Həmsöhbətimiz tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadədir.
– Tofiq müəllim, “Qarabağ xanlığı” monoqrafiyasının müəllifisiniz. Tarixi mənbələrdə Qarabağ adına ilk dəfə nə vaxt təsadüf edilib?
– Mənbələrdə Qarabağ adına ilk dəfə XII əsrdə Rəşidəddinin əsərində rast gəlinir. Türk dilində “Qarabağ” sözü “böyük bağ” mənasını verirdi. Daha əvvəlki dövrlərdə bu ərazini əsasən Arsak və ya Ağvan adlandırırlar. Ermənilər indi bu əraziyə Arsax deyirlər. Amma əslində “Arsax” – “Ərsak” sözündəndir, “sakların ölkəsi” mənasını bildirir. Dağlıq hissə Arsak, düzən hissə isə Arran adlandırılırdı. Qarabağ sözü isə yalnız XII əsrdən işlənməyə başlanıb.
– Qarabağ xanlığı yaranan dövrdə bu ərazidə ermənilər yaşayırdımı?
– Qarabağ xanlığı yaranan dövrdə bu ərazidə ermənilər deyil, erməniləşməyə, qriqorianlaşmağa məruz qalan albanlar yaşayırdı. Bildiyiniz kimi, albanların bir hissəsi hələ IV əsrdə, knyaz Urnayrın dövründə xristianlığı qəbul etmişdilər. Sonradan ərəblər bu əraziləri işğal edən zaman burada islam dinini yaymağa başladılar. Amma Qarabağın dağlıq hissəsində xristianlıq çox möhkəm idi. Alban xristianları ilə erməni xristianları arasında böyük fərq var idi. Albanlar diofizit xristianlar, ermənilər isə monofizit, qriqorian xristianlar idilər. Ərəb xilafəti Bizansla uzun illər boyu qanlı müharibələr aparırdı. Erməni qriqorian kilsəsinin başçısı İliya albanları xəlifəyə çuğullamışdı ki, albanlar özləri kimi diafizit olan din qardaşları bizanslılara yardım edirlər. Ona inanan xəlifə isə albanların diafizitlikdən əl çəkib qriqorian olmaları haqqında fərman verdi. Bununla da albanların qriqorianlaşması başlandı. Amma qriqorianlaşma hələ erməniləşmə demək deyildi. Onları sadəcə olaraq təriqətlərini dəyişməyə məcbur edirdilər. Daha sonra erməni keşişləri gəlib alban kitablarını özləri ilə apardılar və onların üzərində düzəlişlər etməklə, bildikləri tərzdə erməni dilinə tərcümə etdilər. Bununla da alban ədəbiyyatının erməniləşməsinə start verildi. Lakin bununla belə xalq əvvəlki kimi öz dilində danışırdı. XVIII əsrin birinci yarısında da Dağlıq Qarabağda yaşayan albanlar özlərini birmənalı olaraq alban adlandırırdılar. Amma müsəlman-erməni qarşıdurması zamanı onlar da ermənilərin tərəfini tuturdular. Öz aralarında isə erməniliyi qəbul etmək istəmirdilər. Qarabağ məliklərinin 1723-1724-cü illərdə Pyotra yazdıqları məktublar arxivlərdədir və ermənilər də onların bəzilərini çap ediblər. Onlar bu məktublarında yazırdılar ki, aqvandırlar və arşaki çarlarının nəslindəndirlər. Gördüyünüz kimi, burada da erməni sözünü işlətmirlər. Pənahəli xan Qarabağ xanlığını yaradandan sonra da həmin məlikliklər özlərini alban, aqvan kimi təqdim edirdilər, lakin ruslar onları erməni kimi tanıyırdılar. Erməni katolikosu da onların kilsəsini erməni kilsəsinə tabe etdirmək istəyirdi. Lakin hələ 1836-cı ilə kimi mərkəzi Gəncəsarda olan alban kilsəsi müstəqil idi. Ruslar alban kilsəsini tamamilə ləğv edərək, onu erməni kilsəsinə tabe etdirdilər. Bundan sonra albanlar artıq sayları süni surətdə çoxaldılmış ermənilərin içərisində əriyib, itdilər. Lakin yenə də albanların bəziləri erməniləşmə ilə barışmadılar və islam dinini qəbul etdilər. Bunlara misal olaraq Məlik-Yeqanov soyadlı adamları göstərmək olar.
– Qarabağ məliklikləri Qarabağ xanlığının ictimai-siyasi həyatında iştirak edirdilərmi?
– İştirak edirdilər, lakin elə bir xüsusi çəkiləri yox idi. Nadir şahın ölümündən sonra hər kəs müstəqil olmağa can atdığından, ilk dövrlərdə yarımmüstəqilliyi dadmış Qarabağ məliklikləri də tabe olmaq istəmirdilər. 1736-cı ildə Nadirin Muğanda şah seçkisi zamanı Qarabağ bəylərbəyi olan Ziyadoğlu Uğurlu xan ona qarşı çıxmışdı. Çox böyük bir tayfanı təmsil etdiyindən Uğurlu xanı Nadir şah edam və həbs etdirmədi, amma gücünü azaltmaq məqsədilə Qazax və Borçalını ondan alıb, idarəçiliyini Kartli çarlığına vermişdi. Buna görə Nadir şahı xain adlandırmaq olmaz, çünki Kartli və Kaxeti də o zaman onun dövlətinin bir hissəsi idi. Qarabağ məlikliklərini də Qarabağ bəylərbəyliyinə deyil, dörd Azərbaycan bəylərbəyliyi əsasında yaratdığı və qardaşı İbrahim xana həvalə etdiyi ümumi Azərbaycan vilayətinin valisinə tabe etdirdi. Məliklər birbaşa İbrahim xana tabe idilər. 1747-ci ildə Nadir öldürüldükdən sonra, onlar da fürsəti dəyərləndirib tam müstəqil olmaq istəyirdilər. Lakin Pənahəli xan onların separatçı hərəkətlərinə imkan vermədi və tabe etdirdi. Bəziləri bu tabeçiliyi hətta könüllü qəbul etmişdi. Məsələn, Vərəndə məliyi Şahnəzər Pənahəli xanın hakimiyyətini könüllü qəbul etdi. Hətta Şuşa qalası (Pənahabad) Vərəndə məlikliyinin ərazisində yerləşirdi. Bu yeri o, özü göstərmişdi və Pənahabad qalası da elə oradaca salındı. Deyilənə görə, əvvəllər də orada şəhər olmuşdu, lakin monqollar onu dağıtmışdılar. Digər məlikliklər əvvəlcə tabe olmaq istəməmişdi, lakin sonradan tabe oldular. Düzdür, bəziləri hətta sonradan xəyanət də etdilər və çar II İraklinin yanına qaçdılar. Lakin ümumiyyətlə, onların elə də böyük siyasi çəkiləri yox idi. Çünki müəyyən təsirə və siyasi çəkiyə malik olsaydılar, 1805-ci il mayın 14-də (müasir tarixlə mayın 26-da) Qafqazdakı rus qoşunlarının komandanı P.Sisianovla Qarabağ xanı İbrahimxəlil xan arasında imzalanan 11 maddədən ibarət Kürəkçay müqaviləsinə onlar da imza atardılar. Müqavilə İbrahimxəlil xanla Rusiya hökuməti arasında bağlanıb. İbrahimxəlil xan həmin müqavilə ilə Rusiya himayəsinə keçir, müstəqil xarici siyasət yürütmür, Rusiyanın dostu ilə dost, düşməni ilə düşmən olurdu. Rusiya isə əvəzində xanlığın bütövlüyünü qoruyur, İbrahimxəlil xanın və onun varislərinin hakimiyyətini tanıyırdı. Düzdür, sonradan çarizm özünün imzaladığı bu müqaviləni kənara atdı, lakin fakt-faktlığında qalır. Qarabağ məlikliklərinin heç bir siyasi çəkisi yox idi. Bunlar yalnız irsi feodal hakimlər idi. Nə öz pulları, nə orduları, nə də konkret sərhədləri yox idi. Özündən yuxarıdakına vergi verir və onun göstərişlərini yerinə yetirirdilər.
– Mayor Lisaneviç Qarabağ xanı İbrahimxəlil xanı və onun ailə üzvlərini qətlə yetirdikdən sonra, Qarabağda rus himayəsindən çıxmaq səsləri eşidilməyə başlamadı ki?
