Prezident Rəcəb Tayyib Ərdoğan ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski görüşüb.
AZƏRTAC xəbər verir ki, iki ölkə lideri görüşdən sonra mediaya birgə açıqlama veriblər.
Bildirilib ki, görüşdə davam edən Rusiya-Ukrayna qarşıdurması, Qara dənizin sabitliyinə təsir edən ixrac dəhlizləri və naviqasiya təhlükəsizliyi kimi məsələlər ətraflı müzakirə olunub, iki ölkə arasında on milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün səylərin artırılması ilə bağlı razılıq əldə edilib.
Prezident Ərdoğan Türkiyənin Rusiyanın da iştirakı ilə sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu deyib.
Ukrayna taxılının dünya bazarına çatdırılması üçün yaradılan Qara dəniz dəhlizi haqqında danışan Ərdoğan bildirib ki, bu təşəbbüs qlobal ərzaq böhranının qarşısını aldı. Türkiyə yeni razılaşmanın əldə olunması üçün əvvəlki kimi lazımi dəstəyi verməyə hazırdır.
Türkiyə Prezidenti Ukrayna ilə azad ticarət sazişinin dərhal qüvvəyə minməsinin, şübhəsiz ki, iki ölkə arasındaki əlaqələrə yeni təkan verəcəyini vurğulayıb.
Ukrayna Prezidenti səmimi qarşılanmaya görə təşəkkürünü ifadə edib.