
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət universitetinin dosenti Lalə Əliyeva və Xəzər rayonu İ.Tağıyev adına 26 saylı tam orta məktəbin tarix müəllimi Elçin Əliyevlə orta və ali məktəblərdə Azərbaycan tarixinin tədrisindən danışdıq.
Fuad Babayev: Orta və ali məktəblərdə Azərbaycan tarixinin tədrisindən danışarkən ilk növbədə hansı problemlər yada düşür?
Elçin Əliyev: Ötən əsrin 80-ci illərində orta məktəblərdə Azərbaycan tarixi fənni çox bəsit formadakeçirilirdi. Hətta ali məktəblərdə də Azərbaycan tarixi V kursdan tədris olunurdu. Mənim dərs deməyə başladığım 90-cı illərdə kitablar yox idi. Dərsliklər 1994-1995-ci illərdən etibarən nəşr olunmağa başladı. Orta məktəblərin VI-VIII siniflərində tədris edilən tarix dərsliklərinin dili çox ağır idi. Çünki ali məktəblərdə keçilən materiallar, elmi işlər olduğu kimi tarix dərsliklərinə salınmışdı. Təsəvvür edin ki, Assuriya padşahlarından tutmuş Midiya hökmdarlarına kimi hamısının adı bu dərsliklərdə verilirdi. Təxminən 1999-cu ildən sonra orta məktəbdə tədris edilən tarix dərslikləri təkmilləşdi.
Fuad Babayev: Yəni problemlərdən biri dərsliklərdir.
Elçin Əliyev: Bəli, dərsliklərlə bağlıdır.
Fuad Babayev: Dərsliklərlə bağlı olan problemlər tədricən öz həllini tapır.
Elçin Əliyev: Problem ondadır ki, dərsliklər hər ildəyişir. Sovet dövründə tarix dərsliklərini xüsusi metodik təhsili olan tarixçilər yazırdılar. Onlar bilirdilər ki, məktəbli beyni nə qədər informasiyanı həzm etmək iqtidarındaır. Mən dərs dediyim 35 il ərzində hər il yeni dərslik oxuyuram.
Təmkin Məmmədli: Hər il yenidən nəşr olunan tarix dərsliklərində prinsipial olaraq hansı dəyişikliklərə rast gəlmək mümkündür?

Elçin Əliyev: Mövzular dəyişmir. Hər müəllifin mövzuya baxışı fərqli olur. 2010-cu ildən sonra kurikuluma əsasən VI-IX siniflərdə tarixdən ibtidai icma quruluşundan müasir dövrə qədər keçdiyimiz bütün mövzular X-XI siniflərdə bir qədər geniş formada yenidən tədris olunur. Bəzən tarixi rəqəmlər dəyişir. Misal üçün mən orta məktəbdə oxuduğum dövrdə Aquen kilsə məclisinin (Qafqaz Albaniyası xristian ruhanilərinin Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi – red.) 488-ci ildə keçirildiyini öyrənirdik. Sonralar bu hadisənin tarixi, eləcə də III Vaçaqanın hakimiyyət illəri 2-3 dəfə dəyişdirilib.
Orta məktəblərdə Azərbaycan tarixinin tədrisi ilə bağlı başqa bir problem isə dərs saatlarının az olmasıdır.VI sinif şagirdihəftədə 1 dəfə olmaqlayarım il ancaq ibtidai icma quruluşunu öyrənir. Azərbaycan tarixi üçün həftədə 1 saat çox azdır. Digər bir məsələ sinifdə uşaqların sayının çox olmasıdır. Kurikuluma görə sinifdə uşaqların sayı 20 nəfərdən artıq ola bilməz. Hazırda bir çox siniflərdə 37 şagird oxuyur. Rus bölməsində isə bu rəqəm 40-dan da çoxdur. Başqa bir problem orta məktəblərdəki buraxılış imtahanları ilə bağlıdır. Xüsusilə IX sinif şagirdləri buraxılışa düşən Azərbaycan dili, riyaziyyat və xarici dildən başqa heç bir fənni oxumaq istəmirlər. Halbuki əvvəllər IX sinifdə Azərbaycan tarixindən buraxılış imtahanı olurdu. Bu da şagirdlərə Azərbaycan tarixini öyrənməyə əlavə stimul verirdi.
Fuad Babayev: Elçin müəllimin dediklərini ümumiləşdirərək demək olar ki, orta məktəblərdə Azərbaycan tarixinin tədrisindəki əsas problemlər dərsliklər, dərs saatının azlığı, siniflərdə şagird sayının çoxluğu və bu fənnin buraxılış imtahanına düşməməsi ilə bağlıdır. Bəs ali məktəblərdə vəziyyət necədir?

Lalə Əliyeva: Mən tarixin tədrisindən əvvəl, onun tədqiqatından danışmaq istərdim. Elçin müəllim orta məktəb dərsliklərində hadisələrin tarixinin, rəqəmlərin tez-tez dəyişdirilməsini çox düzgün qeyd etdi. Çünki tədqiqata yeni materiallar əlavə olunur, ayrı-ayrı tədqiqatçıların tarixə fərqli yanaşması yeni yazılan dərsliklərdə öz əksini tapır. Misal üçün Ziya Bünyadov yazırdı ki, Cavanşirin hakimiyyəti 638-ci ildə başlayıb. Sonradan bu tarix 640, indi isə 642-ci il götürülür. Cavanşirin vəfatı əvvəllər 670-ci il yazılırdısa, Ziya Bünyadov müəyyən etdi ki, bu tarix 680-ci ilə aiddir. Hazırda isə Cavanşirin 681-ci ildə vəfat etdiyi yazılır. Azərbaycan tarixinin tədqiqatı hələ davam edir. Yaxşı ki sovet dövründə Azərbaycanda elmi əsaslar üzərində qurulan tarix məktəbi yarandı. Amma bu tamamilə kolonial siyasətə xidmət edən tarix idi. Müstəqillik dövründə isə Azərbaycanda tarixi tədqiqatlarda dekolonizasiya prosesi gedir. Yəni tarixə baxış tamamilə dəyişir, tədqiqatlar dərinləşir. Bununla belə Azərbaycan tarixində akademik tarixdən daha çox, populyar tarix, folk-tarix (qeyri-peşəkar tarixçilərin elmiliyə iddia edən yalançı konsepsiya və nəzəriyyələri – red.), ədəbiyyata, bir nəfərin şəxsi fikrinə, emosiyalarına əsaslanan tarix daha çox yazılmağa başladı. Əlbəttə ki, bu sözləri görkəmli tarixçilərimizə aid etmirəm. Amma bizim sosial media platformalarında daha çox folk-tarixə üstünlük verilir.
Fuad Babayev: Onlar tarixi tədqiqat deyil axı.
Lalə Əliyeva: Məsələ ondadır ki, onların fəaliyyəti akademik tarixə təsir göstərir. Folk tarixlə məşğul olanlar bəzən şəxsən məni, akademik tarixi tədqiqatla məşğul olan tarixçiləri hədəfə alırlar, onları az qala vətən xaini çıxarırlar. Bizim belə problemlərimiz var.
Fuad Babayev: Yəni dekolonizasiya adlandırdığınız prosesin bu tərəfi də var.
Lalə Əliyeva: Sovet dövründə tarixə kolonial baxış vardı, amma akademiklik çox yüksək idi. İndi isə müstəqilik, akademiklik aşağı düşüb və populizmə daha çox yer veririk.
Təmkin Məmmədli: Psevdotarix dərsliklərimizə də sirayət edib?
Lalə Əliyeva: Mən hiss edirəm ki, bu dəsrliklərə də ciddi təsir göstərir. Azərbaycan tarixi dərslikləri pafosla doludur.
Fuad Babayev: Ali məktəblərin Azərbaycan tarixi dərsliklərində hansı problemlər var?
Lalə Əliyeva: Biz 2005-ci ildən Bolonya sisteminə qoşulmuşuq. Məsələ ondadır ki, əgər biz Bolonya sisteminə qoşulmuşuqsa, onda misal üçün riyaziyyatçıya Azərbaycan tarixi keçilməməlidir. Bizdə isə istər humanitar, istərsə də təbiət elmləri fakültələrində Azərbaycan tarixi tədris olunur. Biz hələ o səviyyəyə çatmamışıq ki, Azərbaycan tarixinin qeyri–ixtisas fənni kimi tədrisindən imtina edək. Əgər dekolonizasiyadan danışırıqsa, deməli Azərbaycan tarixinin tədrisi milli kimliyimizi yaradan amildir. Dövlətçiliyin əsasında isə milli kimlik dayanır. Dövlətçiliyi qorumaq üçün millət öz milli kimliyini dərk etməlidir.
