UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində üzv ölkələrin bəyanatları səsləndirilib.
AZƏRTAC xəbər verir ki, İcraiyyə Şurasının 219-cu sessiyasının bugünkü plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını təqdim edib.
Bəyanatda Azərbaycan tərəfindən təşkilatın gender bərabərliyi, Prioritet Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) istiqamətlərinə böyük əhəmiyyət verdiyi bildirilib. Ölkəmizin Afrikanın mədəni irsinin qorunmasına verdiyi töhfələr, eləcə də bu qitədə həyata keçirilən uğurlu layihələrdən söz açılıb.
Ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoq və İpək yolları proqramını, eləcə də irqi ayrı-seçkiliyə qarşı mübarizədə həyata keçirdiyi layihələri dəstəklədiyi diqqətə çatdırılıb.
Daimi nümayəndə Azərbaycanın Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə namizədliyi haqda da məlumat verib. “Mədəni irs bəşər tarixinin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır”, – deyən E.Abdullayev mədəni irs abidələri ətrafında minaların yerləşdirilməsinin milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradığını vurğulayıb.
İqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusuna toxunan E.Abdullayev ölkəmizin beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliyinə qarşı mübarizəyə fəal töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirib. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə dərin hörmət və etimadının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığı, arxeoloji abidələrin, muzeylərin və kitabxanaların talanaraq tamamilə dağıdıldığı, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokoluna, eləcə də 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və onların kobud şəkildə pozulduğu qeyd edilib.
E.Abdullayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan söz açıb, 2000-dən artıq təhsil müəssisəsinin dağıdıldığını vurğulayıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldığını deyən daimi nümayəndə Ermənistan tərəfindən bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin tamamilə dağıdılması prosesinin davam etdiyini bildirib. Qeyd edilib ki, Ermənistanda bütün Azərbaycan toponimləri dəyişdirilib, ölkəmizin tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən məhv edilib. Bu vandalizmin əsas məqsədi əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlıların izlərini o ərazilərdən tamamilə silməkdir. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyi vurğulanıb, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris