Həmsöhbətimiz tarix üzrə elmlər doktoru, dosent Tofiq Nəcəflidir.
– Tofiq müəllim, Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında tədqiqatların və monoqrafiyanın müəllifisiniz. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin Azərbaycan tarixindəki yeri və rolunu necə dəyərləndirirsiniz?
– Xalqımızın formalaşmasında iştirak edən Qartaqoyunlu və Ağqoyunlu tayfalarının Azərbaycan tarixində böyük rolu vardır. 15-ci əsrin əvvəllərində Azərbaycan torpaqlarının yadellilərdən azad edilməsi, qədim Oğuz ənənələrinə söykənən dövlətçiliyimizin bərpa olunması bilavasitə Qaraqoyunlu Qara Yusifin adı ilə bağlıdır. Qeyd etməliyəm ki, yadellilərlə mübarizə tarixi heç də asan keçməyib. Çünki 14-cü əsrin sonlarında Teymurun yürüşləri dövründə Sultan Əhməd Cəlairi və onun müttəfiqi olan Qara Yusif Azərbaycanın qərb bölgəsindən sıxışdırılaraq Bağdada çəkilmiş, bir müddət hətta Osmanlı sultanına sığınmışlar. 1405-ci ilin yanvarında Dəməşq zindanından azad olan Qara Yusif Əmir Teymurun ölümü ilə bağlı yaranmış əlverişli vəziyyətdən istifadə edərək onun Azərbaycandakı varislərinə qarşı mübarizə başladı. O, 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci il aprelin 21-də Təbriz yaxınlığında Sərdrud düzündə Teymuri Əbubəkr üzərində qələbə qazandı. Qara Yusifin teymurilər üzərindəki qələbəsindən sonra Azərbaycanın cənub torpaqlarında teymurilərin hakimiyyətinə son qoyuldu və real hakimiyyət qaraqoyunluların əlinə keçdi. Qara Yusif Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyduqdan sonra öz hakimiyyətini möhkəmləndirmək üçün mühüm tədbirlər gördü. Qaynaqlardan da görünür ki, Qara Yusifin ata-babaları hakimiyyətdə olmuş sülalədən olmadığı üçün o, hakimiyyətə rəsmi olaraq 1403-cü ildə Dəməşqdə zindanda olarkən doğulan oğlu Pir Budağı çıxarmışdı. Pir Budaq Qara Yusifin zindan dostu və bacısının əri Sultan Əhməd tərəfindən oğulluğa götürülmüşdü. Bununla da o, sülalənin hakimiyyətə keçməsini qanuni əsaslara bağlamağa çalışmışdı. 1408-ci ildə Qara Yusif Əbubəkri ikinci dəfə Təbriz yaxınlığında məğlub etdikdən sonra oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbərdar etmişdir. O, bu xəbəri müsbət qarşılamış və Pir Budaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdir. 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşdə Qara Yusif yaxın qohumu və keçmiş müttəfiqi Sultan Əhməd Cəlairi üzərində qələbə çalmaqla Qaraqoyunlu sülaləsinin Azərbaycandakı hakimiyyətini rəsmiləşdirilmiş oldu. Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranmışdı. Dövlətin təşəkkülündə əsasən Azərbaycanda məskunlaşmış Qaraqoyunlu tayfa birliyinə daxil olan tayfalar iştirak etmişdilər. Azərbaycan Qaraqoyunlu dövləti 1468-ci ilin payızına kimi fəaliyyət göstərmiş və onu Azərbaycan Ağqoyunlu dövləti əvəz etmişdir. Qara Yusifin və varislərinin Azərbaycan tarixində böyük yeri var. Dövrün qaynaqları Qara Yusifin əxlaq və din barəsində bilikli bir şəxsiyyət olduğunu göstərir. Tanınmış tədqiqatçıların Qara Yusifin Quranı türkcə rəvan oxutması barədə verdiyi məlumatlar göstərir ki, hələ Həsən Padşahdan əlli il öncə Qara Yusif belə bir təşəbbüsdə olmuşdur. Qaraqoyunluların Teymurilərlə mübarizəsi dövründə hürufilik Azərbaycanda geniş yayılıb. O dövr hürufi şairlərindən Əbül-Ülanın şeirlərində Qara Yusifin Quranı türk dilində oxutdurması bildirilir. Hürufi mənbələrində bu təriqətin müttəfiqi kimi mədh olunan Qaraqoyunlu Qara Yusifin hürufiliyə bağlılığı yalnız onun siyasi və hərbi fəaliyyətində deyil, Quranı tərcümə etdirməsində də özünü göstərir. Qara Yusif Əliyul-Əlanın “Kürsinamə”sində hərbi uğurları ilə yanaşı, hürufi təliminə uyğun olaraq, Quranı türkcəyə çevirməsinə görə də öyülür: Vəfalı Yusif, uğurlu şah / Quranı türkcədə axıcı bir dillə oxudu. Qaraqoyunlular dövlətinin ən mühtəşəm dövrü sözsüz ki, Cahanşahın hakimiyyət illəridir (1438-1467). O, 1447-ci ildə Şahruxun ölümü ilə Teymurilərin asılılığından tamamilə qurtulur. 1458-ci ildə Heratı tutmaqla Qaraqoyunlular Xorasanın böyük bir hissəsini ələ keçirirlər. Bir sözlə, 15-ci əsr Azərbaycanının beynəlxalq əlaqələrinin inkişaf etməsi, qonşu dövlətlərlə, eləcə də Avropa ölkələri ilə diplomatik əlaqələrin qurulması bu dövlətlərin fəaliyyəti ilə əlaqədardır. Həmin dövrdə Ön Asiyada ən güclü süvari ordusu Qara Yusifin idi. Azərbaycan atlarının şöhrəti Azərbaycandan kənara da yayılmışdı. Buna görə də, həmin dövrdə Çin imperatorunun Azərbaycan atlarının alınması ilə bağlı sifarişi var idi. Bu da göstərir ki, həmin dövrdə Yaxın və Şərq ölkələri ilə iqtisadi əlaqələr qurulmuşdur. Ağqoynlu Həsən padşah dövründə isə Avropa ölkələri ilə iqtisadi və siyasi əlaqələr daha da genişlənmişdi. 1473-cü ildə Həsən Padşah dövrünün ən təkmil “Qanunnamə”sini hazırlatmışdır. 16-cı əsrin ortalarınadək bu “Qanunnamə” həm Səfəvi, həm də Osmanlı dövləti tərəfindən işlənilirdi. Həsən padşahın «Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. Onların saraylarına dövrün tanınmış alim və sənətkarları cəlb olunmuş və himayə edilmişdi. Həsən padşahın təkcə saray kitabxanasında çalışanların sayı 58 nəfər idi. Həsən padşahın 98 nəfərlik sazəndə dəstəsi vardı və onlardan həm mühüm döyüşlərə yollananda, həm də zəfərlə qayıdanda istifadə edilirdi. O dövrdə Azərbaycanı indi də dünyada tanıtdıran multikultural ənənələr və tolerantlıq da özünü göstərirdi. Belə olmasaydı, sünni təriqətinə mənsub Həsən padşah şiə təriqətli Səfəvi şeyxi Cüneydi qəbul etməz və bacısı Xədicə bəyimin onunla evlənməsinə razılıq verməsdi. Bu barışdırıcı mövqe qarşıdurmanın qabağının alınmasına xidmət edirdi. 15-ci əsr Azərbaycan ərazisində sufi təriqətlərinin ən geniş yayıldığı dövrdür. Şübhəsiz ki, buna şərait yaradan Həsən padşah və onun varisi Sultan Yaqub olmuşdur. Həsən padşahın göstərişi ilə dövlətin ərazisində 4 mindən artıq sufi təkkələrinin tikilməsi və bərpa edilməsi fikrimizi bir daha təsdiq edir. Onun qardaşı Üveys o dövrdə Qarabağda fəaliyyət göstərən dövrünün tanınmış şeyxi Ömər Rövşəninin əsas müridlərindən biri olmuşdu.
– Bəzi tarixçilər iddia edirlər ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət adı ola bilməz. Bunlar əslində Baharlu və Bayandurlu dövlətləridir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
– Bizim 5 min illik dövlətçilik tariximizdə ayrı-ayrı dövrlərdə müxtəlif Azərbaycan sülalələrinin yaratdığı dövlətlərimiz mövcud olmuşdur. Həmin sülalələr dəyişsə də, dövlətçilik ənənələrimiz qorunub saxlanmışdır. Bu sülalələrdən biri də Qaraqoyunlu və Ağqoyunlulardır. Onlar Oğuz boylarındandır. Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani “Kitabi-Diyarbəkriyyə” adlı əsərində verir. Müəllif “Həsən padşahın ulu babası Ağqoyunlu bəyliyinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-bir adlarını saymaqla, Bayandur xan vasitəsilə 52-ci arxa dönənindən Oğuz xana çıxararaq Ağqoyunluların Oğuz, yəni türkman elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir. Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Qaraqoyunluların Yivə boyundan olduğunu təsdiq edən faktlar vardır. Tarixşünaslığımızda bəzən Qaraqoyunluları Baharlı sülaləsi kimi təqdim etməyə cəhdlər göstərilir. Ancaq bunu dövrün heç bir qaynağı təsdiq etmir. Baharlı tayfası Qaraqoyunlu tayfa ittifaqına daxil olan 13 tayfadan biridir. Maraqlıdır ki, 15 və 16-cı əsr qaynaqlarında Qara Yusifin Barani nəslindən olduğu göstərilir. Baranilər Təbərinin əsərində adı keçən Oğuz tayfalarından biridir. 11 və 12-ci əsrlərdə Baranilər Azərbaycanda, Şərqi Anadolunun böyük bir hissəsinə yayılıblar. Hətta Suriyayadək gedib çıxıblar. Ona görə də ərəb mənbələrində onlar haqında müfəssəl məlumatlar vardır.
– Barani sözünün mənası nədir?
– “Baran” qədim türklərdə qoç, qüvvət mənasını verirdi. Tatarlarda, başqırdlarda, Şərqi Anadoluda bu söz indi də həmin mənanı verir. 15-ci əsr mənbələrində də Qara Yusif Barani, Cahanşah Barani kimi tanınır. Babur şahın xatirələrində (16-cı əsr) Cahanşah Barani kimi təqdim olunur. İndiki Ermənistan ərazisində Barana (Noyamberyan) şəhəri var. 1408-1410-cu illərdə burada pul zərb olunub. Azərbaycanın şimallı cənublu bütün ərazisində bu ada indi də rast gəlmək olar. Goranboyda Baranbet dağı, Təbriz-Üskü baş yolunun 2 km-də Baranlu kəndi vardır. Bunlar təsdiq edir ki, belə bir tayfa olub ki, onun adı indi də yaşayır. Baranilər mənşəcə Oğuz tayfalarından olmuş və X əsrin II yarısında bu sülalədən olan Əli xan Yenikənd oğuzlarının başına keçmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən – «Barani»lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar haqqında məlumat vermişdir. Yaqut Həməvi Buxaradan 5 fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir. Ə.Ə.Dehxuda «Lüğətnamə»sində «Barani»ni qədim türk tayfası kimi təqdim edir. «Bürhan-e qati» lüğətində də «Barani» qədim türkman qəbiləsi kimi qeyd edilir. Qaraqoyunluların Oğuz boylarından olduğunu sübut edən bir fakt da var. 1449-cu ildə Osmanlı sultanı II Murad Mövlanə Şükrullahı Cahanşahın yanına elçi kimi göndərmişdi. O, özünün “Behcət-üt təvarix” adlı əsərində yazır: “Söhbət əsnasında Cahanşah bildirdi ki, sultan Murad axirət qardaşımdır və qohumumdur. Cahanşah tarixi oxuyan Mövlana İsmayılı çağırtdırdı və Oğuz tarixini də gətirtdi. Mövlana İsmayıl gəldi və uyğur yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır”. Bu faktlar, qaraqoyunluların Oğuz boylarından olduğu bir daha təsdiq edir. Eyni prosesi biz Ağqoyunluların əsas boyu olan Bayandur boyu ilə bağlı da görürük. Həsən padşahın rəsmi məktublarına, imzalanan fərmanlarına, hətta bayrağları üzərinə Bayandur boyunun tamğasının vurulması bir daha təsdiq edir ki, onlar Oğuzların Bayandur boyundan olmuşdur. Həsən padşahın vaxtı ilə Kiprə, Rodosa göndərdiyi, lakin Osmanlılar tərəfindən ələ keçirilən və hazlrda Topqapı Saray Muzeyinin arxivində saxlanan məktublarının üzərində də Bayandur boyunun tamğası vurulub və içərisində Sultan Həsən Bahadur ifadəsi yazılıb.
– Bu dövlətlərin bayraqlarında qara qoç və ağ qoç təsvirinin yer alması da mübahisə doğuran məsələlərdəndir.
– Həqiqətən bu dövlətlərin bayraqları ilə bağlı məsələ də uzun müddət tarixşünaslığımızda mübahisə mövzusu olmuşdur. Döyüş vasitəsi və qələbə nişanəsi olan bayraqlar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi-hərbi fəaliyyətində önəmli yer tutmuşdur. Ağqoyunluların Topqapı Saray muzeyində saxlanılan, Həsən padşaha aid olan ağ bayrağının üzərində qoyun rəsminin olmadığı aydın görünür. Həmin bayrağın üzərinə içərisində “Sultan Həsən Bahadur” sözləri yazılmış Bayandur böyunun tamğası vurulub. Qaraqoyunluların isə dövrümüzədək bayrağı gəlib çatmadığı üçün qəti fikir söyləmək xeyli çətindir. Həsən bəy Rumlu yazır ki, türkmanlar döyüşə gedərkən rəngli bayraqlardan istifadə edirdilər. Rəngarəng bayraqların parlaqlığından ətraf ərazi gül və lalə bağçasına dönmüşdü. Maraqlıdır ki, Topqapı Sarayında xəzinə kitabxanasında 2756 nömrədə saxlanılan və 1428-ci ildə ispan J.Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdır. Bu da onunla bağlıdır ki, Qaraqoyunlular Azərbaycanda Cəlairlər sülaləsini əvəz etdiklərindən bir növ varislik ənənələrinə sadiq qalmışdılar. Çünki Cəlairilərin bayrağında da biz bu rəngləri görürük. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin bayraqlarında ağ və qara qoç təsviri olması dövrün qaynaqlarında təsdiqini tapmır. Bəs bu bayraqdakı qoç təsvirinin olması məsələsi haradan qaynaqlanır? Bu fikri Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun (qoç-T.H.N.) rəsminə görə Qaraqoyunlu adlanmışlar. Bayraqlarında qara qoyun rəsmi olduğu üçün Qaraqoyunların bu adı almasına aid Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovət tarixşünaslığında uzun illər qəbul olunmuşdur Lakin onların fıkri ilə razılaşmaq çətindir. Çünki tayfa və sülalənin öz adını bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə çıxır ki, tayfa öncə bayrağını, sonra isə adını seçmişdir. Əslində, əksinə olmalıdır. Hər bir tayfa öz adını rəsmi bayraqlarında, hökmdarın möhüründə, rəsmi məktublarında bu və ya digər formada yaşatmışdır. Maraqlıdır ki, Rəşidəddinin “Oğuznamə”sində qaraqoyunluların mənsub olduğu Oğuzların Yivə boyunun tamğası qoç buynuzunu xatırladır. Qaraqoyunlular indiki Azərbaycanın Qərb bölgəsində, Qarabağda, Şərqi Anadolunun şimalında, Ağqoyunlular isə cənubunda məskunlaşmışdılar. Ağqoyunlular VI əsrin sonunda və VII əsrin əvvəllərində Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışdılar.
– Tofiq müəllim, bəzən deyirlər ki, Qaraqoyunlu Cahanşah və Ağqoyunlu Yaqub padşah Üçkilsəni (Eçmiədzini) ermənilərə satmaqla, onların buraya köçmələrinə səbəb olublar.