Təmkin Məmmədli: Sırf tarixçi ixtisasına yiyələnmək istəyən tələbələrlə qeyri-tarix yönümlü ixtisaslarda təhsil alan tələbələrə tədris edilən Azərbaycan tarixi proqramında hansı fərqlər var?

Lalə Əliyeva: Tamamilə fərqlidir. Tarixçilər üçün Azərbaycan tarixini biz 4 semestr ərzində çox dərin keçirik. Sonradan isə Azərbaycan tarixi üzrə tədris ayrı-ayrı ixtisas kusrlarında davam etdirilir. Tədris prosesində tələbələr dərin tədqiqatlara yönəldilir. Qeyri-tarix ixtisaslarında isə Azərbaycan tarixi 1 semestr ərzində keçirilir.
Fuad Babayev: Dərsliklər Sizi qane edirmi?
Lalə Əliyeva: Mənim fikrimcə, ali məktəbdə ümumiyyətlə dərslik olmamalıdır. ABŞ və Avropa universitetlərində heç bir fənnin ayrıca dərsliyi yoxdur. Elmi-tədqiqat işləri və ya monoqrafiyalar dərslikləri əvəz edir. Bizdə dərsliklər var. Amma biz tarixçi ixtisasına yiyələnmək istəyən tələbələrə yerli və xarici alimlərin əsərlərinin ədəbiyyat siyahısını veririk. Bundan başqa ABŞ-da və Avropada Azərbaycan tarixinə aid nəşr edilmiş kitabları ingilis bölməsində təhsil alan tələbələrin sillabuslarına (ali məktəblərdə, gimnaziya və liseylərdə tədris olunan fənlərin, keçilən konkret mövzuların izahını müəyyən şərhlərlə verən xüsusi proqram, dərs planı – red.) əlavə edirik. Bu ədəbiyyatlardan istifadə edən tələbənin müqayisə etmək imkanı yaranır. Bizim dərsliklərlə ABŞ və Avropadakı akademik tədqiqatlar arasında fərqlər bir çox problemlərə yol açır. Misal üçün paytaxtı Təbriz olan Səfəvilər imperiyasını biz haqlı olaraq Azərbaycan dövləti, sülaləni isə Azərbaycan sülaləsi hesab edirik. Dövləti quran xalq qızılbaşlar bizim əcdadlarımızdır. Tələbələrimiz isə xarici tədqiqatlarda, dünya tarixşünaslığında Səfəvilərin İran dövləti kimi təqdim olunduğunu görürlər. Biz magistraturanı xaricdə oxuyacaq bu tələbələri kontrarqumentlərlə silahlandırmağı bacarmalıyıq. Qeyri-tarix fakülətlərində isə bayaq dediyim kimi də Azərbaycan tarixinin tədrisinə hələ ehtiyac var. Mən istəmərəm ki, elm siyasətin əlində alət olsun. Amma 1991-ci ildən bəri Azərbaycan cəmiyyətində müxtəlif diskurslar var, xalq hələ də milli kimlik axtarışındadır. Ona görə də Azərbaycan tarixi gələcəyin bütün ziyalılarına, savadlı şəxslərə mükəmməl şəkildə tədris olunmalıdır. Mən əminəm ki, elə bir gün gələcək ki, orta məktəblərdə Azərbaycan tarixi elə keçiləcək ki, artıq universitetlərin qeyri-tarix fakültələrində onun yenidən tədrisinə ehtiyac olmacaq.
Elçin Əliyev: Ona görə də Azərbaycan tarixi IX sinfin buraxılış imtahanına salınmalıdır, dərs saatlarının sayı artırılmalıdır. Gələcəkdə seçəcəyi ixtisasdan asılı olmayaraq şagirdlərdə Azərbaycan tarixinə maraq oyatmaq lazımdır. Tarixindən, soykökündən bixəbər olan insan heç yerdə öz millətini layiqli təmsil edə bilməz.
Lalə Əliyeva: Milli kimliyə xidmət edən yeganə alət Azərbaycan tarixidir.
Fuad Babayev: Sizin fikrinizcə, orta və ali məktəblərdə Azərbaycan tarixinin tədrisi ilə bağlı problemlər azalır, yoxsa elə olduğu kimi qalır? Tendensiya necədir?
