XX əsrin əvvəllərində Bakı şəhəri nəinki Rusiya imperiyasının, hətta bütün dünyanın diqqət mərkəzində idi. Bu diqqət neft istehsalı və ixracı ilə bağlı idi. 1917-ci il Oktyabr çevrilişindən sonra Bakıda qurulan sovet hakimiyyəti daşnak-bolşevik qüvvələrinin əlinə keçmişdi. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı müvəqqəti olaraq Gəncə şəhəri idi. Azərbaycanda ikihakimiyyətlilik hökm sürürdü. Belə mürəkkəb şəraitdə Bakını daşnak-bolşevik qüvvələrindən azad etmək Cümhuriyyətin qarşısında duran ən vacib məsələ idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev deyib. O bildirib ki, Bakı şəhərinin azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərilib. Həmin gün Qafqaz İslam Ordusu Şərq cəbhəsi komandanı Mürsəl Paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru hücum olub. Bu döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, Əlahiddə Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, ordu hissələrinin və Azərbaycan xalqının iradəsinin reallaşdırılması, qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Onların arasında hərbi qüvvələrin gücləndirilməsi, döyüş taktikasına yenidən baxılması, qoşun hissələrində və könüllü dəstələrdə ruh və qələbə əzminin yüksəldilməsi və digər tədbirlər var idi.
Bakıətrafı kəndlərin əhalisi şəhərin azad edilməsinə səfərbər olundu. Bu kəndlərin silah tuta bilən sakinləri Maştağa dəstəsində, digər könüllü dəstələrdə, süvari bölmələrində birləşdilər və Bakının şimal-şərqi boyunca uzanan döyüş xəttində mövqe tutdular.
Şəhərin azad olunması üçün keçirilən həlledici hücum planı Nuru Paşa tərəfindən hazırlanmışdı. Hücuma lazımi hazırlıq işləri başa çatdırıldıqdan sonra Nuru Paşa, Türk ordusu şərq qrupunun komandanı Xəlil Paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski və digər yüksəkrütbəli zabitlər Bakı ətrafına gəldilər. Qafqaz İslam Ordusunun komandanlığının qərargahı Güzdəkdə, 15-ci Türk firqəsinin qərargahı isə Masazırda yerləşdirilmişdi.
Qafqaz İslam Ordusu qüvvələri sentyabrın 14-nə keçən gecə başlanan hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. “Sentrokaspi” və ingilis qüvvələrinin son dərəcə güclü müqavimətinə baxmayaraq, hissə və bölmələrin çevik və sürətli fəaliyyəti, əsgər və zabitlərin, habelə Azərbaycan könüllülərinin mərdlik və əzmkarlıqla döyüşməsi, Nuru Paşanın əməliyyatı məharətlə idarə etməsi, ordunun ehtiyatda saxlanılan alaylarının vaxtında və yerində döyüşə qatılması qarşı tərəfin bütün ümidlərini puça çıxardı. Sentyabrın 14-də Sentrokaspi və ingilis qüvvələrinə ağır zərbə endirildi. Elə həmin günün axşamı ingilis qüvvələri Bakını tərk etdilər. Sentyabrın 15-də döyüşlər o qədər də uzun sürmədi. Bakını nəzarətdə saxlamağa çalışan qüvvələr xarici ölkələrin konsulluqlarının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda şəhəri təhvil verməyə razı olduqlarını bildirdilər. Bununla da, Osmanlı və Azərbaycan hərbi qüvvələrinin Bakının azad olunması üçün apardıqları ikigünlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da qələbə münasibətilə Bakı ətrafında parad keçirildi. Paradda Xəlil Paşa, Nuru Paşa, Əliağa Şıxlınski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Paraddan sonra adları çəkilən şəxslər, hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Bakının azad edilməsi ilə bağlı hökumətin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru Paşaya bildirdi.1918-ci il sentyabrın 17-də hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi.