoxlamaq səlahiyyətinə malik deyil. Çünki qanuna görə evlər icra hakimiyyətlərinin müəyyənləşdirdiyi siyahılar üzrə paylanmalıdır. Yaxud prezident 2014-cü il martın 18-də şəhid ailələrindən olan uşaqların, Qarabağ müharibəsi əlillərinin övladlarının dövlət hesabına təhsil alması haqqında sərəncam imzalayıb. Lakin elə ali təhsil ocağı var ki, bu sərəncamdan xəbərsizdir.
Rafiq Səməndər: Əlbəttə, dedikləriniz doğrudur. Amma mən yenə də jurnalistin peşəkarlığı üzərinə qayırtmaq istəyirəm. Jurnalist şəhid ailəsindən yazırsa, onun üzləşdiyi sosial problemləri də elə ustalıqla qələmə almalıdır ki, onu oxuyan oxucuya da, məmura da təsir etsin. Kiminsə gəlib şəhid ailəsindən pul istədiyini susatan da deyə bilər. Jurnalist isə bu problemi elə səliqəli, elə səviyyədə qoya bilər ki, onu oxuyan həm ailənin halına ağlayıb, sızlayar, həm də dərdinə əlac edər.
Rey Kərimoğlu: Rafiq müəllim, çox təəssüf ki, qarşı tərəf bu yazıları nə oxuyur, nə də anlayır.
Rafiq Səməndər: Lazım gələndə oxuyurlar.
Rey Kərimoğlu: Bu gün aparıcı saytlardan birinə baxırsan ki, vacib məsələ haqqında 30-40 foto qoyub, amma mətn demək olar ki, yoxdur.
Fuad Babayev: Tamella xanım, tələbəlikdə bir enerji var. Kitabxana isə tələbələrin yazı-pozuya, müəyyən mövzulara marağını müəyyənləşdirən barometrdir. Hərçənd ki, yeni qacetlər ola bilsin ki, kitabxananı arxa plana keçirib. Tələbələr arasında Rafiq müəllimin “Şəhidlər”, Aida xanımın aprel şəhidləri haqqındakı yazılarını oxuduğu sezilənlər varmı?
Tamilla Əsgərova: Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında tez-tez dövlətçiliyimizlə, şəhidlərimizlə bağlı tədbirlər keçirilir və tələbələr də həmin tədbirlərdə fəal iştirak edirlər. Universitetimizin dörd məzunu müxtəlif dövrlərdə şəhid olublar. İkisi 20 yanvar hadisələri zamanı, ikisi də Qarabağ müharibəsində. Qarabağ müharibəsində şəhid olanlardan biri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli, digəri isə xalq artisti Həsənağa Salayevin oğlu 1992-ci ildə Şuşada həlak olan Dəryanur Salayevdir. Biz daim şəhidlərimiz haqqında məlumat bazasını zənginləşdirməyə çalışırıq.
Fuad Babayev: Rafiq müəllimin “Şəhidlər” kitabı Sizin kitabxananın fondunda varmı?
Tamella Əsgərova: Əlbəttə.
Rafiq Səməndər: Mədəniyyət və İncəsənət Universiteti bütün universitetlərdən qabaqda olamalıdır. Bu universitet axı yaradıcı təhsil müəssisəsidir. Həm rejissor, həm aktyor, həm rəqqas, həm musiqişünas var. Onlar tamaşalar hazırlayır, kurs, diplom işləri səhnəyə qoyurlar. Özünüzün teatr salonunuz, səhnəniz var. Ona görə də universitet şəhidlər haqqında kompozisiyalar hazırlamalıdır.
Tamella Əsgərova: “Səda” Tədris Teatrında Xocalı soyqırımı kompozisiya şəklində tamaşaya qoyulub.
Rafiq Səməndər: Sizin öz şəhidlərinizlə bağlı da gözəl bir əsər işləmək olardı.
Fuad Babayev: Gənclərdə son aprel hadisələrinə maraq var idimi? Bu mövzu ön plana çıxdımı?
Rafiq Səməndər: Mən bu məsələyə 3 dəfə böyük maraq olduğunun şahidi olmuşam. 1990, 1993 və 2016-cı ilin aprelində şəhidlərə olan maraq pik nöqtəsində idi. Bu 3 nöqtəni yaddan çıxarmaq olmaz. Xüsusilə 1990-cı il ən pik nöqtə idi. Mən özüm Şəhidlər xiyabanından qayıdanda görmüşəm ki, kitab mağazasının qarşısında böyük növbə var. Mən də nəsə ala bilmək üçün növbəyə durdum. Məlum oldu ki, “Şəhidlər” kitabını almaq üçün növbəyə durublar. “Gənclik” metrostansiyasının yanında da eyni hadisənin şahidi oldum. 1990-cı ildə mən “Dalğa” verilişində çıxış edib, şəhidlər haqqında yazmaq istədimi deyəndən sonra, 1 şəhid haqqında yazmaq üçün 20 nəfər danışmağa gəlirdi. Və mən həmin 20 nəfəri də dinləməyə məcbur olurdum. Mərkəzi Univermaqda 1 nəfər satıcı da nahara çıxmayıb o kitabı oxuyurdu. 1993-cü ildə və 2016-cı ilin aprelində bu pik nöqtəsini mən yenidən duydum. Həmin ruh sanki yenidən qayıtmışdı. Elə bir adam yox idi ki, cəbhə ilə maraqlanmasın.
Fuad Babayev: Bəs indi necədir?
Rafiq Səməndər: İndi elə bil bir az soyuyublar.
Tamilla Əsgərova: Əlbəttə, bütün universitetlərdə olduğu kimi, aprel hadisələrini bizim universitetdə də qeyd etdilər.
Fuad Babayev: Aida xanım, keçən tədbirimizdə bir çox aspektlərdən danışdıq, o cümlədən də şəhid oğlunun əsgər çəkmələrini bağrına basan və müəllifi olduğunuz fotodan. O şəkil hər kəsin diqqətini cəlb edir. Və Sizin bir statusunuzu da gördüm, yazmışdınız ki, bu şəkil Sizindir, başqaları bunu öz şəkli kimi verməsin. Daha sonra isə hansısa bögədə şəhid haqqında yazı yazanda təpkilərə məruz qalmısınız. Rafiq müəllim danışdı ki, 1990-cı ildə onun fəaliyyətinə necə böyük dəstək verilib. 2016-cı ili də üçüncü pik nöqtəsi hesab edir. Bəs Siz necə, şəhidlər haqqında yazanda o dəstəyi hiss edirsinizmi?
Aida Eyvazlı: Coşqu 2016-cı ilin aprel ayının ilk günlərində oldu. Mən yalnız Facebook səhifəm vasitəsilə insanlara müraciət edə bildim ki, mənə ünvanları göndərsinlər. İndinin özündə də məndə ünvanlar yoxdur. Yalnız 1-2 nəfər dost-tanış verdi.
Rey Kərimoğlu: İndi müraciət etmək üçün Rafiq müəllimin dediyi “Dalğa” verilişi də yoxdur.
Fuad Babayev: Heç internetdə də “Dalğa”nın auditoriyası yoxdur.
Aida Eyvazlı: Dəfələrlə müraciət etdim ki, heç olmasa ünvanları mənə versinlər ki, gedib onların ailələrini rahat tapa bilim. Dediyim kimi, 1-2 nəfər reaksiya verdi.
Fuad Babayev: Nə ilə izah edirsiniz bunu?
Aida Eyvazlı: Axırıncı dəfə Zaqatalaya gedəndə jurnalist həmkarım Zaur Həsənov bir qədər istiqamətləndirdi ki, hara gedə bilərəm. Amma hələ konkret kömək edən olmayıb. Bunlar azmış kimi, üstəlik bir çox media orqanları mənim çəkdiyim fotoşəkli özlərininki kimi istifadə edirlər. Ona görə də narazılıq etməyə haqqım vardı.
Rey Kərimoğlu: Həmin fotonu harada çəkmişdiniz?
Aida Eyvazlı: Şəkinin Kiş kəndində. Şəhid anası sözarası dedi ki, oğlumun çəkmələri də elə o vaxtdan evdə qalıb. Mən də anaya söhbət qurtarandan sonra dedim ki, çəkməni gətirsin, baxım. Fikrim də var idi ki, çəkmənin şəklini çəkim. Çəkməni bağrına basıb qoxulayanda bu şəkli çəkdim və çox gözəl alındı.
