– Sizin epiqrafik tədqiqatlarınıza əsasən bir sıra memarlıq abidələrinin tarixi və təyinatı sonradan dəqiqləşdirilmişdir…
– Təyinatı və tarixi dəqiqləşdirilən abidələrdən, ilk növbədə, Şəmkir qülləsini qeyd etmək istərdim. Abidənin özü zəmanəmizə gəlib çatmayıb, yalnız təsviri qalmışdır. Memarlar bu abidənin minarə, tarixinin isə XII əsrə aid olduğunu iddia edirdilər. Ötən əsrin 70-ci illərində ərazidə qaz kəməri çəkilərkən 3 metr dərinlikdə kufi xətti ilə yazılı bir abidə aşkar olunmuşdu. Mən həmin kitabədəki yazını oxuyandan sonra bunun Şəmkir bürcünün kitabəsi olduğunu dəqiqləşdirdim. (İnşa tarixi h. 493=1099/1100, təyinatı – gözətçi bürcü). Həmin yazı hazırda Azərbaycan Tarixi Muzeyindədir.
Qız qalasının yazısı da vaxtilə səhv oxunduğundan, onun “qüllə” – yəni “qala” əvəzinə “qübbə” (“günbəz”) oxunması, Məsud Davudun isə mərtəbələrarası günbəzlərin inşaatçısı kimi təqdim edilməsi sonda yanlışlığa gətirib çıxarmışdı. Həmin yazı mənim tərəfimdən oxunduqdan sonra, bu abidənin orta əsrlərdə müdafiə qalası olduğu təsdiqləndi.
– Siz elmi tədqiqatlarınızla həm də XIII-XIV əsrlərdə yaşamış neçə-neçə naməlum memarı, daşyonma sənəti məktəblərini və onların ustalarını elmi ictimaiyyətə tanıtmısınız…
– XII əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər memarlıq və sənətşünaslıq tarixində məlum olan inşaatçı-usta, memar, xəttat, həkkakların siyahısına Bakı-Abşeron üzrə 105 nəfərin, Şəki-Zaqatala bölgəsi üzrə siyahıya isə 137 nəfərin adı əlavə edilmişdir. Mənim tədqiqatlarımdan sonra digər bölgələrdə də xeyli belə əlavələr olmuşdur.
Vaxtilə memarlar Həkəri və Araz çaylarının hövzəsində yerləşən bir sıra abidələrin yerli feodallara məxsusluğu və onların XIII-XIV əsrlərə aid olduğunu iddia edirdilər. Abidələrin üzərindəki yazılar mənim tərəfimdən oxunduqdan sonra müəyyənləşdirildi ki, Zəngilanın Məmmədbəyli kəndindəki türbədə böyük alim Yəhya bəy Hacı Məhəmməd dəfn olunmuşdur. Yazıda türbənin tikilmə tarixi (h. 704/1305-ci il) və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı vardır. Beləliklə, XIII-XIV əsrlərdə yaşayıb, fəaliyyət göstərmiş və Avropanın qapısı olan Anadolunu Çinlə birləşdirən, Araz boyu Azərbaycandan keçən qədim İpək Yolu üzərindəki Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyaz və Dərələyəzdə yerləşən memarlıq abidələrinin memarı Əli Məcdəddinin adı memarlıq tarixinə yazıldı.
Abşerondakı XIII-XIV əsrlərə aid (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamaları, türkləşmələri və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələri mənim tədqiqatlarımdan sonra sübut olunmuşdur. Gürcü tədqiqatçıları İlisu sultanlarını gürcü İlisen mauravlarının davamçıları, avarlar isə onların avar olduqlarını sübut etməyə çalışırdılar. Mən isə İlisu Came məscidinin kitabəsinə İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların ərəb sərkərdəsi Əbu Nəbran nəslindən – onların Əlibəy Şami (Suriya) övladları olmalarını müəyyənləşdirdim.
Ərəb sərkərdəsi Əbu Müslüm xilafətin Qafqazı istilasından sonra Suriyadan qohumlarını Qafqaza köçürüb, hərəsini bir əyalətə hakim təyin etmişdi. Sonra isə Azərbaycan ərazisinə köçürülmüş həmin ərəblər türkləşmişlər. Azərbaycanda ərəblərlə əlaqədar kənd adları indi də qalmaqdadır.
– Sizin epiqrafik tədqiqatlarınız bədnam qonşularımızın torpaq iddialarına da tutarlı cavab olmuş və türklərin Qafqazın aborigenlərindən olduğunu bir daha təsdiqləmişdir. Ermənilərin bu təqdiqatlara münasibəti necə oldu?
– 1961-ci ildən Zəngəzurda Urud abidələrinin tədqiqinə başlamışam. Həyat yoldaşım Ağakərim Quliyev keçmiş Lenin rayonu icraiyyə komitəsində baş mühəndis işləyirdi. Allah rəhmət eləsin, yaxşı insan idi. Çox çalışdı ki, məni bu ekspedisiyalardan çəkindirsin, ancaq bacarmadı. Hər yay məzuniyyətini, bir ay da öz hesabına götürüb mənimlə tədqiqata gedərdi. Uruda da birlikdə getdik. Birinci dəfə bizə dəyib-dolaşan olmadı. Sonrakı səfərlərimizdə isə izləndiyimizi açıq-aşkar hiss edirdik. Bir dəfə içərisində iki nəfər oturmuş bir maşın bizi Urud qəbiristanlığına qədər gətirdi və bizim maşından bir qədər kənarda dayandı. Sonra iki qoca erməni yanımıza gələrək bizdən çıxıb getməyi tələb etdi. Kənddən bir dəstə azərbaycanlı gələndən sonra bizdən əl çəkdilər. Mənsə heç nəyə məhəl qoymadan abidələrin surətini çıxarırdım. Axşama yaxın sürücümüz narahatlıqla dedi ki, getmək lazımdır, nəsə bunların pis niyyəti var. Biz tərpəndik, bizi izləyən maşın da arxamızca. Həmin maşın bizi düz Azərbaycanın sərhədinədək ötürdü.
Zəngəzurun Urud kəndində üzə çıxarılan və XIV-XVII əsrlərə aid edilən qoç heykəlli və sənduqə formalı məzar daşları, iki abidə üzərində yazılmış “Avladi ağvan” (alban övladları) sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və İslamı qəbul etməsini təsdiqləyir. Abidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) – maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ İslamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini göstərir. Onlar İslamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlamış, sonra isə bunu təsviri sənətə keçirmişlər.
Urud kəşflərinə qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan alban tayfaları xilafətin Qafqazı istilası zamanı İslamı qəbul etməsinlər deyə, qriqorian xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcü oldular. Urud abidələri isə indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst etdi və sübut olundu ki, türklər Qafqazın aborigenləridir. Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyim XIV-XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişəm.
Urud abidələrinə həsr olunmuş tədqiqatların 1981-ci ildə çapdan çıxan “Memorialnıye pamyatniki Azerbaydjana” kitabında verilmişdi. Kitab çapdan çıxan kimi keçmiş SSRİ-nin müxtəlif təşkilatlarına, Sov. İKP MK-ya imzalı-imzasız məktublar axmağa başladı. Əsas məzmunu da bu idi ki, M.Nemət qardaş xalqlar arasında təfriqə salır, proletar beynəlmiləlçiliyi prinsipini pozur və s.
Erməni tarixçiləri A.D.Papazyan, A.A.Xaçaturyan və A.A.Akopyan isə açıq hücuma keçdilər. Mən onlara tutarlı dəlillərlə cavab verdim. A.D.Papazyanın “Zəngəzur heç vaxt Azərbaycan ərazisinə daxil olmayıb” iddiasının yanlış olduğunu isə onun çap etdirdiyi sənədlər əsasında sübut etdim və göstərdim ki, Zəngəzur Naxçıvana, Naxçıvan isə Azərbaycana daxildir.
Yeri gəlmişkən, onu da deyim ki, erməni millətçiləri rəhmətlik Ziya Bünyadovla bərabər, mənim də başıma mükafat kəsmişdilər. Bunu az qala, Mahaçqalada icra edəcəkdilər. 1989-cu ildə burada keçirilən elmi konfransda mən də məruzə etdim. Ermənilər və onların sadvalçı tərəfdarları üstümə hücum çəkdilər. Kumık dostum, tarix elmləri doktoru Adil Gerey yanıma gəlib həyəcanla dedi: “Məşədixanım, bunların fikri başqadır. Gəl deyək ki, sabah Dərbəndə ekskursiyaya gedəcəksən, axşam da səni Bakıya yola salaq”. Elə də etdik. O vaxtdan daha Dağıstana getməmişəm.
Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin “Xalq qəzeti”nə müsahibəsindən
07.02.2014