– Qarabağda Rusiya hakimiyyəti qəbul etməyin heç də hamı tərəfdarı deyildi. Hətta İbrahimxəlil xanın ailəsi daxilində də bir ixtilaf yaranmışdı. Bəylərin bir çoxu və İbrahimxəlil xanın Fətəli şahın xidmətində olan oğlu Əbülfət ağa Rusiya himayəsini qəbul etməyin əleyhinə idi. Xanın böyük oğlu Məhəmmədhəsən ağa isə Rusiya ilə yaxınlaşmağın tərəfdarı idi. Elə onun səyləri ilə də bu yaxınlaşma baş tutdu. Düzdür, o özü İbrahimxəlil xanın sağlığında xəstəlikdən vəfat etdi. Əbülfət ağa isə atasının sağlığında da, ölümündən sonra da dəfələrlə hücum edərək, rusları Qarabağdan çıxarmağa çalışırdı. Müəyyən fəal qüvvələr də Əbülfət ağanın yanında idi. Mehdiqulu ağa isə atası öldürüləndən sonra da fəaliyyətsiz qalmışdı. Hətta bəlkə ürəyində sevinirdi ki, atasının ölümündən sonra hakimiyyət onun əlinə keçəcək.
– Siz Qarabağ və Quba xanlıqları barəsində kitabların müəllifi, İrəvan xanlığı haqqında kitabın həmmüəllifisiniz. Bu xanlıqların əraziləri onlara rəhbərlik edən şəxslərin nüfuz dairələrini yaya biləcəkləri ərazi idi, yoxsa hansısa tarixi sərhədlərə əsaslanırdı?
– Xanlıqların çoxu keçmiş feodal mülkləri idi. Vaxtilə Səfəvi dövləti mərkəzləşmə keçirirdi. Lakin onu tam həyata keçirə bilmədi. Müəyyən feodalların qoşunları var idi və onlar şahın apardığı müharibələrdə öz qoşunları ilə iştirak edirdilər. Bunlar bir növ gələcək müstəqil dövlətlərin rüşeymləri idi. Onlar vergi immunitetinə malik idilər. Məsələn, bunlardan biri Şimali Azərbaycandakı Quba idi. Onun başçısı hələ XVII əsrin 70-ci illərində xanlıq titulu almışdı. Qarabağda da Ziyadoğlular var idi. Düzdür, Nadir şah onları zəiflətdiyindən, böyük xanlıq yarada bilmədilər. Yalnız Gəncə və onun ətrafını birləşdirən Gəncə xanlığını yaratmışdılar. Bunların içərisində keçmişdən irsi hakimiyyəti olmayan Qarabağ xanları idi. Düzdür, onlar da feodal idi, müəyyən hüquqları vardı. İbrahiməlil xanın atası Pənahəli ağa və onun qardaşı Fəzləli bəy Nadir şahın yanında qulluq etmişdilər. Sonradan Pənahəli ağa Nadirin yanından qaçmışdı. Hətta Hülaku xanın oğlu tərəfindən bu mülklərin onun ulu babasına verilməsi haqqında əllərində qəbalə olduğu deyilir. Düzdür, bu qəbalə dövrümüzədək gəlib çatmayıb.
– Azərbaycan ərazisinə ermənilər daha çox yay aylarında, əhalinin yaylaqda olduğu dövrdə köçürülüb. Əhali geri qayıdanda otlaqlarının, əkin yerlərinin ələ keçirilməsini görəndə, müqavimət göstərməyiblərmi?
– O zaman əhalini inandırırdılar ki, guya erməniləri həmin ərazilərdə müvəqqəti yerləşdiriblər. Həm də əhalinin Rusiya dövlətinə gücü də çatmırdı. 1828-ci ildən sonra Rusiya bu ərazidə çox möhkəmlənmişdi. İran və Türkiyə ilə iki müharibədən qalib çıxmışdı. Həm də burada yerli əhalinin mütəşəkkil qüvvəsi yox idi. Daha öncə xanlar birləşsəydilər, mütəşəkkil müqavimət göstərmək olardı. Düzdür, gizli və açıq şəkildə müqavimət həmişə göstərilirdi. 1830-cu ildə Şəkidə, 1831-ci ildə Lənkəranda üsyanlar oldu, amma birləşdirici qüvvə yox idi.
– Minnətdaram.
Gündüz Nəsibov
1905.az
29 yanvar 2015-ci il