Fuad Babayev: Siz özünüz çəkmisiniz? Orada deyəsən, Sizin öz şəkliniz də vardı…
Aida Eyvazlı: Bəli, özüm çəkmişəm. Məni isə uşaq çəkib.
Rey Kərimoğlu: Mən bir söz demək istəyirəm. Aprelin 3-də Göygöldə biz şəhid Orxan Bağırzadənin dəfnində olduq.Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, hərbi orkestr də orada idi. Çox möhtəşəm mərasimdi. Ortada A.Qurbani dedi ki, başqa bir istiqamətdə şəhid olan əsgərin cibindən sevdiyi qıza yazdığı məktub çıxıb və onun mətnini oxudu. Bütün jurnalistlər bunu Orxan Bağırzadənin məktubu kimi qeyd etdi. Hətta xarici mətbuat da belə yazdı. İndi hamı Orxanın şəklini qoyub, altında da bu məktubun mətnini verirlər.
Rafiq Səməndər: Ümumiyyətlə, şəhidlər haqqında isti-isti yazmaq lazımdır. Bir qədər vaxt keçdikdən sonra hadisələrə başqa nəzərlə baxırlar. Bu, mənim başıma gəlib. Mən “Şəhidlər” kitabını yazanda hələ insanlar yas içində idilər. Onlar mənə adi, insani əhvalatları danışırdılar. Heç kəs demirdi ki, o, qoşunun üstünə gedib. Adi insanları güllələmişdilər. Amma elə adamlar vardı ki, iki ay sonra deyirdilər ki, guya oğlanları anadangəlmə vətənpərvər olub. Bayrağı əlinə alıb, tankın qabağına çıxdı və qışqırdı: “Yaşasın Azərbaycan!” Belə adamlar vurulmalı idi və mötəbər təşkilatlar bunu cinayət hesab etməyəcəkdi. İndi Aida xanım əsgər çəkmələri haqqında söylədi. İki ay sonra Siz bu şəkli eyni effektlə çəkə bilməzdiniz. 1990-cı ildə Salyan kazarmasının qabağında bir neçə ayaqqabı tökülüb qalmışdı. Morqda əlində bir tay ayaqqabı olan ata öz oğlunu ayaqqabını o biri tayından tanıdı. Soruşdum ki, nədən bilirsən bu, sənin oğlundur? Dedi ki, axşam oğlum mənim ayaqqabımı geyinib çıxmışdı, altlığı cırıq idi. Mən də yazdım ki, “ata oğlunu cırıq ayaqqabısından tanıdı”. Yaxşı yazı alınmışdı, anası da mənə zəng edib təşəkkürünü bildirmişdi. Hadisədən bir il sonra ana polisin müşayiəti ilə işlədiyim dövlət televiziyasına gəldi. Səbəbini soruşdum ki, nə olub, axı mənə təşəkkürünü bildirmişdi. Cavab verdi ki, bütün qohum-əqraba kitab çıxandan sonra onun üstünə düşüb ki, deməli atası ögey olduğuna görə ona pis baxıb, cırıq ayaqqabı geyindirirmiş. Mən də bunu yazdığımdan, guya onu biabır etmişəm. Ona görə də şəhidlərin taleyi haqqında isti-isti yazmalısan.
Fuad Babayev: Aida xanım, hansı bölgədə icra nümayəndəsi ilə aranızda problem olmuşdu?
Aida Eyvazlı: Bərdədə olmuşdu. Hörmətli bir adamla getmişdim. Məni təqdim edib bildirdi ki, Aida xanım şəhid haqqında “525-ci qəzet” üçün yazı yazacaq. Keçdim qadın məclisinə. 5 dəqiqə idi ki, şəhidin anası və nənəsi ilə söhbət edirdim. Qapı açıldı və arxadan kimsə dedi: “Səni Qəhrəman müəllim çağırır”. Elə bildim ki, evin adamıdır, qadınların hansınasa deyir. Mən öz işimdəyəm. Təkrar eşitdim: “Səninlə deyiləm, Qəhrəman müəllim səni çağırır”. Gördüm qadınlar mənə baxır. Geri döndüm: “Mənimləsiniz?” Cavab verdi ki, hə. Soruşdum ki, Qəhrəman kimdir? Cavab verdi ki, Qəhrəman kəndin icra nümayəndəsidir. Dedim: “O, sənin üçün qəhrəmandır, mən bura şəhid ailəsinə gəlmişəm, şəhid anası ilə söhbət edirəm”. Gördüm ki, qadınlar bir-birinə dəydi, üzlərində qorxu var.
Fuad Babayev: Hansı kənddə olmuşdu bu?
Aida Eyvazlı: Bərdənin Mustafaağalı kəndində. Baxdım ki, artıq heç kəs söhbət etmək istəmir. Şəhidin şəklini çəkmək istəyəndə bir də gördüm ki, yekəpər bir kişi gəldi. Div boydadır, mən onun yanında cücəyə oxşayıram. Sən demə, Qəhrəmanın “şilləvuranı”dır. Soruşdum ki, nə olub? Dedi: “Sənəd göstərin ki, haradan gəlmisiniz?” Dedim ki, mən şəhid ailəsinə başsağlığı verməyə gəlmişəm, sənəd göstərmirəm hər yerdə. Adım Aida Eyvazlıdır. Dedi: “Yox, biz icazə vermirik məclisimizdə iştirak etməyinizə. Qəhrəman müəllim deyir ki, təcili kəndi tərk eləsin”
Rey Kərimoğlu: Bunu elə belə də yaz, xahiş edirəm.
Aida Eyvazlı: Yazacam.
Fuad Babayev: Amma biz Sizi ola bilsin ki, qabaqlayacağıq.
Aida Eyvazlı: Fikirləşirdim ki, bura yas yeridir. Ertəsi gün şəhidin yeddisi olacaqdı. Axı mən pis məqsədlə getməmişdim.
Fuad Babayev: Bəs hüzr sahibinin reaksiyası necə idi?
Aida Eyvazlı: Hüzr sahibi qorxudan ağappaq olmuşdu. Elə bil ki, oğlundan sonra o da ölmüşdü. Gəlinə yaxınlaşdım ki, telefon nömrəmi verim, o da nömrəsini versin ki, sonra telefonla soruşub, yazaram. Həmin yekəpər yenə işə qarışdı: “Çəkil, get. Bizdə telefon nömrəsi yoxdu, ona danışmaq olmaz, icazə vermirik”. Gördüm ki, vəziyyət çox gərgindir. Dedim: “Siz çox əxlaqsız və tərbiyəsiz adamsınız. Bura şəhid ailəsi olmasaydı, görərdiniz, nə edərdim. Camaatın evində səs-küy salmaq istəmirəm”.
Fuad Babayev: Camaat da nə özünü, nə də qonağı müdafiə edir…
Aida Eyvazlı: Bəli. Heç olmasa ev sahibi deməliydi ki, artıq şər qarışıb, axşam saat 8-dir, bu da qadındır. Axı onun qapısına getmişdim. Hansı evə də gedirəm, girəndən çıxana kimi ağlayıram. Bu əhvalatlara sakit qulaq asmaq mümkün deyil. Elə yazıları yazanda da ağlayıram.
Fuad Babayev: Və Siz axşam saat 8-də Bərdənin Mustafaağalı kəndini tərk etdiniz.
Aida Eyvazlı: Tərk etdim və qorxudan Bərdədəki o biri iki şəhidin evinə gedə bilmədim. Çünki dedilər ki, rayon icra hakimiyyətindən göstəriş belədir.
Fuad Babayev: Kim dedi bunu?
Aida Eyvazlı: Həmin yekəpər. Eşitdim ki, Qəhrəman həmin kəndə qan uddurur.
Rey Kərimoğlu: Bir sözlə, Xudayar bəydir. Allah Mirzə Cəlilə rəhmət eləsin.
Aida Eyvazlı: Kəndin bugunkü Xudayar bəyidir. 20 ilə yaxın orada kattalıq edir. Bir nəfər dünya səyahətinə çıxan oğlan var, Daşkənddə o vaxt ona kömək etmişdim. Mənə yazdı ki, atası o kənddə vərəmləyib, ölüb. Çünki kəndin bir növ Mirzə Cəlili imiş.
Sonra Qobustan rayonunda nə gördüm? Şəhidin qırxına bir neçə gün qalmışdı. Soruşdum ki, vəziyyət necədir, gəlib-gedən var? Dedi ki, ayın 3-də şəhidimizi dəfn edəndən sonra icra hakimiyyəti bizi unudandır. Bunların da başına dəhşətli işlər gəlib. Oğlanın qardaşının cənazəsi gəlib, bu isə qapı-qapı düşüb, çadır axtarır. Çadırı tapır və 750 manat borc götürür ki, çadırın pulunu ödəsin. 35 gün ərzində bunlara yalnız Qobustanın baş həkimi kömək edib. Şəhidin xəstə anasının dava-dərmanını verib, tibb bacısı ayırıb. İcra hakimiyyətindən isə humanitar şöbədə işləyən bir nəfər gəlib, 50 manat pul yazdırıb.
Fuad Babayev: Şəhidin adı nə idi?
Aida Eyvazlı: Orxan Müstəcəbov. Qobustanın Bədəlli kəndindən. Mən zəng edəndən sonra icra hakimiyyətindən gediblər ki, nə kömək edə bilərlər? Oğlan cavab verib ki, daha heç nə. Özləri yola veriblər. Sonra isə yaza biləcəyimdən çəkinib, mənə zəng ediblər ki, onlardan 3 nəfər gedib pul yazdırıb, oğlan guya düz demir. Oğlan da elə onların yanındaca telefonda mənə dedi ki, onların heç bir işinə yaramayıblar.
Fuad Babayev: Bir neçə epizod danışdınız. Heç pozitiv məqamlar yox idimi?
Aida Eyvazlı: Əlbəttə var idi. Göyçaydan məsələn, mənə zəng edib bildirdilər ki, icra hakimiyyəti yüksək səviyyədə iştirak edib.
Fuad Babayev: Amma axı televiziyada göstərilənlərə inansaq, dəfn mərasimləri yaxşı təşkil olunmuşdu. Bayraqlar, hərbi orkestr, yaylım atəşləri, Müdafiə Nazirliyinin nümayəndəsi və s. Siz dəfn mərasimlərində olmusunuzmu?
Aida Eyvazlı: Orxanın dəfnində oldum, bir də Sumqayıtda Raqufun. Raqufun dəfni yüksək səviyyədə təşkil olunmuşdu.
Rey Kərimoğlu: Biz aprelin 3-də cəbhə bölgəsinə gedəndə gördük ki, Abdulla Qurbani üstündə bayraqlar olan maşınla, milli mahnılar səsləndirilən maşınla gedir. Mən A.Qurbanini çox tənqid etmişəm, amma onun natiqlik qabiliyyəti, məqama uyğun şeir söyləməyi xoşuma gəldi. Dəfn mərasimləri yaxşı təşkil olunmuşdu.
Aida Eyvazlı: Şəkinin Kiş kəndində hələ qırx mərasiminə hazırlıq gedə-gedə ev tikilirdi şəhidin həyətində. Deputat Cavanşir Feyziyev dəfn mərasimində iştirak edəndə yarımçıq tikilini görüb, bələdiyyə sədrindən nə olduğunu soruşub. Sonra da evi özü tikdirib.
Rey Kərimoğlu: Bunu da yazmısanmı?
Aida Eyvazlı: Yazmışam.
Rey Kərimoğlu: Mən Facebook-da gördüm ki, bir diş həkimi yazmışdı ki, şəhid ailəsindən olan və ya yaralanan 16-20 nəfərin dişini pulsuz müalicə edə, qoya bilər. Bu xalqın münasibətidir.
Biz cəbhə bölgəsində əsgərlərdə böyük ruh yüksəkliyi olduğunu gördük. O anda onların qarşısında heç kəs dura bilməzdi. Onlar qarşılarında qoyulan bütün vəzifələri yerinə yetirmək iqtidarındadılar. Ağdamın Sarıcalılar kəndində köhnə döyüşçülər evlərinin qarşısında bomba sığınacağı tikiblər. Füzuli, Beyləqan, Xocavənd, Ağdam, Tərtər rayonlarının rəhbərləri dörd gün ərzində əyinlərində hərbi paltar hərbçilərin yanında olublar. Alınmış mövqelərdə istehkamların qurulması üçün hər cür texnika ilə yardım göstərirdilər. Ordumuzun ərzaq, geyim, tibbi personalla təmini yüksək səviyyədə təşkil olunub. Ermənilərin atəşə tutduqları kəndlərin bələdiyyələri əhalini təşkilatlanmış qaydada kəndin kənarına çıxarırdılar ki, itki olmasın. Əhali lazım olan hər şeylə təmin edilirdi.
Rafiq Səməndər: Belə hallardan xüsusilə danışmaq lazımdır.
Rey Kərimoğlu: Əlbəttə. Biz bunları gördük.
Aida Eyvazlı: Mən də şəhid ailələrinə gedirəm, hər birində ruh yüksəkliyi var. Qeyd edirlər ki, əvvəlki kimi deyil. İndi daha yüksək qayğı ilə yanaşırlar. Onları unutmurlar. Əksəriyyəti deyirdi ki, icra hakimiyyəti onları yaddan çıxarmır.
Fuad Babayev: Aida xanım, 17 şəhid haqqında artıq yazmısınız. 100-ə yaxın isə şəhidimiz olub. Bu yazıları nə vaxta kimi bitirməyi planlaşdırırsınız?
Aida Eyvazlı: Birinci hissəsini təxminən sentyabra kimi bitirəcəyəm. 45-50 yazıdan ibarət olacaq. İki və ya üçhissəli kitab olacaq.
Fuad Babayev: Çox gözəl. Sonda istərdim ki, şəhidlər haqqında ictimaiyyətin məlumatlandırılması istiqamətində medianın rolu ilə bağlı təkliflərinizi səsləndirəsiniz. Ümumi rəy belədir ki, media bunun öhdəsindən gəlirsə də çox çətinliklə edir bunu.
Rafiq Səməndər: Jurnalistlərə kömək etmək lazımdır. Aida xanım bu işə girişibsə, bunun özü artıq qəhrəmanlıqdır. İndiki dövrdə əlində qələmi olan hər kəs Aida xanıma kömək etməlidir. Heç olmasa, ünvan, telefon versinlər. Kitabınız əminəm ki, çox gözəl kitab olacaq. Onu çap etməyi üzərinə götürənə də təşəkkür düşür. Ən böyük təşəkkür isə şəhidlərə, onların valideynlərinə düşür. Mən “şəhidlik zirvəsinə ucaldı” ifadəsinin əleyhiyəm. Çünki şəhidlik özü zirvədir. Dəfn mərasimlərində şəhidin dostu, qardaşı, valideynləri eyni sözü deyir: Vətən sağ olsun. Aydındır ki, onların ürəyindən qara qanlar axır. Peşəkar jurnalist bunu bir qədər arxa plana keçirməyi bacarmalıdır. Qeyri-səmimi cümlələrdən çəkinmək lazımdır. Bacardıqca səmimi olun. Mən “Şəhidlər” kitabını yazanda iki nəfər çox səmimi danışdı. Biri mərhum Ülvi Bünyadzadənin atası Yusif kişi idi. Ülvinin dostları o qədər danışdı ki, necə yazacağımı bilmədim. Və Yusif kişiyə dedim ki ki, “Yusif müəllim, yaza bilmirəm”. O da cavab verdi: “Yaza bilmirsənsə, yazma”. Bu “yazma” mənə elə güc gəldi ki, oturub yazdım. Digər hadisə isə Biləcəridə oldu. Yas mərasimində idim. Arxada da qəbiristanlıq görünürdü. Kimsə məni tanıdı və şəhidin atasını çağırıb deyib ki, televiziyada danışan oğlandır, onunla danış. Mən də kişidən soruşdum ki, nədən yazım? Kişi əyildi, çadırın qırağını qaldırdı, dedi: “Qəbiristanlığı görürsən, orda boş məzar var, get, ondan yaz”. Deməli, ona əvvəlcə məzar qazıblar, sonra isə Şəhidlər xiyabanında basdırıblar. Səmimi bunlardır. Onların özləri mənə mövzunu veriblər. Aida xanım, Sizin də qabağınıza elə adamlar çıxacaqlar. Bir ana kimi, şəhid anasının nə deyə biləcəyini duymalısan.
Hazırladı: Gündüz Nəsibov, 1905.az