1905.az portalının suallarını Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev cavablandırıb.
– Umud müəllim, Qarabağın işğalı ilə bağlı problemlərin Azərbaycan mediasında inikası ilə bağlı nə deyə bilərsiniz? Bəzən deyirlər ki, ayditoriyanın mövzuya marağı azala-azala gedir, bu mövzunun zəruri səviyyədə işıqlandırılmasında da axsamalar olur…
Mentalitetimiz belədir ki, bəzən bizdə böyük bir arxayınlıq olur. Elə bilirik ki, işin içindəyik və hər şeydən xəbərimiz var. Amma eyni zamanda məlum olur ki, insanların çox şeydən xəbəri yoxdur. Burada təbii ki, zaman faktoru da var. Məlum hadisələrin başladığı dövrdən sakitləşdiyi dövrə qədər vaxt keçib. Zaman keçdikcə adamların arasında bu məsələ ilə bağlı məlumatlandırma işində səngimə olmamalıdır. Daha çox bu proses intensivləşməlidir. Biz nə qədər daha çox bunu öz içimizdə bilsək, bu məlumatı öz içimizdə bişirsək , bütün o detalları ilə fərqinə varsaq bunu biz ölkədən kənarda da daha yaxşı təqdim edə bilərik. Ölkədən kənarda da insanları, beynəlxalq camiəni məlumatlandıra bilərik. Mən deməzdim ki, bu istiqamətdə iş həddindən artıq xoşagəlməz bir durumdadır . Əksinə bir çox vətəndaş cəmiyyəti təmsilçisi, səfirliklərimiz , nümayəndəliklərimiz bu sahədə ciddi səy göstərirlər. Amma bəzən bu sahədə müəyyən çatışmazlıqlar müşahidə olur. Bu çatışmazlıqları aradan qaldırmalıyıq.
Azərbaycanın bütün bölgələrindən Qarabağda uğrunda şəhid olan insanlarımız var. Əslinə qalanda bunlarla bağlı təkcə onun şəhid olub, şəhid kimi tanıtdırmaq yox , həm də deməliyik ki, bu insan hansı şəkildə şəhid olub, harada olub, hansı bölgədə olub. Bunları bizim gənc nəsil bilməlidir. Biz bu istiqamətdə maarifləndirici işi hər zaman aparmalıyıq. Bayaq qeyd etdiyim kimi biz nə qədər ölkə içi uğurlu təbliğatımızı apara bilsək bunu ölkədən kənarda da o şəkildə apara bilərik.
Bu günlərdə bizim ofisdə biz bir məsələni müzakirə etdik. Paraqvay Parlamenti Xocalı məsələsini qınayıb və bununla bağlı Ermənistan parlamentinin vitse- spikeri Paraqvay Parlamentliyinin rəhbərliyinə, hökumətinə etiraz dolu bir bəyanat göndərib. Guya ümumiyyətlə Ermənistanın Xocalıdan xəbəri yoxdur. Təsəvvür edirsinizmi, bu böyüklükdə böyük bir genosid , böyük bir şəhərdə böyük bir soyqırım aktı törədəsən və onu danmağa iddia edəsən, təşəbbüs edəsən. Bütün tarixə nəzər salsaq bunlar bu cür faktları tamam fərqli şəkildə dünyaya təqdim ediblər və nailiyytə də qazana biliblər. Bu gün də onlar cəhd edirlər. Biz özümüz də öz həqiqətlərimizin daha çox yayılması üçün səy göstərməliyik, fəaliyyətimizi bir an belə dayandırmamalıyıq.
– Həm də biz qabaqlayıcı addımlar ata bilməliyik, elə deyilmi?
– Ermənilər bu konflikt başlamazdan bəlkə də iyirmi il, otuz il, əlli il, yüz il öncə sistemi qurmuşdular. Onlar bilirdilər ki, gec-tez bu olacaq. Onlar bilirdilər ki, doxsanıncı illərdə hansı addımları atmalıdırlar, doxsanıncı illərin ortalarında hansı addımı atmalıdırlar. Yeni əsrin başlanğıcında hansı addımların atılmalı olduğunu bilirdi ermənilər. Onların bir yol xəritəsi var. Əslinə qaldıqda istərdim bu gün bir məsələyə toxunaq. İxtiyari beynəlxalq media qurumunda ən azı bir erməni əsilli işçi var. Ola bilsin o sadəcə olaraq texniki işçidir. Amma o oradadır.Üstəlik, sistemli şəkildə yerləşdirilib ora. Mən deyərdim ki, Rusiya mediasının rəhbərliyinin az qala yarısı erməni əsilli adamlardır. İstər televiziya qurumları, istər çap mediası olsun , internet media olsun, bunların hamısında əgər birinci şəxs deyilsə ən azından müavin səviyyəsində, böyük departamentlərin rəhbərləri səviyyəsində ermənilər təmsil olunurlar. Digər tərəfdən BMT-nin, beynəlxaq qurumların özündə onların adamları yerləşiblər, şəbəkələşiblər. Birləşmiş Millətlər Təşkilatı ilə biz işləyirik. BMT-də çoxsaylı komitələr var: insan haqları ilə bağlı, qadın hüquqları ilə bağlı , iqtisadiyyatla bağlı, ekologiya ilə bağlı və s. Onların hər birində o ölkənin təmsilçiləri müxtəlif pozisiyalardadır. Burada incə bir problem də var. Biz niyə təmsil oluna bilmirik?
Bizə yer vermirlərmi, yol vermirlərmi? Mən deməzdim ki, bizə mane olan böyük baryerlər var. Biz sadəcə olaraq o fikirləri qırağa qoymalıyıq. Guya mümkün deyil, guya bizi yaxın buraxmazlar. Mən bunu tam səmimiyyətlə deyirəm. İstənilən yerə, istədiyimiz beynəlxalq təşkilata , istədiyimiz media qurumuna biz yaxın düşə bilərik.
– Ənənəvi xristian həmrəyliyi necə rol oynayırmı?
– Bu var. Bu amilin rolunu danmaq olmaz. Amma bundan kənarda insani dəyərlər də vardır.
Ən böyük problemin içərisindəyik.Torpaqlarımız işğal olunub. Əslinə qalanda bu da bizim böyük bir arqumentimzidir, ən böyük silahımızdır, bu faktdır. Bunu bayraq edib , bunu əldə götürüb istənilən auditoruyada biz sözümüzü deyə bilərik və təbliğatımızı qura bilərik. Az qala otuz ildir ki, bu problem var. Bu otuz ildə on altıncı ilin aprel hadisələri oldu . Aprel hadisələrində biz iki zirvəni fəth etdik: Lələ Təpə və Talış yüksəkliyi. Bizim bəlkə də bu dialoqumuzun ən yaxşı sualı ortaya çıxa bilər ki, bizim media sahəsində , mətbuat sahəsində hansı zirvələri biz fəth etmişik. Əslinə qalanda mənə elə gəlir ki, medianın, mətbuatın səngəri, mətbuatın məsuliyyəti bu savaşda bəlkə də əsgərin məsuliyyətindən az deyil.
– Auditoriyanın bu mövzudan müəyyən qədər yorulmasını siz müşahidə etmirsiniz ki? Çünkü hər hansısa bir işğal altında olan bölgəmizin işğalının artıq iyirmi neçənci ildönümüdür və burada yeni modellər tapmaq gündən-günə çətinləşir və maraq bunun nəticəsi olaraq azalır. Üstəlik bizim işğal altında olan bölgələrimizi reallıqda görmüş adamların da sayı gündən-günə azalır. Bunlar obyektiv proseslərdir. Auditoriya yorulmayıb ki?
– Mən o şəkildə deməzdim. Ümumiyyətlə, mən o fikri qəbul etmirəm və bunu öz arqumentlərimlə isbat etməyə çalışacağam.
Təsəvvür edin bu hadisələr başladığı ilk gündən sizin dediyiniz fikirlər əslinə qalanda səslənirdi.Hələ doxsanıncı illərin əvvəllərində bir fikir vardı ki, guya adamlar artıq yaddan çıxarırlar , qayıtmaq istəmirlər və s. Bu belə deyil.
Mən sizə fərqli bir fikir deyəcəyəm. Azərbaycan gəncliyi o proseslərin içərisində olmayıb. Amma bir gen yaddaşı var. Aprel hadisələri də göstərdi ki, gənclərimiz yaşlı nəsildən daha çox silaha sarılmağa, səngərə doğru qaçdılar. Nə qədər gənclər qrup-qrup , dəstə-dəstə toplaşıb regionlara Füzuliyə, Ağdama, digər yerlərə hərəkət etdilər, hərbi hissələrə müraciət etdilər, könüllü yazıldılar. Bütün bunların hamısı əslinə qalanda ondan xəbər verir ki, biz bu mövzudan usanmamışıq. Bədbinliyə apılmamalıyıq. Amma obyektiv tərəf də var. Göz görmür, könül unudur. Məsələn mən Qarabağ bölgəsində böyümüşəm. Mən oranı qarış-qarış tanıyıram, amma məsələn, Quba bölgəsini tanımıram. Oradakı kəndlərdən birini, iksini tanıyıram. Bunları bilmək üçün gərək gedəsən, görəsən ən azından.
Son dövrlərdə biz bu istiqamətdə nə etdik ? Azərbaycan jurnalistlərini, müxtəlif sahələrdə fəaliyyət göstərən ziyalıları işqaldan azad olunmuş ərazilərə apardıq. ADA Universiteti ilə biz birgə memorandum imzalamışıq. Biz ADA-nın tələbələrini, müəllimlərini səngərlərə apardıq, birbaşa ön cəbhəyə getdik. Bunun nə qədər böyük təsiri var. Ora gedən insanlar artıq dəyişib qayıdırlar . İstər o azərbaycanlı olsun və yaxud xarici olsun, insan tamamən durumunu dəyişir. Çünkü gözü ilə görür, əli ilə toxunur, o problemi yaşayır . O problemi yaşayan insanlarla eyni hissləri keçirir . Bu cəhətdən mən hesab edirəm ki, tələbələrimiz, şagirdlərimiz təmas xəttinə yaxın ərazilərin reallıqlarını görməlidirlər. İnsanlarla ünsiyyət qurmalıdırlar. Mən hesab edirəm ki, bunu ayrı-ayrı universitetlərimiz , məktəblərimiz bu prosesi qurmalıdır.
Məsələn deyək ki, Cocuq Mərcanlı bərpa olunandan sonra , işğaldan azad olunandan sonra ora çoxlu sayda məktəblilərimiz gediblər. Yaxşı bir addımdır, təqdir olunmalıdır. Birmənalı olaraq.
– Mən sizin cavabınızdan bu qənaətə gəlirəm auditoriya bu mövzudan usanmayıb. Bəs jurnalist ordusu necə ? Yorulmayıb ki?
– Bizim jurnalistikamızda müəyyən problemlər var. Çünki jurnalistikamızda bu məsələni, Qarabağ münaqişəsini tam təfərrüatı ilə bilməyən media mənsublarımız var. Bəzən görürsən ki, problemi tam qavramayan, münaqişənin həlli prosesini ətraflı izləməyən jurnalistlərimiz mövzuya müraciət edirlər, bu mövzuya toxunurlar. Nəticə isə xoşagəlməz olur. Müzakirə olunur və qınaq obyektinə çevrilir. Mənə elə gəlir ki, bu sahədə bütün redaksiyaların özünün ayrıca bir siyasəti formalaşmalıdır və o vahid dövlət siyasəti ilə uyğunlaşmalıdır, koordinasiya olunmalıdır.
Əslinə qalanda biz ümumi nəzər salsaq görərik ki, bu istiqamətdə müəyyən fəaliyyətlər var. Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi fondunun müəyyən layihələri var. Qarabağla bağlı ayrıca bir xətt var ki, bu istiqamətdə müəyyən layihələr işləyir və bu istiqamətdə yazılar gedir. Amma mənə elə gəlir təkcə redaksiyaların yazıları, ayrı-ayrı müəlliflər tərəfindən yazılan yazılar olmamalıdır. Ümumiyyətlə bu istiqamətdə peşəkarların formalaşmasına ehtiyac var. Hər redaksiyanın ən azından bu problemlə bağlı hazırlığı, məlumatı olan bir əməkdaşı olmalıdır. Yalnız bir dildə yox müxtəlif dilləri bilən jurnalist olmalıdır.
Bəzən biz hər şeyi kimdənsə gözləyirik. Biz özümüz də bu istiqamətdə təşəbbüs göstərməliyik. Redaksiyalar özləri bu mövzu ilə bağlı yığışmalıdırlar, görüşməlidirlər, müzakirə aparmalıdırlar. Bir sözlə, bu istiqamətdə təşəbbüslərin olmasına ehtiyac var.
– Umud müəllim, Azərbaycan auditoriyası Qarabağın bizim əzəli torpaqlarımız olduğuna əmindir və onu istiqamətləndirməyə xüsusi ehtiyac yoxdur. Lakin dünya auditoriyasında hələ də kifayət qədər insanlar var ki, onlar bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu bilmirlər. Doğrudur, bir çoxları bilmək belə istəmir. Çünkü dünyada belə münaqişələr kifayət qədər var. Bizim xarici soyadlı, xarici kütləvi informasiya vasitələrində çalışan publisistlərin, reportyorların, köşə yazarlarının bu prosesə cəlb edilməsi işində nailiyyətlərimiz varmı? Biz bu sahədə nəsə etmişikmi, edirikmi?
– Ümumiyyətlə, bu problem başlayanda biz nə gördük ?! Gördük ki, mətbuat səngərlərini də ermənilər işğal edib. Sanki onlar bunu əvvəlcədən planlaşdırıblarmış. Artıq Ermənistan mediası, Ermənistan təbliğat maşını və Ermənistanın havadarlarının qurduğu şəbəkə bizim səngərlərə artıq atəş açmışdı, artıq işğal etmişdilər səngərlərimizi. Artıq təbliğatlarını qurmuşdular və hətta bu məsələ ilə bağlı, Qarabağla bağlı hər hansısa bir söhbət etdikdə adamı qınayırdılar, heç danışmağa imkan vermirdilər . Deyirdilər : -“Siz bu məzlum xalqdan nə istəyirsiniz. Uydurma genosidə uğramış bu məzlum xalqdan nə istəyirsiniz. Niyə imkan vermirsiniz o öz taleyini yaşasın, müqəddaratını həll etsin”… Bütün bunların hamısını biz yaşadıq.
1997-ci ildə biz Sankt-Peterburqda milli məsələ və qaçqınlar mövzusuna həsr olunmuş bir tədbir keçirdik. O zaman ümumiyyətlə Peterburq küçələrində Qarabağ məsələsindən danışmaq bir az təhlükəli idi, insanların münasibəti tamam fərqli idi. Amma indi mən hesab edirəm ki, bizim gördüyümüz işlər, ölkənin xarici siyasətində fəaliyyət göstərən insanların səyləri, bizim media qurumlarının apardığı iş nəticəsində mən hesab edirəm ki, situasiya xeyli dəyişib. Mən belə qənaətə gəlmişəm: deyək ki, bizi əvvəl heç eşitmirdilər, indi mən hesab edirəm ki, ən azından auditoriyanın yarısı bizi eşidir. Bayaq qeyd etdiyim kimi səy göstərsək istənilən media qurumunda istənilən yazının çapına nail ola bilirik və bu istiqamətdə də fəaliyyət göstəririk. Məsələn, bizim təşkilatımız 2016-cı ildə bu istiqamətdə çoxsaylı jurnalistlərin regiona səfərlərini təşkil etdi. Qrup şəklində və fərdi şəkildə jurnalistlərin səfərləri oldu. Bunların hamısı ölkə ilə, Azərbaycanla bağlı çox böyük yazılara çevrildi. Son olaraq biz Misirin altı böyük media qurumunun, o cümlədən bir milyon iki yüz əlli min tirajı olan “Al-Ahram” qəzetinin rəhbərliyinin dəvət etdik. Nəticədə Misir mediasında haqq işimizlə bağlı böyük yazılar dərc edildi. Biz bu tədbiri, bu səfəri İslam həmrəyliyi ölkələrinin jurnalistlərinin assosiasiyası ilə birlikdə reallaşdırdıq. Bu gün də o yazılar çap olunmaqdadır. Yaxud biz Özbəkistandan, böyük bir qrup media mənsublarının, media təmsilçilərinin Azərbaycana səfərini təşkil etdik. Rusiyadan, Avropadan, Amerikadan , Baltikyanı ölkələrdən jurnalistlərin səfərlərini təşkil etdik. Bunların çox böyük effekti vardı. Mən hesab edirəm bu istiqamətdə imkanlarımızı daha da artırmalıyıq, daha çox fəaliyyət göstərməliyik. Bu gördüyümüz işlərin, atdığımız addımların böyük nəticəsi olur.
– Umud müəllim, 2018 ci il artıq başlayıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu, Sizin rəhbərlik etdiyiniz bu təsisat cari təqvim ilində hansı işləri görmək niyyərindədir?
– Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə “Avrasiya gündəliyi” adlı, beş dildə yayımlanan bir informasiya portalımız var. Bu fəaliyyət, bizim bu istiqamətdə işlərimiz bu il də davam olunacaq . Beynəlxaq Avrasiya Fondu BMT agentlikləri ilə əməkdaşlığını inkişaf etdirəcək və biz BMT-nin Cenevrə ofisində, Nyu -York ofisində paralel tədbirlər keçirməyi planlaşdırırıq . Biz Braziliyada səkkizinci beynəlxalq su forumunda iştirak edəcəyik. Bu tədbir mart ayında düzənlənəcək və biz bu istiqamətdə hazırlıq işlərini aparırıq. Ümumiyyətlə, biz istər Şərq ölkələrindən, istər Avropa ölkələrindən bir çox media qurumlarının nümayəndələrinin ölkəyə səfərlərini planlaşdırırıq .
Bu insanlarla biz fəaliyyətimizi davam edirik. Təkcə onların səfərlərini təşkil etmirik, həm də onlarla rabitəni itirməməyə çalışırıq.
Qarabağ ümummilli məsələdir və hər birimizin məsələsidir, şərəf məsələsidir. Mənə elə gəlir ki, bu məsələdə hər kəs öz məsuliyyətini dərk etməlidir və hər kəs əslində istisnasız olaraq nəsə edə bilər. Mən sizi tam əmin edirəm hər kəs, bütün Azərbaycan bir vəhdət olaraq bu problemin həlli ilə bağlı hərəkətə gəldiyi gün Qarabağın xilas günüdür. Mən o cür dəyərləndirərdim.
Fuad Babayev, 1905.az
Müsahibə ilk dəfə 8 fevral 2018-ci ildə dərc edilib.