Beynəlxalq münasibətlər üzrə gənc ekspert, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayevin məşhur “The Times of Israel” qəzetində fransız dilində Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində dərc olunmuş məqalədə azərbaycanlıların və yəhudilərin yaşadıqları və bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı və Holokost faciələrinin müqayisəli şəkildə öyrənilməsi zamanı hər iki xalqın yaşadıqları oxşar məqamlardan bəhs edilir.
Bir xalqın necə eyni metodlarla məhvinə onun milli ruhunu, ümidini, mədəniyyətini məhv etməklə nail olunduğuna diqqəti cəlb edən müəllif Azərbaycanın və İsrailin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səylərin artırılmasının önəmi qeyd edilir.
Beynəlxalq hüquqi leksikona ABŞ-da mühacirət həyatı yaşayan polşalı yəhudi Rafail Lemkinin təklifi ilə daxil olan “genocide” (soyqırımı) terminində xalqların öz etnik mənsubiyyətlərinə görə proqramlı, niyyətli və fiziki şəkildə sistematik məhvə məruz qalmasının qeyd edildiyini bildirən müəllif yazır ki, yəhudilərin və azərbaycanlıların məhz etnik mənsubiyyətlərinə görə etnik təmizləmə və amansızlığa məruz qalması təkzibolunmaz faktdır. Faşistlər Holokost faciəsi zamanı yəhudiləri bütün Avropa qitəsində, ermənilər isə Xocalı faciəsi zamanı günahsız azərbaycanlıları Dağlıq Qarabağda kütləvi şəkildə məhv etməyi planlaşdırmışlar.
Müəllif İsrail Prezidenti Reuven Rivlinin yanvarın 27-də BMT Baş Assambleyasında Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd etdiyini xatırladır. Məqalədə, həmçinin İsrailin “i24news” televiziya kanalına Xocalı soyqırımı ilə bağlı verdiyi müsahibədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun beynəlxalq ictimaiyyət qarşısında nümayiş etdirdiyi ədalətli mövqeyə görə İsrail Prezidenti Reuven Rivlinə minnətdarlıq etdiyi qeyd olunur.
Müəllif Yerusəlim şəhərində Yad Haşem adına Holokost tarixi muzeyində azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin İsrail və Azərbaycan xalqlarının oxşar tarixi keçmişinin olması baxımından simvolik olduğunu qeyd edir. Məqalədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın “İsrail və Azərbaycanın geosiyasi vəziyyəti olduqca oxşardır” fikri də yer alır.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamların xronologiyasının tarixi keçmişini xatırladan müəllif hələ XX əsrin əvvəllərindən “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq ideoloji illüziyasından ruhlanan daşnak və bolşevik ermənilərinin Bakıdan başlamaqla Naxçıvan, Şamaxı, Zəngəzur, eləcə də hazırkı Ermənistanın rayon və kəndlərində yaşayan azərbaycanlıları kütləvi şəkildə qırdıqlarını qeyd edir.
Ermənistanın Cənubi Qafqazda yeganə monoetnik və rasist millətə sahib olduğunu vurğulayan Səid Musayev 2007-ci ildə Quba kütləvi məzarlığının aşkar olunması zamanı 1918-ci ilin martında ermənilərin Azərbaycan ərazisində törətdikləri kütləvi qətliamlar zamanı insanların xüsusi amansızlıqla qətl edilərək 2,5-5 metr dərinlikdə basdırıldığının məlum olduğunu diqqətə çatdırır. Tarixən Azərbaycanda heç bir etnik, sosial və dini qarşıdurmaya məruz qalmayaraq birgə yaşayan yəhudi icmasının nümayəndələrinin də erməni vəhşiliyinin qurbanı olduğu, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyi oxucuların diqqətinə çatdırılır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində iştirakı, həmin ilin oktyabr ayında Aşağı Normandiya əyalətinin senatoru Natali Qulenin rəhbərliyi ilə Fransa Senatından olan nümayəndə heyətinin kompleksi ziyarət etməsi barədə məlumat verilir.
Xocalı soyqırımından bəhs edən müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyini diqqətə çatdırır. İnsan hüquqlarının müdafiəsi sahəsində dünyanın məşhur “Human Rights Watch” təşkilatının Xocalıda törədilmiş cinayət aktı ilə bağlı 1992-ci ildə açıqladığı hesabata yer verilən məqalədə bildirilir ki, fevralın 26-da mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmək üçün ermənilər tərəfindən nəzarət olunan ərazidən keçməli idilər. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 613-ü amansızlıqla qətlə yetirildi. Hesabatda qətliam zamanı müdafiəsiz körpə uşaqların, qocaların, qadınların hətta yandırıldığı barədə faktların öz əksini tapması məqalədə qeyd olunur.
Xocalı soyqırımının Ermənistan tərəfindən yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş insanlıq dramının kulminasiya nöqtəsi olduğunu qeyd edən müəllif Dağlıq Qarabağda və ətraf 7 rayonda günahsız insanların necə xüsusi amansızlıqla etnik təmizlənməyə məruz qaldığını və münaqişə zonasında günahsız insanlara humanitar dəhlizə sərbəst çıxış imkanı yaradılmadan onların sistematik şəkildə məhv edildiyini vurğulayır.
Xocalını bir ananın fəryadı, onun qəmi, kədəri, göz yaşlarına bənzədən müəllif Azərbaycan xalqının Xocalı faciəsinin bu il 23-cü ildönümünü qeyd etdiyini bildirir. Bu faciənin törədilməsində birbaşa iştirak etmiş hazırkı Ermənistan prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və digərlərinin beynəlxalq məhkəmə qarşısında cəzalandırılmadıqları bildirilən yazıda tarixdə bu kimi soyqırımı cinayətlərinə qarşı dövlətlərin beynəlxalq hüquq və ədalət naminə birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb. Bu mənada fevralın 26-da İsrailin Akko şəhərində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım tədbirinin keçirildiyi, tədbirdə iştirak edən İsrailin Baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Libermanın çıxışı zamanı Holokost və Xocalı soyqırımlarının bəşəriyyət tarixində unudulmayan faciələrdən olduğunu, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün İsrail və Azərbaycan təcrübələrinin birləşdirilməsinin vacibliyini qeyd etməsi məqalədə diqqətə çatdırılır.