– Klip və reklamlarla yanaşı bir sıra bədii və sənədli filmlər ərsəyə gətirsəniz də tamaşaçılar Sizi daha çox klipmeyker kimi tanıyırlar. Sizcə bu nədən qaynaqlanır?
Haqlısınız. Ancaq mən düşünürəm ki, bunun çox asan izahı var. O dönəmdə mən yetərincə tez-tez müxtəlif kanalların efirində çıxış edirdim, müsahibə verirdim, ümumiyyətlə, kifayət qədər fəal idim.Buna görə də kifayət qədər populyar idim. Yanımdan ötüb keçənlər məni tanıyırdılar. Mənə heç tanış olmadığım insanlar suallarla, avtoqraf almaq üçün, bu və başqa işlərimə görə minnətdarlıq bildirmək üçün yaxınlaşırdılar… Sonra mən bununla məşğul olmağı dayandırdım. Efirlərə çıxmadım, müsahibələr vermədim və yavaş-yavaş insanların yaddaşından “silinməyə” başladım… Nəyə görə? Bu artıq başqa müsahibənin mövzusudur
MƏN ÖZ İŞLƏRİMİ YENİDƏN GÖZDƏN KEÇİRİRƏM
– 2003-cü ildə Zülfiyyə Xanbabayevanın “Qəlbinə yol” mahnısı üçün çəkdiyiniz klip əməlli başlı rezonans yaratmışdı. Səhv eləmirəmsə bu su altında çəkilən ilk və hələki tək klipdir
Bəli, bu maraqlı iş idi. Rejissorların çoxu deyir ki, “mən öz filmlərimə baxmıram”. Bilmirəm, bu həqqiqətənmi belədi… Mən öz işlərimi yenidən gözdən keçirirəm. Və bilirsiz,bu gün texnika inkişaf etməyinə baxmayaraq, mən onlara görə utanmıram. Zülfiyyə Xanbabayevanın “Qəlbinə yol”, Brilyant Dadaşovanın “Ah dedim, oh dedim” Yeganənin “Aşıq mahnısı” üçün plastilin fiqurlarından çəkdiyim klip, İradə İbrahimovanın klipləri… Bu o dövr idi ki, rejissorlar özlərini belə ifadə edirdilər. Kim nəyi ifadə edirdisə- tamaşaçı bunu hiss edirdi. Tamaşaçını aldatmaq mümkün deyil…
– Nobel qardaşlarından bəhs edən “Postskriptum” qısametrajlı filmin ssenari müəlliflərindən biri və həm də quruluşçu rejissorusunuz. İzləyənlərin bir çoxunda sual yarandı ki, bu film niyə tammetrajlı formatda çəkilməyib?
Cavab çox bəsitdir. Qısametrajlı filmi ona görə çəkmişdim ki, mənə tammetrajlı film çəkmək imkanı versinlər. Nazirlikdə mənə belə izah etmişdilər. Razılaşdım, sonra isə… mənə qısaca olaraq dedilər – pul yoxdur. Başqa sözlə, tamaşaçının görmədiyi, hansısa üçüncü dərəcəli festivallara göndərilən və burada uğur kimi təqdim olunan filmlər üçün görünür pul var… Mən artıq 20 yaşlı gənc deyiləm və bu “sabah”lardan təngə gəlmişəm.
ƏSL İSTEDADI OLANLAR QALACAQ
– Son dövrlər istehsal olunan yerli filmlər içərisində komediya janrına maraq daha çoxdur. Siz bunu necə dəyərləndirirsiniz?
Bu məsələdə ikili hisslər keçirirəm. Bir tərəfdən belə filmlərin keyfiyyəti çox aşağıdır…Və söhbət hətta büdcədən getmir, bunlar tamaşaçıların necə deyərlər, primitiv sayıla biləcək hislərinin tələbinə uyğun çəkilir. Digər tərəfdən sevinirəm. Sevinirəm ona görə ki, heç kim onlara demir “bu haqda çəkmək olmaz” və yaxud “bu mətni burdan götür”. Və mən ümüd edirəm ki, belə kino maraqlı bir şeyə çevriləcək. İstedadsızlar , zəiflər ortadan çəkiləcək. Əsl istedadı olanlar qalacaq. Və tamaşaçılarımız ÖZ filmlərimizə baxacaq. Yeri gəlmişkən, mənim möhtəşəm gəlir gətirə biləcək layihəm var. Ümüd edirəm ki, tezliklə onun da zamanı gələcək.
– “Məşədi İbad 94” filmindən sonra komediya janrında film çəkmək təklifləri gəlibmi?
Təəssüf ki, yox. Hərçənd, yaxşı ki,elə belədir. Bilirsiniz, belə kinonu mən çəkmək istəməzdim.
– Ötən günlərdə “100” adı altında Azərbaycan teleməkanında yeni layihəyə start verəcəyinizi dediniz. Bildiyim qədər məqsədiniz ən müxtəlif sahələrdə fəaliyyət göstərən istedadlı gəncləri tapıb cəmiyyətə təqdim etməkdir. Bu istiqamətdə hansı işlər gedir?
Söhbət yalnız gənclərdən getmir. “100”- 21-ci əsrin yüz tanınmış Azərbaycan oğul və qızlarının çəkiləcəyi, çoxseriyalı sənədli filmdir. İstənilən sahədə, istənilən fəalliyyət növündə – istər elm, istər siyasət, istər mədəniyyət, istər biznes, istər iqtisadiyyat,istər kosmos, istər kompüter texnologiyaları,istərsə də gözəllik müsabiqələri olsun. Fərqi yoxdur. Tək bir şey önəmlidir – cəmiyyətdə tanınmaq və soydaşlarımızın bu şəxsin nailliyyətləri ilə fəxr etmələri. Hal- hazırda sponsorluqla bağlı danışıqlar aparılır. Həm də belə böyük miqyaslı layihəni necə deyərlər “xala, xətrin qalmasın” standartları ilə reallaşdırmaq olmaz. Xöşbəxtlikdən, bu layihə ilə maraqlanan kifayət qədər şəxs var. Sevindirici haldır ki, belə bir layihə ilə maraqlanırlar və mən çalışacam ictimaiyyəti bu layihənin gedişi haqqında məlumatandırım.
Dadaş Musayev, Ülkər Abdullayeva, 1905.az