Elçin Əliyev: Sözün düzü mən problemlərin azalmasını hiss etmirəm. Bayaq qeyd etdiyim problemlərə xəritələrin yoxluğunu da əlavə edə bilərəm. Azərbaycan tarixi ilə bağlı müəyyən xəritələr hazırlanıb. Amma Ümumi tarix fənni üçün ümumiyyətlə xəritələr yoxdur.
Fuad Babayev: Sizcə bunun səbəbi nədir?
Elçin Əliyev: Biganəlik.
Lalə Əliyeva: Mənə elə gəlir ki, rəqəmsal vasitələrin geniş tətbiqi xəritələrin çap edilməsinə olan ehtiyacı azalda bilər. Tədrisin rəqəmsallaşması problemi Azərbaycan tarixinin tədrisinə də öz təsirini göstərir. Biz başa düşməliyik ki, rəqəmsallaşmanın, yeni texnologiyaların, süni intellektin tədris prosesinə tətbiqi zamanın tələbədir.

Elçin Əliyev: Dərs saatının azlığı, texniki avadanlığın məhdudluğu və internetin istənilən səviyyədə olmaması rəqəmsal platformalardan arzuolunan səviyyədə istifadə etməyə imkan vermir.
Tədrisdə rəqəmsallaşma prosesi çox ləng edir. Bundan başqa orta məktəblərdə “Ortaq türk tarixi”, “Qarabağ tarixi”, indi isə “Zəfər tarixi” adlı dərs vəsaitləri var.
Təmkin Məmmədli: Bu dərs vəsaitləri fakültətiv məşğələ kimi keçirilir?
Elçin Əliyev: Fakültətiv olsa da bəzi məktəblərdə keçilmir.
Lalə Əliyeva: Mən orta məktəblərdə Qarabağ tarixinin ayrılıqda keçirilməsinin qəti əleyhinəyəm.
Elçin Əliyev: Mən də əleyhinəyəm. Qarabağ tarixinin ayrılıqda keçilməsinin heç bir mənası yoxdur.
Lalə Əliyeva: Azərbaycanın bir hissəsi olan Qarabağ niyə əlahiddə tədris olunmalıdır?
Təmkin Məmmədli: Ortaq türk tarixi və Zəfər tarixində keçilən mövzular qəbul imtahanına düşür?
Elçin Əliyev: Bu dərs vəsaitləri fakültətiv məşğlə kimi nəzərdə tutulduğu üçün onların nə KSQ-si (kiçik summativ qiymətləndirmə – red.), nə də yoxlaması var. Ərazilərimizin işğaldan azad olunma tarixi, onların xəritələri qəbul imtahanına düşür. Amma bu mövzular dərslikdə deyil, fakültətiv məşğələ üçün nəzərdə tutulan Zəfər tarixində olduğu üçün şagirdlər onu oxumurlar.
Fuad Babayev: Söhbətimizin yekun mərhələsində problemlərin həlli ilə bağlı Sizin təkliflərinizi dinləmək istərdik.
Elçin Əliyev: Konkret olaraq dərs saatlarının sayını artırmaq, Azərbaycan tarixi fənnini buraxılış imtahanlarına salmağı təklif edərdim.
Təmkin Məmmədli: Orta məktəbdə Azrərbaycan tarixi fənnindən əla qiymətlər alan şagird xalqımızın etnogenezi haqqında fikir yürütmək qabiliyyətinə malikdir?
Elçin Əliyev: Tarixə hazırlaşanlar arasında geniş dünyagörüşünə malik, savadlı şagirdlərimiz var. Amma əvvəlki illərlə müqayisədə çox azdır.
Təmkin Məmmədli: Sizin fikrinizcə, orta və ali məktəb dərsliklərində Azərbaycan tarixinin hansı dövrünə lazımı diqqət yetirilmir?
Lalə Əliyeva: Ali məktəblərdə elə bir problem yoxdur. Bütün dövrlərin tədrisi proporsional olaraq bölünüb. Amma Azərbaycanın qədim dövrünün tədqiqatında böyük problemlər var. Yəni Azərbaycanın qədim dövrü az tədqiq olunub. Bizim şumer dilini bilən, mixi yazılara oxuyan mütəxəssislərə ehtiyacımız var. Müxtəlif ölü dilləri oxuya bilən peşəkar insanlar hazırlanmalıdır. Yeni nəsil tarixçilər həqiqətən də daha yüksək səviyyəli tədqiqatlar ortaya qoyacaq.

Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 13 iyun 2025-cü ildə baş tutub.