Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.
Bildirildi ki, Baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlətimizin başçısının daim diqqəti mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibbi xidmətin səmərəli təşkili və həyata keçirilməsi üçün genişmiqyaslı işlər görülür.