– Bu fikir kökündən yanlışdır. Sadəcə olaraq 1441-ci ildə Cahanşah erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən İrəvan yaxınlığındakı Üçmiədzin (Üçkilsə) monastırına köçürülməsinə icazə verib. Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı. Qaraqoyunlu hökmdarı erməni katolikoslarının sərbəst fəaliyyəti üçün imkan yaratdılar. Bu vaxdan etibarən Azərbaycanın Çuxursəd diyarında yerləşən Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. Bu, heç də o demək deyildir ki, ermənilər Azərbaycanda sıx kompakt halda yaşamağa başladılar. Ermənilərin çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə 1828-ci ildən sonra başladılan kütləvi köçünə qədər biz onların bu ərazilərdə kompakt yaşamalarına rast gəlmirik. 1827-ci ildə İrəvan şəhəri ruslar tərəfindən fəth olunanda biz faktiki olaraq qalanın içərisində ermənilərin yaşamadıqlarının şahidi oluruq. Dövrün qaynaqlarından heç biri bunu təsdiq etmir.
– Bəs Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində necə, ermənilərin kompakt yaşadıqları ərazilər var idimi?
– Əgər 18-ci əsrdə ermənilərin kompakt yaşadıqları ərazilər yox idisə, 15-ci əsrdə necə ola bilərdi? Sadəcə olaraq Kiçik Asiyaya səpələnmiş ermənilərin həmin dövrdə burada ayrı-ayrı nümayəndələrinin əsasən ticarət və sənətkarlıqla məşğul olduqlarını görürük. Qaynaqlar da təsdiq edir ki, nəinki İrəvanda, eləcə də Azərbaycanın əksər ərazilərində ermənilər kompakt halında yaşamamışdılar. XVII əsrin 70-ci illərində İrəvanda olan fransız səyyahı Şardən yazır ki, İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan türkləri-T.N.) yaşayırlar. 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şilinger də təsdiq edir ki, İrəvan şəhərində XVIII əsrin başlanğıcında ermənilər yaşamırdılar. O, təsdiq edir ki, şəhər ətrafındakı Üçkilsə qəsəbəsində və müxtəlifn yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır və dövlətə vergi verirlər. İrəvan şəhərində oturaq erməni əhalinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də təsdiq edir. Həmin sənədlər təsdiq edir ki, İrəvan şəhərində ticarətlə məşğul olan 300 nəfər erməni yaşayır. Qeyd etmək lazımdır ki, İrəvanda olan avropalılar, o cümlədən missionerlər şəhərin xristian əhalisi barədə məlumatı üçkilisə katolikoslarından alırdılar. Buna görə də həmin məlumatlar çox zaman bilərəkdən şişirdilir və həqiqəti əks etdirmirdi.
– Üçkilsə ermənilərə veriləndən sonra onların bu əraziyə katolikosluqla birgə köçü olmayıb?
– Bunu həmin dövrün heç bir qaynağı təsdiq etmir. Müəyyən müddətdən sonra erməni katolikosları Üçkilsə ətrafındakı bəzi əraziləri, bağları satın almağa başlayıblar. Cahanşahın və Ağqoyunlu Yaqub padşahın himayəsi altında da bəzi satınalmalar gerçəkləşib. Biz 100 il ərzində ermənilərin Üçkilsə ətrafındakı torpaqların satınalınmasını gerçəkləşdirdiklərini görürük. Azərbaycan MEA Tarix İnstitutunun nəşr etdirdiyi “İrəvan xanlığı” kitabında bu alqı-satqı sənədləri də öz əksini tapıb. Maraqlıdır ki, Matenadaranda saxlanılan farsdilli bu sənədlərin əksəriyyətini Papazyan üç cilddə nəşr etdirib. Və həmin sənədlər nəşrə hazırlanan zamanüzərində mühüm “düzəliş”lər həyata keçirilib. Faktiki olaraq erməni adı çəkilməyən həmin sənədlərə bu və ya digər formada xristian ermənilər əlavə edilib. Başqa sözlə, XX əsrin 50-ci illərində çapa hazırlanan həmin sənədlər bilərəkdən saxtalaşdırılıb. Bu saxtakarlıq XV-XVII əsr Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövrü farsdilli sənədlərində həyata keçirilib. Ancaq Papzyanın bu saxtakarlığına uzun zaman göz yumulub və yalnız son zamanlar bu sənədlərdəki saxtakarlıqlara tutarlı cavablar yazılaraq nəşr olunmağa başlayıb.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 21 iyun 2016-cı ildə dərc edilib.