– Vüsal müəllim, televiziyada aparıcısınız, dublyajda çalışırsınız və filmlərdə çəkilirsiniz. Bunlardan hansı Sizə daha yaxındır?
– Düzü aparıcılığa başlamağımın heç bir ili tamam olmayıb. Dublyajda artıq 12 ildir ki, işləyirəm. Elə yaradıcılığa da sırf dublyajdan başlamışam. Universiteti bitirdikdən və hərbi xidmətdən gəldikdən sonra, Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyətə başlamışam. Amma bununla belə aktyorluq mənim üçün daha yaxındır. Çünki ixtisas etibarilə aktyoram, amma aparıcılığın da özəl tərəfləri var. Verilişin formatından asılı olaraq aparıcıdan da müəyyən mənada aktyorluq tələb olunur. Mənim də verilişim əyləncəli, şou xarakterli olduğundan, aktyorluq karıma gəlir.
AKTYORUN MÜƏYYƏN ÇƏRÇİVƏYƏ SALINMASI AZƏRBAYCAN AKTYORLARININ YARALI YERİDİR
– Geniş oxucu kütləsi Sizi daha çox “Cavid ömrü” filmindən tanıyır. Amma seriallarda da çəkilirsiniz. Həm də “Miras” serialında komik, “Sirr” serialında isə daha dramatik obrazda çəkilmisiniz. Komik rol Sizin üçün daha rahatdır, yoxsa dramatik obraz?
– “Cavid ömrü” çəkildiyim ilk filmdir. Belə bir söz var ki, aktyor üçün amplua olmamalıdır. Aktyorun müəyyən çərçivəyə salınması Azərbaycan aktyorlarının yaralı yeridir. Bir adamı ki, dramatik rolda gördülərsə, onu daim dramatik və ciddi rollara çəkirlər. Amma onu komik rolda da yoxlamalıdırlar. Amma ümumiyyətlə, həyatdakı Vüsal xarakter baxımından “Sirr”dəki Fuada daha yaxındır. Amma komediyanı da çox sevirəm. Düzdür, məişət yox, vəziyyət komediyasını.
– Seriallarımızın səviyyəsi Sizi qane edirmi?
– Serial bir qrup tamaşaçı üçün loru dildə desək, qidadır. Amma sənət baxımından qeyd etsək, serialların səviyyəsi məni qane etmir. Hərçənd bəzi seriallarımız var ki, əgər tamaşaçı baxırsa, reytinqi varsa və böyük ictimai marağa səbəb olursa, deməli, o serialın səviyyəsi var ki, tamaşaçı ona baxır və qəbul edir. Az da olsa hadisə, vəziyyət olan seriallar var. Serialın maraqlı olması rejissordan, aktyorların öz işlərinə münasibətindən asılıdır. Hər halda rejissor savadlı olanda, serial da maraqlı olur.
– Sizcə, bizim filmlərimiz üçün ən böyük problem rejissor, yoxsa ssenarist problemidir?
– Bu gün rejissorlar günahı aktyorların, aktyorlar isə rejissorların üstünə atır.
Aktyor hər halda bizdə var.
– Aktyor olduğum üçün demirəm, amma bu gün həqiqətən də Azərbaycanda gənc, perspektivli gənc aktyorlarımız, elə yaşlı aktyorlarımız da var. Bizim filmlərimizdə böyük ssenari problemi var. Bu yaxınlarda tanınmış rus aktyoru Vladimir Maşkov Poznerin qonağı idi. Poznerin “nə üçün bu gün tamaşaçı rus filmini qəbul eləmir, problem nədədir” sualına cavab olaraq Maşkov dedi ki, ən böyük problem ssenaridir. Bizdə də ssenari problemi var. Amma yenə təkrar edirəm, gənc, 21-ci əsrin tələblərinə cavab verən rejissorlarımız var, yetər ki, onlara bir qədər təkan verilsin. Əlbəttə, maliyyədən də çox şey asılıdır. Yalnız ssenari ilə iş bitmir. Mən yenə də gələcəyə ümidlə baxıram. Çünki Azərbaycan kinosunun tarixi, məktəbi var. Azdan-çoxdan o toxumlar bizdə qalıb.
– Qeyd etdiniz ki, 12 ildir dublyaj sahəsində çalışırsınız. Bizim dublyajların səsləndirilməsindən çox, tərcümədə böyük problem var.
Bəli, tamamilə haqlısınız. Bizdə tərcümədə və redaktədə böyük problemlər var. Bu günkü dublyaj strukturu, sistemi də şəxsən məni qane etmir. Bəzən məndən soruşurlar ki, bir filmi neçə günə dublyaj edirsiniz? Cavab verirəm ki, neçə gün nədir, maksimum 3 saata, 4-5 aktyorla dublyaj edib qurtarırıq.
– Bu əlbəttə ki, tam dublyaj sayılmır.
Sizinlə razıyam, bu tam dublyaj sayılmır. Sinxron dublyaj deyil.
– Dublyaj üçün uyğun səslər seçilməli, arxa plan səsləri müəyyənləşdirilməlidir.
Əlbəttə. Dediyiniz dublyaj həftələrlə, aylarla iş tələb edir.
AKTYOR BİR AZ ASILI PEŞƏDİR
Hollivud istehsalı olan iri film layihələrinin premyerasından ən azı 6-7 ay əvvəl onun treyleri çıxır. Həmin treylerdən maksimum bir gün sonra rus dilində tam dublaj olunmuş treyleri yayımlanır. Filmə ekranlarda baxanda görürəm ki, dublaj olunmuş treylerdə deyilən sözlərlə filmdəki sözlər vurğusuna kimi eynidir. Düz başa düşürəmsə, bu işdə istehsalçı və prokatçı qismində çıxış edən studiyaların özü iştrikar edir. Hətta bəzən rus aktyorların özləri ABŞ-a yollanıb filmin rusca səsləndirilməsində iştirak edirlər.
– Hər şey yenə də gəlib maliyyəyə söykənir. Nə qədər güclü dublyaj texnikasını bilən güclü aktyorlar, gözəl səslər olsa da, biz acizik. Aktyor bir az asılı peşədir. Sizin dediyiniz dublyaja milyonlarla pul ayrılır. Amma sonra milyonlarla da pul götürülür. İndustriya orada düzgün qurulub. Bu gün bizdə görün nə qədər kino-teatrlar tikilib. Artıq digər şəhərlərimizdə, rayonlarımızda da tikilir. Filmlər təbii, tamaşaçının qəbul edəcəyi bir dildə dublyaj olunsa, kinoya maraq artacaq. Hər halda 1990-cı illərlə müqayisədə indi dublyajda böyük irəliləyiş var. Aktyorlar, xüsusilə gənc aktyorlar daha sadə, daha təbii kino dilinə üstünlük verirlər.
– Əksər hallarda dublyajda eyni aktyorların səsini eşidirik.
– Bilirsiniz, bu böyük problemdir. Etiraf edirəm ki, bu gün dublyajda aktyora o qədər az qanorar verirlər ki, artıq gələnlər yoxdur. Yəni əziyyətinə dəymir. Uzaqdan baxana asan görünə bilər, amma dublyaj çox əziyyətli işdir. Hətta gözəl səhnə fəaliyyəti olan xalq artistləri, əməkdar artistlər var ki, dublyajın öhdəsindən gəlmir. Ona görə də 10-15 aktyorun səsi eşidilir. Son 2 il ərzində də telekanallar dublyaja az yer verirlər. Bir neçə telekanalda dublyaj departamenti artıq bağlanıb. Çünki kanallar xarici filmləri çox az efirə verirlər. Mən əlbəttə, özəl kanalları nəzərdə tuturam. Ayrıca film kanalı açılsa, dublyaj da çox olar.
– Bu yaxınlarda kino tədqiqatçısı Aydın Kazımzadə ilə müsahibə götürürdük. Aydın müəllim qeyd etdi ki, rejissor Rövşən İshaxın çəkdiyi serialda yeni aktyorlor görüb və onların oyununu çox bəyənib. Artıq neçə ildir ki, Azərbaycan telekanalları xarici seriallar nümayiş etdirmir. Yerli serialların çəkilməsi yeni aktyorların meydana çıxmalarına şərait yaratdımı? Məsələn, mən komediya seriallarımızda ancaq bir neçə aktyor görürəm.
– Həqiqətən də komediya seriallarında tamaşaçılar eyni üzlər görürlər. Yəqin onların da özlərinə məlum olan bir səbəbləri var. Amma mən də Aydın müəllimlə razıyam ki, Rövşən İshaxın çəkdiyi “Vicdan haqqı” serialı son illərin istər rejissor yozumu, istərəsə də aktyor oyunu baxımından ən çox rezonans doğuranıdır. Reytinq də bunu sübut edir. O ki, qaldı aktyorlara, bəli, yeni simalar seriallarda parlayır. Gənc, hətta tanımadığımız və gənc olmayan aktyorlar var ki, seriallardan biz onları tanıyırıq. Yenə sağ olsunlar ki, onlara özlərini tanıtmaq imkanı yaradırlar.
– Sentyabr ayında yeni teatr sezonu başlayır. Bütün yaradıcı adamlar sanki yenidən fəaliyyətə başlayır. Yeni sezonla bağlı planlarınız necədir?
Təəssüf ki, teatrda fəaliyyət göstərmirəm. Yalnız müəllimim Azər Paşa Nemətin dəvəti ilə Akademik Milli Dram Teatrında bir tamaşada oynamışam – Şekspirin “On ikinci gecə” komediyasında. Başqa fəaliyyətim olmayıb. İsrafil İsrafilov Azdramada işləyəndə dəvət etmişdi, amma ehtiyat etdim, dublyajlarım çox idi, çəkilişlərim vardı. Necə uzlaşdıracağımı müəyyənləşdirə bilmədim. Amma çox istəyirəm teatrda oynamağı. Teatr, tamaşaçılarla canlı ünsiyyət meydanı, tam fərqli bir sahədir. Aktyor teatrda qazanır, kinoda xərcləyir. Filmlərə isə hələlik bir təklif yoxdur. Olsa, əlbəttə ki, dəyərləndirməyə hazıram.
Dadaş Musayev
1905.az