
Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi Türkiyənin paytaxtı Ankara şəhərində də ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi ilə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən Şuşa Konfrans Mərkəzində birgə təşkil olunan mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar və Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Elçin Allahverdiyev ulu öndər Heydər Əliyevin zəngin mənalı siyasi fəaliyyəti barədə geniş məlumat veriblər.
Sonra Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin siyasi hakimiyyəti dövründə eyni vəzifədə çalışan İlnur Çevikin danışdığı maraqlı hadisələr iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. İlnur Çevikin deyib: “Heydər Əliyev olmasa idi Azərbaycan xaoslardan qurtara bilməz və sözsüz ki, hazırda həyata keçirilən nəhəng layihələr gerçəkləşməzdi. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hər zaman seviləcək və xatırlanacaq”.
Daha sonra Türkiyə-Azərbaycan dostluq, elm, təhsil, sənət və iqtisadiyyatla əməkdaşlıq (TABSED) dərnəyinin sədri Nərgiz Attar, Ankara Universitetindən Nərmin Mirzəyeva və professorlar Əmrullah Məmmədov və Saleh Sultansoy, tanınmış musiqiçi Əhəd Əsgər ulu öndər Heydər Əliyevin zəngin mənalı siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs ediblər.
Tədbir çərçivəsində Ümummilli Liderlə bağlı filmlər nümayiş olunub.
Şuşa Konfrans Mərkəzində Ulu Öndərin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən foto sərgi də açılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara