
Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər əlaqələr daim inkişaf etməkdədir. Bu əlaqələrin bariz nümunələrindən biri də İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan xarici dillər üzrə ixtisaslaşmış “Linqvist” liseyidir. Bu məktəbi Azərbaycan və Ukrayna arasında “Dostluq körpüsü” də adlandırırlar. Azərbaycanı İrpenə bağlayan çox səbəblər var – akademik Zərifə Əliyevanın adını daşıyan küçə, park və məktəb. Bu səbəblərə daha biri əlavə olundu, Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyində Azərbaycan dili fənni tədris olunmağa başlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri bununla bağlı liseyə gələrək Azərbaycan dili fənninin tədrisinə dair reportaj hazırlayıb.
Liseyin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan dili fənninin tədris olunması təsadüfi deyil, çünki Azərbaycan dövləti məktəbə ikinci həyat verib.

“Mən azərbaycanlı dostlarımı salamlayıram və ilk növbədə bildirmək istəyirəm ki, məktəbimiz Azərbaycanın nüfuzlu dövlət və siyasi xadimi, Prezident İlham Əliyevin anası, Azərbaycan xalqının görkəmli qızı Zərifə Əliyevanın adını daşıdığına görə xoşbəxtəm. Mən şəhərimizin işğalı zamanı zərər çəkmiş təhsil ocağımıza ikinci doğum gününü bəxş etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bir daha əmin oldum ki, əsl dost çətin gündə tanınar. Azərbaycan Prezidentinin etdiyi xeyirxahlığı sözlə ifadə etmək çətindir. Ancaq bir məsələni qeyd etmək istərdim ki, Prezident İlham Əliyev öz xalqına sədaqətlə xidmət edir, ölkəsində sülhün bərqərar olması üçün çalışır.
Bu ildən artıq məktəbimizdə Azərbaycan dilinin tədrisinə başlamışıq. Çünki artıq sadiq dostlarımızın dilini öyrənməyin vaxtı çatıb”, – deyə Valentina Antonenko vurğulayıb.
Azərbaycan dili fənni üzrə dərsi izləyən zaman ukraynalı şagirdlərin bu dili necə sevgi ilə öyrəndiyinin şahidi oldum. Azərbaycan dili fənni yeni tədris olunmasına baxmayaraq, doğma dilimizi öyrənmək istəyən ukraynalı şagirdlərin sayı artmaqdadır.
Lisey direktorunun beynəlxalq məsələlər üzrə müavini, soydaşımız Xəyyam Həqiqətoğlu isə AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukraynada orta məktəbdə ilk dəfə Azərbaycan dilinin məhz Zərifə xanım Əliyevanın adını daşıyan təhsil ocağında tədris olunması olduqca qürurvericidir. “Tədris proqramına görə, şagirdlər 3-cü sinifdən 11-ci sinfə qədər Azərbaycan dili fənnini mənimsəyəcəklər. Sevindirici haldır ki, Azərbaycan dili fənninə maraq var və müraciət edənlərin sayı artır. Fürsətdən istifadə edib, Azərbaycan dili fənninin tədris olunmasına dəstək verən Azərbaycanın Ukraynadakı səfirliyinə, SOCAR-ın Ukraynadakı nümayəndəliyinə təşəkkürümü bildirirəm”, – deyə direktor müavini əlavə edib.

Dostluq, əməkdaşlıq, anlaşma, bir-birinə dəstək sivilizasiyanı qorumaq üçün son dərəcə zəruridir. Bu əməkdaşlıq uşaqlar üçün də fayda gətirəcək. Uşaqların təhsilli olması üçün mümkün olan hər bir şərait yaradılmalıdır. Necə ki, Azərbaycan dövləti bu şəraiti İrpenin orta məktəbində yaradıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev